Virusa yoluxanlar
Felyeton
Koronovirus gəzə-gəzə bizə doğru gəlir.
Bah, gör üstümüzə kim yox ha, nə gəlir?
Virus!
Xox! Qorxduq...
Qorxuruq, yoxsa
qorxmuruq? Ehtiyatı əldən veririk,
ya vermirik? A kişi, nə qorxmaq, nə ehtiyat? Biz heç Allahımızdan
qorxmuruq, yerdə olan kimdən (yox, deyəsən yerdə olan kimdən qorxuruq) qorxmuruq, onda qalmışdı ki, virusdan qorxaq. Sadəcə
olaraq tez küyə düşənik. Küyə düşəndə
də əl-ayağımız
dolaşır, özümüzü
tez itiririk. Şükürlər olsun ki, bu axsaqlıq bizdən çox sürətlə ötüb
keçir.
Biz virusdan niyə
qorxaq ki? Bax, beş qəpiklik
maskanın qiymətini
(Allahdan qorxmurlar da) qaldırıb qoydular minbər başına. Apteklərə
də girirsən, gözünü o saat bu elan deşir: "Maska yoxdur". İndi heç kimin gözünə
canan-zad görünmür,
ancaq maska görünür, o da qəhətə çıxıb.
Apteklərdə maska yoxdur, şəhərə
çıxırsan bir
nəfər maskalı
görəsən, ya görməyəsən... Bəs deyirdiz
qorxuruq? Yox, aşna,
biz qorxub - eləyən
deyilik. Biz qorxmayıb eləyənlərdənik,
nöşün ki, qorxan gözə çöp, buruna isə virus düşər.
Sadəcə olaraq, bizdə maskalara məhəbbət
yaranıb. Buna da
səbəb, bunun da günahı o milli televiziyalarımızdadı.
O gün xalqın ürəyindən tikan çıxardan süjetdə
qara maskalı oğlan məmuru nə təhər qapazdayıb, heç peysərindən də yapışmadı
"əngirboy" eyləyib
göndərdisə "qoduqluğa",
ta ondan sonra ərə getməyən qızlar ağ atlı- zad yox, qara maskalı xilaskarı gözləyirlər.
Az qalır ona "Zorro" desinlər. Burada siz "qoduqluq"
deyəndə başqa
bir şey düşünməyin, ha. Elə bilərsiz ki, qara maskalı aparıb onun cah-cəlallı eşşək
fermasına ki, bəs heyvanları saysın. Yox canım, "qoduqluq"
deyəndə, yəni
içəri- "dörd
barmaq"lıq arxasına
atıb.
Gördüz, bir anın içində
qara maskalıya necə məhəbbət
yarandı? Yoxsa, siz də deyirsiz ki, xalq
virusdan qorxur, beş-beş, on-on maska alır. İndi hamı oturub
televizor qarşısında
gözləri ilə ekrandan qara maskalı
axtarır. Elə
ki, ekranda qara maskalı göründü, istər
ağ olsun,
istər qara, hamı bir nəfər
kimi ona dəstək olmaq üçün maskalarını
geyinəcək və
bir ağızdan deyəcək ki: "Qadan alım, xilasımız, nicatımız
səndədir. Bəs bu
neçə illərdir,
hardaydın? Gəl qadan
alım, gəl başına dönüm".
Görürsüz xalq öz qəhrəmanını
necə sevirsə, maskalar qəhətə çıxır. Mən hələ "Torqovı"da
ərəblərin üstünə
qaçan "maska"ların
necə qəhətə
çıxdığından yazmıram. Onları da şanlı
polisimizin qara maskalı oğlanı qəhətə çıxardıb.
Əsl virus "Torqovı"dakı
"maska"lar idi. Üz qaraldan,
göz qapadan, könül bulandıran
virus "maska"lar.
Bir dəfə
felyetonumun birində yazmışdım ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Çörək pulunu daşdan,
palçıqdan, nə
bilim aydan, ulduzdan çıxara bilər. Şəraitini yaradın, durun
qıraqda baxın.
Görün nə xarüqələr
yaradır bizim istedadlı, kreativ, hər şeyə pul prizmasından yaradıcı baxan xalqımız.
Di baxın, maskaların
qiymətinə. Maya dəyəri
üç qəpiyə
başa gələn tənzifin böyrünə
də sapdan qulağa keçirilən
ip 50 qəpiyə.
Özü də bu möhtəkir, dəllal
"musla"larımız əvvəlcə piar, təşviş yaradır,
sosial şəbəkəni
işə qoşub
hay-küy salırlar,
sonra isə qiymətləri kəllə-çarxa
qaldırırlar. Bizdə də
məsələ belədü
də "bir kərə qalxan qiymət, bir daha enməz".
Sən hələ
spirtin qiymətinə
bax, e, necə qaldırdılar. Qardaş, spirt içən
"bomj"ların, əyyaşların
bazarını nöş
öldürürsən? Aptekdə əlli qramı otuz-qırx qəpiyə olanda bunlar gəlirdilər aptekə (çünki 24
saat işləyirdi) bir şüşə alıb çəkirdilər başlarına,
heç su ilə də qarışdırmırdılar , di get. Bütün günü kefli
gəzirdilər. İndi bunun
qiymətini eləmisiniz
iki manata. Ay qardaş, onun iki manatı olsa idi, gedib
"çubuş" alıb
vurardı bədənə.
Niyə bunlara zülm edirsiniz, yazıq deyillər? Məzlumların
ahından (onlardan üsyan edən olmaz,
işi-peşəsi
araq axtarıb içməkdir) qorxmursunuz?
Yox, qorxmazlar,
çünki bu möhtəkirlər, dəllallar
elə bir virusa yoluxublar ki, koronovirus onun yanında qələt eyləyir. "Qaz vurub, qazan
doldurmaq" virusu əbədidir. Koronovirus gələr
gedər, amma bu virus elə mərəzdir ki, axırda da xalqını özünü
möhtəkir, dəllal
virusuna yoluxdurar.
Bir gün gözünü açıb görərsən
ki, cümlə əhali buna yoluxub.
Hələ mən saxtakarlıq virusunu demirəm. Bu sovetlərdən qalma saxtakarlıq virusu canımıza necə hopubsa, o de onu MSK-da Məzahir müəllim də çıxarda bilmir.
Seçki gör neçə
vaxtdır bitib, amma Məzahir müəllim bunu məntəqələrin canından
qopartmaqda acizdir.
Niyə?
Çünki, bu virus canımıza-qanımıza
hopub. Elə bil anadan olanda bu virusla
doğuluruq. Saxtakar da
doğuldun, ta heç zad. Gözünə döndüyüm həkim də uşaq dünyaya gələnə qədər
onun dədəsinə,
atasına (pul qopartmaq üçün, şirinlik və nəmər öz yerində) anasına yox, a, atasına o qədər yalan, saxta məlumat verir ki, ananın
qarnındakı cocuq məcbur olub saxtakar virusuna yoluxur. Bəs, nə bilmişdiniz?
Ana südü əvəzinə saxta-saxta
genetik modifikasiya olunmuş yeməklər verəndə uşaq necə böyüyəcək?
Saxtakar, yalançı viruslar canına yapışacaq, təbii ki. Yaşayır da. Anadan olandan
ta ölənə qədər bu virus sənin Allahındır, dədən və anadır. Axırda da sonuncu rüşvətini qəbir
yerinə verib gedirsən inkir-minkirin hüzuruna.
Hələ bir sağalmaz virus da var, ondan
heç qurtula bilmirik. Bu virus yapışıb peysərimizdən
elə sıxır ki, bu sağalmayan
mərəzdən başqa
kor da olsa
gözümüz bir şey görmür. Hə düz tapmısınız.
Bu virusun adı
rüşvət və
korrupsiyadır. Sən canın,
bundan qurtulanı heç gördünmü?
Özü də bu, elə şirin
virusdur ki, adama necə yapışırsa qopmur, heç sən də şirin virusdan ayrılmaq istəmirsən,
axı çox şirindir, özü də necə şirin, e...
Bu mərəzlə elə
yol gedirsən ki, heç ananla, qardaşınla belə getmirsən. Get, ha get, bir
də görürsən
ki, bu şirin
virus qaldırıb qoyub
səni dağın başına. İstəyirsən aşağı düşəsən,
qoymurlar, axı sən şirin virussan. O zirvədən
ancaq itələyib dombalaq vəziyyətdə
dərəbaşı aşağı
düşə bilərsən.
Dərənin də dibində
yaltaqlıq virusları
səni gözləyir.
Hələ mən bir yazıda bizdə nə qədər virus var, açıb
göstərə bilmirəm,
çünki hamısı
cilid-cilid kitablara sığmaz.
Bax, tamah virusu var. Nəfs, həsəd, qarayaxma, mənəmlik, özündənrazı, baştutan,
şamtutan, üzəduran...
oho...o... Gör nə
qədərdi... e... Dedim
axı.
Gördünüz nə qədər milli viruslarımız var.
Koronovirus, qıyıqgözlülərin
yaratdığı mərəz
bizimkinin yanında heç nədir.
Biz milli virusa çoxdan yoluxmuşuq. İslanmışın yağışdan nə qorxusu? Onsuz da biz öz
viruslarımıza sadiq
qalmalıyıq. Qaranquş gəldi
gedərdi, sənə
sərçə qalacaq,
çünki həmişə
yanındadır, yeməyini
də özü tapır. Hə di bəsdi.
Bu sətirlərin də müəllifi, yəni mən yazmaq virusuna yoluxduğumdan, çarəsizlikdən yazdım. Yazmaq virusu məcbur edir, neyləyim?
26. 02. 20
Yunus
Oğuz
Olaylar.- 2020.- 27-28 fevral.- S.9.