Qarabağ, Xocalı tədbirlərində siyasi düşüncələrindən asılı olmayaraq, həmvətənlərimizin çoxu birdir, həmrəydir

 

 

Elxan Mirhəşimli: "Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə gördüyümüz işlər, həyata keçirəcəyimiz gələcək layihələr Xocalı soyqırımının dünyada daha geniş şəkildə tanınmasına təkan verəcək"

"Ermənilərin havadarları bunu bilməlidir ki, Dağlıq Qarabağ problemi sülh yoluyla həll olunmasa, biz öz torpaqlarımızın azad edilməsinin yolunu bilirik və istənilən an buna hazırıq"

 

Həftə sonu bütün dünya azərbaycanlılarının gözü, diqqəti Almaniyaya yönəlmişdi. Səbəb isə bəlli idi. Bu ölkənin paytaxtı Berlin şəhərində soydaşlarımızın Qarabağ mitinqi keçirilirdi. Avropanın əksər ölkələrində yaşayan soydaşlarımızın qatıldığı ümumAvropa Qarabağ mitinqi kütləviliyi baxımından Avropada keçirilən ikinci bir aksiya idi. Məlumat üçün qeyd edək ki, keçən il Belçikada olduğu kimi, bu il də Almaniyanın paytaxtı Berlin şəhərində bir araya gələn dünya azərbaycanlıları beynəlxalq aləmdən, dünya birliyindən, müvafiq təşkilat və qurumlardan Xocalıya ədalət tələb etdilər. Bu soyqırımı həyata keçirənlərin tezliklə ədalət mühakiməsinə cəlb olunmasını istədilər.

 

Qeyd etdiyimiz kimi Berlində keçirilən ÜmumAvropa Qarabağ mitinqində dünyanın müxtəlif ölkələrindən minlərlə azərbaycanlı, eləcə də Azərbaycana xüsusi sevgisi, rəğbəti olan ayrı-ayrı ölkələrin nümayəndələri iştirak edib. Hollandiyada fəaliyyət göstərən  Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli də ümumAvropa Qarabağ mitinqində iştirak etmək üçün Niderland Krallığından Almaniyaya gəlib. "OLAYLAR"-a verdiyi müsahibədə Elxan Mirhəşimli sözügedən aksiya ilə bağlı təəsüratlarını bölüşüb, bu kimi tədbirlərin beynəlxalq aləmə, təşkilat və qurumlara mümkün təsirlərindən danışıb.

 

- Elxan bəy, bildiyimiz kimi, fevralın 22-də Berlində çoxminli Qarabağ mitinqi keçirildi. Öncəliklə onu bilmək istərdim ki, mitinqlə bağlı təəsüratlarınız nədən ibarətdir və demək olarmı ki, bu soydaşlarımızın belə mütəşəkkil toplaşdığı ilk mitinq idi?

 

-Sizinqeyd etdiyiniz kimi Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburq bölgəsinin Paris meydanında Xocalı soyqrımına ədalət tələbi ilə möhtəşəm  mitinq keçirildi. Mitinqə 1400-1800 arası həmyetlilərimiz qatılmışdır. Məlumat üçün qeyd edim ki, bu Avropada keçirilən ikinci bir möhtəşəm tədbir, mitinq idi.  Keçən il, 2019-cu ildə Brüsseldə belə bir mitinq keçirilmişdi. Almaniyada keçirilən mitinqə 2019-cu ildə Brüsseldə keçirilən mitinqdən daha çox soydaşımız, Avropada yaşayan həmyerlimiz qatılmışdı.

 

 - Təkcə Almaniya deyil, dünyanın bir çox ölkələrindən azərbaycanlıların həmin mitinqdə iştirakı onu deməyə əsas verirmi ki, artıq xaricdə yaşayan azərbaycanlılar tam mənada birlik və həmrəylik nümayiş etdirə bilirlər?

 

-Məlum olduğu kimi Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən ümumAvropa Qarabağ mitinqinə dünyanın 30- dan atıq ölkəsindən soydaşlarımız qatılmışdı. Hollandiya-Belçika Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi də (BAK) mitinqdə fəal iştirak edib. Sevindrici hal ondan ibarətdir ki, Qarabağ, Xocalı tədbirlərində, bu kimi aksiyalarda siyasi düşüncələrindən asılı olmayaraq, həmvətənlərimizin çoxu bizimlə birdir, həmrəydir. Bizim də məqsədimiz Xocalı soyqırımını dünya ictimaiyyətinə geniş çatırmaqdır.

 

- Mitinqin Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilməsi onu deməyə əsas verirmi ki, bu kimi tədbirlər dünyada Xocalı soyqırımının daha geniş şəkildə tanınmasına təkan verəcək?

 

-Təbii ki, bu kimi tədbirlər, aksiyalar Xocalı soyqırımının dünyada daha geniş şəkildə tanınmasına, ona hüquqi-siyasi qiymətin verilməsinə öz təsirini göstərir, prosesi sürətləndirir.  Ancaq bütün bunlara baxmayaraq hələ də çox işlər görülməlidir. Açıq şəkildə etiraf edək ki, bu istiqamətdə xarici mediyateleviziyalarla sahəsində istədiyimiz nailiyyəti əldə edə bilməmişik. Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə gördüyümüz işlər, həyata keçirəcəyimiz gələcək layihələr Xocalı soyqırımının dünyada daha geniş şəkildə tanınmasına təkan verəcək.

 

- Bu həm də Azərbaycanın haqq səsinin dünyaya bəyan edilməsidir. Sizcə, dünya birliyi, beynəlxalq aləm çoxminli azərbaycanlıların səsinə səs verəcəkmi?

 

-Dünyada gedən proseslər fonunda ikili standartlara məruz qalan bir ölkə olaraq inanmıram ki, dünya birliyi, beynəlxalq aləm bizim haqlı səsimizə səs versinlər. Onlar qarşı tərəfin yalançı uydurmalarına daha çox səs verirlər.

 

- Bəs Berlində keçirilən mitinqə Almaniyada yaşayan digər xalqların, millətlərin münasibəti necə idi?

 

-Berlində keçirdiyimiz mitinqə buraya təşrif buyuran turistlər, yerli əhalinin münasibəti normal idi. Hətta turistlər yaxınlaşıb maraqlanır, mitinqin məqsədini oyrənir, suallar verirdilər.

 

- Adətən belə tədbirlər, aksiyalar zamanı ermənilər təxribat törətməyə çalışırlar. Aksiya zamanı hər hansı bir erməni təxribatına cəhd edildimi?

 

-Bəli, kiçik bir təxribata cəhd göstərildi. Belə ki, bir ermenialman qadın mitinqin keçirildiyi yerə gələrək orada şəkil çəkdiriblər. Eyni zamanda alman qadın mitinq iştirakçılarını sorğu-sual edib, soydaşlarımıza qarşı təxribatçı suallar ünvanlayıb. İddia edib ki, siz 1990-cı ilin 20 yanvarında erməniləri öldürmüsünüz, bu problemi ilk dəfə siz başlamısınız. Ermənilər isə yalnız özlərini müdafiə ilə məşğul olublar. Həmin təxribatçılara isə dəyərli ziyalılarımız olan Fatma AkdaşAygün Attar lazımı cavabları verərək onları yola salıblar.  Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bir başqa təxribata isə ermənilər deyil, öz soydaşımız tərəfindən cəhd olundu. Belə ki, xaricdə yaşayan azərbaycanlılardan biri tribunanın yanına gələrək "Nə Xocalıdan danışırsınız, seçkilərdən danışın" deyə qışqır-bağır salmaq istədi. Dərhal mitinqə toplaşan insanlarımız ona əks reaksiya göstərərək ərazidən qovdular.

 

- Mitinqin Almaniyada keçirilməsinə bir neçə gün əvvəl Azərbaycan Prezidentinin Münhendə Paşinyanı diplomatik uğursuzluğa düçar etməsi nə dərəcədə stimul Verdi?

 

-Əvvəla onu qeyd edim ki, Azərbaycan Prezidenti Cənab İlham ƏIiyevin Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə diplomatik uğursuzluğa düçar etməsi, işğalçı ölkənin baş nazirinin dövlət başçımızın qarşısında aciz duruma düşməsi xaricdə yaşayan hər bir azərbaycanlı kimi məndə də bir sevinc, qürur hissi yaratdı və biz bir daha Ali Baş Komandanımız, Cənab Prezidentlə fəxr etdik. Münhendə erməni baş nağılbazı Nikol Paşinyanın uğursuz çıxışı, diplomatik məğlubiyyəti, bir daha onların çirkin niyyətini üzə çıxartdı. Münhen müzakirələri, Cənab Prezidentin diplomatic nailiyyəti eyni zamanda bizlərə bir stimul vermiş  oldu. Bu kimi hadisələr, olaylar bizlərin bundan sonra əzimli mübarizə aparmağımıza stimul verəcək. Hər kəs bilməlidir ki, mövcud status-kvo sonuna qədər davam edə bilməz. Ermənilərin havadarları bunu bilməlidir ki, Dağlıq Qarabağ problem sülh yoluyla həll olunmasa, biz öz torpaqlarımızın azad edilməsinin yolunu bilirik və istənilən an buna hazırıq.

 

- Bu aksiya həm də Azərbaycan diasporunun artıq müdafiə taktikasından hücum taktikasına keçməsi demək deyilmi?

 

-Hücum taktikası hər zaman öndə olmalıdır. Biz döyüş cəbhəsində nə qədər güclü olsaq, masa diplomatiyasında da bir o qədər güclü olacağıq. Sonda onu qeyd etmək istərdim ki, Xocalı şəhidlərinin anım mərasimini keçirtmək hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının borcudur. Onların ailələri də bizlərə əmanətdir. İndiyə qədər Xocalı qurbanları, eləcə də digər şəhidlərimiz, onların ailə üzvləri necə ehtiramla yad edilib, diqqət-qayğı göstərilib, bundan sinra da eyni tendensiya davam edəcək. Bir atalar sözündə deyildiyi kimi "Torpaq su ilə qarışdıqda palçıq, qanla qarışdıqda isə vətən olur". Ona görə də şəhidlərimizin qanı ilə qurulmuş müstəqiliyimizi, suverenliyimizi qorumaq borcumuzdur. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun.

 

Füzuli

 

Olaylar.az

 

Olaylar.- 2020.- 25-26 fevral.- S.14.