Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist düşüncələrim
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
On
altıncı yazı
Görürsünüzmü bir qadın Rusiyanı və
ərini necə qurtardı? Fərz edin ki, bu döyüşü osmanlılar
udacaqdı. Bir təsəvvür edin.
O zaman tamam başqa tarix yazılacaqdı. Pyotr (əgər
çar kimi qalacaqdısa) Xəzər dənizinə girə
bilməyəcək, Türküstan işğal
olunmayacaqdı, yüz ildən sonra Rusiya Avropada jandarm rolunu
oynamayacaq, Gülüstan və Türkmənçay
biabırçı müqavilələri olmayacaq və Azərbaycan
iki yerə bölünməyəcəkdi. 1854-cü ildə Krımda Sevastopol
uğrunda döyüş də olmayacaqdı. Bir
sözlə tarix xeyrimizə yazılacaqdı. Beynəlxalq münasibətlərdə Rusiya deyil,
Osmanlı dövləti önə çıxacaq və
dönməz inkişaf xəttini götürəcəkdi.
Amma, heyhat, ... əfsus... Bir nəfərin
atdığı addım və etdiyi səhv hərəkət
(sədr-əzəm Baltaçını nəzərdə
tuturam) dövlətin
gələcəyini müəyyənləşdirdi. Məgər bu ibrət deyilmi? Deməli
sədr əzəm dövlət adamı deyildi və dövlət
təfəkkürü ondan çox-çox uzaqlarda idi.
İndiki məmurlar arasında şəxsi mənafe,
mala, mülkə, qadına həris olanlar azdırmı?
Əlbəttə var. Kifayətdir ki, bu gün milli və
dövlət şüuruna sahib olan gənclər yetişdirək,
amma bu iş çox ləng gedir.Tək bir nəfər tarixin
gərdişini dəyişdi.Bundan sonra Osmanlı dövləti qərbdə
itirdiyi torpaqların əvəzini şərqdə kompensasiya
etməyə çalışdı.Burada isə tarixi dəyişən
bir nəfər də meydana çıxmışdı: Nadir
xan-Nadir şah. Əvvəl xalq qəhrəmanı
və xilaskar hesab edilən Nadir şah. Onun dövründə
osmanlılar tərəfindən Azərbaycanda nə qədər
ərazi fəth edilmişdisə, hamısı geri
qaytarıldı, üstəgəl Nəcəf, Kərbala, Bəsrə
və başqa torpaqlar.
Nadir şah xaraktercə çox güclü milli hisslərə malik bir şəxsiyyət idi. Onda etnik kimlik hətta o qədər güclü idi ki, Əmir Teymur kimi Qurani-Kərimi əzbər bilməsinə baxmayaraq, danışdığı dil türk dili idi. O kimliyi ilə fəxr edirdi. Azərbaycana sevgisi həddən artıq böyük idi və yaratdığı, ucu-bucağı görünməyən dövlətdə dörd bəylərbəyliyindən biri Azərbaycan bəylərbəyliyi adlanırdı və yalnız qardaşı İbrahim xana onun idarəetməsini etibar etdi. Faktiki olaraq Nadir şah müasir Bütöv Azərbaycanın cizgilərini çəkmiş oldu. Düşünürsünüz, bunu bilərəkdən etməyib? Mən isə əksinə fikirləşirəm. Çünki onda genetik yaddaş var idi və Əmir Teymurdan, ondan əvvəl hunlardan, göytürklərdən, xəzərlərdən, səlcuqlardan, qaraqoyun və ağqoyunlulardan, ondan sonra qızılbaşlardan ötürülən genetik yaddaş içində yaşayırdı. O bunların hamısını bilirdi. O bilirdi türk olmaq nə deməkdir! O bilirdi din milli kimliyə nə qədər zərbə vurub! Bu səbəbdən etnos birliyi üçün şiəlikdən imtina etdi. O gələcəyi görən adam idi. Görürsünüzmü, tək bir insan tarixi dəyişməyə necə cəhd edir? Və buna qismən də müvəffəq oldu. Mənbələrdən bir hadisəni yazım. Kəlat yaxınlığında (Kəlat şəhəri avşarların baş şəhəri olub) böyük oğlu Rzaqulunun toyu idi. Nadir şahın bundan xoşbəxt günü olmazdı ki? Yeri gəlmişkən Rzaqulunun birinci oğluna Əmir Teymura rəğbətini (o zaman hələ Nadir şah Türküstana yürüş etməmişdi) göstərmək üçün Şahruh adını vermişdi. Şahruh Teymurun dördüncü oğlunun adı idi və bu ad Azərbaycanla çox sıx bağlı idi. Faktiki olaraq Teymurilərin "qızıl dövrü" (1405-1447) onun adı ilə bağlı olub. Toy zamanı qızılbaş gəncləri şərabdan sonra rəqs edə-edə şiə ayinini həyata keçirmək istəyiblər. Toy çadırında bütün bunları izləyən Nadir şah əmr edib ki, bu gənclər dərhal cəzalansınlar, çünki qurultayın qəbul etdiyi qərar pozulmuşdu. Bu barədə çox danışmaq olar, amma Nadir şaha xas olan bir əsas əlaməti qeyd edim. Bu möhtəşəm insan üçün türk törələri əsas idi. Bəlkə də Oğuzlardan, Dədə Qorquddan gələn törələr idi, bilmək olmaz, çünki Dədə Qorqud onun dövründə tamam yaddan çıxmışdı, hətta el, yəni şifahi ədəbiyyatda o zaman onun adını çəkən yox idi. Onun haqqında yazan müəlliflərin heç biri Oğuz əfsanələrindən, yaxud həqiqətlərindən yazmır, olan hadisələri heç bir xatirə kimi də vermirdilər. Artıq yeni yaddaş tarixi yaranmışdı və Nadir şahda genetik yaddaş güclü olduğundan o bunun fərqində idi. Din onun üçün törədən, gələnəkdən arxada idi. Bilirdi ki, din eli, obanı parçalayır, necə ki, yüz illərdir sünnü-şiə müharibəsi gedirdi. O başa düşürdü ki, etnos birliyi daha güclüdür və bütün tayfaları əvvəlcə qılınc gücünə birləşdirər (o belə də etdi) sonrası Allah Kərimdir... Amma, onun kimi nə Hindistanda, nə Türküstanda, nə şimalda tatarlar və noqaylar, başqurdlar, yakutlar, nə də qərbdə osmanlılar fikirləşirdilər. Hələ mən Misiri və Suriyanı onun dövründə heç ağlımdan keçirmirəm. Çünki bu iki diyarda bir vaxtlar buraları idarə edən türklər artıq ərəbləşmişdilər. Suriyanın əsas ideoloji mərkəzi olan Hələb artıq tam ərəbləşmişdi, hətta Nəsiminin varisləri belə özlərini ərəb hesab edirdilər. Misirdən isə heç danışmağa dəyməzdi. Onun dövründə Misir məmlüklük dövlətinin əsasını qoyan Səlahəddin Əyyubdan və ilk dəfə dövlətini Türkiyə, özünü Qurd oğlu adlandıran, qardaşının adı isə Turan olandan yalnız xoş xatirələr qalırdı. Buna görə də Avropa ədəbiyyatına minnətdar olmalıyıq ki, o İngiltərə kralı şir ürəkli Riçarda Qüds uğrunda döyüşdə qələbə çaldığı üçün tarixdə belə qaldı. Yoxsa onu da heç xatırlayan olmayacaqdı. Osmanlı mollabaşılar isə Nadir şahı yenə də qızılbaş hesab edir və Şah İsmayılın vaxtında olduğu kimi fətva oxuyurdular. Əslində Nadir şah həm türk, həm də xristian dünyasında tək qalmışdı. Haşiyədən kənara çıxaraq söyləyim ki, o zaman bütün Avropa ədəbiyyatı və hökmdarlar Nadir şahın ordusunu "qızılbaş" ordusu adlandırırdı. Bunda qismən həqiqət də vardı, çünki Nadir şahın ordusunu əsasən Şah İsmayılda olduğu kimi avşar, qacar, rumlu, təkəli, türkmən, bayat, və sairə türk tayfaları təşkil edirdi, amma papaqlarında on iki qırmızı zolaq yox idi. Yalnız bu qırmızı zolaqlar Səfəvi və Avşar dövlətlərini fərqləndirirdi. Bir də Şah İsmayılda dövlətin adı (Ağqoyunlular dövləti Bayandur adlanırdı) Səfəvi, Nadir şahın dövründə isə Avşar dövləti adlanırdı. Bu onların möhürlərində (necə ki, Qacar dövlətində belə idi) belə təsbit olunmuşdu. Bir ciddi məsələnin üstündən keçmək günah olardı. Belə ki, Avropa mətbuatında və saraylarında eynilə, Çar sonradan sovet Rusiyasında bu ərazilərdə yüz illərlə hökmranlıq türk sülalələrinin dövlətlərinə ya fars(pers), ya da İran dövləti deyirdilər. Bunun da özəl səbəbi vardı. Yüz illərlə sünnü-şiə qarşıdurması onların xeyrinə oynayıb. Avropa və Rusiya dünyanı diz üstə çökdürən türklərin nə dini, nə də etnik birliyini istəyib. Əksinə, həmişə çalışıblar ki, şərqdə güc olan qüvvələrin arasında həm dini, həm də etnik təfriqə salsınlar. Buna da çox zaman nail olublar. Bu baxımdan osmanlılara türk, qızılbaşlara isə fars demələri təəccüblü deyil. "Parçala, hökm et!" prinsipi həmişə işləyir. Bu o zaman da, sovet vaxtında çox gözəl işləyirdi. Bunun səbəbidir ki, Türkiyədə bizi hələ də yanlış olaraq "azəri" adlandırırlar. Bu onların günahı deyil, əsrlərlə formalaşmış ictimai fikrin təzahürüdür, baxmayaraq soyumuzun çoxluq yaşayan hissəsində (İranda yaşayan azərbaycanlılar nəzərdə tutulur) azərbaycanlılar özlərini türk adlandırırlar. Bu, dünyada bizi aşağılamaq üçün böyük bir siyasətin tərkib hissəsi idi və bu gün də davam edir. Şükürlər olsun ki, müstəqil dövlətimiz hər kəsə etnik kimliyini müəyyənləşdirməyə imkan verdi, o cümlədən də biz türklərə. İndi çoxları başa düşürlər ki, Azərbaycan vətəndaşı olmaq milli kimlikdən imtina etmək deyil. Yadıma 1995-ci ildə Türkmənistana, onun baş şəhəri Aşqabada səfərimlə bağlı bir əhvalat düşdü. Əslində Aşqabada getməyim Azərbaycanda daha qalmaq istəməməyim olmuşdu. O zaman Kiyevdə yaşayırdım və Bakıda Azərbaycanın Bütövlüyü Uğrunda bir cəmiyyət qeydiyyatdan keçirtmişdim. Cəmiyyətin üzvləri çox dinamik və fəal idilər. Gah piketlər keçirir, gah da görüşlərdə olurdular. Azərbaycan gənclərinin bütün təbəqələri demək olar ki, bu cəmiyyətdə təmsil olunurdular. İranın Bakıdakı səfirliyi demək olar ki, bu gənclərdən qorxurdu. Gənclər neçə dəfə piket keçirmişdilər. Hətta elçiliyin qarşısında məsələ qoymuşdular ki, niyə bu elçilik ola-ola siz giriş divarına sovetlərdən qalma "baş konsulluq" lövhəsini vurursunuz? Nə isə bu başqa bir mövzudur. Bir gün cəmiyyətin rəhbərliyi mənə, Kiyevə zəng etdi ki, qarşıdan gələn parlament seçkilərində sənin namizədliyini vermək istəyirik. Mən də etiraz etmədim. Bakıya dönəndə aydın oldu ki, namizədliyimi Lənkəran kənd dairəsindən irəli sürüblər və qeydiyyatdan da keçmişəm, alternativim, yəni rəqibim də Hadı Rəcəbli. Əvvəl-əvvəl namizədliyimə ciddi yanaşmayan bu zat təbliğatım nəticəsində gördü ki, bu xına o xınadan deyil. Kəndlərin də çoxusu talış kəndləridir. Buna baxmayaraq uğurlu təbliğat Hadı Rəcəblini məcbur etdi ki, ortaya etnik kimlik qoysun və talışların yalnız talışa səs verməsini israrla qeyd etsin. Bu da kömək etməyəndə sifarişlə saxtakarlıq yolu ilə deputat seçildi. Çox sonralar Hadı Rəcəbli müsahibələrinin birində deyəcəkdi ki, əslim Ərdəbildəndir və tər-təmiz türkəm. Sadəcə olaraq atam o zamanlar dolanışıq dalınca mən uşaq olanda talış kəndlərindən birinə gəlib və mən talışlara qaynayıb qarışmışam. Milli kimlik belə itir e...
Ardı var
Yunus Oğuz
Olaylar.- 2020.- 17-21 iyul.- S.13.