Azərbaycan diasporası dövlətimizin xarici siyasətinin ana qolunu təşkil edir

 

 

Mayis Səfərli: "Yeni diaspor təşkilatlarının yaradılması və mövcud olanların fəaliyyətinin gücləndirilməsinə diqqət yetirilməlidir"

 

İndi dünyanın demək olar ki, əksər ölkələrində azərbaycanlıya rast gəlmək mümkündür. Dünyaya səpələnmiş soydaşlarımızın bəziləri, sadəcə öz işləri, bəziləri isə diaspora fəaliyyəti ilə məşğuldur. Ancaq hər kəs öz bildiyi tərzdə və bəzən də başqa-başqa məqsədlərə xidmət edir. Diaspora təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması isə ümumi işin xeyrinə olan məsələdir. Çox təəssüf ki, diaspora təşkilatlarımız arasında əməkdaşlıq yüksək səviyyədə olmadığından nəinki soydaşlarımızın yaşadıqları ölkələrdə dövlət idarəçiliyində təmsilçiliyi yetərli deyil, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işi lazımı səviyyədə həyata keçirilmir. Heç şübhəsiz ki, bu gün bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə böyük fərəh və milli qürur hissləri keçirirlər. Hazırda  demək olar ki, Azərbaycan diasporası dövlətimizin xarici siyasətinin ana qolunu təşkil edir. Milli maraqlarımızın dəstəklənməsində və qorunmasında diasporanın əhəmiyyəti böyükdür. Məhz ən azından bu amil nəzərə alınaraq xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarımızın vahid amal uğrunda mübarizəsinə nali olunmalıdır. Məlumat üçün qeyd edək ki, hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan dövləti bu proseslərə lazımi dəstəyi verir. Dövlətlə diaspor təşkilatlarının tandemli işi sayəsində fəaliyyətdə koordinasiya planı formalaşıb. Nəzərə almaq lazımdır ki, təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai - siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir.

 

- Mayis bəy, Azərbaycan diasporunun inkişaf mərhələləri haqqında fikirlərinizi bilmək maraqlı olardı. Əslində, diasporumuzun tarixi hansı illərə təsadüf edir?

 

- Əvvəla, gəlin görək diaspor nə deməkdir?  Bildiyiniz kimi, dünyada müəyyən tarixi, siyasi, iqtisadi, hərbi, dini səbəblər üzündən öz etnik vətənlərindən ayrı düşmüş milyonlarla insan var. Öz milli  mənsubiyyətini, mədəniyyətini, dilini, adət - ənənələrini qoruyub saxlamaq, inkişaf edirmək üçün onlar vahid və dayanıqlı qruplarda birləşmək zorunda qalırlar.Belə sosial institutlar ətrafında birləşən insanlar qrupuna diaspor deyilir. Biz, vətənimizə,yurdumuza, elimizə-obamıza,torpağımıza çox bağlı xalq olduğumuz üçün hər hansı  səbəbdən ölkəmizi asanlıqla  tərk etməyə meyilli olmamışıq.Ona görə də bizim diaspor tariximiz digər millətlərdə olduğu kimi çox uzaqlara getmir.1920-ci ildə Demokratik Cumhuriyyətimiz süqut etdikdən və ölkəmiz kommunist Rusiyası tərəfindən işğal edildikdən sonra Avropaya mühacirət edən həmvətənlərimiz ilk dəfə olaraq Azərbaycan diasporu kimi təşəkkül tapmışlar. Sovetlər Birliyi tarixə qovuşduqdan sonra isə onun müxtəlif bölgələrində yaşayan yüz minlərlə azərbaycanlı  postsovet məkanında yaranmış yeni müstəqil dövlətlərdə qalıb yaşamaqda davam etdilər. Bu bizim diaspor tariximizin növbəti mərhələsini təşkil edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil, problemləri ilə Avropaya, digər dövlətlərə miqrasiya edən həmvətənlərimiz  Azərbaycan  diasporunun yeni mərhələsinin təməlini qoydular. İranda, öz tarixi torpaqlarımızda yaşayan milyonlarla yurddaşımızın sözügedən ölkədəki müxtəlif siyasirejim dəyişikliyi səbəbindən Amerikaya,Avropaya və dünyanın digər güşələrinə səpələnmiş soydaşlarımız, diasporumuzun təşəkkülündə rolu da qeyd olunmalıdır. Bir sözlə,yüz illik tarixi olan bu işin elmi cəhətdən araşdırılmasına zərurət vardır.

 

- Diasporumuzun mühacirətdə yaşayan həmvətənlərimizin inteqrasiyası sahəsində həyata keçirdiyi işləri qənaətbəxş hesab etmək olarmı?

 

- Bilirsiniz ki, Azərbaycanda diaspor hərəkatının yaradılmasında xaricdəki Azərbaycan cəmiyyətlərinin, milli mədəniyyət mərkəzlərinin təsis olunmasında, onların vətənimizlə davamlı əlaqələrinin qurulmasında rəhbərlik etdiyim Yurddaş partiyasının rolu böyük olmuşdur. Hələ ötən əsrin 80-ci illərin sonunda yaratdığımız eyniadlı Yurddaş cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçmiş SSRİ ərazisində, Avropada, Amerikada və digər dövlətlərdə ilk Azərbaycan cəmiyyətlərini təsis etmişik. Faktiki olaraq, bu böyük yolun ilk cığırını açanlardan biri olmuşuq. Ona görə də mən birmənalı şəkildə bildirmək istəyirəm ki, diaspor təşkilatlarının mövcudluğu və fəaliyyəti qürbətdə yaşayan həmvətənlərimizin milli identikliyinin qorunub saxlanması, xaricdəki yeni nəslin dilimizə,tariximizə,mədəniyyətimizə yadırğamamaları üçün əvəzsizdir. Dövlətimizin bu sahədəki siyasətinin müsbət nəticələrini qeyd etməklə yanaşı,bildirmək istəyirəm ki, yeni diaspor təşkilatlarının yaradılması və mövcud olanların fəaliyyətinin gücləndirilməsinə diqqət yetirilməlidir.

 

- 50 milyonluq millətimizin 20%-dən çoxu tarixi torpaqlarımızdan kənarda yaşayır. Bu böyük qüvvənin Azərbaycan naminə daha faydalı işlər görə bilməsi üçün hansı addımlar atılmalıdır?

 

- Düz deyirsiniz, qürbətdə yaşayan 10 milyon soydaşımız böyük qüvvədir. Onların ümidgahı müstəqil Azərbaycan dövlətidir. Qərib soydaşlarımızın milli,mədəni problemlərinin həllində, hüquqlarının qorunmasında dövlətimiz rol oynadığı kimi, onlar da Azərbaycan naminə böyük faydalı işlər görə bilərlər. Bu gün Azərbaycanda bu işləri dövlət səviyyəsində həyata keçirən qurum - Diasporla üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. 20 illik mövcudluğu ərzində deməzdim ki, Komitə əlindən gələn hər şeyi edib. Əslində, diaspor işində də köklü dəyişikliklərə ehtiyac var. Bu vacib ölkənin diplomatik fəaliyyəti ilə sıx əlaqələndirilməli, koordinasiya edilməlidir. Lakin, biz hələ belə əməkdaşlığın, tandemin şahidi deyilik. Odur ki, xarici ölkələrdə erməni diasporu, lobbisi həyasızlıq edir,at oynadır,ölkəmizə qarşı hər cür qara işlərə cürət edirlər. Baxın, bu gün Ermənistan növbəti dəfə atəşkəsi pozub, düşmən qüvvələri torpaqlarımıza soxulmağa cəhd ediblər. Tovuzda qanlı döyüşlər gedir. Əgər diaspor işi gözlədiyimiz səviyyədə olsaydı, bu gün Avropanın küçələri, beynəlxalq təşkilatların qarşısındakı meydanlar Ermənistanın növbəti təcavüzünə etiraz edən azərbaycanlılarla dolu olardı. Görülən hər bir işin nəticəsi və effekti olmalıdır. Götürək elə Xocalı faciəsinin dünya birliyi tərəfindən tanıdılma prosesinə. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva bu məsələdə həm Diaspor Komitəsindən, həm də diplomatik korpusumuzdan daha çox və tutarlı görür.

 

 - Bir sıra ölkələrdə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Lakin etiraf edək ki, onlar arasında əməkdaşlıq olduqca zəifdir. Diasporamızın koordinasiyası üçün nələri təklif edərdiniz?

 

- Qeyd etmək istəyirəm ki, diasporla bağlı dövlətimizin etibarlı siyasəti mövcuddur. Bu siyasəti uğurlaadekvat icra etmək lazımdır. Görülən tədbirlərin konkret nəticələri olmalıdır. Əgər, bu və digər ölkələrdə mövcud olan diaspor təşkilatları arasında əlaqə zəifdirsə, yaxud onların fəaliyyətlərində əlaqələndirmə yoxdursa, bu, Diaspor Komitəsinin öz fəaliyyətinə tənqidi yanaşmağı tələb edir. Axı, sözügedən dövlət qurumunun əsas vəzifələrindən biri də Azərbaycan icmalarının, milli mədəniyyət mərkəzlərinin fəaliyyətlərində harmonik əlaqələrin, həmrəyliyin təmin edilməsidir.

 

  - Sizcə, bu gün Azərbaycan diasporunun problemləri arasında daha çox nəyi vurğulamaq olar? Onların aradan qaldırılması yollarını necə görursünüz?

 

-Bu və digər ölkədə diaspor fəaliyyətinin güclü olması, qarşıya qoyduqları vəzifələri uğurla yerinə yetirmələri bir sıra şərtlərdən asılıdır. Əvvəla, çalışmaq lazımdır ki, istənilən diaspor təşkilatı buya digər hansısa bir şəxsin ətrafında yaranan qurum olmasın, hansısa bir oliqarxın, adamlarının təsir dairəsinə düşməsin. Milli maraqlar, xaricdə yaşayan yurddaşlarımızın milli-mədəni problemləri, hüquqlarının qorunması, yaşadıqları ölkə ilə Azərbaycan Respublikası arasında dostluq körpüsünün qurulması əsas götürülməlidir. Mövcud təşkilatlar arasında sıx əlaqələrin olması digər vacib şərtdir. Təcrübə göstərir ki, o ölkələrdə Azərbaycanın səsi eşidilir ki, problemlərinə diqqət yetirilir ki, oradakı icmalarımız arasında bir həmrəylik olsun. Baxın, vaxtı ilə Rusiyada yaradılmış Ümumrusiya Azərbaycan Konqresi sözügedən ölkədəki Azərbaycan cəmiyyətlərinin,ictimai birliklərinin ifadəçisi olaraq    təsirli bir qüvvə kimi çıxış edirdi. Erməni diasporunun güclü olduğu, hər addımında Ermənistana dəstək verən Rusiyada belə bir təşkilatın mövcudluğu çox vacib idi. Lakin onu yaşada bilmədilər, daxili çəkişmələr və digər subyektiv amillər səbəbindən konqress səhnədən çıxdı. Əfsuslar olsun ki,  bu gün şimal qonşumuzda ermənilərin mütəşəkkilliyi qarşısına qoya biləcəyimiz birlik yoxdur. Buya digər problemlərin həllində diasporamıza dəstək olmaq üçün, onların vətənlə əlaqələrinin daha yüksək səviyyədə təşkil edilməsi üçün və başlıcası, təşkilatlar arasında normal işgüzar əməkdaşlığın yaradılması üçün diaspor komitəsinin soydaşlarımızın yaşadığı dövlətlərdə nümayəndəliyi yaradılmalıdır. İlk növbədə erməni diaspor təşkilatlarının təsirinin güclü olduğu, dünya siyasətinin müəyyənləşməsində rol almış dövlətlərdə səfirliklərimizin nəzdində belə nümayəndəliklərin yaradılması ümumi işimizin xeyrinə olardı. Bu sahədə ciddi islahatlar aparılarsa, fəaliyyət dövrümüzün çağırışları əsasında yenidən qurularsa,düşünürəm ki, gedib Avropada, Amerikada lobbi fəaliyyətinə böyük pullar xərcləməyə ehtiyac qalmayacaq. Azərbaycan diaspor təşkilatları  mövcud olduqları ölkələrdə bizim etibarlı təbliğatçılarımıza çevrilməlidirlər.

 

Alim  Hüseynli

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 17-21 iyul.- S.11.