"Azərbaycanda milli mətbuatın inkişafına dövlət dəstəyi davam edəcək və 145 illik milli sərvətimiz bundan sonra da qorunacaq"  

 

 

Prezident bu sərəncamda eyni zamanda müasir dövrdə medianın inkişaf üçün vacib olan yol xəritəsinin konturlarını cızır

 

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.

 

Olaylar.az media kapitanlarının prezidentin qeyd olunan sərəncamı ilə bağlı fikirlərini təqdim edir:

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, prezidentin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında"  imzaladığı sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsidir: "Sərəncam dövlət başçımızın ənənələrə sadiklik kursunun müstəsna göstəricisidir. Buna görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

 

Müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını Ümummilli liderimiz Heydər Əliyev qoymuşdu. O, 27 mart 2000-ci il tarixdə "Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi haqqında" Fərman imzalamışdı. Mətbuat tariximizin əsas məqamlarının əhatəli və ardıcıl şəkildə yer aldığı həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi.

 

Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi. Yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymət nümunəsi kimi yadda qaldı. Prezidentin bu gün imzaladığı sərəncam 145 illik yubileyinbu baxımdan əlamətdar hadisəyə çevriləcəyini söyləməyə ali təminatdır. Bu, hər birimizi sevindirir".

 

 

 

"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirir ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır: "Möhtərəm Prezidentimizin mətbuata bu kimi diqqət və qayğısı daim media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

 

Dövlətimizin başçısının mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. 2005-ci ildən başlayaraq mətbuat işçilərinin təltif edilməsi ənənə halını alıb. 2010-cu ildə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncamın imzalanması da deyilənlərin bariz nümunəsidir. 2013-cü ildə ilk bina tikilib istifadəyə verildiikinci binanın təməli qoyuldu. Ənənəvi hal alan bu sərəncamlar 2013 və 2017-ci illərdə imzalandı. Artıq üçüncü binanın tikintisi başa çatıb. Möhtərəm Prezidentimizin bu mühüm addımı dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir."

 

 

 

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev prezidentin Azərbaycan mətbuatının 145 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ölkəmizdə mətbuata dövlət dəstəyinin və dövlət qayğısının artıq davamlı bir prosesə çevrildiyini bariz şəkildə göstərir: "Ölkəmizdə mətbuatın ildönümləri təkcə yubiley vaxtlarında deyil, aralıq illərdə də ən müxtəlif formalarda qeyd edilirbütün dünyaya, Azərbaycan ictimaiyyətinə nümayiş etdirilir ki, hər hansı ölkədə mətbuat dövlətin dəstəyi, qayğısı olmadan  güclü şəkildə inkişafa edə və mövcud ola bilməz. Prezidentin sərəncamı Azərbaycan mətbuatının böyük tarixə malik olduğunu və artıq 145 ildə Azərbaycan cəmiyyətinin milli sərvətinə çevrildiyini nümayiş etdirir. Bu sərəncam onun ifadəsidir ki, Azərbaycanda milli mətbuatın inkişafına dövlət dəstəyi davam edəcək və 145 illik milli sərvətimiz bundan sonra da qorunacaq."

 

Aydın Quliyev qeyd edib ki,  prezidentin sərəncamı mətbuata, mediaya olunan dövlət dəstəyinə  ağız büzənlərə, bunun guya ziyanlı olduğunu, özünü doğrultmadığını iddia edənlərə, bu fikirləri açıq və gizli söyləyənlərə tutarlı bir zərbədir. prezidentin bu sərəncamı sübut etdi ki, milli mətbuatçılıq, milli mediaçılıq   hər bir ölkədə dövlətçilik sisteminin ayrılmaz tərkib hissəsidir. Çünki dövlətin dəstəyindən məhrum olan media heç vaxt yaşaya bilməz, dövlət də bütünlükə medianın, böyük tarixə malik mətbuatına söykənməsə onun ideoloji əsasları zəif ola bilər. Prezidentin sərəncamı Azərbaycanın dövlətçilik siyasətində mətbuatın yerinin dəyişilməz, əbədi və möhkəmlənməkdə olduğunu bir daha sübut etdi.

 

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyəti olacaq. Çünki bu tədbirlər mətbuatımızn həm bugünkü vəziyyətini təhlil etməyə, həm də onun pisya yaxşı mənada gələcək tendesiyalarını müəyyənləşdirməyə və eləcə də daha prespektivli inkişaf yollarını təyin etməyə əsas verəcək. Bu təntənəli tədbirlərin ümumən həm dövlətçiliyimizə, həm bütün media orqanlarına və mətbuata,jurnalist korpusuna böyük faydası dəyəcəyini düşünürəm."

 

 

 

"Prezident İlham Əliyev mütəmadi olaraq gözləntilərdən də vacib qərarlar qəbul edib. Prezidentin qərarları hər zaman ölkə vətəndaşının maraqlarını ən yüksək səviyyədə təmin edib." Bu fikirləri QHT.az saytının baş redaktoru, "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

 

Cəsarət Hüseynzadə qeyd edir ki, jurnalistlərin sosial-məişət şəraitinin həddindən artıq ağır olduğu bir dönəm var idi: "Çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülürdü. Jurnalistlər üçün torpaq sahəsinin ayrılması, kooperativlərin yaradılması, güzəştli kreditlərin verilməsi və s. Cənab İlham Əliyev heç kimin gözləmədiyi halda, torpaq sahəsinin ayrılması, jurnalistlər binasının tikilməsi və təmirli mənzillərin jurnalistlərə verilməsi haqqında göstəriş verdi. Vacib addımların atılması liderlərin xarizmasından, problemə münasibətindən və onun həlli üçün düzgün qərar vermək bacarığından irəli gəlir. Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, verdiyi qərar ölkə vətəndaşının mənafeyinə hesablanır və dövlətin gələcəyini müəyyən edir."

 

Baş redaktor bildirir ki, dünyada Covid 19 pandemiya hökm sürdüyü, ölkələrin iqtisadiyyatının xeyli zəiflədiyi bir məqamda cənab Prezident qeyd etdi ki, heç bir sosial layihə ixtisar edilməyəcək. Çünki dövlətin əsas hədəfi vətəndaşına dəstək olmaqdır:

 

"Media camiyyəsində müəyyən tərəddüdlər var idi ki, pandemiya şəraitində mətbuatın 145 illik yubileyi müəyyən mənada arxa plana keçə bilər. Əksinə ölkə başçısı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında çox mühüm sərəncam imzaladı. Bu sərəncam əvvəlki illərdən daha əhatəlidir və sərəncam yeni imkanları ilə seçilir. Prezident media mənsubları ilə görüşündə hər zaman deyir ki, jurnalistlər mənim köməkçilərimdir, bəzi məlumatları mediadan alıram və dərhal tədbir görürəm.

 

Yüksək səviyyədə jurnalistlərə etimad göstərən ölkə başçısı məhz Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı təklifləri də, müxtəlif mənbələrdən əldə etməyi üstün tutdu. Çünki buna qədər bu prosesdə müəyyən çatışmazlıqların olması və təkliflərin bir mənbədən gəlməsi faktları var idi. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi öz əksini tapıb. Bu məqam sərəncamın mühüm hissəsidir və hesab edirəm ki, islahatlar prizmasından ölkə başçısının media üçün təklif etdiyi yeni baxış modelidir."

 

Cəsarət Hüseynzadə  vurğulayır ki, sərəncamda ölkə başçısı dövlətin mətbuata münasibətinə diqqət çəkir və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların mətbuatın inkişafındakı roluna toxunur: "Prezident bu sərəncamda eyni zamanda müasir dövrdə medianın inkişaf üçün vacib olan yol xəritəsinin konturlarını cızır. Dövlət başçısı həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətləri olduğunu xatırlatmaqla mətbuatın yeni mərhələyə daxil olması üçün çağırış edir.Cənab prezident mətbuatın inkişafı ilə bağlı, jurnalistlərin sosial məişət problemlərinin həlli ilə bağlı xeyli sayda qərarlar verib. Gələn bütün təkliflərə öz müsbət münasibətini bildirib. Bu da ölkə başçısı tərəfindən söz və mətbuat azadlığına verilən qiymət və dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən atılan bütün addımlar mətbuatının inkişafına xüsusi töhfələr verib.

 

Xüsusən həssas dönəmdə jurnalistlərə göstərilən bu diqqət üçün cənab prezidentə təşəkkür edirəm, hesab edirəm ki, sərəncam jurnalistlər üçün əlavə stimul olmaqla yanaşı, ölkəmizdə medianın yeni inkişaf modelinin formalaşması üçün əsas olacaq."

 

 

 

" "Axır ki, başa düşəcəklər ki, mən onların dostuyam, məktəb və teatrın əhəmiyyətini dərk edəcəklər. Əgər bunlara bir qəzet də verə bilsəydik-biz müsəlmanların bütün dünya görüşünü dəyişərdik" - Həsən bəy Zərdabi.

 

22 iyul 1875-ci ildə Bakıda qubernatorun mətbəəsində görkəmli ziyalı, maarifçi-pedaqoq, publisist, böyük mütəfəkkir alim, bütün müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabi tərəfindən milli mətbuatımızın əsasını qoymuş "Əkinçi" qəzetinin ilk işıq üzü gördüyü gündür. Bu gün artıq o tarix bütün bizlər üçün çox dəyərli və eyni zamanda müqəddəs bir günə çevrildi. Artıq 22 iyul  Milli mətbuat  günü kimin qeyd edilir.""

Bu fikirləri "Turan Araşdırma Mərkəzi" İB-nin sədr müavini Cavid İsmayıl prezidentin Azərbaycan mətbuatının yaranmasının 145 illiyi ilə bağlı imzaladığı sərəncamı şərh edərkən bildirib.

 

Cavid İsmayıl qeyd edir ki, artıq o tarixdən 145 il keçir. Dünya sivilizasiya tarixinin inkişafında rol oynayan biz Türklər, çox xoşbəxtik. Dünya tarixinin hansı səhifəsi və dövrünə nəzər salsaq, orada məhz türkləri görmək mümkündür. Biz ikiqat xoşbəxt xalqlardanıq, çünki dünya sivilizasiyasının inkişafının özülündə dayanan mədəniyyət, maarifləndirmə prosesinin tarixi yaradılışının və inkişafının episentrində yer almışıq."

 

Sədr müavini bildirir ki, cənab prezidentin mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı  alqışlayır və bunu milli kimliyimizin gələcəyə etibarlı çatdırılması baxımından yüksək dəyərləndirir: " Bu zaman tunelində milli mətbuatımızın yaradılmasında və inkişaf etdirilməsində, bu çətin və eyni zamanda şərəfli peşənin sahibləri olmuş, dünyasını dəyişən, bu yolda şəhid olan bütün dəyərlilərimizə Allahdan rəhmət diləyirəm. Müasir dövrümüzdə əlində qələm müqəddəs missiyanı həyata keçirən dəyərli mətbuat işçilərimizə isə möhkəm can sağlığı arzu edirəm. Qələminiz babalardan bizə miras qalmış dəyərlərimiz naminə ədalətli, qərəzsiz və ən əsası VƏTƏNİN maraqları uğrunda iti yazsın. Dəyərli dostlar bayramınız mübarək!"

 

 

 

Ay An

 

Olaylar.- 2020.- 4-6 iyul.- S.4.