Gündəm: TOVUZ
xüsusi olaraq Olaylar.az saytı üçün
Tovuz olayları gündəmin əsas mövzusu olmaqda davam edir və əlbəttə, bunu həm haqlı həm də zəruri sayırıq. - İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə ağır artilleriya ilə zərbə endirməsi və bu xain zərbə sonucunda Azərbaycan hərbçilərinin həlak olması, yaralanması özünə xüsusi diqqət tələb edir. Çox şükürlər, bu diqqət son günlərdə heç əskik olmadı - ümumxalq hadisəsinə çevrildi.
Düşmənin dövlət sərhəddimizin Tovuz istiqamətində növbəti hücumu və burnunun ovulması mövzusunda bu sətirlərin müəllifi də bir neçə dəfə yazıb; əlbəttə, yenə düşünəcək, yenə yazacağıq. Daha öncə yazılanları yenidən təkrarlamamaq üçün, mümkün miqdar fərqli məqamlara, gündəmin bir sıra mövzularının sinxronluğuna diqqət çəkmək istərdim.
Tovuzda baş verən hadisələr yalnız Ermənistanın rəzilliyini, namərdliyini və digər keyfiyyətsizliklərini üzə çıxarmadı, eyni zamanda, bizimlə bağlı bir sıra müsbət amilləri də tirajlamış oldu.
Üstəlik, təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi tövsif etmiş, iki gündən bir Mingəçevir su anbarını, hətta, beynəlxalq neft-qaz kəmərlərini vurağcağını öz rəsmilərinin dili ilə bəyan edən işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi, bizi Metsamoru vurmaq istəyində ittiham edən hərəkətləri... bizlərdə xüsusu hiddət doğurur. - Fikir verin, bir tərəfdə Qarabağı (öz havadarlarının ciddi hərbi-siyasi dəstəyi ilə) işğal etmiş, üstəlik, Qarabağdan xeyli uzaqdakı Tovuzda yeni işğal planı gerçəkləşdirmək istəyən Ermənistan, başqa bir tərəfdə isə özünün humanistliyindən, qonaqpərvərliyindən peşman edilmək dərəcəsinə çatdırılmış, lakin yenə öz multikultural dəyərlərindən geri durmayan, sivilizasiyalar, mədəniyyətlərarası dialoq çağırışları ilə seçilən Azərbaycan... Bizi necə bərabər tutmaq, necə bir tərəziyə qoymaq olar? - Bir tərəfdə işğalçı, bir tərəfdə işğala məruz qalan... - Əgər hansısa qurum-quruluş, dövlət, məmur, vəkil, ziyalı, fəal... Ermənistanla Azərbaycana eyni çağırışda bulunursa, bu, ya qanmamazlıqdır, ya bilgisizlikdir ya da, avantüradır. Bərabərhüquqlu yanaşma, eynigüclü çağırış üçün ilk növədə (necə deyərlər) işğal bataqlığı qurudulmalı, bizim torpaqlar azad olunmalıdır ki, bundan sonra eyni tərəzidə çəkilmək mümkün olsun. Yox, bunu etməyə beynəlxaq təşkilatların, böyük dövlətlərin marağı yoxdursa, bir zəhmət, mane olmasınlar, baş qatmasınlar da, biz öz torpaqlarımızı azad edək; görsünlər, mülki əhaliyə ziyan vurmadan bölgəyə necə əmin-amanlıq gətirir, asayişi necə təmin edirik; görsünlər ki, Azərbaycan milli ordusu öz dədə-baba torpaqlarımızı necə azad edir...
Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın ən əsas işi "Metsamor"u yaxud başqa strateji mülki obyekti vurmaqdan ibarət deyil, bununla belə, düşmənin müharibə planındakı hərəkətləri elə namərdcə, elə ləyaqətsizdir ki, düşmənin hər cür cavabı haqq etdiyini də, deməmək olmur...
***
Generalın həlak edilməsindən hiddətlənən geniş xalq kütlələrinin "Səfərbərlik", "Müharibə", "Qarabağ" səmimi və qətiyyətli çağırışları ilə meydanlara axışması... sıradan hadisə deyildi! Və son 1 həftə ərzində 50 minə yaxın vətəndaşımız Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək arzusunu ifadə edib, uyğun qaydada qeydiyyata alınıb. Qarşı günlərdə müraciət edənlərin sayının daha da artacağı şübhəsizdir.
***
Bu yerdə vurğulamalıyam ki, durum müsait olunca, dövlət orqanlarımız, jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar durumla yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların baiskarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istfadə edən kimdir...
Bəli, biz bizi "Metsamor" mövzusunda ittihama cəhd edənlərə elə bugün də səslənirik: buyurun, Ermənsitan mediasını, Ermənistan rəsmi məqamlarının çıxışlarını Mingəçevir kontekstində bir saf-şürük edin də, sonra danışaq.
Ən azı işğalçıların müdafiə naziri Tonoyanın açıq mətnlə dediklərinə reaksiya verməyənlərin Azərbaycanı nədəsə ittihama cəhd etməsinin gerçəkliklə bir bağlantısı yoxdur və məhz absurd teatrı üçün yaxşı mövzu ola bilər.
Yeri gəlmişkən, Tovuz toqquşması yalnız düşmənin miskinliyini, yaramazlığını deyil, eləcə də, bizim milli ordunun qüdrətini də bir daha göstərmiş oldu. Əfsanəli general Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə ulu Tanrıdan rəhmət endiyinə sarsılmaz inamımız olduğu kimi, xalqımızın, ordumuzun haqqında hərzə-hədyan danışanların da bugünlərdə (bir daha) rəzil duruma düşdüyünü görürük, bilirik. Nə gizlədim, zabitlərimizin ünvanına rüşvətxor, korrupsioner, əsgəri incidən əzazil və s. kimi yaramaz (bir bölümünü burada yaza bilmədiyim) "epitetlər" yağdıranlar, Polad Həşimov və silahdaşlarının timsalında əsl Azərbaycan hərbçilərini görmədilərmi? Gördülər və susdular; bir bölümü isə "dəf"in o biri üzünə vurmağa başladı - bu dəfə, generalın kirayədə yaşamasından və s. danışdılar... Bilirsiz, Polad Həşimov bu millətin həm qazancı həm də itkisidir. Xalqımız Polad kimi oğullarını qəlbinin başında yaşadacaq, ruhunda bəsləyəcək, onu həmişə örnək göstərəcək. Poladın böyük arzularını, planlarını silahdaşları, onun ruhuna ehtiramı uca tutanlar, dəliqanlı gənclərimiz, müdrik sərkərdələrimiz həyata keçirəcək!
Bizimçün xəlqi münasibət önəmlidir. Polad Həşimov kimi ləyaqətli oğullarımız dünən də olub, bugün var, sabah da olacaq. Mən onlarla qəhrəman şəhidimizin, əsl qəhrəmanların adını çəkə bilərəm; çox şükür, yaşayan qəhrəmanlarımızın adını çəkə bilərəm. Bizim yüksək çinli zabitlər, ümumən zabitlər, hərbçilər döyüşdə qızıl ləyaqət göstərib, göstərir və göstərəcəkdir! - Bu bizim xalqın tarixindən, gələnəyindən rişələnən, çiçəklənən bir hadisədir və yüksək alqışa, öyrənilməyə, öyrədilməyə layqidir! Amma düşmən ordusunun "ləyaqət"i korrupsioner generalın öz villasını "əsgər yeməyi" anbarına döndərməsi ilə, əsir, girov azərbaycanlıları qeyri-insani ortamda saxlamaqla ölçülür; bəzən qeyri-bərabər döyüşlərdə ələ keçirə bildikləri hamilə qadınları, qocaları, körpələri işgəncə ilə öldürməklə ölçülür erməni "ləyaqət"i... Atanın gözü önündə qızını, ərinin gözü qarşısında xanımını... təcavüzə məruz qoyan "zehniyyət"lə üz-üzə qalan Azərbaycan ordusunun mənsubları düşmənin hərbçilərini zərərsizləşdirəndə zərərsizləşdirib, amma qeyri-insani hərəkətləri özünə rəva görməyib. Bugünlərdə də Tovuz istiqamətindəki düşmən hərbi məntəqələri dağıdılsa da, mülki obyektləri hədəf alınmadı; bunun qarşılığında Dondar Quşçuda mülki əhalinin evləri dağıdıldı, Ağdamda da eyni ilə... və mülki vətəndaşımız düşmən atəşi ilə həlak edildi. Əgər Azərbaycan ordusunun cavab zərbələri olmasaydı, mülki itkilərimiz daha çox ola bilərdi. Ona görə də, indi bizi "Metsamor"la, hansısa avantüra ilə ittihama cəhd edənlər, ömürlərində bircə dəfə alicənab olmağı bacarsınlar, sonra danışarıq...
***
Bu arada, dost-tanış tez-tez soruşur: bəs, Ermənistan Tovuz istiqamətində məhv edilmiş hərbçilərinin dəqiq sayını necə gizlədir? - Məncə, buna ən yaxşı cavablardan biri, yaxın tarixə müraciət etməklə verilə bilər. - Bax, həmin Ermənistan 2016-cı ilin aprelində üst-üstə qalanmış leşlərini necə gizlətdisə, indi də elə gizlədir. Terrorçu Manvel Eqizaryanın başçılıq etdiyi (Suriya, Livan, Fransa, ABŞ və b. ölkələrdən komplektləşdirilmiş 171 nəfərlik, modern silahlı) qaniçən "ARABO" taborunun, Gəncə taboru(nun əfsanəli komandiri Mehman Ələkbərov və silahdaşları) tərəfindən məhv edilməsini 2 il boyu necə gizlətmişdisə, indi də elə gizlədir... - Zatən, ustuf-ustuf üzə çıxaracaqlar - dağdan düşən, dərəyə uçan, suda batan, koronavirusa yoluxan, nə bilim, silahla ehtiyatsız davranan kim... - işğalçının canı cəhənnəm... nə çox "üsul" var... Əsas odur, zərərsizləşdirilsinlər, etiraf nə vaxt olar-olar - Tovuzlular demiş, zərər yoxdur...
***
Və bugünlərdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində hücumu, hərbi təxribatı ilə bağlı "Kommünike" qəbul etdi.
Qoşulmama Hərəkatına üzv dövlətlərin qəbul etdiyi sənəddə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə hücumu qətiyyətlə pisləndi. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulandı.
Hərəkatın Əlaqələndirmə Bürosu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə (822, 853, 874, 884) vurğu etdi.
Qoşulmama Hərəkatına üzv dövlətlər respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə etdi.
Beləliklə də, Hərəkatın üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində son hərbi təxribatı və (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma-prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.
Xatırladaq ki Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. 120 dövlətin üzv olduğu, daha 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi bir beynəlxalq təşkilatdan danışırıq. Hərəkatın 53 üzvü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. Nəyi demək istəyirəm? - Göründüyü kimi, düşmənin Tovuzda ordumuzdan aldğı hərbi zərbə yalnız Tovuz istiqamətində hərb meydanında qalmadı; düşmənin rüsvayçılığı bütün dünyaya əyan edildi.
Məhz bu Hərəkat, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-yə müraciət edərək, koronavirusla mübarizədə beynəlxalq həmrəyliyi təmin etməkçün Xüsusi sessiyanın çağırılması barədə (yaxın tarixdə) məsələ qaldırmışdı; bəlli olduğu kimi, təşəbbüs 130 dövlət tərəfindən müsbət ("lehinə") cavablandırılmışdı və məhz Ermənistan tərəfindən "əleyhinə" cavab alınmışdı. Belə ardıcıl addımlar Azərbaycan adını, Azərbaycan həqiqətlərini özünəməxsus şəkildə dünyaya yayır, dostlarımızın sayını artırır, düşmənin içüzünü göstərir.
Bundan öncə, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ayrıca, Türkiyə, Pakistan, Ukrayna dövlətləri Azərbaycanın haqlı mövqeyini müdafiə etdi, məhz beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının dörd Qətnaməsini xatırlatdı, respublikamızın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını açıq şəkildə müdafiə ilə bağlı "Bəyanat" verdi.
Ermənistan isə güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi və daxili böhranına daha bir "rəng" qatmış oldu...
Və nəhayət, Azərbaycan Prezidenti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması sonucunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olduğunu da burada şükranlıqla qeyd etmək istərdim. Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban xanımın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
Sizi Mehriban xanım Əliyevanın xalqa 20 iyul tarixli Müraciətindən bir neçə cümləyə diqqət etməyə dəvət edirəm: "Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.
Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, - Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, - bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.
Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram". Mehriban xanım Müraciətini bu sözlərlə tamamlayıb: "Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!"
Bu sözlərə qoşulmamaq, alqışlamamaq, "Amin!" deməmək mümkün deyil.
Dövlətimiz zaval
görməsin, bayrağımız uca olsun!
Əkbər
QOŞALI
Olaylar.- 2020.- 22-30 iyul.- S.7.