Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Altıncı yazı
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
Altıncı yazı
Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/365495
İkinci
yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
Üçüncü
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/367202
Dördüncü
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/368146
Altıncı
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/369204
Niyə?
Cavabı məlum idi: Növbəti ərazi
boşaldılması Qarabağda olacaq. Bu
hamıya gün kimi aydın olsa da A. Mütəllibova
aydın deyildi. Adam bir dəfə
televizorda çıxıb bəyan etmədi ki, mən Moskvaya
etiraz edirəm. Əvəzində guya rus ordusunun köməyilə ermənilərlə
mübarizə aparacaqdı. Maraqlı vəziyyət
yaranmışdı. İmperiya dərin
iqtisadi və siyasi böhran içində idi. Ən adi tələbat mallarını tapmaq belə
mümkün deyildi. Ət, yağ və
digər ərzaqlar talonla verilirdi. Zavod, fabrik işçiləri
maaş ala bilmirdilər, çünki
iqtisadi sistem pozulmuşdu. Bu sistem belə idi ki, əgər bir zavodda iş
dayanırsa, ölkənin o biri başında, məsələn
Kamçatkada da iş dayanacaq, çünki hazır malın
bir hissəsini burada hazırlayırdılarsa, digər hissəsini
SSRİ-nin başqa bir şəhərində istehsal edirdilər.
Hələ mən demirəm ki, rubl çox
sürətlə ucuzlaşır, devolvasiya olurdu.
İmperiyada işbazlar, yaxud iş adamları ya bir ayın
içində çox varlı olurdular, ya da müflisləşirdilər.
Kimin adamı vardı, bir günün içində
bir neçə milyon subsidiya götürürdü.
Əgər bu pul əmtəəyə qoyulurdusa, yaxud buna mal
alınırdısa adam milyoner olurdu,
çünki rubl çox tezliklə dəyərinə
görə konfet kağızına dönürdü. Belə dövrdə pul-əmtəə-pul deyil, əmtəə-pul-əmtəə
prinsipi böyük rol oynayırdı.
Bax, belə şəraitdə Qarabağda və onun ətrafında
yerləşən ordu hissələri məvacibsiz
qalmışdılar və komandanlıq əsgərlərini
yedirtməli, zabitlərin maaşlarını verməli idi.
Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlılardan
ov tüfənglərini
yığışdırdıqları, yaxud müsadirə
etdikləri halda, ordu ermənilərə silah və başqa hərbi
ləvazimatlar satırdı. Yeri gəlmişkən,
bir haşiyə də çıxım. Silah alış-veriş məsələsinə,
azərbaycanlıların başlarının altına
balış qoyan birinci növbədə 1989-cu ilin yanvarında Moskva tərəfindən
yaranmış Qarabağ üzrə "Xüsusi komitə"
oldu. Bu komitənin də
başına ermənipərəst Arkadi Volski təyin edildi. Moskva bu komitəni yaratmaqla Dağlıq Qarabağ
Muxtar Vilayətinin tabeçiliyini Bakının səlahiyyətindən
çıxarıb birbaşa özünə tabe etdi. Bu imperiya üçün non-sens və Azərbaycanın
o zamankı rəhbərliyinin üzünə tüpürmək
idi. Bu təhqir idi və bunu xalqının
psixologiyasını zərrə qədər bilməyən və
M. S. Qorbaçova sonsuz inanan Ə. Vəzirov heç nə
olmayıbmış kimi qəbul etdi.
Qayıdaq pulsuz qalan ordu hissələrinə. Hərbi hissə
komandiri pul qazanmaq üçün, təbiidir, Moskvanın
razılığı ilə həm Azərbaycan, həm də
Ermənistan rəhbərliyilə danışıqlar
aparırdılar ki, bəs filan kəndi sizin üçün
boşaldacağıq. Pulunu alıb kəndi
boşaldırdı, guya hücum edib kəndi ermənilərdən
alıblar. Sonra da erməni tərəfilə
danışıqlar aparırdılar. Razılaşdıqdan
sonra yenidən kəndi ermənilərə
qaytarırdılar. Hər iki tərəfin
rəhbəri də xalqın qarşısında
çıxış edib deyirdilər ki, bəs imkan verin
işimizi görək, artıq rus ordusu ilə hər şey
danışılıb. Ancaq mahiyyət bəlli
idi, bu ərazilərdə yaşayan bütün azərbaycanlılar
ya qırılmalı, ya da əynində nə vardısa eləcə
köçürülməlidirlər.
Biz isə
hələlik könüllü batalyonlar yaratmaqla məşğul idik. Zatən, yaranan bəzi batalyonlar kifayət qədər
özlərini doğrulda bildilər. Şuşa,
Laçın, Ağdam və başqa batalyonlar buna misal ola bilər. Ermənilərlə
döyüş və qarşıdurma təkcə
Qarabağda və onun ətrafında getmirdi. Bura
Naxçıvanı, Qazaxı, Tovuzu, Gədəbəyi və
başqa rayonları da aid etmək lazımdır. Bu bədnam qonşumuzla nə qədər sərhəd
rayonlarımız vardı, hamısından həyəcanlı
xəbərlər gəlirdi.
Digər
tərəfdən də 1991-ci ilin 21 noyabrında siyasi
elitamızın, vətənpərvər insanların,
Qazaxıstan nümayəndəsinin və rus zabitinin
oturduğu vertolyotun Qarakənd üzərində vurulması
və hamısının faciəli surətdə həlak
olması Azərbaycanda siyasi boşluğu daha da dərinləşirdi
və bununla Ermənistanla Azərbaycan arasındakı
böhran özünün növbəti mərhələsinə
qədəm qoydu. Artıq boşluq vardı və
Mütəllibov respublikanı idarə edə bilmirdi. Azərbaycan Xalq Cəbhəsi isə getdikcə
güclənirdi. Bu ərəfədə də
yaranmış bütün könüllü dəstələr
demək olar ki, Xalq Cəbhəsinə tabe idilər.
Xarizmatik liderin rəhbərlikdə olmaması, Moskvaya
bağlılıq, son nəticədə 26 fevral 1992-ci il Xocalı qətliamına gətirib
çıxartdı.
Əvvəlcə, artıq prezident adını
daşıyan Mütəllibov rəsmi elan etdi ki, Xocalıda
heç nə baş verməyib, yalnız bir-iki nəfər
şəhəri müdafiə edən zaman həlak olub. Həqiqətdə isə
Xankəndində ( sovet vaxtı adı Stepanakert) yerləşən
və heyətinin yarısı erməni əsgəri və zabiti olan 366-cı alay Xocalıda uşaq, qoca, qadın
demədən, qarşılarına kim çıxıbsa qətlə
yetirdi. Bunu yaxşı ki, o zaman ANS-in yaradıcısı
olan, sonradan Milli Qəhrəman adına layiq görülən Çingiz Mustafayevin
yanındakı operator lentə aldı və bütün
dünyaya göstərdi. Sən demə, 800-ə yaxın
insan qətlə yetirilmiş, minlərlə adam
əsir düşmüşdü. Bircə
gündə xalqın qəzəbi və nifrəti
görünməz həddə çatdı və bu çəkiliş
Milli Məclisdə nümayiş olunduqdan sonra Ayaz Mütəllibovun
istefası məsələsi gündəmə gəldi.
Bu istefa məsələsi 6 mart 1992-ci ildə baş verdi.
Buna qədər
isə 1991-ci ildə maraqlı hadisələr baş verdi.
Məhz bu ildə bütün imperiya qaynayırdı. Artıq Moskvada oturanlar da başa
düşürdülər ki, bu yenidənqurma və
aşkarlıq dövləti qısa müddətdə
bütün sahələrdə çökdürüb. Moskvada
B.N.Yelsinlə M. S. Qorbaçovun amansız mübarizəsi gedirdi və xalq, onun
aparıcı hissəsi olan ziyalılar Yelsin tərəfində
idi. Faktiki olaraq Yelsin özünü Rusiyanın mütləq hakimi
sayırdı və buna haqqı da çatırdı,
çünki Moskvada ikihakimiyyətlilik yaranmışdı.
SSRİ
parçalanmağa doğru gedirdi və siyasi proseslər getdikcə dərinləşirdi.
Görünən bu idi ki, 1991-ci ildə
respublikalar Moskvanın tabeçiliyindən
uzaqlaşırdılar. Bunun bariz nümunəsi
kimi sosialist bayraqlardan imtina sürətlənirdi. Azərbaycanda
ilk dəfə rəsmi olaraq üçrəngli
bayrağımız 17 noyabr 1990-cı ildə Naxçıvan
Muxtar Respublikasında Heydər Əliyevin rəhbərlik
etdiyi Ali Sovetdə qəbul olundu. Bu bir növ
Naxçıvanın müstəqillik uğrunda
apardığı mübarizənin başlanğıcı
idi. Ümumiyyətlə o zamanlar Naxçıvan
azadlıq uğrunda mübarizədə poliqon hesab olunurdu.
Bu yolda orada hansı addımlar
atılırdısa, sonradan bunlar Bakıda tətbiq olunurdu.
Baxmayaraq
ki, Bakıda H. Əliyev A. Mütəllibov və onun tərəfdarları
tərəfindən təqib və təhdid olunurdu, buna rəğmən
Naxçıvanın addım səsləri Bakıda daha
çox eşidilməyə
başlayırdı. Bununla yanaşı
ermənilərin də Naxçıvana hücumları səngimirdi.
Bir sözlə, bu "kiçik torpaq"da
xalq həm müstəqilliyinə doğru addım atır, həm
də torpaqlarını ermənilərdən qoruyurdu.
Bunun ardınca
1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti "Azərbaycan
Respublikasının dövlət bayrağı
haqqında" qanun qəbul edərək onu Dövlət
bayrağı elan etdi.
Bəli,
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq
Cümhuriyyətinin qəbul etdiyi üçrəngli
(göy, qırmızı, yaşıl rənglər bərabər
ölçüdə) bayrağımız üstündə
hilal (ay) və səkkiz guşəli ulduzla yenidən dövlət
bayrağımız oldu. Buna qədər, yəni
iyunun 26-dan noyabrın 9-na qədər
bayrağımızın rəngi, üstündə ay və
səkkiz güşəli ulduz olmaqla al qırmızı idi.
Hadisələr çox sürətlə gedirdi. Faktiki olaraq
Bakıda ikihakimiyyətlik idi. Bir tərəfdən
Moskvanın paytaxtda otuzdurduğu A. Mütəllibov (yeri gəlmişkən
A. Mütəllibov özünü Qorbaçov kimi prezident təyin
etdirmişdi), digər tərəfdə isə xalqdan güc
alan Azərbaycan Xalq Cəbhəsi və onun Tətil Komitəsi
yaranmışdı. Xalq Cəbhəsi də
içindən parçalanmaya meylli idi. Bir
tərəf özünü demokrat, digər tərəfsə
radikal millətçi adlandırırdı. Əslində burada demokratiyaya yer olmamalı idi,
çünki xalq Ermənistanın timsalında böyük
güclərlə mübarizə aparırdı. Ölkədə müharibə gedirdi. Azərbaycan qaçqın və köçkünlər
torpağına çevrilmişdi. Özü də gələnlər
təkcə Ermənistandan deyildi, həm də
döyüşlər nəticəsində Qarabağın
içindən gələnlər getdikcə
çoxalırdı.
Tətil komitəsi istədiyi vaxt fabrik, zavodları və
dəmir yollarını bağlayır, sadə camaatı
mitinqlərə çağırırdı. 1991-ci il
ən çox mitinqlər keçirilən il oldu. Bakıda
ikihakimiyyətliliyə bir səbəb o idi ki, demokrat və
kommunistlərdən (hər tərəfdən
25 deputat olmaq şərti ilə)
ibarət Ali Sovet tərəfindən Milli Şura
yaradılmışdı və bu qurum öz səlahiyyətlərini
50 nəfərdən ibarət Milli Şuraya həvalə
etmişdi.
İmperiyanın son nəriltisi gəlirdi. M. S.
Qorbaçovun Forosda istirahətindən istifadə edərək
bir qrup yüksək çinli insan 1991-ci ilin 19 avqustunda
fövqəladə vəziyyətlə bağlı komitə
yaratdı. Xalq
arasında bu komitəyə QKÇP (qosudarstvennıy komitet
no çerezvıçoynomu polojeniyu) deyilirdi. Bu komitənin
sədri Qorbaçovun müavini Gennadi Yanayev idi və
imperiyanı idarə etmək üçün bütün
səlahiyyətlər bu komitəyə verildi. Yanayevdən əlavə
bura DTK sədri V. Kryuçkov, daxili işlər naziri B. Puqo,
baş nazir V. Pavlov, müdafiə naziri D. Yazov və
başqaları daxil idi. Bunun ardınca SSRİ
Ali Sovetinin sədri A. Lukyanov QKÇP-ni dəstəklədiyini
bəyan etdi.
Qorbaçov
Krımın Foros adlı rezidensiyasında faktiki olaraq ev dustağına çevrilmişdi və bu,
dövlət çevrilişi idi. Komitə
düşünürdü ki, 1964- cü ildə N. S.
Xruşşovu necə devirmişdilərsə elə də
olacaq.
Ardı
var...
Yunus Oğuz
Olaylar.- 2020.- 22-24 fevral.-S.9.