Prezident İlham
Əliyev: “Azərbaycanda internet tam azaddır”
Azərbaycanda söz
azadlığı maksimum dərəcədə təmin edilir
İyunun 30-da
Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalayıb. Azərbaycan mətbuat tarixi 145 il
əvvəl- 1875 -ci ildən, "Əkinçi" qəzeti
ilə başlayıb, bu günümüzə qədər
davam edir. Hələ o zaman Azərbaycanın
ictimai-siyasi həyatında mühüm rol oynayan
"Əkinçi" qəzetinin bugünkü müasiri
olan elektron və yazılı mətbuata, bu sahədə
çalışan insanlara dövlətimiz tərəfindən
hər zaman xüsusi diqqət göstərilib. Dövlətimizin möhkəm təmələ əsaslanan
siyasətinin nəticəsi olaraq bütün sahələr
inkişaf, tərəqqi dövrünü yaşayır.
Bu inkişafdan geri qalmayan, cəmiyyətimizin
güzgüsü kimi dəyərləndirilən,
reallıqların təbliğatçısı olan mətbuatımıza
dövlət dəstəyinin əsas məqsədi müstəqil,
peşəkar, rəqabətədavamlı, eyni zamanda,
obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşdırılmasıdır.
Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı olan prezident İlham Əliyev hakimiyyətdə
olduğu illər ərzində hər zaman Azərbaycan mətbuatının
yüksək inkişafını nəzərdə tutan sərəncamlar
imzalayıb. Məlumdur ki, cəmiyyət həyatının
formalaşmasında medianın əməyi danılmazdır.
Bu gün müasir dünyada hər bir ölkənin
demokratik göstəricisi azad medianın səviyyəsindən
asılıdır. Cənab prezident ölkədə
azad, demokratik mətbuatın inkişafına hər zaman
xüsusi önəm verib. Milli mətbuatın 145 illik
yubileyinin xüsusi qeyd olunması ilə bağlı sərəncam
imzalayan prezident İlham Əliyevin bu addımı azad mətbuatın
inkişafına, jurnalist əməyinə verilən dəyər
kimi qiymətləndirilir. Və bu qayğı
daim media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.
Təsadüfü deyil ki, məhz bu
qayğı nəticəsində dövlət
başçısı 3 dəfə "Jurnalistlərin
dostu" mükafatına layiq
görülüb. Prezident İlham Əliyev
mükafatın təqdim edilməsi mərasimində
bildirmişdi ki, bu mükafatın verilməsi böyük məna
daşıyır: "Çünki ölkə Prezidentini
"Jurnalistlərin dostu" adına sizin tərəfdən
layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın
inkişafında görülən işlərə işarə
vurur. Mən bundan sonra da
çalışacağam ki, Prezident kimi Azərbaycanda azad
medianın inkişafı üçün dəstəyimi
verim və beləliklə, ölkəmizin sürətli və
uğurlu inkişafını təmin edim."
Bu gün
dünyanın inkişaf etmiş ölkələrində
geniş istifadə olunan, hər bir vətəndaşa azad
söz haqqı verən sosial media istifadəçilərinin
azad şəkildə öz fikirlərini paylaşmaları
ölkəmizdə azad sözə, demokratiyaya verilən dəyərin
başlıça göstəricisidir. Bu gün hər bir vətəndaş öz sosial
media hesabından prezidentə, rəhbər qurumlarda
çalışan şəxslərə rahat şəkildə
müraciət ünvanlaya bilir. Müasir
texnoligiyanın verdiyi bu imkandan istifadə azadlığı və
məmnunluğu ilk öncə ölkə
başçısının azad sözə verdiyi önəm
kimi qəbul olunur.
2005-ci ildən Prezident tərəfindən mətbuatın
yubiley ildönümlərinin bayram əhvalında qeyd edilməsi
ənənə halını halıb. 2010-cu ildə
mətbuat işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı ilk Sərəncamın imzalanması da deyilənlərin
bariz nümunəsidir. Jurnalistlərin mənzil problemlərinin
aradan qalxması, rahat fəaliyyətləri üçün
nəzərdə tutulan bu təşəbbüsün dünya praktikasında ilk dəfə
olaraq ölkəmizdə həyata keçirilməsi Azərbaycan
dövlətinin dördüncü hakimiyyətə olan
hörmətinin əyani göstəricisidir. Və
2013-cü ildə ilk bina tikilib istifadəyə verildi. İkinci binanın təməli qoyuldu. Ənənəvi
hal alan bu sərəncamlar 2013 və 2017-ci
illərdə imzalandı. Artıq
üçüncü binanın tikintisi başa
çatıb. Möhtərəm
Prezidentimizin bu mühüm addımı dünyada analoqu
olmayan hadisə kimi dəyərləndirilir. Bu il də yüzlərlə media
işçisinin mənzil problemi cənab Prezident İlham
Əliyevin səyi və dəstəyi nəticəsində
öz həllini tapacaq. Burada qazanan tərəf
isə təbii ki, azad Azərbaycan mediası olacaq.
Dünyanı
bu gün cənginə alan pandemiya dövründə belə ölkə
Prezidentinin Milli Mətbuatın 145 illiyini diqqətdə
saxlamsı, jurnalistləri düşünməsi onların fəaliyyətinə
göstərilən hörmətin bariz nümunəsidir.
Prezidentin 30 iyun 2020-ci il tarixli "Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında
xüsusi bir bənd isə jurnalist təşkilatlarının
və redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təkliflərin bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsidir. Hər
bir jurnalistə fərdi qayğı göstərən cənab
Prezident onların bu çətin əməklərini hər an qiymətləndirir.
Hələ
2013-cü ildə jurnalistlər üçün tikilmiş ilk
binada Milli Mətbuat Günü münasibətilə mənzillərin
paylanması mərasimində çıxış edən
prezident İlham Əliyev bildirmişdi ki, jurnalistlərin
peşəsi çox ağırdır, məsuliyyətlidir:
"Jurnalistlərin əksəriyyəti aldıqları
maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində
peşəkarlıq göstərmiş, uzun illər mətbuatda
çalışmış jurnalistləri
mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs
ən məqbul yol idi. Mətbuat
işçiləri ilə görüşlərimin birində
jurnalistlər tərəfindən irəli sürülmüş
bu təşəbbüsə dərhal dəstək verildi və
qısa müddət ərzində belə gözəl,
yaraşıqlı bina tikilmişdir. Əminəm
ki, bu binanın ətrafında gələcəkdə
böyük bir kompleks yaranacaqdır. Çünki
binanın yerləşməsi də çox gözəldir,
buradan Dövlət Bayrağına gözəl mənzərə
açılır, bütün bu sahələr abadlaşacaq
və burada yeni infrastruktur obyektlərin yaradılması nəzərdə
tutulur. Bakı Art City, yəni, incəsənət şəhərciyi
yaradılacaqdır. Böyük Su İdmanı
Sarayı tikilir. Yəni, bu zonada bu binadan
sonra tikinti-quruculuq işləri sürətlə gedəcək
və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə
sizinlə yenə görüşəcəyik.
Bildiyiniz
kimi, bu evdə mənzil alan jurnalistlərin
arasında müxtəlif mətbu orqanların nümayəndələri,
müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada
aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda
heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və
yol verilməməlidir. Məhz buna görə
hesab edirəm ki, cəmiyyətdə çox sağlam
mühit, sağlam ab-hava vardır. Əlbəttə
ki, jurnalistlərin peşəkarlığı, onların
ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı
daha da sağlam edəcəkdir.
Azərbaycanda söz azadlığı tam şəkildə
təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən
senzuranı ləğv etməklə bağlı irəli
sürülmüş təşəbbüs azad mətbuata təkan
verdi. Çünki senzura
olan bir ölkədə azad mətbuatdan söhbət gedə
bilməzdi. Hesab edirəm ki, məhz o
gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam
formalaşması başlamışdır və bu gün Azərbaycanda
söz azadlığı tam şəkildə təmin edilir.
Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət
göstərir, əlbəttə ki, senzuradan söhbət gedə
bilməz. Azərbaycan, eyni zamanda,
müasir texnologiyaların tətbiqində də öz
sözünü deyir.
Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.
İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.
Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.
Azərbaycanda azad jurnalistikanın rolu çox
böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin
formalaşmasında jurnalistikanın çox böyük rolu
vardır və bu rolu mən yüksək qiymətləndirirəm.
Əminəm ki, gələcəkdə də Azərbaycanda
söz azadlığı və bütün başqa
azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda
demokratiyanın inkişafında böyük addımlar
atılır, bütün azadlıqlar vardır - söz
azadlığı, sərbəst toplaşmaq
azadlığı. Bax bu yaxınlarda icazəli
mitinqlərin keçirilməsi üçün yer nəzərdə
tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri
işıqlandırması üçün böyük
problem olmaz, balkondan müşahidə etmək olar.
Azərbaycanda bütün digər azadlıqlar - vicdan
azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar
Azərbaycanda bu sahədəki işlərə yüksək
qiymət verirlər. Yəni, müasir
dövlət prinsipləri elə olmalıdır ki, biz hər
bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni
Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf
etdirək. Bu gün müstəqil Azərbaycan
dövləti, sözün əsl mənasında hərtərəfli
inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə
getməsi əlbəttə ki, bizim gücümüzü
artırır."
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 2-3 iyul.- S.15.