Bəşəriyyət, insanlıq əleyhinə
törədilmiş qanlı cinayət
Xalqımız XX əsrdə başına gətirilmiş daha bir faciəni, soyqırımı qeyd etdi. 28 il əvvəl erməni vandalları tərəfindən Azərbaycanın Xocalı şəhərində həyata keçirilən bu soyqırım amansızlığı və vəhşiliyinə görə, XX əsrin ən acı faciəsi, soyqırımı hesab edilir. Ötən illər ərzində Azərbaycan tərəfinin apardığı məqsədyönlü siyasət və uğurlu iş nəticəsində dünyanın bir çox ölkələri bu hadisəni soyqırım kimi tanısa da, hələ də Azərbaycan xalqına qarşı bu acını yaşadanlar beynəlxalq ədalət mühakiməsinə cəlb edilməyiblər. Bu da ilk növbədə dünyada mövcud olan ikili standartlardan irəli gəlir. Ancaq Azərbaycan xalqı, eləcə də ekspertlər hesab edirlər ki, gec-tez cinayətkarlar öz cəzalarını alacaq və Xocalı şəhidlərinin qanı yerdə qalmayacaq. Elə Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki sabiq səfiri Daşqın Şikarov da bu qənaətdədir. O, bildirib ki, tezliklə buna nail olacağıq: "Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı soyqırımından 28 il zaman məsafəsi ayırır. Hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqrımının qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
"Böyük Ermənistan" dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdu. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir". Sabiq səfir qeyd edir ki, dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır: "Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etdi.
Məhz o dövrdən başlayaraq dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Bu il dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır".
Daşqın Şikarov bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var: "Xocalı faciəsinin ildönümü ilə bağlı Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşının iç üzü artıq ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Xalqımız əmindir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli tapılacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".
Millət vəkili Nəsib Məhəməliyev də Xocalıda cinayət törədən erməni vandallarının tezliklə öz cəzalarını alacaqları qənaətindədir: "Bütövlükdə insanlıq adına utanc gətirən, iyirminci əsrin sonlarında mənfur erməni separatçılarının törətdiyi Xocalı soyqırımından 28 il keçir. Tarixin ironiyası ilə yerləşdirildikləri coğrafiyada dünya supergüclərinin əlində hər zaman marionet rolunu oynamış bu xəstə millət, son yüz ildə bütün dünyada timsah göz yaşları tökərək, 1992- ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. Körpə uşaqlardan tutmuş, yaşlı qocaları, qadınları qətlə yetirdilər. Paradoks-yaxın tarixdə əsil soyqırım törətmiş faşist xislətli bu millət il boyu mifik "erməni soyqırımı"nı sistemli şəkildə dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda qaldıraraq ictimaiyyəti bezdirirlər. Həqiqət gün kimi aydındır. Ermənistanda siyasi hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq, nəinki Azərbaycana, hətta gələcəkdə region ölkələrinə qarşı ərazi, bir çox millətlərin yaratdığı maddi sərvətlərə mənsubiyyət iddialarından əl çəkməyəcəklər. Xocalıda həlak olmuş insanlara Allahdan rəhmət, doğmalarına səbr diləyirəm.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin". İctimai fəal, vətəndaş cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Onun sözlərinə görə, bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir: "Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-milətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur, lakin xocalılılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar". Ruslan Quliyev deyib ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar: "150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olublar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunub. 200 nəfərin ayaqları soyuqdan donub, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, başlarının dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilib". Ruslan Quliyev deyib ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır: "Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilib, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxıb və 1992-ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçib. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və gizirlər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak edib. Bu kədərli 28-ci ildönümü ərəfəsində Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüzünlə baş sağlığı veririk".
Füzuli
Olaylar.- 2020.- 27-28 fevral.- S.12.