Diaspor təşkilatları DİDK-in 18 illik fəaliyyətini xarakterizə edirlər

 

 

Səmərəli və effektli fəaliyyət, soydaşlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi Komitənin əsas prioriteti olub

 

Artıq 18 ildir ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızı, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızı koordinasiya edən, onların Azərbaycan dövləti ilə əlaqələrini yaradan, tarixlə Vətənlə bağlılıqlarını intensivləşdirən, möhkəmlədən bir dövlət qurumu fəaliyyət göstərir. Bütün sahələrdə olduğu kimi, diaspora, dünya azərbaycanlıları ilə sahəsində də uğurlu addımlar atıb, məqsədyönlü tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin 2002-ci il, 5 iyul tarixli fərmanını tarixi sənəd kimi xarakterizə etmək olar. Məhz, Heydər Əliyevin həmin tarixli fərmanı əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sözügedən qurumun yaradılması xarici ölkələrdə yaşayan azərbaycanlılarla işin təşkili, onların mövcud problemlərinin həllinə xidmət edəcək dövlət qurumunun mövcudluğu zərurətindən meydana gəlmişdi.

 

Beləliklə, həm Azərbaycan dövləti, həm yeni yaradılan müvafiq dövlət qurumu, həm də xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları və təşkilatlarının birgə fəaliyyəti, səmərəli işi nəticəsində Azərbaycan diasporunun quruculuğu, inkişaf etdirilməsi prosesi sürətləndi. Dünyanın müxtəlif ölkələrində yeni-yeni diaspor təşkilatları, onları birləşdirən federasiya və konqreslər təsis edildi.

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin ötən 18 il ərzindəki fəaliyyəti, gördüyü işlər, əldə etdiyi nailiyyətlərə elə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə birlikdə aydınlıq gətirdik.

 

Niderland Krallığında fəaliyyət göstərən Hollandiya-Azərbaycan Evinin rəhbəri  Elxan Mirhəşimli deyir ki, 18 il əvvəl ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərmanla sözügedən dövlət qurumunun yaradılmasında məqsəd soydaşlarımızı vahid ideya ətrafında birləşdirmək idi. Onun sözlərinə görə, Diaspora Komitəsinin yaradılması  diasporun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Tarixə qısa nəzər salan diaspor sədri qeyd edib ki, SSRİ dağıldıqdan sonra, 1991 ci ildə Azərbaycan Respublikası da öz müstəqilliyini elan etdi: "Yeni yaranan müstəqil respublikalarda çoxlu sayda həmyerlilərimiz yaşayırdı. Sovetlər dövründə bir ölkənin vətəndaşı olan insanlar üçün, artıq həmin ölkələr xarici bir dövlət hesab olunurdu. Bir çox həmyerlimiz yaşadıqları ölkələrdə qalaraq öz yaşam həyatlarını davam etdirdilər. Sərhədlərin açılması 100 minlərlə insanların Avropa ölkələrinə, dünyanən bir çox ölkələrinə köç etməsinə səbəb oldu". Elxan Mirhəşimli bildirib ki, soydaşlarımız, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz, milli özünəməxsus ənənələrini qoruyub saxlayaraq, milli maraqlarəməzə qorumaq uçun yaşadıqlarə ölkələrdə təşkilatlanır, icmalar, cəmiyyətlər yaradırdılar: "Azərbaycan Respublikası ilə xaricdə yaşayan həmyerlilərimiz arasında əlaqələrin daha da gücləndirilməsi üçün onlar arasında birlik və həmrəyliyin qorunması üçün 2001 ci il, mayın 23-də mərhum Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi barədə sərəncam imzaladı və həmin sərəncam əsasında noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Bununla da Azərbaycan diasporasında böyük bir prosesin başlanğıcına start verildi".

 

Elxan Mirhəşimli deyib ki, bu gün  artıq dünyada 500-  dən çox Azərbaycan diaspor təşkilatları var onlar fəaliyyət göstərdikləri ölkələrdə yerli xalqlarla, təşkilatlarla əlaqələr yaradıb, əməkdaşlıq quraraq, sürətlə inteqrasiya edir,  diaspora lobbiçilik sahəsində fəaliyyətlərini  sürətləndirirlər: "Eyni zamanda fəaliyyət göstərdikləri ölkələrin siyasi proseslərində milli maraqlarımızın qorunmasında önəmli rol oynayırlar".

 

Təşkilat sədri onu da diqqətə atdırıb ki, zaman keçdikcə diaspor quruculuğu Azərbaycanda  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: "Müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlarımızın milli məsələlərdə birlik nümayiş etdirməsi sevindirici haldır. Artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə təşkilat səmiyyətlər six əməkdaşlıq edir, əlaqələr genişləndirilir, milli maraqlarımızın qorunması  istiqamətində mərkəzləşdirlimiş formada fəaliyyət göstərilir. Bu da baş  vermiş hər hansı problemin müzakirə edilərək ortadan qaldırılmasına imkan yaradır".

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu hesab edir ki, Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi barədə imzalanan sərəncam dərəcədə əhəmiyyətli yeni dövr üçün zəruri idisə, eləcə 2002-ci il, iyul ayının 5-də ümummilli lider Heydər Əliyevin imzalamış olduğu fərman əsasında Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla  İş üzrə Dövlət Komitəsinin yaradılması bir o qədər tarixi əhəmiyyətli idi: "Məhz bu komitənin yaradılması ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması, onlar arasında birlik həmrəyliyin gücləndirilməsi sürətləndi. Ən əsası qurulan koordinasiyalı nəticəsində müxtəlif ölkələrdə Azərbaycana qarşı artan erməni təxribatlarının qarşısı tədricən alındı".

 

Orxan Həsənoğlu bildirib ki, belə bir dövlət qurumunun yaradılması həmçinin xaricdə yaşayan soydaşlarımızda bir güvənlik yaratdı: "Artıq xaricdə yaşayan hər bir soydaşımız onun arxasında güclü bir Azərbaycan dövlətinin, onun diaspor işi ilə məşğul olan qurumunun durduğunun fərqində idi". Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri onu da diqqətə çatdırıb ki, Dövlət Komitəsinin yaradılması ilə xaricdə yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik daha da möhkəmləndi, onların Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi prosesi sürətləndi: "Bu gün dünyamızı ciddi şəkildə təhdid edən koronavirus pandemiyası günlərində biz həmin birlik həmrəliyi əyani şahidi olduq. Soydaşlarımız bacardıqları qədər bir-birilərinə dəstək olmağa çalışdı. Bu məqsədlə sosial aksiyalar həyata keçirildi, ehtoyacı olan şəxslərə yardımlar edildi. Təbii ki, burada həm dövlət, həm bu sahə ilə məşğul olan müvafiq dövlət qurumu sayılan Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır". Orxan Həsənoğlu əmin olduğunu bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyəti həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın birlik həmrəyliyi bundan sonra da möhkəmlənəcək, dərinləşəcək.

 

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu da Diasporla İş üzrə Dövlət Komitəsinin ötən illərdəki səmərəli fəaliyyətindən danışıb, bu fəaliyyəti təqdir edib. İSTAD sədri xüsusilə sözügedən komitənin Azərbaycan türk diasporlarının birgə fəaliyyətinə verdiyi töhfələr, bu istiqamətdə həyata keçirilən tədbirlərə toxunub bundan sonra da hər iki qardaş diasporların birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb: "Düşünürəm ki, iki qardaş dövlətin bir diasporası olmalıdır. Çünki hər iki dost-qardaş ölkənin mücadiləsi eynidir. Hər iki dövlət diaspora əsassız erməni yalanları, qondarma soyqırım iddialarına qarşı mübarizə aparır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpası, erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi tələbi hər iki diaspor tərəfindən hər zaman önə sürülür, beynəlxalq təşkilatlardan, dünya birliyindən tələb edilir". Səfər Karakoyunlu onu da deyib ki, Qarabağ problemi Türk Dünyasının ortaq problemidir.

 

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov isə deyib ki, 18 il bundan əvvəl yaradılan Komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb oldu: "5 iyul, 2002-ci il tarixində Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi yaradıldı. Ötən müddət ərzində dünyada yaşayan soydaşlarımızın bir araya gəlməsində Diasporla İş üzrə Dövlət Komitəsinin böyük rolu olub. Dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor hərəkatının gücləndirilməsi, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mədəni irsin təbliği, soydaşlarımızın fəalliyyətinin koordinasiya edilməsi, Azərbaycan evlərinin açılmasına Komitə hər zaman böyük dəstək göstərir. Onu da diqqətə çatdırım ki, 5 iyul 2018-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb".

 

Rəşid Məmmədov qeyd edib ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin son aylardakı fəaliyyəti xüsusilə təqdirəlayiqdir: "Məlum olduğu kimi COVİD-19 pandemiyası xaricdə yaşayan, təhsil alan, fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarına təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının ölkə kənarında yaşayan vətəndaşlarımıza hamilik etməsi kimi konstitusion hüquqlarına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri uğurla həyata keçirdi. Belə ki, Komitə kəskin maddi yardıma, sığınacağa, təxliyəyə ehtiyacı olan şəxsləri müəyyən etmiş başqa ölkələrdəki diaspor təşkilatlarımızı həmvətənlərimizə yardım etmək istiqamətində səfərbər edə bilmişdi. Xaricdə yaşayan azərbaycanlılarla istiqamətində müsbət elementlərə gəldikdə isə bu barədə bir neçə məqamı qeyd etmək lazımdır. İlk növbədə dünyada pərakəndə halında mövcud olan soydaşlarımızı diaspor təşkilatlarımızı birgə fəaliyyətə cəlb etmək istiqamətində yeni yanaşmalar tətbiq olunur. Koordinasiya Şuralarının təsis olunması buna nümunə ola bilər. Artıq Avropanın bir çox ölkələrində Koordinasiya Şuraları fəaliyyət göstərir. Ümid edirəm ki, Dövlət Komitəsinin təşviqi ilə Amerika qitəsində, Asiyada, Rusiya Federasiyasında yaşayan soydaşlarımız da yaxın gələcəkdə fəaliyyətlərini koordinasiya halında davam etdirəcəklər. Habelə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işləri qeyd etmək olar. Xaricdə təsis olunan Qarabağ məktəbləri, Xocalı Soyqırımının dünyada geniş miqyasda tanıdılması istiqamətində 2 il ardıcıl olaraq diaspor təşkilatlarımızın koordinasiyalı halda təşkilatçılığı ilə keçirilmiş Ümumavropa mitinqləri qeyd edilməlidir". Cəmiyyət sədri deyib ki,  Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan, təhsil alan gənclərimizi diqqətdən kənarda qoymur: "Belə ki gəncləri diaspor işinə cəlb etmək üçün müxtəlif proqramlar həyata keçirilir".

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2020.- 4-6 iyul.- S.12.