Milli mətbuatımız ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılması işinə bundan sonra da layiqli töhfələrini verəcəkdir

 

"Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır"

 

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikrisosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiyainformasiya azadlığının mühüm vasitəsi hesab edilir.

 

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadihüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.

 

Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

 

Onun başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran məsələlər barədə məlumatlandırmaq, zəruri informasiyalarla təmin etməkdir. Siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin dərinləşməsində müstəsna rola malik medianın əsas funksiyası məhz ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını ödəməkdir. Media bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq və yaymaqla həyata keçirməlidir.

 

Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda ictimai rəyə - əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.

 

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 145 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüştutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Ulu Öndər hələ 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi gündən başlayaraq respublikamızda digər sahələrlə yanaşı mətbuatın da inkişafında əsaslı dönüş yaranmağa başlamışdır. Məhz Ulu Öndərin səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi təsbit olundu.

 

Həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpmağa başladı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu Öndər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilməyə başladı. Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı.

Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ötən əsrin 70-80-cı illərində həyata keçirdiyi tədbirlər Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynamışdır.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratmışdır.

 

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uöurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu konsepsiyanın müddəalarını uğurla həyata keçirir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında möhtərəm Prezidentimizin imzaladığı sərəncamlar bir daha göstərir ki, dövlətimiz milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin də sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi işləri uğurla davam edir. Mlli mətbuatimiz ölkəmizdə sivil, demokratik cəmiyyət yaradılması işinə bundan sonra da layiqli töhfələrini verəcəkdir.

 

Azərbaycan Milli Mətbuatının inkişaf yolunu  üç hissəyə bölmək mümkündür. Birinci hissə 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşr edilməsi ilə başlayır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdur. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.  "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan " kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. İkinci hissəni sovet dörü əhatə edir. Bu dövrdə, xüsusi ilə, 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda mətbuatın inkişafında əsaslı dönüş yarandı. Üçüncü hissəni isə müstəqillik dövrü əhatə edir. Müstəqilliyin ilk illərində ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında mühüm dəyişikliklər baş verdi, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. Qanunvericilik bazası təkmilləşdirildi. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. Bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan mətbuatına, mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərir. 2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və cənab Prezident tərəfindən yeni binanın təməli qoyulub. Yaxın  illərdə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək. 15 iyul 2018-ci il tarixdə cənab İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə 1 milyon manat maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 27-28 fevral.- S.15.