İtaliya Azərbaycanın ticarət tərəfdaşıdır
İlham Əliyev: "Bizim
əsas vəzifəmiz ticarət əlaqələrimizin
şaxələndirilməsidir"
Azərbaycan Respublikasının dünyanın ayrı-ayrı dövlətləri ilə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu zaman diqqəti çəkən əsas reallıq odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf edilir. Prezident İlham Əliyevin İtaliya səfəri bu fikri bir daha təsdiq etmiş oldu. Azərbaycan və İtaliya hökumət başçılarının qarşılıq səfərləri İtaliya deməyə əsas verir ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və İtaliya arasında siyasi sahədə olduğu kimi, iqtisadi əməkdaşlıq da uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra İtaliya ilə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirib. Hələ 2006-cı ilin 20 oktyabr tarixində İtaliya xarici işlər nazirinin müavini, Azərbaycan-İtaliya iqtisadi münasibətlərinə dair məşvərət forumunun İtaliyadan olan həmsədri cənab Famiano Kruçanellinin Azərbaycana səfəri həyata keçirilib. Səfər çərçivəsində cənab F.Kruçianelli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyəti, əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycan-İtaliya iqtisadi forumunun ilk iclası keçirilib. Forumun yekunu olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Meşə Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində də-fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda iştirak edib. Dövlət başçısı bəyan edib ki, iki ölkə rasındakı münasibətlər hətta müttəfiqlik əlaqələrinə yaxındır: "Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik. O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır". Xatırladaq ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir. Bununla yanaşı, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkə böyük potensiala malikdir. Enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan bu potensialın reallaşdırılması və İtaliya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Hazırda Azərbaycanın bir sıra müəssisələrində İtaliya texnologiyalarından geniş istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün bu ölkədən müasir avadanlıqlar idxal edilə bilər. İtaliya şirkətlərinin respublikamızla Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələrə gətirib çıxarar. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialın olması da heç kəsə sirr deyil. Ona görə də İtaliya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada səmərəli fəaliyyət göstərə bilərlər. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək. Onu da bildirək ki, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır.2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da ölkəmizin xarici ticarət dövriyyəsinin 18,04%-ə bərabərdir. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92%-i Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb.Ümumiyyətlə, italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanması nəzərdə tutulur.İtaliyada istehlak olunan neftin 17%-i ölkəmizin payına düşür.TAP layihəsinin icrası ilə bağlı Azərbaycan qazı İtaliya bazarına ixrac olunduqdan sonra bu rəqəm daha da artacaqdır. Cənub Qaz Dəhlizində Azərbaycan başlanğıc nöqtəsi, İtaliya isə yekun nöqtədir. Bununla belə Azərbaycan və İtaliya bu layihə vasitəsilə 5 ölkəni, nəticə etibarilə ümumilikdə 7 ölkəni, Xəzər dənizi ilə Aralıq dənizi və Adriatik dənizi birləşdirirlər. Bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edəcəkdir. İtaliya tərəfi Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə maraq göstərmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü olmuşdur. Bu görüş çərçivəsində İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında iştirakı məsələsi müzakirə olunmuşdur. Nəzərə alınmalıdır ki, İtaliya dünyanın 7-ci iqtisadiyyatıdır və "Böyük Yeddilik" ölkəsidir. İtalyan şirkətləri qabaqcıl texnoloji yeniliklərə və nou-xaulara malikdir. Səfərin ikinci günündə Romada hər tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir. Bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Prezident İlham Əliyev biznes forumun açılışında çıxış etmişdir. Qeyd olunmalıdır ki, 2018-ci ilin iyul ayında İtaliya Prezidenti S.Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda biznes forum baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir. Sonda qeyd edək ki, hazırda Avropa İttifaqına üzv olan bır sıra ölkələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə diqqətə çatdırırlar. Çünki onlar Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyada hökm sürən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edirlər. Bu isə ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına əlverişli zəmin yaradır, respublikamızın beynəlxalq aləmdə artan imicə malik olmasını reallaşdırır.
Alim
Olaylar.az
Olaylar.- 2020.- 25-26 fevral.- S.5.