Göyçay-Ərəş cəbhəsinin
siyasi və hərbi-strateji əhəmiyyəti
- 1918-ci ildə...
"1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, Rumıniya...dövlətlərindən 50 900 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir və Livandan 35 400 nəfər erməni Ermənistana köçürülüb."
Azərbaycan Xalq Cumhuriyyəti 1918-1920-ci illərdə dövlət varlığını və özgürlüyünü qoruyub saxlamaq üçün xarici-daxili hərbi-siyasi ittifaqlara və irticaçı silahlı (silahsız) qüvvələrə qarşı apardığı mübarizədə (müharibədə) bir sıra əhəmiyyətli tarixi hadisələrin coğrafi məkanı kimi Göyçay qəzası istisnalıq təşkil etməmişdir. O dövrdə hakim silahlı-mürtəce siyasi qüvvə və hay kilsəsinin əsas mərkəzi kimi çıxış edən Bakı Xalq Komissarları Sovetinin İcraiyyə Komitəsinin nizami-quldur dəstələrinin ayrı-ayrı bölgələr üzrə şaxələnmiş hərbi hücumlarının bir istiqaməti də Göycay-Ucar nahiyələrini əhatə etmişdir.
İnzibati-ərazi və coğrafi məkan kimi Göyçay-Ərəş qəzaları hüdudlarında baş verən bu tarixi olayların siyasi əhəmiyyəti ilk növbədə yeni yaradılmış milli dövlətimizin irticaçı qüvvələrlə açıq qarşıdurmasının qələbə ilə nəticələnməsindən asılı olması ilə ifadələnmişdir. Hadisələrin hərbi-strateji yükü ərazinin -döyüş meydanının və silahlı mübarizənin ölkənin mərkəzi hissəsində baş verməsi, nəticəsindən asılı olaraq qonşu regionlara istiqamətlənməsi ilə bağlı olmuşdur.
Bu baxımdan qələbələrlə və məğlubiyyətlərlə zəngin olan dövlətçilik tariximizin XX əsr Qaraməryəm-Bığır döyüşləri (24-29 iyun 1918-ci il) gedən ərazilər, eləcə də bu açıq səngər vuruşlarının arxa cəbhə xətti ümumilikdə Göyçay-Ərəş qəzalarını əhatə etməklə aşağıdakı nəticələri doğurmuşdur:
-Azərbaycan Milli Ordusunun və 5-ci Qafqaz İslam Ordusunun hərbi əməliyyatlarının uğurla başa çatdırılması yerli özünümüdafiə qüvvələrinin və əhalinin maddi-mənəvi yardımının davamlı olması ilə şərtlənmişdir;
-Abşeron yarımadasında birləşmiş düşmən qüvvələrinin mərkəzləşmiş nizami silahlı hissələrinin qaynar bölgələrə (Dağlıq Qarabağa, Şəki-Zaqatalaya, Gəncə-Qazaxa...) paylanmasının qarşısı alınmışdır;
-Göyçay-Ərəş cəbhə xətti düşmənə xidmət edən (maddi və mənəvi baxımdan) yerli-xəyanətkar qüvvələri sıradan çıxarmışdır;
Birləşmiş düşmən (eləcə də xarici) silahlı qüvvələrinin dövlət sərhədləri hüdudunda paylanmasının və qətliam-soyqırım faciələrinin miqyasının genişlənməsinin qarşısının alınmasında, işğal edilmiş ərazilərin geri qaytarılması naminə düşmənə qarşı mübarizənin təşkil edilməsində ... mühüm rol oynayan Göyçay-Ərəş qəzalarında aparılan hərbi-strateji və ictimai-siyasi əməliyyatlar aşağıdakı istiqamətlərdə olmuşdur:
-Müsüslü-Alpout-İnçə-Qaraməryəm-Güzəran (bu kənddə 1500 nəfər erməni yaşayıb) xətti üzrə;
-Şamaxı-Ağsu-Tircan-Quşencə-Hacıhətəmli-Mollaisaqlı xətti boyunca;
Cəbhənin bu istiqamətində düzənlik, alçaq təpəlik, yayla və dağətəyi relyef formalarını əhatə edən açıq səngər-döyüş yerlərində etibarlı müdafiə və güclü hücum taktikasına yiyələnən Ordumuzun əsas hücumları Göyçay qəzasının demək olar ki, bütün kəndlərini, Ərəş qəzasının Türyançay hövzəsində dağdibi (Surxay dağı hövzəsini) massivləri əhatə etmişdir. Hücum əməliyyatlara rəhbərlik üçün əsas qərargah Bığır və Dövranlı-Aşağı Qaraməryəm kəndlərində yerləşirdi. Hərbi əməliyyatlara hazırlıq məqsədi ilə təlimlərin keçirilməsi üçün həm də Ərəş qəzasında Üçqovaq və Hüşün kəndlərinin ərazisi seçilmişdi.
Göyçay qəzasının Dövranlı kəndinin əsasını Gəncə xanı Cavad xan Şahverdi xan oğlunun (Ziyadoğlunun, 1748-1804) işğalçı çar Rusiyası qüvvələri ilə Şəhidliyindən sonra Böyük Bağbanlar kəndindən köçüb gələn Kərbəlayi Cəbir Bəbir oğlu (1796-1920) tərəfindən qoyulmuş, eləcə də 1859-cu ildə Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələdən qurtulub bu yerə köçənlərin hesabına əhalinin sayı artıb-çoxalmışdır. Sonralar Dövranlı kəndinin yerlərində yaradılmış Aşağı Qaraməryəm kəndi (40-50 evdən ibarət) 1905-1920-ci illərdə Şuşa qəzasında kökənli müsəlman-türk ailələrinə qarşı hay kilsə və daşnak quldurları tərəfindən törədilən soyqırım faciələrindən qurtulan ailələr (eləcə də Ağdam nahiyəsinin Quzanlı kəndindən) məskunlaşmışlar. Bu kənddə indi də "Quzanlı məhləsi" mövcuddur.
Kərbəlayi Cəbirin Aşağı Qaraməryəm kəndində qızıl pulla alınmış geniş gər (tut) bağları, əkin-biçin yerləri, su dəyirmanı (Quşencə yaylasından başlayan, uzunluğu 45-50 km olan Dəvəbatan çayının sol sahilindəki bu dəyirmanı (indi bu tikili "Muxtaroğlu su dəyirmanı" adlanır) 1870-ci ildə gəncəli Kərbəlayi Abdul Baxış oğlu (1828-1920) tikdirib, onun inşasında kürəkəni Bəbir Kərbəlayi Cəbi oğlu da (1882-1937) iştirak edib), duluçuluq emalatxanaları (saxsı karxanası), ipək parça toxuculuğu sexləri (ipək parça toxuyan 3 dəzgah (mançılıq) ilə birlikdə) olub.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Göyçay qəzasının bu hissəsində (əski Potu-Qaraməryəm qəzasında) əsasən sənətkarlığın-ticarətin inkişafı (Müsüslü-İsmayıllı ticarət yolu üstündə) Gəncə şəhərindən (Böyük Bağbanlar kəndinin Yağmalılar məhəlləsindən), kənd təsərrüfatının (xüsusilə üzümçülük və ipəkçilik sahələrinin) ixtisaslaşması Şamaxı qəzasından köçüb gələnlərin əməyi böyük olmuşdur.
Cəbhənin bu hissəsində ən ağır döyüşlər Müsülü, Alpout, Alxasava, Şəkər, Bığır, Dövranlı, Qaraməryəm...kəndləri ərazilərində, Bayraq, Qala (bu dağda düşmənin topları qurulmuşdu), Törə (bu dağın ətəklərində indi də insan sümüklərinə rast gəlinir) və Sərmədül dağları əhatəsində, Dəvəbatan çayının yatağında, "Heydərəli dərəsi"ndə olmaqla düşmənin xüsusi amansızlığını üzə çıxarmışdır.
Belə ki, Aşağı Qaraməryəm kənd sakini Ənvər Bəbir oğlu Cəbiyevin (1928) həmin hadisələrin canlı şahidləri olmuş Əbubəkir Osman oğlu Ömərovun (1908-2000), Kərim Məşədi Şıxı oğlunun (1904-1983) xatırlamalarını söyləməsinə görə, çay dərəsi və yolların kənarı meyidlərlə dolu olmuşdur, bir səhnə isə daha sarsıdıcı idi: - əlində dürmənc tutan azyaşlı qız uşağı arxadan güllə ilə vurulmuşdu.
Həmin ərazilərdə təsərrüfat yerləri 1918-1920-ci illərdə hay-rus dəstələri tərəfindən məhv edilmiş, qiymətli hissələri isə qarət edilib aparılmışdır.
Bu dağıntıların və vəhşiliklərin şahidi olmuş Aşağı Qaraməryəm kənd sakini Seyid Mərziyyə Mirmehdi qızının (1880-1981) söylədiyi qiymətli məxəzdir:
-1918-ci ilin yayında erməni-rus quldurları Aşağı Qaraməryəm kəndinə hücum etməkdə məqsədləri ərazidə yerləşən kəndlərin 15-20 min nəfərə yaxın əhalisini Ucar və Zərdab nahiyələri ərazisinə - Kür çayı istiqamətinə qovmaqla onları çayda boğmaq idi. Lakin, Şilyan kəndi yaxınlığında camaatı 5-ci Qafqaz İslam Ordusunun heyəti qarşılayıb və kəndin əhalisi Vəli Kərbəlayi Cəbi oğlu Dəmirovun (1863-1943) köməkliyi ilə geri qaytarılmışdır (kəndin tikililəri bütünlüklə yandırılmış, mal-mülkü tamam qarət edilmiş, təkcə camaatın müqəddəs inanc ocağı olan Seyid Mir Həsən ağanın evi salamat qalmışdır).
Hay quldurları (onların tərkibində çoxluğu İsmayıllı nahiyəsinin Uştal, Girk, Güzəran, Qələyə, Keşqurd, Kəlbənd... kəndlərində yaşayan silahlı ermənilər üstünlük təşkil etmişdir) yalnız Aşağı Qaraməryəm və Dövranlı kəndlərində 100 nəfər, Yuxarı Qaraməryəm kəndində 60 nəfər, İsmayıllı nahiyəsinin Kürdmaşı kəndində 50 nəfəri amansızlıqla qətlə yetirmişdilər.
Bu cür qırğınlar Alpout (1888-ci il xəritəsində bu kəndin adı "Ərəb Mehdi bəy kəndi" göstərilib), İnçə, Şəkər, Alxacava, Çaxırlı, Qaraman...kəndlərində də baş vermişdir. Onlar bu kəndlərdə dinc sakinləri amansızlıqla qətlə yetirməklə kifayətlənməmiş, hətta əkin yerlərini yandırır, bağları kəsib-doğrayırdılar ki, camaat istifadə edə bilməsin. Şəkər kəndindəki qədim "Şərq çinarlığı meşəsi" bu yolla məhv edilmişdir.
Göyçay şəhərinin "Qurdlar məhəlləsi"ndə yaşayan Məşədi Sədi Hacı Əkbər oğlu Niftalıyev (1901-1991) söyləyirdi:
-Həmin qanlı illərdə mənim 17-18 yaşım var idi, qardaşım Məşədi Dadaşın isə 12. Düşmən qüvvələrinin səngəri Göyçay şəhərinin qüzeyindəki dağda (sonralar o yerə "Topatılan dağ" deyilib) idi, top atəşləri fasiləsiz olaraq oradan açılırdı - "Arvan dərəsi" boyunca. Bu zərbələrdən sonra biz evə qaçdıq, amma şəhərdə də heç kim yox idi, camaat Ucar nahiyəsi tərəfinə üz tutub getmişdi (mal-heyvanlar damlarda böyrüşürdü). Biz evdə qatıqla çörək yeyib getdik şəhərdəki 1902-ci ildə tikilmiş "Hacı Abbas məscidi"nə. Burada türk ordusunun qərargahı yerləşirdi. Onlar bizdən soruşdular ki, cocuqlar, nə gəzirsiz burda? Vəziyyəti onlara bildirdik. Cavabı eşitcək bizə dedilər:
-Qorxmayın, qayıdın evinizə. Artıq düşmənə layiqli cavab verilib.
Bu cavab həm də Bığır-Qaraməryəm cəbhə xəttində qazanılan qələbədən soraq verirdi...
Qismət Yunusoğlu
Olaylar.- 2020.- 27-28 fevral.- S.11.