Gıhı dərəsi (çayı)
hövzəsinin sakral ocaqları və yaxud uydurma “Ermənistanın
sakral coğrafiyası”nın əsassızlığı
(XI məqalə)
"Türkiyənin cənubunda, Antakya vilayətində, 1355 m hündürlüyə çatan Musa dağın (1915-ci ildə xain hay kilsəsinin səngərlərindən biri burada olub) yaxınlığında yerləşən və hay-daşnak quldurlarının törəmələri yaşayan Vaqifli kəndində kilsəsi inşa edilmişdir. Yerli jurnalist və tarixçi hay qadını Lori Baytarın təşəbbüsü, "Qrant Dink fondu"nun, Antakya şəhər arxeologiya muzeyinin və İstanbul hay patriarxının yardımı ilə (bu yer Suriya yaxınlığındadır) 2018-ci ildə Vaqifli kəndində hay tarixi və mədəniyyəti ocağı yaradılıb."
Qərbi Azərbaycanın Zəngəzur mahalında geniş ərazi hüdudları tutan Qafan nahiyəsinin batı yöndəki kəndləri (Kirs, Kurud, Acıbac, Gərd, Reyhanlı, Keypəşin, Mahmudlu (bu kəndə Çaykənd və ya Çayarası da deyilib, haylar adını dəyişib - Vahanavəng qoyub), Gıhı...) Zəngəzur dağlıq silsiləsində yerləşən Qazangöl gölündən başlayan Gıhı çayı hövzəsində, doğu tərəfdəki yurd-ocaqları (Vərgəzir, Üçəniz, Oxtar, Şəhərcik, Barabatın, Pirdavdan (haylar Ankavan adlandırıb), Keypəşin, Ağavurd...) isə Qarabağ dağlıq yaylasının "Oyuq yaylağı"nın, "Qırxlar dağı"nın, "Qızılağıl dağı"nın... ətəklərində yerləşənlərdir.
Zəngəzur mahalının əski müsəlman-türk (qədim Alban mədəniyyəti kökləri üzərində formalaşan) sakral irsinin, dini-irfani dünyagörüşünün, tarixi-coğrafi keçmişinin maddi-mənəvi abidələrinin (eləcə də, duyğusal-ibadət ocaqlarının) zənginliyi ilə fərqlənən Qafan nahiyəsinin "Gıhı dərəsi" (Qazangöldən "Baharlı" su anbarınadək 45-50 km-lik məsafədə olan kəndlərdə - ...Mahmudlu, Gıhı, Durnəzər, Pürülü, Pişən, Suxan, Qovşud, Zeyvə...) bölgəsi bu baxımdan xüsusilə fərqlənir.
"Qazangöl dağı" Qafan nahiyəsinin Həqəti və Ordubad nahiyəsinin Şurut kəndləri arasında yerləşməklə Gıhı çayının mənbəyini təşkil edir. Bu çay üzərində 1986-cı ildə su anbarı tikilərkən Azərbaycanın dövlət quruculuğunun XV-XVI əsrlər tarixində mühüm yer tutan Baharlılar tayfasının 500-600 ildən artıq yaşı olan əski, tarixi ocağı olmuş Baharlı kəndi (200-ə qədər evi olardı), onun qəbirüstü maddi nümunələri (at, qoç, dəvə, buğa şəkilli baş daşları, miniatür naxışlı və əski yazılı (epiqrafik) sənduqələr) ilə zəngin qəbirstanlığı dəryaça altında qaldı, əhalisi qonşu Zeyvə kəndinə köçürüldü. Gölün kənarında müqəddəs ocaq kimi ziyarət edilən və üstündə tək bir şirin tut ağacı (fəsli olaraq quruyan və pöhrələnən) bitən pirin yeri 1990-cı illərədək qalırdı.
Qazangöl hövzəsinə yaxın olan Keypəşin kəndindəki "Hüçütü piri"nə (Pəyhan çayının kənarında) ən çox qonşu Acıbac, Mahmudlu, Pəyhan kəndlərinin camaatı ziyarət edərdi.
Gıhı çayının sağ sahilindəki Mahmudlu kəndinin ortasında ucalan, hündürlüyü 100 metrə çatan sal qayanın dabanında ibadət, ziyarət ocağında çıraq, şam yandırardılar.
"Pürülü" teotoponimi "dini-sakral ocaq, müqəddəs yer-pir məkan, ibadət edilən yer" anlamını verən "Pirli" sözünün yerli dialekt, şivə üslubuna, fonetik səs quruluşuna uyğun olaraq zaman-zaman dəyişilmiş və "Pürüllü", "Pürülü" adı kimi yaddaşlarda qalmış, bu toponim kimi istifadə edilmişdir.
Təbii şəraitinə və oroqrafik relyef quruluşuna görə bölgənin Gıhı çayı yatağı boyunca nisbətən düzəngah, aran hissəsində (çayın sağ sahilində) Aşağı Pürülü (bəzən Kənd Pürülü də deyilirdi), dağlıq, yüksəklik, meşəlik ərazilərində isə Yuxarı Pürülü kəndi (Çiləxana dağının ətəyində, Arağa-Çiləxana meşəliyinin qoynunda, "Meydan düzü"ndən 4-5 km, Qırxlar dağından 9-10 km aralıda, bu kəndə Xış Pürülü də deyilib) yerləşirdi.
Naxçıvan-Qafan avtomobil yolu istiqamətində, Aşağı Pürülü kəndi yaxınlığındakı Oyuq dağının qoynunda, palıd ağacları ilə sıx örtülü "Arağa meşəsi" içərisində "Çiləxana piri" ziyarət ocağı (Pişən kəndindən 1 km, Aşağı Pürülü kəndindən 2 km aralıda) idi. Üstündə 2-2,5 m boyda tikili, altında bulaq axırdı. İbadət yerinin yuxarısında meşənin içərisində uzunluğu təqribən 30 km-ə çatan mağara açılmışdır. Bu ocağa ətraf kəndlərin əhalisi inam-inanc yeri kimi üz tuturdu, üstündə qurban kəsilirdi.
Aşağı Pürülü kəndinin qədim qəbirstanlığında at, qoç, buğa, dəvə, qurd şəkilli qəbir daşları, ay-ulduz təsvirli, qədim yazılı daşların əksəriyyəti qibləyə yox, günçıxan səmtə yönəlmişdi. Bu qəbirlər Qulu Məhəmməd oğlunun (1928-1997), Tanrıverdi Allahverdi oğlunun (1921-1996), Tapdıq Məhəmməd oğlu Quliyevin (1936-2016) həyətlərinin 5-10 metrliyində idi.
Gıhı çayının sol sahilində, Aşağı Pürülü kəndindən 1,5-2 km cənuba olan Suxan kəndi məscidinin həyətindəki mədrəsə XVIII-XIX əsrlərdə, XX əsrin əvvəllərində bölgənin ən məşhur dini-təlim ocaqlarından biri olub. Müsəlman dünyasının Məkkə, Kərbəla, Məşhəd şəhərlərində dini təlimlərə yiyələnən tanınmış din xadimi Hacı Əziz Gəncalı oğlu Əhmədov (1801-1954) bu mədrəsədə dərs deyib, irfani təriqətin və dini təlimlərin, şəriət hüququnun əsaslarını tədris edib. Onun yetirmələrindən Cəfər Turab oğlu Turabov (1908-1995), Şəmil Kalbalı oğlu Aslanov (1905-2002), İsmayıl Abış oğlu Süleymanov (1935-2015) mahalın hörmətli irfan yiyələri kimi hörmət qazanmışdı.
Qərbi Azərbaycanda yerli din xadimlərinə qarşı hay kilsəsi tərəfindən həyata keçirilən 1937-ci il təqibləri Hacı Əzizdən də yan keçməmişdir. Onun qəbri Aşağı Pürülü kənd qəbirstanlığındadır.
Gıhı kəndi ilə qarşı tərəfdəki "Daşbaşı yüksəkliyi"ndə qədim Daş Pürülü kəndinin 50-ə qədər yurd yeri, mamaırlaşmış, əksəriyyəti torpağa batmış qəbir daşları qalırdı, bu kənddə 1980-ci illərdə yalnız 3-4 ev var idi. Kəndin əhalisi 1960-cı illərdən sonra Gıhı kəndindən 3 km aralı olan Dürnəzər kəndinə köçürülmüşdür. Suxan-Yuxarı Pürülü yolundan (4-5 km) üst tərəfə, 300-400 m kənarda əski qəbirstanlıq burada əskilərdə yaşayış yeri olduğuna nişan verirdi. Gıhı kəndindən 3-4 km quzeyə tərəf "Qalaaltı" deyilən yer böyük qəbirstanlıq (iri baş daşları ilə, sənduqələrlə dolu) idi. Kəndin özündə isə eramızın II-III əsrlərinə aid Alban məbədi inşa edilmişdir.
Gıhı kəndindən qərbə doğru 17 km aralı yerləşən Gərd kəndinin alt hissəsində, Gərd çayının sol sahilindəki dağlıq yerdə Alban məbədi ucalırdı. Tikilinin hündürlüyü 12-13 m-ə qədər, sahəsi 100 kv.metr, ondan 200-300 m kənarda qədim qəbirlər (at, qoç fiqurlu), Alban əlifbası ilə yazılı yastı sinə daşları mamırlaşmışdı. Məbəd salamat qalırdı, giriş hissəsinin qapısı üzərində tağvari daş örtük qoyulmuşdu.
Qarabağ dağlıq yaylasının qərb hissəsini tutan Qızıl ağıl və Qırxlar dağlarında, "Qar yalı" yüksəkliyindən başlayan Dürnəzər çayının (eyni adlı sıx, qiymətli yabanı və meyvə ağaclar ilə örtülü meşəlikdən axmaqla) mənbəyi (Oxçuçay çayına axan Gıhı çayına soldan qovuşan bu çayın uzunluğu 38-40 km, "Yaralı su" bulaqlarından ("yaralı ov heyvanalarının bu bulaqlardan su içdiyi" mənasında) yaranan və uzunluğu 15 km-ə çatan qoldan əmələ gəlmişdir) yaxınlığında, "Çilə dərəsi yaylağı"ndakı "Qırxlar piri" (Yuxarı Pürülü kəndindən 7-8 km uzaqlıqda) müqəddəs ocaqlardan, dini-ibadət məkanlarından biri idi, ətrafını qədim qəbir daşları bürümüşdü. 1880-cı ilin yayında "Qar yalı"nda baş verən güclü qar-buz uçqunu nəticəsində həlak olmuş tərəkəmə elatının çoxsaylı üzvləri də bu qəbirstanlıqda dəfn edilmişlər.
"Çilə dərəsi"ndən şərqə tərəf 20-25 km aralı, "Yaralı su" bulaqlarının başlanğıcındakı yaylaqda (Yuxarı Pürülü kəndindən şimal-şərqə 20 km məsafədə) 35-40 yurddan ibarət "Fərəcan obası" və ətrafındakı qəbirstanlıq Laçın nahiyəsinin Fərəcan kəndinin qədim tərəkəmə-yaylaq binələrindən olub.
Yuxarı Pürülü kəndinin mərkəzində ("Yal çeşməsi"ndən axan bulaqların suyundan yaranan "Gur çayı" kəndin solundan, "Çınqılın dibi"ndən, Göbəyin bulağı"ndan... toparlanan sular sağ tərəfdən axaraq Gıhı çayına qovuşurdu) dördkünc formasında, iki otaqdan ibarət, bir mərtəbəli (hündürlüyü 6-7 metrə çatan) Alban məbədi qədim dini-sakral abidə kimi, həm də IV əsr tarixini yaşadırdı. Bu tarixi-maddi abidə (ocaq) kənd sakinlərindən Hacı Əziz Gəncali oğlunun evindən 150 m aralı idi, İman Nəzər oğlu Nəzərovun (1873-1958), Hacı Allahverdi oğlu Məmmədovun (1871-1961)... yurdları həndəvərindəydi. Kəndin şərqindəki, 1,5-2 km kənarda, "İldırım qayası"nın dabanında (güclü şimşək 20 m hündürlüklü sal, kollu-koslu bu qayanı iki yerə bölmüşdü) çıraq, şam yandırırdılar hər cümə axşamı, niyyət edib xırda pul qoyurdular ora. Gecələr də bu pirdə işıq yanırdı, gündüzlər görünmürdü. Mistik-duyğusal təsəvvürə görə bu işıq Çiləxana pirinə tərəf tuşlanırdı.
1960-cı illərdə pirin yanından cığır, yol açmaq istəyən kənd sakini Yusif İman oğlu (1929-1994) ömrünün sonunadək peşmançılıq hissindən qurtula bilməmişdir.
Qızıl ağıl dağına bitişik "Meydan düzü" (Yuxarı Pürülü kəndindən 7 km məsafədə) qaçaq Nəbinin oylağı olub, dostluq etdiyi, simsar bildiyi Hacı Əziz Gəncalı oğlu ilə orada görüşərdi, onun hədiyyəsi - gümüş xəncər bu ocağın-evin üstündəki "Arılığın daşı" deyilən yerdə 1988-ci ilədək əziz yadigar kimi qorunub saxlanılırdı.
Qırxlar dağından qüzeyə tərəf aşıb, tirələrin ətəyində (2-3 km məsafədə) "Qanqallı yayalağı"nda çıxan 15-20 yurd yeri, kalafalar vardı. Bu yerdən Yuxarı Gilətağ kəndi (görkəmli şair Hafiz Baxışın (1932-1989) ata-baba ocağı) istiqamətinə gedən 12 km-lik yolun 4-5 km-də "Dəvə boynu yaylağı" yerləşir. Bu yaylağın qayalığında daşa dönmüş halda əli oxlovlu qadın, çörək bişirdiyi, sacda yuxa bişirdiyi yerdə maddi-təbiət abidəsinə çevrilmiş, mistik-inanc yeri kimi ziyarət ocağına çevrilmişdir.
"Dəvəboynu" orotoponiminə həmçinin Cənubi Azərbaycanın Marağa mahalında, Qax, Ordubad, Yardımlı rayonlarında, Türkiyə Cumhuriyyətinin Ərzurum şəhərində rast gəlinir.
Yuxarı Gilətağ kəndindən şərqə 2-3 km aralıda, daşlıq-qayalıq yerdə "Oğlanlıca piri" barədə həm də mifik-mistik el deyimi yaranmışdı. Guya ki, bir-birini sevən oğlan və qız təhdidlərdən usanaraq bu yerə sığınaraq daşa dönmüşlər. Və bu ocaq müqəddəs istəklərin, duyğuların, mehr-məhəbbətin ruhsal-duyğusal məkanına çevrilmişdir. Ocağın alt hissəsi meşəlik, bir tərəfi dağa söykənirdi. Onun yanından "Çilə dərəsi"nə yol uzanırdı.
Qafan şəhərindən 10 km qərbə aralı yerləşən Araxlu kəndinin (80-90 ev olardı) mərkəzində, Şırşır dağından axar sulardan yaranan bulağın yanında qədim məscid yerləşirdi, ətrafında qədim qəbir daşları yayılmışdı. Gilətağ kəndinə gedən yolun altındakı dağdağan ağacı da müqəddəs hesab edilirdi.
Ümumiyyətlə, Qafan nahiyəsinin 30-a qədər bütün müsəlman-türk kəndlərində minilliklərlə yaşı olan sakral-irfani ocaqların yayılması ilə bağlı tarixi-coğrafi məlumatların zəngin olduğu istisnalıq təşkil etmir.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qafan nahiyəsinin Yuxarı Pürülü kənd sakinlər Gəncalı Hacı Əziz oğlunun (1929) və İsmayıl Gəncalı oğlu Əhmədovun (1969), Araxlu kənd sakini Raya Ağalar qızı Bəşirovanın (1951), Həqəti kənd sakini Elxan Orduxan oğlu Bədəlovun (1965) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2020.- 30 iyul-6 avqust.- S.20.