Oğuz dünyasının Yunus Oğuzu

 

 

Olaylar.az Yunus Oğuzun 60 yaşı münasibətilə ictimai xadimlərin fikirlərini işıqlandırır.

 

"Yunus Oğuzun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var"

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  Yunus Oğuz yaradıcılığı haqqında danışarkən bildirir ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir: "Müxtəlif ədəbi nəsillər bu ənənəvi janrda tarixə müasirlik işığında yanaşmanın fərqli örnəklərini nümayiş etdirirlər. Bu baxımdan tarixi roman janrına ardıcıl olaraq müraciət edən Yunu Oğuzun yaradıcılığı xüsusilə diqqət çəkir.

 

Əvvəla, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində tarixi roman janrının mövqeyinin möhkəmlənməsi sahəsində mühüm addımlar atır. İkincisi isə Azərbaycan dövlətçilik tarixinin böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa çatdırılmasına geniş meydan açır. Son onillikdə bu janrda yazdığı əhəmiyyətli bədii əsərlərlə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi ad qazanıb. "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur-Zirvəyə doğru", "Əmir Teymir-Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" kimi romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini bütün yönləri ilə əhatəli şəkildə təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət edir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır".

 

Akademik İsa Həbibbəyli bildirir ki, Yunus Oğuz Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli dövlət xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin formalaşmasına böyük töhfə verir:

 

"Yunus Oğuz tarixi romanlar yazarkən bəzən tarixçilərdən belə artıq şəkildə araşdırma, təhlil aparır. Onun əsərlərindən tarixi yenidən öyrənmək olur. Yunus Oğuz gerçək tariximizi Azərbaycan cəmiyyətinə təqdim edir. Xüsusilə onun əsərlərində millilik qabarıq əks olunur. Yunus Oğuz əsərlərində milli dəyərləri əsas tutaraq onları bir daha cəmiyyətə çatdırır.

 

Yunus Oğuz müasir dövr, müstəqillik dövrü tarixi ədəbiyyatımıza roman yaradıcılığında bir yenilik gətirib. O, əsərlərində qeyd etdiyim kimi milliliyi, azərbaycançılığı əsas götürür. Həmçinin, Yunus Oğuz qələmə aldığı əsərlərdə, romanlarda dövlətçiliyimizin əsaslarını ortaya qoyur."

 

İsa Həbibbəyli bildirib ki, Yunus Oğuzun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var. "Yunus Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən dərindən araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövr məktəbi yaratmaqda iddialıdır".

 

Akademik onu da diqqətə çatdırıb ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özündərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir: "Müxtəlif ədəbi nəsillər bu ənənəvi janrda tarixə müasirlik işığında yanaşmanın fərqli örnəklərini nümayiş etdirirlər. Bu baxımdan tarixi roman janrına ardıcıl olaraq müraciət edən Yunus Oğuzun yaradıcılığı xüsusilə diqqət cəlb edir. Əvvəla, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində tarixi roman janrının mövqeyinin möhkəmlənməsi sahəsində mühüm addımlar atır. İkincisi isə, Azərbaycan dövlətçilik tarixinin böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa çatdırılmasına geniş meydan açır. Son onillikdə bu janrda yazdığı əhəmiyyətli bədii əsərlərlə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi böyük ad qazanıb. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq  ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır".

 

İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli dövlət xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin formalaşmasına böyük töhfə verir.

 

"Əsərlərinin hər bir obrazına elə təsvir verir ki, sanki təkcə əsər deyil, həm də özünü yaradır"

 

Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Yunus Oğuzla bağlı  fikirlərini bölüşərkən xüsusi olaraq qeyd edir ki,  Yunus bəy haqqında nə ağılsız, nə də ürəksiz danışmaq mümkün deyil: "Onun yazdıqları demək olar ki, şəxsiyyəti ilə eynilik təşkil edir. Əsərlərinin hər bir obrazına elə təsvir verir ki, sanki təkcə əsər deyil, həm də özünü yaradır. Onun tarixi romanları əsasən böyük şəxsiyyətlərə həsr edilib. Bu əsərlər digərlərindən fərqli olaraq kifayət qədər orijinaldır. Əsərlərində tarixi faktlara həddindən artıq sədaqətlik nümayiş etdirib, tarixçi səviyyəsində sıralayıb. Əsərlərin əsas obrazlarının yaradılmasında fundamentallıq müşahidə olunur. Çalışır ki, obrazı bir tarixi abidə kimi yaratsın. Yunus Oğuzun tarixi romanları daha çox modelizm düşüncəsi ilə ərsəyə gəlib. Yəni, o, əsərlərində obrazı çox dərin təhlillərlə yox, ştrixlərlə təqdim etməyə üstünlük verir.

 

O, bizim tarixi roman yazanlar içərisində yeganədir ki, bu qədər çoxlu mövzulara müraciət edib. Maraqlıdır ki, birdən-birə niyə Azərbaycanda Nadir şah haqqında əsərlər yazılmağa başladı, niyə əvvəllər bu mövzuya müraciət edilmirdi? Həmişə 17-18-ci əsrlər diqqətdən kənarda qalıb. Lakin Azərbaycan xalqı millət kimi məhz o dövrdə formalaşıb. Məhz bu dövrü Yunus Oğuz araşdırmağa başlayıb. Onun əsərlərində bu dövrün çoxlu tayfalarının adları çəkilir, onların qarşılıqlı münasibətləri araşdırılır. Yəni, etnososial proseslərin dərinliklərinə gedə bilib".

 

Nizami Cəfərov əlavə edib ki, Yunus Oğuz əsərlərinin həm üslub, həm dil, həm sujet, həm də obrazlarının dərin mistik təsir imkanları var: "Bunun üçün böyük intellektualla yanaşı, dərin hissiyyat da lazımdır. Çünki, Yunus Oğuz geniş ürəkli türkçüdür, amma türk dünyasının alimləri ilə söhbət edəndə dönüb olur azərbaycanlı. Yunus Oğuz o yazıçılardandaır ki, millət, cəmiyyət, xalq onun fəaliyyəti ilə özünü dərk edir.

 

Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq-üslub "təmayül"lərinin, demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə-tarixin fəlsəfi dərkinə çalışır. Və yazıçının tarix fəlsəfəsinin məğzində "tarixdə bu günü, bu gündə tarixi axtarmaq" kimi kifayət qədər əsaslı bir metod dayanır ki, bu metod Yunus Oğuzun ümumən yaradıcı təfəkkürünü dəyərləndirmək baxımından olduqca səciyyəvi sayıla bilər.Yunus Oğuzun əsərlərində kolorit,uzun təfsilatlara yol verməməsi onu digərlərindən fərqləndirən xüsusiyyətlərdən və üstünlüklərdən biridir.

 

Yunus Oğzuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən Nizami Cəfərov qeyd edir ki, müəllif əsərlərində bu günlə keçmişi əlaqələndirir:

 

"Yazıçının ustalığı, ilk növbədə, özünü tarixi həqiqəti olduğu kimi təqdim etməsində göstərir: Tamamilə mümkündür ki, yazıçı təxəyyülü hardasa tarixşünaslıqla müəyyən polemika aparır.

 

Yunus Oğuzun Azərbaycan, ümumən türk tarixinə fəlsəfi-analitik baxışı "Nadir şah" romanında nəinki aydın, hətta çox parlaq bir şəkildə əks olunmuş, Nadir şahın dövrü, xüsusilə xalq arasından çıxmış son dərəcədə istedadlı bir şəxsiyyəti hakimiyyət zirvəsinə gətirib çıxaran tarixi şərait, eləcə də Nadir şahdan sonra Azərbaycanın düşdüyü sosial-siyasi vəziyyət dərindən təhlil edilib.

 

Müqayisənin nə qədər yerinə düşüb-düşmədiyi üzərində mübahisə etmək üçün hər cür əsas olsa da, demək  istərdim ki, "Nadir şah"la Azərbaycan tarixi romanşünaslığının korifeyi M.S.Ordubadinin əsərləri arasında müəyyən yaxınlıq, sələf-xələf münasibəti vardır. Və hətta bizə elə gəlir ki, Yunus Oğuz bir sıra baxımlardan öz böyük sələfinin unudulmaqda olan yaradıcılıq maneralarını dirçəldir. Əsas odur ki, M.S.Ordubadi kimi Yunus Oğuz da dövrün tarixini bir tədqiqatçı olaraq öyrəndikdən sonra əlinə qələm alıb. Yəni, hər iki halda məqsəd o deyil ki, öz "tarix fəlsəfə"ni tarixə "sırıyasan" (bu elə tarixi "köçürmək" kimi bir şeydir), əksinə, M.S.Ordubadinin yaradıcılıq təcrübəsində tarix (onun hansısa dövrü) danışmağa, öz "yaddaş"ını qurdalamağa məcbur edilir ki, Yunus Oğuz da bu yolla gedir... "Nadir şah" müəllifi yaxşı bilir ki, onun hökmdar qəhrəmanının - Nadir şahın daimi, ardıcıl, davamlı oturduğu stabil paytaxtı olmayıb, onun oturduğu yer at beli idi. Odur ki, Nadir şah Azərbaycanın coğrafiyasının hər yerinə paytaxt kimi baxırdı. Və onu Şah İsmayıl Xətaidən sonrakı Səfəvi hökmdarlarından fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də bu idi... Hətta Şah İsmayıl Xətainin də paytaxtı vardı, ancaq şərti səciyyə daşıyırdı. Çünki Azərbaycan Səfəvi dövlətinin yaradıcısı hökmünü xalqının tarixən məskunlaşdığı bütün coğrafiyaya yaymaq istəyirdi. Və bunu bacarmışdı."

 

"Yunus Oğuzun mükəmməl bir türkçü olmağını təkcə əsərlərinin mahiyyəti deyil, elə soyad kimi qəbul etdiyi "Oğuz" sözü də təsdiqləyir"

 

Professor, filologiya elmləri doktoru Cahangir Məmmədli tarixi əsərlər müəllifi, publisist Yunus Oğuzu təbrik edən şəxsiyyətlər sırasındadır:

 

Xalq arasında belə bir deyim var: Doğum tarixi bayram günü ilə üst-üstə düşən insanı xoşbəxtlik gözləyir. Yunus Oğuzun doğum günü onun özünün də ömrünü, şüurlu həyatını həsr etdiyi milli mətbuatımızın doğum gününə təsadüf edir. Yəqin hələ uşaqkən hər dəfə ad gününü evdə bayram edən doğmaları milli mətbuatımızın hansısa ildönümü münasibətilə onu təbrik ediblər və balaca Yunus lap elə uşaq yaşlarından H. Zərdabini tanıyıb, klassik mətbuatımızın ənənələrinə bələd olub.

 

Yunus Oğuz polifonik - çoxtərəfli yaradıcı şəxsiyyətdir. O, Azərbaycan bədii ədəbiyyatında öz yerini çoxdan təsdiqləmiş bir yazıçıdır. Milli tariximizə sevgi dolu bir ömür yaşayan Yunus Oğuz M. S. Ordubadi, M. İbrahimov, İ. Muğanna və s. kimi böyük sənətkarlara ünvanlanaraq bu tarixi bədii həqiqətlərə çevirib və geniş oxucu kütləsinin, ədəbi tənqidin rəğbətini qazanıb. O, belə bir həqiqəti qəbul edib ki, tarixi təkcə dərsliklərlə öyrətmək azdır. Azərbaycan xalqının bədii ədəbiyyata olan marağı diqtə edir ki, bu tarixi həm də bədii formatda öyrədəsən. Yunus Oğuz bu həqiqətə sadiq qalmaqla bədii əsərlərini tariximizə, həm də təkcə Azərbaycan yox, bütövlükdə türkçülüyün tarixinə həsr etdi və etməkdədir.

 

Yunus Oğuz ciddi və peşəkar mətbuat adamıdır. Onun təsis etdiyi "Olaylar" qəzeti, "Olaylar" İnformasiya Agentliyi özünün peşəkarlığı, hadisələrə dəqiq, qərəzsiz və həm də vətəndaşlıq mövqeyindən yanaşması ilə özünəməxsus jurnalistika məktəbi yaratmışdır. Yunus Oğuzun rəhbərlik etdiyi mətbuat sistemi (məhz sistemi) Azərbaycan və azərbaycançılığı qürurla daşıyan qurumlardır.

 

Yunus Oğuz klassik jurnalistikamızın Vətən üçün yanan nümayəndələrinin yolunu örnək tutan bir ədibdir. Cəlil Məmmədquluzadə, Ə. Haqverdiyev, M. S. Ordubadi, M. Cəlal, İ. Əfəndiyev, R. Rza kimi böyük söz ustadlarımız öz estetik ideallarını xalqa çatdırmaq üçün ədəbi yaradıcılığın az qala bütün növlərindən və janrlarından istifadə etmişlər. Yunus Oğuz bu məktəbin davamçısı kimi ədəbi-bədii yaradıcılığın bir çox istiqamətindən istifadə ilə öz sözünü deməkdədir. Bu mənada onun telejurnalist yaradıcılığı da xüsusi diqqətə layiqdir. Yunus Oğuz teleefirdə görünmək xatirinə televiziyaya üz tutmadı. Onun "Yaddaş" adlı müəllif proqramı birbaşa maarifçilik missiyası daşıyırdə. Proqram Azərbaycan ədəbiyyatı, tarixi, jurnalistikası, incəsənətinə bağlı klassik simalarımızı yenidən xatırlamaq və onları gənc nəslə tanıtmaq məqsədilə yaranmışdır. "Yaddaş" proqramında öz həyatını Vətənin azadlığı yolunda fəda etmiş ədəbi fədailəri, mətbuatımızda misilsiz maarifçilik işi görmüş klassik jurnalistlərimizi yenidən görmüşük, yenidən xatırlamışıq. Yunus Oğuz bu proqrama hər adamı dəvət etmirdi. Ora dəvət olunan adam haqqında söz açacaq ədəbi simalara özü də yaxın olmalı, özü də Vətən sevgisi ilə yaşayan şəxsiyyət olmalı idi. Mən hər buraxılışını maraqla gözlədiyim "Yaddaş" proqramında müasir günlərimizdə klassik yaradıcı şəxsiyyətə çevrilmiş yazıçı Anarı görmüşəm, hərtərəfli savadı ilə bu günkü maarifçiliyin zirvəsində dayanan akademik Nizami Cəfərovu görmüşəm, klassik maarifçilərimizin əsərlərini yenidən və təmənnasız olaraq nəşr etdirərək yeni nəslə çatdıran, azərbaycançılıq ideologiyasının tədqiqatçısı Sona xanım Vəliyevanı görmüşəm, akademik İsa Həbibbəylini görmüşəm, millət vəkili Qənirə Paşayevanı, akademik Teymur Kərimlini, akademik Möhsün Nağısoyu... görmüşəm.

 

Mübaliğəsiz demək olar ki, "Mədəniyyət" TV kanalından efirə çıxan "Yaddaş" yaddaşlarımızı təzələyən və tamaşaçıda Vətən, millət sevgisini ucaldan bir tipoloji formatdır.

 

Yunus Oğuz mükəmməl bir vətəndaşdır. O, Şirvanda doğuldu, amma bütöv Azərbaycanı, onun tarixini təkcə ədəbiyyat adamı kimi deyil, həm də bir vətəndaş kimi sevdi. Ayrı cür də ola bilməzdi.

 

Yunus Oğuzun mükəmməl bir türkçü olmağını təkcə əsərlərinin mahiyyəti deyil, elə soyad kimi qəbul etdiyi "Oğuz" sözü də təsdiqləyir. Mən, adətən, Bakıdan Qarabağa, Qarabağdan Bakıya Şamaxı-Qəbələ- Oğuz yolu ilə gedirəm və hər dəfə də Oğuzdan keçəndə Yunus Oğuz yadıma düşür, onun Vətənə bağlı soyadına bir az da qibtə edirəm.

 

Yunus Oğuz yaxşı dostdur. Azərbaycanın görkəmli ziyalılarının hamısı onun dostlarıdır. Dostluq asan şey deyil. Mən dünən kiməsə dost deyib ondan təmənna güdən, həmin adamın ayağı bir balaca büdrəyən kimi ona hamıdan artıq balta çalanları da çox görmüşəm. Yunus Oğuz dosta sədaqətli bir ziyalıdır. Bəzən mənə elə gəlir ki, əsərlərinin bütün oxucuları Yunus Oğuzun dostlarıdır.

 

Yunus Oğuz rəhbərlik etdiyi mətbuat qurumlarına jurnalist seçimində çox diqqətli adamdır. Qurumun əməkdaşları mütləq jurnalistikanın yaradıcılıq prinsiplərinə bələd olmalı, dəqiqlik, qərəzsizlik, balanslılıq, ədalətlilik, vicdanlılıq kimi qızıl qaydaları gözləməlidir. "Olaylar" da bütün bu yaradıcılıq keyfiyyətlərinə əməl edən, bu qəzeti və informasiya agentliyini məhz bu keyfiyyətlərinə görə oxucuya sevdirən jurnalistləri mən də yaxından tanıyıram və onlara çox böyük hörmətim var.

 

Azərbaycan və bütövlükdə türk dünyasının yaxından tanıdığı, bədii əsərləri Orta Asiyadan tutmuş Türkiyəmizə qədər neçə-neçə ölkədə nəşr edilmiş və elə həmin ölkələrdə çoxsaylı təqdimatı keçirilmiş Yunus Oğuz yaradıcılığı 22 iyul 1960-cı ildən başlayıb bu gün özünün zirvə anına yetişməkdədir. Zirvəyə gedən yolda bu mükəmməl azərbaycanlı oğluna uğurlar arzusu ilə!

 

"Yunus bəyin işi tariximizi romanlar şəklində insanlara təqdim etməkdən ibarətdir"

 

Millət vəkili Qənirə Paşayeva müasir zamanda tarixi əsərlər müəllifi olaraq yaddaşlarda dərin iz qoyan Yunus Oğuz yaradıcılığı, əsərləri, romanları haqqında danışarkən qeyd edir ki, bu gün böyük tarixi əsərlər yazmağa zaman lazımdır: "Ancaq mən hesab edirəm ki, bu gün baş verən hadisələrlə bağlı çoxlu sayda kitablara ehtiyac var. 40-50 il sonra böyük əsərlər yazıla bilər ki, onlar da bizim tariximiz üçün lazımdır. Ancaq bu gün yazılan əsərlər bizim bu günümüz üçün lazımdır. O günümüz üçün ki, insanlar bilsin ki, bizim qəhrəmanlarımız hansı ideyalar uğrunda şəhid olublar. Daha dəqiq, torpaqlarımızı işğaldan azad etmək uğrunda bu zirvəyə yüksəliblər. Bizim torpaqlarımızın hələ də yüzdə iyirmisi işğal altındadır. Ona görə də bu cür əsərləri daha çox yazmaq lazımdır. Heç nəyi də bəzəyib-düzəmək lazım deyil.

 

Kimliyini bilməyən şəxs gələcəyə parlaq addımlarla gedə bilməz. Çünki tarix elə bir yaddaşdır ki, o insanların gələcək taleyində böyük rol oynayır. Ona görə də bizim tariximizin müxtəlif səhifələrinə işıq salan əsərlərin ərsəyə gəlməsinə ehtiyac var. Yunus bəyin işi də tariximizi romanlar şəklində insanlara təqdim etməkdən ibarətdir. Tariximizi daha çox gənclərə oxutmanın yolu kimi romanların çapı vacib şərtdir. Bu zaman gənclərimizin daha çox kütləvi şəkildə tariximizi oxumasına nail olmaq mümkündür. Yunuz bəyin isə bu istiqamətdə işləri çox böyükdür. Bu günə qədər yazdığı çox dəyərli romanları var ki, həmin əsərlər türk dünyasının tarixinə həsr edilib. Türk dünyasının tarixi içərisində Azərbaycan türklərinin, bizim yaşadığımız çoğrafi məkanda keçdiyimiz yol, böyük sultanlarla bağlı yazdığı faktlar çox önəmlidir. Mən gənclərlə görüşdə onlara "Nadir şah" kitabını çox həvəslə hədiyyə edirəm. Nəzərə alaq ki, mənim də ailəmin bir tərəfi Nadir şahın ailəsidir. Sovet dönəmində Nadir şah öyrənilməyən, öyrənilməsinə icazə verilməyən şəxslərdən idi. Yunus bəy isə bu ziddiyyəti aradan götürə bildi. Təkcə Nadir şah deyil, digər sərkərdələrlə bağlı əsərlər ərsəyə gətirdi".

 

Millət vəkili bildirir ki, Yunus bəyin yazdığı kitablar təkcə Azərbaycan türkcəsində qalmır: "Tez bir zamanda türk, rus və digər dillərə tərcümə edilir. Bu isə tariximizin təbliği baxımından olduqca önəmli məsələdir. Cənab prezidentin də üzərində dayandığı məsələlərdən biri ondan ibarətdir ki, gənclərimiz tariximizi yaxşı bilməlidir. Buna nail olmaqdan ötrü belə əsərlərə ehtiyac var ki, gənclərimizi tariximizi geniş mənada öyrənməyə yönəldə bilək".

 

Olaylar

 

Olaylar.- 2020.- 22-30 iyul.- S.8-9.