Azərbaycan diasporu bu gün həm də kifayət qədər birdir, həmrəydir

 

 

Sərdar Ünsal: "Türkiyə, türk milləti olaraq Azərbaycanın yanındayıq"

 

 

 

Xaricdə yaşayan azərbaycanlılar, soydaşlarımız arasında birlik və bərabərliyin, həmrəyliyin olduğu zaman-zaman buya digər situasiyalarda öz təsdiqini tapır. Son günlər Ermənistanın təxribatı nəticəsində yaşayan olaylar fonunda bir daha bunun əyani şahidinə çevrildik. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız ayaqlanaraq erməni təxribatını pisləyən aksiyalar keçirdilər. Anoloji tədbirlər qardaş Türkiyədə də təşkil edildi. Biz də "OLAYLAR" olaraq bu ərəfədə soydaşlarımız nümayiş etdirdiyi birlik və bərabərlik, diasporumuzun günümüzdə aktiv fəaliyyətinə nəzər yetirmək üçün Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Iqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik.

 

-Sərdar bəy, günümüzdə Azərbaycan diasporunun durumunu necə xarakterizə edərdiniz?

 

-Azərbaycan diasporu günümüzdə kifayət qədər inkişaf edib, tərəqqiyə nail olub. Azərbaycan diasporu bu gün həm də kifayət qədər birdir, həmrəydir. Azərbaycandan kənarda yaşayan azərbaycanlılar bir yumruq şəklində birləşərək Azərbaycanın ümummilli məsələlərində zərbəni bir yerə vura bilir, vahid mövqedən çıxış etməyi bacarırlar. Günümüzdə hər birimizin həyəcan hissi ilə izlədiyi Tovuz bölgəsində baş verən erməni təxribatı və ona etiraz əlaməti olaraq dünyanən dörd bir yanında keçirilən etiraz aksiyaları fonunda bunu aydın şəkildə gördük. Birləşmiş Ştatlardan tutmuş Avropanın ayrı-ayrı ölkələrinə qədər, keçmiş postsovet ölkələrində, eləcə də Türkiyə Cümhuriyyətində erməni təxribatını pisləyən etiraz aksiyalarının keçirilməsi, hətta Azərbaycandan kənarda yaşayan azərbaycanlıların səfərbərlik elan ediləcəyi təqdirdə hamılıqla ölkəyə qayıdaraq düşmənə qarşı vuruşacağı barədə səslənən fikirlər dediklərimizin əyani sübutudur. Bu son olaylar bir daha sübut etdi ki, xaricdə, dünyanın müxtəli ölkələrində yaşayan azərbaycanlılar kifayət qədər təşkilatlanıb, birlik, həmrəylik nümayiş etdirməyə nail olub. Bu da təbii ki, ilk növbədə məhz Azərbaycan diasporunun güclü, qüdrətli olması deməkdir. Bu gün bizim kimi Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlının ürəyi Azərbaycanla döyünür, canımız, qanımız Azərbaycanda baş verənləri, ermənilərin həyata keçirdikləri təxribatları, insanlıq əleyhinə hərəkətləri həyəcanla izləyirik.

 

-Səhv etmirəmsə İqdırda da dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni təxribatını pisləyən etiraz aksiyası keçirilib

 

-Tamamilə doğru söyləyirsiniz. Biz də hər bir azərbaycanlı kimi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirilən erməni təxribatını ilk gündən həyəcanla izləyib, bu təxribata qarşı öz etiraz səsimizi bildirmişik. Müxtəlif kütləvi informasiya vasitələri, qəzetlərdə erməni təcavüzünü pisləyən, Azərbaycan ərazilərinin işğalına dərhal son qoyulmasını, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb edən bəyanatlar səsləndirmiş, yazılar, məqalələrlə çıxış etmişik. Sizinqeyd etdiyiniz kimi, bu günlərdə İqdırda da Azərbaycana dəstək tədbiri təşkil edildi. Belə ki, İqdır Velosiped Klubu və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Iqdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə Azərbaycana dəstək və erməni təxribatlarını qınamaq məqsədilə velosiped yarışı keçirildi. Azərbaycana dəstək məqsədilə təşkil olunan yarışda işitirak edən gənclər əllərində Türkiyə və Azərbaycan bayraqlarıyla birlikdə şəhər daxilində dövrə vurdular. Sonda İqdırdakı Zübeydə Xanım Bulvarındakı Iqdır yazısı önündə Türkiyə və Azərbaycan bayraqları dalğalandırıldı. Daha sonra gənclər şəhid Mehmet Çavuş abidəsi önündə "Azərbaycanın yanındayıq", "Azərbaycan yalnız deyil", "Ermənistan məhv olsun" kimi şüarlar səsləndirdilər. Aksiyada Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İqdır Azərbaycan Evi Dərnəyinin sədri olaraq mən çıxış edərək bildirdim ki, ermənilər artıq bütün hüdudları keçərək Azərbaycanın Tovuz bölgəsinə hücum ediblər. İllərdir atəşkəsi pozan ermənilərə artıq lazım olan cavabı vermək şərtdir. Onlar öz ağalarından, arxalarında dayanan güclərdən almış təlimat əsasında Azərbaycan ərazilərinə hücum edərək bir neçə əsgərimizi şəhid ediblər. Ancaq güclü Azərbaycan Ordusu da ermənilərə lazım olan dərsi verərək 100-dən çox düşməni məhv edib. Aksiyada çıxışım zamanı onu da bildirdim ki, Türkiyə, türk milləti olaraq Azərbaycanın yanındayıq. Bundan heç kimin şübhəsi olmasın. Azərbaycan bu haqlı davada yalnız deyildir. Bu gün yüzlərlə Türk gənci Azərbaycana könüllü olaraq gedib cəbhədə döyüşmək istəyir. Qəti şəkildə qatil Ermənistanı qınıyırıq və işğal etdikləri torpaqlardan çəkilməsini gözləyirik.

 

Aksiyada həmçinin İqdır Velosiped Klubu rəhbəri Gökçen Acar da çıxış etdi. O, isə bildirdi ki, Tovuz bölgəsi Azərbaycan və Türkiyə üçün çox önəmli bir ərazidir. Türkiyə üçünbu ərazi çox önəmlidir. Çünki neft, qaz, dəmir yolu xətti bu ərazi üzərindən keçir. Türkiyəni Azərbaycana bağlayan bir ərazidir". Gökçen Acar dedi ki, Azərbaycanın yanındayıq, işğalçı Ermənistanı qınayırıq.

 

İqdır Velosiped Klubunun sədr müavini Erdinç Turan isə erməni təxribatı zamanı həlak olan şəhid əsgərləriməzə rəhmət dilədi, şəhidlərin yaxınlarına, ailələrinə başsağlığı verdi. Ümumiyyətlə, aksiyada iştirak edən gənclər isə "Ana Vətəndən Ata vətənə salamlar", "Şəhidlərimizə Allahdan rəhmət diləyirik" kimi şüarlar səsləndirdilər.

 

-Qeyd etdiniz ki, Tovuz bölgəsi Türkiyə üçünçox önəmlidir. Mümkünsə bir qədər açıqlama verə bilərsiniz və bu səbəbdən hansı addım atılmalıdır?

 

-Tamamilə doğru qeyd etdiniz. Azərbaycanın Tovuz rayonunun canımız Azərbaycanla yanaşı, strateji baxımından Türkiyə üçün də önəmi çox böyükdür. Tovuz rayonunun yaşayış məntəqələrindən Bakı-Tbilisi Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz xətti, eyni zamanda onun genişləndirilərək həyata keçirilən TANAP, TAP xətləri, Qərb İxrac Boru Kəməri, Cənub Qafqaz Boru Kəməri keçir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Tovuz rayonu ərazisindən keçir. Gördüyünüz kimi, Tovuz strateji baxımdan çöx mühüm bir məkandır və adlarını qeyd etdiyimiz enerji xətləri səbəbindən Türkiyə üçünmühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, təkcə Tovuz rayonu deyil, eləcə də Azərbaycanın hər qarış torpağı belə bizlər üçün, Türkiyə Cümhuriyyəti üçün əzizdir, müqəddəsdir. Ona görə də Türkiyə dövləti, burada yaşayan bizlər olaraq Azərbaycanın barmağına xırda bir tikanın batmasını istəmərik. Necə ki, Azərbaycan da eyni mövqedədir, Türkiyəyə qarşı eyni münasibəti ortaya qoyur. İki qardaş ölkədən bundan başqa bir münasibət gözləməyə dəyməz.  Ona görə də Tovuzda erməni təxribatı baş verən ilk gündən Türkiyə dövləti buna öz kəskin etirazını bildirdi və Azərbaycanın haqlı davasında onun yanında yer aldığını bəyan etdi.

 

-Adlarını qeyd etdiyiniz kəmərlər Türkiyə ilə yanaşı, Avropa üçün də önəmlidir. Çünki Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın, adlarını qeyd etdiyimiz kəmərlərin əhəmiyyəti böyükdür. Bu baxımdan Türkiyənin narahatçılığı qədər eyni münasibəti Avropa ölkələri də göstərməli deyildimi?

 

-Tamamilə doğru qeyd edirsiniz. Avropa ölkələri də ermənilərin bu xain saldırısını kəskin şəkildə pisləməli, ona öz etirazını bildirməli, Ermənistandan qəti şəkildə atəşi dayandırmağı tələb etməli idi. Ancaq təəssüflər olsun ki, biz hələ də bir sıra Avropa ölkələri, Avropanın siyasi institutlarından bu ikili yanaşma, siyasəti görürük. Düşünürəm ki, Avropa insanının mövqeyini dəyişmək, onlarda Azərbaycan barədə daha geniş məlumat bazası yaratmaq, onları bilgiləndirmək üçün diasporamız daha fəal, daha aktiv işləməli, fəaliyyət göstərməlidir. Bu gün dünyanın müxtəlif bölgələrində, Avropanın siyasi mərkəzlərində azərbaycanlıların keçirdikləri etiraz aksiyaları zamanı erməni təxribatı pislənilməklə yanaşı, həm də Avropa insanına o da çatdırılmalıdır ki, Tovuz rayonuna olan erməni hücumu, həm də Avropanın enerji təhlükəsizliyinə olan hücumdur. Tovuz rayonunda həyata keçirilən erməni təxribatı yalnız Azərbaycana qarşı nəzərdə tutulmayıb. Eyni zamanda Avropaya qarşı nəzərdə tutulub ki, bu hücum nəticəsində adlarını qeyd etdiyimiz kəmərlərin fəaliyyəti təhıükə altında qalsın, onların istifadəsi riskli hesab edilsin. Ona görə də hesab edirəm ki, Avropanın ayrı-ayrı ölkələrində azərbaycanlı qardaşlarımız etiraz aksiyaları keçirən zaman mütləq bu məqama diqqət çəkməlidirlər.

 

-Sərdar bəy, hazırda Azərbaycan və türk diasporlarının fəaliyyətini, onlar arasında əlaqələri necə xarakterizə edərdiniz?

 

-Azərbaycan və türk diaspor təşkilatları arasında əlaqələr, münasibətlər kifayət qədər yüksək səviyyədədir. Hər iki ölkənin həyatında baş verən müxtəlif situasiyalar zamanı həmin hadisələrə qarşılıqlı şəkildə olan münasibət fonunda bunu aydın şəkildə görürük. Ümumilikdə isə hesab edirəm ki, iki qardaş ölkənin  bir diasporu olmalıdır. Belə olan halda biz daha güclü olarıq və bizdən daha çox ehtiyyat edərlər. Yaşasın Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, yaşasın Ankara, Bakı.

 

Süleyman İsmayılbəyli

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 22-30 iyul.- S.11.