Körpüsalan
Bəzən elə olur ki, ilk cümləni yazmaqda çox çətinlik çəkirəm. Bu da ondan irəli gəlir ki, düşündüklərim pərakəndə, dağınıq olur, onları sistemləşdirə bilmirəm. Amma bu düşüncələrim o qədər xoş, o qədər səmimi olur ki, həmin pərakəndəliyin fonunda həqiqətdən kənar, zərrə qədər də olsun yalan görünmür. İndi də eyni hissləri keçirirəm. Yazıya başlamaq üçün dağınıq fikirlərimi bir yerə toplamağa çalışıram. Alınmır...o zaman mən dəolduğu kimi - nəyi düşünürəm, nəyi fikirləşirəm elə bu cür - pərakəndə yazacağam. Əminəm ki, yazımın qəhrəmanı da fikirlərimdəki pərakəndəliyə etiraz etməyəcək. Çünki o, elə-belə adam, sıradan biri deyil. Yazıçı, dramaturq, şair, jurnalist Yunus Oğuzdu. O Yunus Oğuz ki, taleyimin xoş məqamlarında xeyli payı var. Həyatımın son dönəmindəki jurnalist fəaliyyətiməçəkinmədən yol açan tək baş redaktordu. Ona olan minnətdarlığımın ölçüsü sonsuzdu...
Zaman o zaman idi ki, işlədiyim "Xalq qəzeti"ndən uzaqlaşmışdım, bir müddət çalışdığım"Arena" qəzeti də bağlanmışdı. İşsiz qalmışdım. Yazmaqdan başqa ayrı sahələrdə bacarığım olmadığı üçün hara getsəm də, dönüb-dolaşıb yenə də mətbuata üz tuturdum. Amma Azərbaycan mətbuatında mənə yer verən yox idi, hər kəs qapını üzümə bağlayırdı. Şəxsən tanıdığım "iri çaplı" qəzet redaktorları məni görəndə xalq düşməni görürmüş kimi rəngdən rəngə düşür, geri çəkilirdilər. Sanki Züleyxa Nadir çantasında bomba gəzdirirmiş. Amma Yunus Oğuz bir tələbə yoldaşımın xahişi ilə "Olaylar"ın qapısını taybatay üzümə açdı, səhifələrində meydan verdi.Dünya boyda sevincimin ömürlük ünvanı oldu.
Yunus Oğuz bu həyatda tanıdığım insanların içində mənim yolumda işıq yandıran tək-tük adamlardandı. Yunus Oğuz bir Azərbaycan xanımının, bir oğul anasının, illərin təcrübəsini toplamış bir peşəkar jurnalistin tale yolunda yaşıl işıq oldu. Onda 2015-ci il idi. Yunus bəy məni şəxsən tanımırdı. İlk dəfə idi üz-üzə söhbət edirdik. Qısa, kəsə danışdıq. Elə ilk cümləsindən anladım ki, insan sərrafıdı. Qarşısında oturan adamı dinləməyin və ən doğru yolu göstərməyin ustasıdı. O gündən mən "Olaylar" ailəsinə daxil oldum. Qəzetin redaktoru Fatma xanım Abbasquliyeva sirdaşım, dostum, bacım oldu. Onunla aramızdakı xoş və səmimi münasibət, qırılmaz və qırılmayacaq bağa görə Yunus bəyə təşəkkür edirəm. Onun sayəsində bu gözəl xanımı tanıdım. Bu tanışlıqdan dolayı çox da xoşbəxtəm...
***
İnsanın xoşbəxtliyi təkcə dediyim bu balaca, amma çox dəyərli detalla ölçülmür. Nə də tutduğu mövqedən, yaşının az və ya çox olmasından asılı deyil. İnsan xoşbəxtliyini o zaman dərk edir ki, illər onun taleyində gərəkli bir iz buraxır və o da özündən sonra bu həyatda iz qoyduğunu əvvəlcədən hiss edir. Həm də elə bir iz ki, bu izlə gedənlərin yolu hər zaman ucalıqlardan keçir. Allahın bəxş etdiyi ömrün məsuliyyətini aylarla, illərlə çiyinlərində daşımaq xoşbəxtliyini hamı bacara bilmir. Əslində bu elə çətin bir iş də deyil. Sadəcə çiyinlərini bu məsuliyyətin altına vermək lazımdır. Mənim tanıdığım Yunus Oğuz illərdi bu məsuliyyətin yükünü daşıyır- yorulmadan, usanmadan. Nədi buyük? Bu, ədəbiyyatdı, SÖZdü, bədii yaradıcılıqdı, publisistikadı. Ki... Yunus bəy bunların hər birini ayrı-ayrılıqda canına-qanına hopdurub. Ona görə də çiyinləri ağrımır, dünyanın ən müqəddəs SÖZ yükünü bütün çalarları ilə gələcəyə ötürür. Bu günün ağrı-acısını, varını-yoxunu sabaha ötürmək hər adamın bacardığı iş deyil. Bunun üçün yuxusuz gecələr, saatlarla ac-susuz qalmaq, stol arxasında oturmaqdan düz qəddini əymək var. Başın ağrıması, gözün zəifləməsi, yazmaqdan barmaqların mazol olması var. Amma bütün bunlar o qədər xoş, o qədər müqəddəsdir ki, SÖZlə "yarışa çıxan" Yunus Oğuz heç bir zaman geri çəkilib, əlinin arxasını yerə qoymayıb. SÖZ onu bu günkü ali məqama ucaldıb.
Yazdığı hər romanı bitəndə, çap olunan hər kitabını görəndə doğum evinin qarşısında saatlarla dünyaya gələcək övladını gözləyən atanın körpəsinin səsini eşidəndə, üzünügörəndə keçirdiyi sevinc hisslərini yaşayıb. Bu elə bir yaşantıdır ki, Allah onu insana duyguların ən alisi, ən dəyərlisi kimi bəxş edib. Yunus bəy bu müqəddəs duyğunu dəfələrlə yaşayıb. Yazdığı romanlar, pyeslər bədiilik və tarixilik süzgəcindən keçərək doğma övladına çevrilib. Yaradıcı insanın hər əsərionun bir övladıdır. Bu baxımdan Yunus bəyin 25-dən çox övladı dünyaya gəlib. Onların arasında zərif, incə və xoş duyğuların daşıyıcıları da var, qəhrəmanlıq, kişilik, mərdlik, ərlik nümunəsi sərgiləyənlər də var. "Nadir şah", "Təhmasib şah", "Səfəvi şeyxi", "Şah arvadı və cadugər", "Sultan Alp Arsalan", "Atabəy Eldəniz" tarixi romanları ikincilərdəndi. (Bunlar Yunus Oğuzun əsərlərinin hamısı deyil, əlbəttə. Digər əsərlərinin adını yazıb sadalamağa ehtiyacın olmadığını dşünürəm). Əminəm ki, bu tarixi romanlar onun həyatının qızıl parçasıdır.Həmin parcada qədim dövrlə müasir zaman birləşərək möhkəm körpü yaradıb. O körpünün özülündə azərbaycançılıq, milli dövlətçilik, vətənpərvərlik duyğuları var. Akademik İsa Həbibbəylinin Yunus bəyin romanları haqqında dediyi bu sözlər fikrimin təsdiqidir: "Onun tarixi romanlarında Azərbaycanın dövlətçilik tarixi, milli təfəkkür, azərbaycançılıq ideyaları ön planda dayanır".
Yazıçılıq elə bir duyğudur ki, bu işin içində olanlar yazar olduqlarına görə xoşbəxtdirlər, həm də bədbəxtdirlər. Çünki yazıçı və şairlər yaşadıqları zamanın sevincindən çox ağrı-acısını, qəm yükünü iç dünyalarının bir elementinə, daha doğrusu, canlı bir bədən üzvünə çevirirlər. Qələmə aldıqları əsərlərin qəhrəmanlarının taleyi yazıçının iç dünyasında yaşayır, onunla birlikdə nəfəs alır, ürəyi döyünür. Yunus bəyin canı-qanı ilə yazdığı bədii əsərlərinin hər biri fundamental bir tədqiqat məhsuludur. Tarixi vərəqləmək, keçmişə səyahət etmək, olub-bitənləri bilmək, şəxsiyyətlərin həyatını öyrənmək istəyən hər kəs bu romanlara üz tutur. Nədən tarixi romanlara üstünlük verməsinə gəlincə isə... bir müsahibəsində bu sualın cavabını belə verib: "Tarixi roman bu günümüzə işıq salır. Məsələn, XVI, yaxud XVII-XVIII əsrlərdə yazılan tarixi məsələlər indi də aktualdır. Vergi məsələsi və digər məsələlər var ki, dünyanın müxtəlif ölkələrinə baxanda da o sahədə oxşar problemlərin olduğunu görürsən. Siyasi məsələlərdə də bunu görmək olar. Tarixə baxanda görürsən ki, o gələcək üçün bir işıqdır. Tarixi öyrənmək gələcəyimizə işıq salar. Keçmiş hadisələrdən dərs alıb kifayət qədər o səhvləri etməməyə çalışmalıyıq". Əlavə şərhə gərək yoxdu...
Mənə elə gəlir ki, Yunus Oğuz bu mövzuları işləyərkən fikri-zikri, düşüncələri keçmişdə olub. Bu günün yaşantıları onu əsla keçmişdən ayıra bilməyib, daha doğrusu, keçmişdən bu günə körpü salmağa çalışıb. Və istəyinə nail olub. Romanlarını oxuyan hər kəs deyir ki,Yunus Oğuzun tarixi əsərlərində keçmişlə bu gün arasındakı körpü aydın görünür. Çəkinmədən deyə bilərəm ki, Yunus Oğuz Azərbaycan yazıçıları arasında körpüsalan "vəzifəsini" uğurla yerinə yetirən tək SÖZ adamıdı. Məlumdur ki, körpü tikmək olduqca çətin bir işdi. Bunun üçün orda çalışan hər kəsdə fil gücü, dəvə səbri və kəl kimi işləmək qabiliyyəti olmalıdı. Yazıçı da belədi. İstedadlı yazıçı bu parametrləri özündə cəmləyəndi. Yunus Oğuz son 10-15 ildə gerçəkdən də kəl kimi işləyərək böyük ədəbiyyat yaradıb. Qələmi əlinə alaraq kağızda bir, ya iki cümlə yazıb tərəddüd edən zəif adamdan yazıçı olmaz. Amma güclülər tərəddüd etmirlər. Başladığı işi sona çatdırmamış ayağa durmurlar. Kağızlar qaralanır, yazılır, pozulur, qələm sınır, mürəkkəb bitir... amma son nöqtəni qoymaq istəyi bütün bunları arxa planda saxlayır. Yunus Oğuz məhz bu cür - yorulmadan, usanmadan çalışan istedadlı yazıçıdı. Fransız yazıçısı Jül Renar yazıb: "Ən güclü kəllər dahilərdi, nəfəs dərmədən sutkada 18 saat işləyənlərdi". Bəlkə dəYunus bəy bu fikirlərimi oxuyanda "kəl" sözündən xoşlanmayacaq. Bəlkə də üzündə xoş bir təbəssüm yaranacaq. Ki...o gerçəkdən də fasiləsiz yazan bir SÖZ adamıdır. Roman bitən kimi, dram əsərinə başlayır, arada poeziya nümunəsi yaradır. Bu üçünün arasında nəfəsini dərmək üçün bir balaca fasilə yarananda publisistik yazılara üz tutur. "Bunları hardan bilir?" sualı beynində səslənəcək, amma məndən soruşmayacaq. Gərək bilməyəcək. Mən isə bu iş qrafikini onu yaxından izləyən bir oxucu kimi aydınca hiss edirəm, görürəm. Əgər bu qədər istedadlı və zəhmətkeş olmasaydı, əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə çap edilməz, 22 ölkədə 47 kitabı dərc olunmazdı...
***
Bu günlərdə bildim ki, Yunus Oğuzun 60 yaşı olur. Doğrusu, inanmaqda bir qədər tərəddüd etdim. Zahirən ona bu yaşı vermək olmaz, amma əminəm ki, iç dünyasının yaşı daha çoxdu. Yazıçının, jurnalistin daxili aləmi gənc yaşda da, orta yaşda da, lap elə ahıl yaşda da müdrik olur. Yunus bəyi şəxsən tanımayanlar belə onun əsərlərini oxuyarkən anlayırlar ki, o, uşaqlıqdan iç dünyasındakı müdriklik işartıları ilə SÖZ dünyasına istiqamət götürüb. SÖZ aləminin əzablı, işgəncəli yaşantıları yazar üçün mənəvi rahatlıqdı. İçindəki hiss və duyğuları kağıza köçürdükcə daxili dünyandakı əzablar bitir, sən xoşbəxtlik qapısını açmağa doğru qanad açırsan. Bu qanadlar uşaq yaşlarından çıxmağa başlayır. Sonra isə həyat yollarında bərkiyir, heç bir zaman sınmır. Yunus bəy özünün qanadları haqqında müsahibələrinin birində belə deyib: "Mən 13-15 yaşlarımdan yazmağa başlamışam. 15 yaşımdan Əli Bayramlının "İşıq" qəzetində ştatdankənar müxbir işləmişəm. Xatirə kimi onlar da arxivimdə durur. Həm də 10-cu sinifdən pyeslər, hekayələr yazmağa başlamışam. Hər halda o zaman yolum, istiqamətim artıq müəyyənləşmişdi. Lakin sonradan uzun müddət bu işimlə məşğul olmadım. Belə imkan yarananda, çox güclü istəklə bunları həyata keçirməyə başladım".
Ömür yolu deyilən bir nəsnə var. Bu yolun yaşantılarını hərə bir cür anlayır və bu anlam daxilində də başa vurur. Çünki bir yandan boşalan, bir yandan dolan , bir ucu ölümlü, bir ucu da gəlimli dünyanın gələni-gedəni arasında insanın özünəməxsus, həm də lazımlı və dəyərli olduğu qədər də məsuliyyətli, şərəfli ömür yaşaması elə də asan deyil. Kimi bu yolda ömrünü ağır, məşəqqətli, kimi çox asan keçirir. Kimi də taleyinin hər zərrəsini, hər anını yaşadığı ömrün dəyərləndirilməsinə, örnək olmasına, bu dünyanın puçluğu içində ağrılı-acılı, burulğanlardan və fırtınalardan keçən məsuliyyətli bir həyat, şərəfli bir iz qoymağa sərf edir. Çünki bir də görürsən ki, həyata göz açdığın gündən yaşadığın hazırkı anlara qədər bir ömür yol gəlmisən, lakin dönüb arxaya baxanda kecdiyin yolda heç bir iz görmürsən. Məncə, mənasız həyat bax elə budur, həm də mənasız olduğu qədər də deyərdim ki, dəyərsiz bir taledir. Yunus Oğuzun isə ömür yolunda qırmızı xətlə keçən yazıçılıq taleyi hər zaman əlindən tutub, ən doğru yolu göstərib.
Yunus bəy həm də jurnalistdi, qəzet təsisçisi və baş redaktordu. O, 24 saat SÖZ dünyasındadır. Bu dünyadan kənarda bir həyatı varmı, yoxmu bilmirəm. Əminəm ki, yoxdu. Əlində qələm olan insan bir ömür qələm dünyasının içində yeni dünya qurmağa çalışır. Qələm əhlinin, SÖZ adamının qurduğu bu dünya rəngarəng olur. Bu baxımdan Yunus Oğuzun dünyası yaxşılıqlardan, humanizmdən, xeyirxah və nəcib əməllərdən toxunmuş bir çələngdir. Bu çələngin ən cazibəli rəngi22 iyul günüdür. Həmin gün Yunus bəyin dünyaya gəldiyi gündür. Azərbaycan mətbuatının bayram edildiyi gün jurnalist və baş redaktorun 60 illik yubiley bayramı olacaq. Nə qəribədi, deyilmi? Azərbaycanda neçə nəfər jurnalist var ki, doğum günü 22 iyuldu. Bəlkə də xoş bir mistikadı. Yunus Oğuz media kapitanıdı. Onun idarə etdiyi gəmi 25 ildi media sularında üzür. Bu 25 ildə "Olaylar" gəmisi qəza törətməyib, heç bir aysberqlə toqquşmayıb, suya qərq olmayıb, əksinə ən güclü fırtınaları aşıbmənzil başına vaxtında çatıb. Bu, kapitan Yunus Oğuzun məharəti, peşəkarlığı, ustalığıdı.
Kapitanın 60 illik ömür yolunu, görəsən, neçə hissəyə bölmək olar? Sualın cavabı təbii ki, bilməyənlər üçün çətindi. Hər halda bunu özü daha yaxşı bilər. Mən isə onu deyə bilərəm ki, taleyinin çox şərəfli və müqəddəs, bulaq suyu kimi şəffaf, təmiz və saf bir sənət olan SÖZ yaradıcılığına həsr etdiyi illəri onun bu həyatda qoyduğu izlərin toplusudu. SÖZün dəyərini, müqəddəsliyini hər zaman qorumağa çalışan ziyalılardandır. Tarixi romanları ilə bədii ədəbiyyatı zənginləşdirən yazıçı - körpüsalandı. Məncə, onun həyatda tutduğu mövqe də, qazandığı uğurlar da SÖZ işığının, SÖZ nurunun süzgəcindən keçib. SÖZ adamının iç dünyasında həmişə bir işıq yanır. Çəkinmədən deyə bilərəm ki, Yunus Oğuz məhz içində işıq yanan ziyalıdır, yazıçıdır, insandır!
İşığınız bol
olsun, Yunus bəy!
Züleyxa NADİR
Olaylar.- 2020.- 22-30 iyul.- S.15.