Sözdən yaranan adam

 

 

YUNUS OĞUZ – 60

 

İyulun 22 -si "Olaylar" İnformasiya Agentliyi və   "Olaylar" qəzetinin   baş redaktoru, tarixi romanlar müəllifi Yunus Oğuzun 60 illik yubileyidir.

 

Olaylar.az ictimai xadimlərin Yunus Oğuza ünvanladıqları təbrikləri təqdim edir.

 

"O, hər zaman qəlbinin hökmü ilə danışıb..."

 

Alim, televiziya jurnalisti, pedaqoq, Sənətşünaslıq namizədi, dosent Etibar Babayev:

 

"Ömür sarayının 60-cı pilləsinə qədəm basan bir dostum var. Onu fərqləndirən, cəmiyyətə sevdirən nadir xüsusiyyətlər çələngi həyat tərzinə, baş verən hadisələrə münasibətinə, bədi-publisistik yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə də ciddi təsir göstərib. Nəticədə öz koloriti, davranış tərzi, təbiiliyi, səmimiyyəti, riyasız-boyasız siması, xoş avazlı sədası ilə sayılıb-seçilən, sözü boğazdan, deyil ürəyindən su içən dəyərli şəxsiyyət yetişib. Hay-küylə yox, elə-obaya gərəkli əməliylə nüfuz qazanıb.

 

Cavanlıqdan dəblə geyinməyi xoşlayan zahirən yaraşıqlı dostum heç vaxt dəbə, siyasi konyukturaya görə kiməsə baş əyməyib. O, hər zaman qəlbinin hökmüylə danışıb, sağlam əqidəsini əlində bayraq edərək ömür sürüb. Bu gün altmışıncı qata ücalsa da, çevrəsində kimsəyə yuxarıdan aşağı nəzər salmır. Amma hamıya bir gözlə baxan dostum, hamıya öz çəkisinə görə qiymət verməyi də bacarır.

 

Allahın verdiyi ömür payının hər anını qənaətlə, imanla, ilhamla yaşayan dostumun ayrıca Xızı dağlarında "Azadlıq adası"da var. Yarı gerçək, yarı xəyali məkanın sərhədçisi də, keşikçisi də, bələdçisi də onun özüdür. Bu aləmdə rüşvət yox, minnət yox, hörmət var. Satqınlıq, xəbislik, xəyanət yox, sədaqət var. Notarius möhürü də gərək deyil. Çünki, ortada KİŞİ sözü, halal süfrə var. Günəşdən qaçıb gizlənənlər, müvəqqəti daldalanmaq üçün kölgə axtaranlar, hansısa sehirli çubuğun möcüzəsinə güvənənlər oranın yolunu tanışdılar. İnanıram ki, pandemiya təhlükəsi sovuşandan sonra Yunus Oğuz məhz, o məkanda öz seçilmiş dostlarının təbrikləriini bir-bir dinləyəcək, 100 faiz səmimiyyət keyfiyyəti ilə söylənənləri eşitdikcə sevincindən özünə güvən hissi artacaq və bundan sonra mənalı ömür yoluna şərəflə davan edəcək.

 

Biz dəvəti gözləyirik, əziz dostum Yunus Oğuz!"

 

"Yunus bəy  müstəqil, suveren, demokratik Azərbaycanın yaşaması üçün çalışır"

 

Jurnalistlərin Həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli Yunus Oğuzu təbrik edərkən bildirib ki, Yunus Oğuz jurnalistdir, yazıçı publisistdir, siyasətçidir: "Zahiri görünüşcə, 3 müxtəlif sahədə fəaliyyət göstərir. Amma reallıqda, Yunus bəy öz iradəsi və fəaliyyəti ilə ən  müxtəlif istiqamətlər arasında vahid bir xətt, bağlılıq yarada bilib, hər üç sahəni vahid bir ideala-"Bütöv, Böyük Azərbaycan" ideyasına  xidmət halına gətirib. Yunus bəy  müstəqil, suveren, demokratik Azərbaycanın yaşaması üçün çalışır.

 

"Olaylar" informasiya  agentliyi Azərbaycanın müstəqillik hərəkatı ilə yaşıddır, suveren dövlətimizin informasiya ruporlarındandır.  Yunus Oğuz  "Olaylar"ı milli-mənəvi dəyərlərimizin təbliğatçısı, milli hədəflərimizin təşviqatçısı kimi yaradıb. Müəllifi olduğu  tarixi romanlar isə milli özünüdərk yolunda bələdçidir. Siyasi fəaliyyətində də bu istiqaməti bayraq edib. Bir sözlə,  "Bütöv, Böyük Azərbaycan məfkurəsi" Yunus Oğuzun həm jurnalistik, həm bədii yaradıcılığında, həm də siyasi fəaliyyətində  vahid konsepsiya olaraq görünür.

 

Azərbaycanda KİV qurumları çoxdur, sayı minlərlədir. Amma bu minlərin sırasında uzun müddətli, müntəzəm, sistemli fəaliyyət göstərmək, məktəbə çevrilmək şansı az sayda redaksiyalara nəsib olub.  "Olaylar" məktəb olmaq şansı qazananlar sırasındadır. Bu o deməkdir ki, Yunus Oğuzda gördüyü işə peşəkar yanaşmaq, işini tamamlamaq bacarığı var, bu bacarığı təmsil olunduğu bütün sahələrə tətbiq edir.

 

Yunus bəy böyük ürək sahibi, sadə insandır; eqoizmdən, qısqanclıqdan uzaqdır, yardımsevərdir. İçində vətən sevgisi, baxışında Azərbaycançılıq ideyası  olan gənclərə dayaq durduğunun şahidiyəm. Sevinirəm ki, jurnalistik karyeramda bir mərhələ olaraq "Olaylar" İnformasiya Agentliyi də var. Bu insanla, bu məktəblə yaxından tanış olmaq imkanım yaranıb.

 

Yunus Oğuzu 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram, fəaliyyətini uzun müddət davam etdirməsini diləyirəm."

 

"Yunus Oğuz azərbaycanlı milli kimliyinin orijinal surəti və parlaq simasıdır"

 

Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı: "Müasir Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimini - həyatınızın ən əlamətdar günü - "doğum gününüz" və "60 illik yubileyiniz" münasibətilə səmimi duyğularla təbrik edir, sizə möhkəm cansağlığı, səadət və milli təfəkkürümüzün inkişafı yolundakı yaradıcılıq işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Siz fəaliyyətinizi Azərbaycan mətbuatının tərəqqisinə, dövlətin məlumat-informasiya siyasətinin təkmilləşdirilməsinə və xalqın maarifləndirilməsinə həsr etmisiniz. Siz vətənpərvərlik və qəhrəmanlıq obrazlarının yeni nümunələrini yaratmaqla tarixi irsimizin yaşadılmasına, zənginləşdirilməsinə, gələcək nəsillərə ötürülməsinə və ruh yüksəkliyinin yaradılmasına töhfə verirsiniz. Sizin Azərbaycan Respublikasının ictimai-siyasi mühitində milli vəhdətin əldə olunmasında xüsusi yeri və rolunuz vardır. Məhz bütün bunlar bugünkü həssas dövrdə milli təhlükəsizlik baxımından həyati vacib əhəmiyyət daşıyır. Sizin Vətənimizə səmərəli xidmətinizi bir cümlə ilə ifadə etsək, "Yunus Oğuz azərbaycanlı milli kimliyinin orijinal surəti və parlaq simasıdır" demək mümkündür. Bir sözlə, milli mətbuatın mövludu günündə dünyaya göz açmanız təsadüfi deyil, zərurətdən doğub və cani-könüldən seçdiyiniz peşəniz taleyin hökmüdür. Sizi bir daha təbrik edir, Sizə Azərbaycan dövlətçiliyinin qüdrətlənməsi - mətbuatının və ədəbiyyatının təşəkkülü və təkamülü naminə çarpışma və çalışmalarınızda yeni-yeni nailiyyətlər arzulayırıq. Doğum gününüz mübarək olsun!"

 

"Altıncı onilliyin sabaha düşən işığı"

 

Əməkdar jurnalist, "İki Sahil" qəzetininbaş redaktoru Vüqar Rəhimzadə: "Boyük Çin filosofu Konfutsi deyir ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir: "Ömür yolumuzun zənginliyi həqiqətən də əməllərimizdə, fəaliyyətimizdə real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına nail olmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, illəri izlərdə yaşatmaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

 

Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz altıncı onilliyin zirvəsindən geri baxdıqda bu xoşbəxtliyi yaşayanlar sırasında olduğunu böyük fəxr hissi ilə qeyd edə bilər. Onun yazdığı əsərlərin mahiyyəti elədir ki, onları bütün kateqoriyadan olan oxucular- istər gənclik, istərsə də yaşlı nəsil maraqla oxuyurlar. Bu, yazar üçün ən böyük xoşbətlik, uğur, ən böyük mükafatdır. Tarixi şəxsiyyətlərimizdən bəhs edən onlarla romanın müəllifi olan yazıçının əsərlərinin bir çox ölkələrdə təqdimatı keçirilib, ayrı-ayrı dillərə tərcümə olunub. 1995-ci ildən "Olaylar" qəzetinin və "Olaylar" informasiya agentliyinin baş redaktoru olan Yunus Oğuz dövlətimizin azad mətbuatın inkişafına yaratdığı imkanlardan maksimum istifadə edərək rəhbərlik etdiyi mətbu orqanın da daim dövrün və zamanın tələblərinə uyğun təkmilləşməsi istiqamətində mühüm addımlar atır. Hər bir KİV-in ona rəhbərlik edən şəxsin siması olduğunu nəzərə alsaq, "Olaylar" Azərbaycan media məkanında özünü təsdiqləmiş informasiya vasitəsi kimi qəbul olunur.

 

Bir sözlə, 60 ilin özündə topladığı təcrübə, inam, etimad, davamlı uğurlar qarşıdakı dövr üçün möhkəm baza rolunu oynayır. Bu yolda Yunus Oğuza cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ərsəyə gətirdiyi hər bir əsəri, rəhbərlik etdiyi mətbuat orqanının hər bir uğuru Yunus Oğuz yaradıcılığının, daxili dünyasının, əqidəsinin, gələcəyə baxışının təqdimatıdır. Bu təqdimatlarının zəngin olması arzusu ilə..."

 

***

 

"Yunus Oğuz cəmiyyətimizdə Dövlətçilik bağlarının güclənməsinə xidmət edir"

 

Turan Araşdırma Mərkəzinin sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl

 

qeyd edir ki, böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. - Əbu Turxan

 

"Yunus Oğuz, mənim üçün tanınmış jurnalist, yazıçı-publisist, tarixin qaranlıq - gizlin qatlarında uyuyan şanlı tariximizin səhifələrini gün işığına çıxararaq, insanlarımıza tarixi romanlarında çatdıran, milli kimliyimizi əsərlərində təbliğ edən Vətən oğludur.

 

Yunus Oğuz müasir dövlətimizin bərpasında fəal rol oynamış bir şəxsiyyət kimi çox yaxşı bilir ki, tarix təkçə arxada buraxdığımız illər deyil, tarix həm də öndən gəlir. O baxımdan, Yunus Oğuz daim,  müqəddəs amal uğrunda qələmilə "savaş" aparır və cəmiyyətimizdə Dövlətçilik bağlarının güclənməsinə xidmət edir."

 

"Yunus Oğuza rəhbər olması ilə yanaşı, həm də dost kimi güvənmişəm"

 

Vaxtı ilə Olaylar.az İnformasiya Agentliyində çalışmış, hazırda Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Samir Əli də Yunus Oğuzu təbrik edən şəxslər sırasındadır:

 

"Yunus Oğuzu hər an dövlət və dövlətçilik naminə çalışan, həyatını xalqın maariflənməsinə həsr edən bir şəxsiyyət kimi tanımışam. Yunus bəylə 2003-cü ildə tanış olmuşam. Tanış olduğum gündən onu əsl şəxsiyyət, vətənpərvər, Azərbaycanın suverenliyi, müstəqilliyinin möhkəmlənməsi, Bütöv Azərbaycan üçün çalışan şəxs kimi tanıdım. Yunus bəyin ürəyi daim Qarabağ, Təbriz, Dərbənd, Zəngəzur, Göyçə adları ilə döyünür. Bu insanın ürəyi daim vətən həsrəti ilə döyünür. Ən böyük amalı isə Türkçülükdür! Sadə, olduqca səbrli olan Yunus Oğuz rəhbərlik etdiyi "OLAYLAR" İnformasiya Agentliyi və eyniadlı qəzetin kollektivi arasında da həmişə vətənpərvərliyi ilə seçilib. Daim kollektivin qayğısına qalan, işçilər arasında heç bir fərq qoymayan bir şəxsdir Yunus bəy. Bu kollektivdə 12 ildən artıq işlədim. 10 ilə yaxındır ki həmin kollektivdə işləməsəm də, həmin kollektiv mənim üçün bu gün də bir ailədir. "OLAYLAR" mənim üçün həqiqətən bir ailə olub və bu gün də eyni fikirdəyəm. "OLAYLAR"ın kollektiv kimi formalaşması da əsasən Yunus bəyin səyi nəticəsində olub. Məncə bunu orda işləmiş və hazırda da işləyən dostlar hamısı təsdiqləyir. İşçi ilə səmimi münasibət, hər hansısa bir əməkdaşın problemi olarsa dərhal o problemə reaksiya vermək və imkanı daxilində həmin problemin həllinə nail olmaq Yunus Oğuzun iş prinsiplərindən biri, bəlkə də birincisi idi. Yadımdadı, hardasa 2004-2005-ci illər idi. Bir qurum barədə reportajımda müsahibin səs yazısını yazmamışdım, sadəcə qeydlər aparmışdım. Həmin qeydlər əsasında da yazı yazmışdım. Yazı tənqidi olduğundan ictimaiyyətdə böyük rezonans doğurdu və həmin qurumdan mənə təzyiqlər olunmağa başlandı. Hətta qurum rəhbəliyindən bəziləri məni iş yerimə şikayət edəcəkləri və hətta məhkəməyə verəcəkləri ilə hədələyirdilər. Düzü, çox qorxurdum, həm işimi itirməkdən, həm də məhkəmə təzminatından. Heç kimə qorxumdan heç nə demirdim. Otaqda qanıqara oturduğum vaxt dedilər ki, Yunus bəy məni çağırır. Çıxdım ki Yunus bəy ofisin dəhlizində məni axtarır. Getdim, nədən narahat olduğumu soruşdu və məsələni dedim. Bildirdim ki müsahibin səs yazısını yazmamışam və həmin şəxs də dediklərini inkar edir. Onu da qeyd etdim ki, məni işdən çıxaracaqları ilə hədələyirlər. Heç nə düşünmədən Yunus bəy gülümsəyərək əlini çiynimə qoyub "Narahat olma, səni işə onlar deyil, mən götürmüşəm və mənim işçimi məndən başqa heç kim işdən çıxara bilməz" deyib yenidən işimə davam etməyi tapşırdı. Həqiqətən də söhbət mənim iştirakım olmadan həll olundu. Ondan sonra Yunus bəy uzun müddət həmişə məni görəndə "Səni bu ay kimsə işdən çıxarmaqla hədələməyib?" deyə zarafatlaşırdı. Həmişə də reportajlara gedəndə birinci sözü o olurdu ki, heç kimdən və heç nədən çəkinmədən reportajını hazırla, qorxma. Və mən o gündən mediada güvənməyə dayaq tapdım özümə. Yunus Oğuz həqiqətən dostluqda, yoldaşlıqda güvəniləsi, etibarlı şəxsiyyətdir. Şəxsən mən "OLAYLAR" kollektivində Yunus Oğuza rəhbər olması ilə yanaşı, həm də dost kimi güvənmişəm və bu vaxta qədər də güvənimdə yanılmamışam. İyulun 22-də Yunus Oğuzun 60 illik yubileyidir. Təbrik edirəm, bəy! O gün olsun növbəti doğum gününüzü işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Allah bizə Bütöv Azərbaycanı görməyi nəsib etsin!"

 

"Yunus Oğuzun əsərlərində ideyalar var"

 

Nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin  üzvü Əkbər Qoşalı Yunus bəyi Milli Azadlıq Hərəkatındakı öncül iştirakından, "Ordu" qəzetinin baş redaktoru kimi fəaliyyətindən - ümumən, imzasından, ilk nazik kitablarından qiyabən tanıdığını bildirir: "Sonra mən Gənclər-İdman Nazirliyində çalışarkən, işim gərəyi Yunus bəyin qurduğu partiyanın gənclər təşkilatının tədbirlərinə qatılırdım və yaxud Yunus bəyin ictimai-siyasi həyata qazandırdığı dəyərli gəncləri vaxtaşırı müxtəlif ictimai və dövlət tədbirlərində görürdüm. Beləcə, bağlar yarandı aramızda - qiyabən tanıdğım Yunus bəylə şəxsən tanış olduq, mənimçün kitablarını imzaladı; necə deyərlər, qarşılıqlı maraq doğuran məsələləri müzakirə imkanı qazandıq.

 

Sonralar "OLAYLAR" təsis olundu. Bir zamanlar "OLAYLAR", demək olar, 1 saylı müstəqil informasiya agentliyi halına gəlmişdi. Həm agentlik, həm qəzet ömrü yaşayan "OLAYLAR" o gün-bugündür yeni nəsil imzalarına ürəkaçıqlığı ilə meydan verir. Yunus bəyin qurdğu ictimai-siyasi təşkilatlar kimi, qəzet və agentliyindən də onlarla imza üzə çıxdı, tanındı, sevildi.

 

Daha sonralar Yunus bəy tarixi romanlar yazmağa başladı. Tariximizin fərqli dövrlərinə və qəhrəmanlarına ardıcıl müraciətlər Yunusca və Oğuzcadır - yəni, Yunus Oğuzca.

 

Yunusca - sanki bir missiya ilə yükümlüdür və məhz o, bu missiyanı daşımalı, bu romanları yazmalı, xalqa tarixi həqiqətləri deməlidir; Oğuzca - tarix şüurunu məhz milli düşüncə ilə yoğurur-yapır.

 

Yunus Oğuzun əsərlərində ideya(lar) var. Nə yaxşı ki var! O ideyalar millidir və Asif Atanın "Milli olmayan bəşəri ola bilməz" düstur kəlamını təsdiq edirmişcəsinə bəşəridir həm də. Yunus Oğuzun kitabları türk dünyasında tanınma və nəşr edilmə yoluna çoxdan daxil olub. Özəlliklə, qardaş Özbəkistanda Yunus Oğuz imzası əməlli-başlı ün qazanıb. Nəhayət, günlərin bir günü Yunus bəylə yol yoldaşı olduq. Bakı-Kazan-Bakı uçaq yolçuluğu, Kazanlı günlər... bizi daha da doğmalaşdırdı. Yunus bəy dostlarına, dostluqlara özünəxas ülvi duyğularla və ərklə yanaşan, özü də ərki qəbul edən insandır. Yunus abi, əfəndim-abi, qardaş, başqan, şef... - ona fərqli müraciətlər eşidərsiz, sanki bu müraciətlərin hamısını bir adam deyir, yaxud hamı bu müraciətlərin hər birini eyni zamanda deyir, qəbul edir...

 

Yunus bəy dostlarını bir-biri ilə də dost qılan abidir; Yunus bəy komplekssiz insandır; başqa məziyyətləri də var, əlbəttə. O qədər yazılası söz var... yazsam, yubiley təbriki yox, tərif yazısı olacaq. Elə bilirəm, Yunus bəy təbriki qəbul edər, tərifi yox...

 

Əziz Yunus bəy, 60 illik əlamətdar yubileyiniz qutlu olsun!

 

Qələminizə qüvvət!"

 

"O, bir çox yenilikləri ilk olaraq tətbiq edib"

 

"Türküstan Media Qrupu"nun baş redaktoru Aqil Camal Yunus Oğuz adı, imzası ilə yeniyetmə yaşlarımdan tanış olduğunu qeyd edir:

 

"Əvvəl fotoşəkillərdə görmüşdüm. İlk dəfə 1990-cı ildə 28 May günü - Əlyazmalar İnstitutunun qarşısında Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ilə bağlı lövhənin açılış mərasimində... 90-ların sonlarında əyani tanışlığımız başladı.

 

Mən o dövrdə "Turan" Gənclər Təşkilatında birinci müavin idim. Yunus bəy Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin (ABUC) sədri olaraq həm Güney məsələsində, həm də digər miilli məsələlərdə xeyli aktiv mövqedən çıxış edirdi. Elə buna görə də, ofisinin qapılarını millətçi gənclər təşkilatları üçün açmışdı.  Bir çox tədbirlərimizi Yunus bəyin "Torqovı"dakı ofisində keçirərdik. Elə əyani tanışlığımız da o zamandan başlayıb.

 

Sonrakı dövrdə mətbuat camiəsi müstəvisində daha çox təmaslarımız, görüşlərimiz, səfərlərimiz olub. Və "Türküstan" olaraq, Yunus bəyi digər media rəhbərlərindən özümüzə belə deyək ki, "bir köynək" yaxın bilmişik...

 

Yunus bəyin son 30 ildə izlədiyim ictimai-siyasi və media fəaliyyətində müşahidə və təqdir etdiyim bir neçə prinsip olub. O, bir çox yenilikləri ilk olaraq tətbiq edib. Başqalarından fərqli olaraq  bir çox məsələlərdən də "şoru çıxmadan" uzaqlaşıb. 

 

Azərbaycanın informasiya dəstəyinə ehtiyacı olduğu dövrdə "Olaylar" İnformasiya Agentliyini yaratdı. Və müəyyən zaman kəsiyində - medianın indiki kimi dövlət dəstəyi və geniş texniki imkanlarının olmadığı dövrdə, öz imkanları hesabına bu işi yürütdü.

 

Eyni zamanda, hələ Bütöv Azərbaycan Birliyi qurulmamışdan əvvəl Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyəti yaradıb, bu sahədə olan təşkilati boşluğu doldurmağa çalışıb.

 

Yunus Oğuz yaratdığı, rəhbərlik etdiyi partiyalarla fərqli bir siyasi sistemdə özünü təsdiq edə biləcək yetkin siyasi lider kimi parlaya və uğur qazana bilərdi. Fəqət, çağdaş Azərbaycan siyasi düzənində gerçək özünü təsdiqi görmədiyi üçün bu sahədə fəaliyyətini ucuzlaşdırmadan çəkildi. Və tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün tarixi-bədii əsərlərini ərsəyə gətirdi. Ümumtürk tarixi üçün yazdığı əsərlər bütövlükdə Turan, Türküstan coğrafiyasında hadisəyə çevrildi. 

 

Və məncə, bu addımları ilə ən doğrusunu, ən urvatlı olanı etdi.

 

Yunus bəyi yubileyi münasibətilə təbrik edirəm. Möhkəm cansağlığı, nəzərdə tutduğu bütün həfədlərinə çatmağı ulu Tanrıdan arzu edirəm."

 

Olaylar

 

Olaylar.- 2020.- 22-30 iyul.- S.12-13.