Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində

 

Yunus Oğuz -60

 

Portret-oçerk

 

Yunus Oğuz (Əliyev Yunus İsaxan oğlu) yazıçı-publisist, türkoloq - alim 22 iyul 1960-cı ildə Şirvan şəhərində  anadan olmuşdur.  1988-ci ildə Rostov Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda elmi-tədqiqatla məşğul olmuşdur. 1988-ci ildən Milli Azadlıq hərəkatında fəal iştirak edən Yunus Oğuz 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin nəşrinə rəhbərlik etmiş, 1991- 1992-ci illərdə isə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 2000-ci ildə Milli Vəhdət Partiyasının sədri seçilən  Yunus Oğuz 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yunus Oğuz 2005-ci ildə Azərbaycan Respublikasının  prezidenti İlham Əliyev tərəfindən Tərəqqi medalına, 2010-cu ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

 

Tarixçi alim kimi imzası seçilən Yunus Oğuzun "Siyasi hakimiyyətin idarəetmə prinsipləri" adlı  ilk kitabı 1994-cü ildə çap edilib. O,  "Qədim Anadolu və Azərbaycan türkləri" (2002), "Qarabağ-nəzarətsiz zona" (ingilis dilində) (2003), "Türkün tarixinə yeni bir baxış" (fars, türk, rus dillərində) (2006), "Türkün gizli tarixi" (2010), "Qədim türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında" (2011), Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatlarında" (2016)  əsərlərinin müəllifidir.

 

Yunus Oğuz siyasətçi, jurnalist, tarixçi, türkoloq-alim olmaqla  yanaşı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri kimi də həm ölkədə, həm də ölkə xaricində imzası yetərincə tanınan və oxunan müəlliflərdəndir. Yunus Oğuz çağdaş Azərbaycan ədəbiyyatında yalnız öz dəsti-xətti ilə deyil, ədəbiyyata gətirdiyi mövzularla da seçilən yazarlardandır.  O, "Qadın ulduzu" (1996) povestinin, "Nadir şah" (2008),"Təhmasib şah" (2009), "Əmir Teymur-zirvəyə doğru" (2011), "Əmir Teymur-dünyanın hakimi" (2012), "Şah arvadı və cadugər" (2013), "Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz" (2017),  "Ovçu" (2018), "Səfəvi Şeyxi" (2019) romanlarının, "Attila" (2007),"Nadir şah", "Altun dəftər" pyeslərinin müəllifidir. Yunus Oğuzun "Nadir şah" pyesi 2015-ci ildə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulub. Qeyd etmək lazımdır ki, Yunus Oğuz Azərbaycan ədəbiyyatının və tarixinin dünyada tanıdılması, təbliği sahəsində də mühüm addımlar atıb. Onun 22 ölkədə 47 kitabı nəşr olunub, Özbəkistan Respublikasi TURAN Elmlər Akademyasının 26 may tarixində  keçirilən  Elmi Məclisində TURAN Elmlər Akademyasının Akademiki seçilib. 2020-ci ilin iyununda Mədəniyyət telekanalında Yunus Oğuzun 60 illik yubileyinə həsr edilmiş "Yunus Oğuz - 60.Tarixlə danışan" filmi hazırlanmış və geniş tamaşaçı auditoriyasına təqdim edilmişdir.

          Dünya ədəbiyyatında Volter Skottun adı ilə anılan, Azərbaycan ədəbiyyatında isə Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanı ilə başlanan tarixi roman janrı müasir ədəbiyyatımızda ən çox müraciət edilən janrlardandır. Ədəbiyyatşünaslıqda çox zaman tarixi romanları simbioz janr hesab edirlər. Belə ki, bu janrı seçən yazıçı həm bədii təxəyyülü, həm də faktları birləşdirərək eyni dərəcədə həm ədəbiyyata, həm də tarixə söykənən mətn yaradır.

 

"Nadir şah" romanı. Yunus Oğuzun "Nadir şah" romanı tarixdə ikili münasibət bəslənən bir türk hökmdarın yolunu işıqlandırır. Sələflərindən  fərqli olaraq Yunus Oğuz qələmə aldığı romanda Nadir şahı böyük starteq və sərkərdə kimi təsvir edir,  onun Səfəvi xanədanına son qoyaraq özünü şah elan etməsini, hakimiyyətə gəlməsini millətin və vətənin birləşdirilməsi uğrunda atılmış önəmli tarixi addım kimi vurğulayır. Zəifləyərək öz missiyasını yerinə yetirə bilməyən Səfəvi dövlətinin yadlar əlində oyuncağa çevrilməsi qorxusunu anlayan Nadir şah  bu hərəkəti ilə Azərbaycanın bütövlüyünü, milli varlığını da məhv olmaqdan qurtarmağa cəhd edir. Bu romanda da yazıçının daha sonralar qələmə alacağı "Əmir Teymur-zirvəyə doğru" romanında olduğu kimi qurd totemi ilə - türkçülüyün rəmzi ilə qarşılaşırıq. Gələcəyin şahı olan Nadiri uşaqlıqda canavarlardan qurd xilas edir: "Daş canavarın yaxınlığında düşsə də, heyvan tövrünü pozmadı.Uşağa hərəkətləri ilə bildirdi ki,  hücum etmək niyyətini dəyişməyib. Uşaq bu dəfə ölümü ilə barışıb kürəyinin qayaya söykəyib gözlərini yumdu:

 

İndicə məni parçalayacaq.

Ağbiləng və Qaplan isə canavarla süpürləşirdilər. Bu zaman qayanın düz başından qurd ulartısı eşidildi:

 

Au-u-u-u.... Au-u-u.

Qayanın başında duran qurd sanki həmcinslərinə nəsə deyirdi. Qurd bir də uladı:

 

Au-u-u-u.... Au-u-u...

Canavarlar qurdun elə bil üçüncü ulartısını gözləyirdilər. Uşağın qarşısında duran canavar geri çəkilməyə başladı."

 

Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhəti - tarixi həqiqətə sadiqlik bu romanda da özünü göstərir. Nadir şahın amalı böyükdür, o güclü sərkərdə və starteqdir. Lakin siyasi arenada uğurla çıxış edə bilmir, daxili vəziyyəti düzgün qiymətləndirməyi bacarmır və nəticədə hiyləgər saray mühiti, ixtilafları onun məhvinə səbəb olur. Qeyd etməliyik ki, Yunus Oğuz Nadir şahın obrazını yaradarkən tarixi dövrün, mühitin icəliklərinə də xüsusi diqqət yetirmiş, milli - etnoqrafik məqamlarla zəngin bir roman yaratmağa nail olmuşdur.

 

"Təhmasib şah" romanı. "Təhmasib şah" romanı Şah İsmayıl Xətainin can üstə olması xəbərinin Təbriz əhli arasında yayılması və əhalinin bu xəbərdən sarsılaraq sarayın önünə öz sədaqətlərini  göstərmək üçün toplaşması səhnəsi ilə başlayır. Yazıçı xalqın kədərini təbiətin də sanki bu ölümə üsyanı etməsi ilə paralelləşdirərək oxucuda güclü assosiasiya yaratmağa nail olur: "Bu heç də adi yağış deyildi. Təbrizə nə vaxtsa buna bənzər yağış yağdığını xatırlamırdılar. Hamının aydın sezdiyi bir fərq vardı: bu sanki göylərin göz yaşları, matəm yağışı idi və bu yağışın çıxacağı var idi..." Əsərdə Şah İsmayıl Xətainin obrazı yalnız ilk səhifələrdə oxucu qarşısına çıxsa da obrazın ekspressivliyi sayəsində oxucu roman boyunca Şah Təhmasibin hər hərəkətində onun nəfəsini, əsasını qoyduğu yolun önəmini, Azərbaycanın tam birləşdirilməsi arzusunun təcəssümünü görür. Romanda Şah Təhmasib atası İsmayıl kimi kiçik yaşlarından taxta oturmalı olur. Lakin elə ilk səhifələrdən onda liderlik keyfiyyətləri hiss olunur, gələcəyin şahının cizgiləri oxucunun gözləri önündə formalaşaraq dolğunlaşır. Div Sultanla Köpək Sultanın arasındakı münaqişəni həll etməklə balaca Təhmasib özünün Şah kimi ilk imtahanını verir: "Bir neçə saatdan sonra Div Sultanla Köpək Sultan Təhmasib şahın hüzurunda idi. Onların heç biri indiyədək bu azyaşlı şahı belə ciddi, bir qədər də qəzəbli görməmişdi. İndi onların qarşısında bir başqa Təhmasib dayanmışdı. Boyu da sanki uzanmış, bədəni möhkəmlənmişdi. İttihamları çox kəskin və məntiqli idi. Hətta bir qədər də utancverici oldu. Belə sadə məsələləri onlara bir uşaq başa salırdı. Amma sonra daha onu əsla uşaq kimi qəbul edə bilmədilər. Sanki atası Şah İsmayıl dirilib onların qarşısında durmuşdu.Böyük Şahın qəzəbindən həmişə qorxardılar." Şah Təhmasib əsərdə yalnız sərkərdə -şah kimi deyil, həm də böyük siyasətçi, strateq kimi təsvir edilmişdir. Onun Sultan Süleymana yazdığı məktub buna bariz sübutdur. Səfəvi şahının məktubu Sultan Süleymanı qəzəbləndirməklə yanaşı onun bu gənc yaşda belə dərindən düşünə bilməsinə və siyasi gedişlər edə bilməsinə heyrətlənir. Təhmasib Şah daim qardaş qırğınından qaçmaqla yanaşı siyasi fəndlərlə özündən qat-qat güclü orduya malik cahangir Sultan Sülüymanı uğurlu döyüş taktikası ilə faktiki məğlubiyyətlə üz-üzə qoyur: "Sultan Süleyman bu iyirmi dörd yaşlı cavan şahdan əməlli-başlı çəkinməyə başlamışdı. Dünyanı lərzəyə gətirən Cahangir bu gənc şahla bacarmırdı. Nə sirrdisə, qızılbaşların şahı onunla  üzbəüz döyüşmür, amma istədiyini alırdı".

 

Romanda Səfəviyyə təriqəti dərin dövlət funksiyasını yerinə yetirir. Səfəvi şeyxləri Şah İsmayıl Xətainin tapşırığı ilə daim Şah Təhmasibi qoruyur  onun missiyasının yerinə yetirilməsində mühüm rol oynayırlar. Onların sədaqəti və əməyi sayəsində Azərbaycanın ərazi bütövlüyü tamalanır, Şirvan da vahid Səfəvi dövlətinin tərkibinə daxil edilir. Əsərdə dərvişlik ordeni ilə bağlı dini-mistik məqamlara da yer verilir, yazıçı Səfəvilərin Savalan dağındakı mağarası, göy qaşlı üzük və Göy tanrıya inamla bağlı hissələrlə oxucuda dərvişliyin əslində qədim türk birliyi olması, türklərin varlığının və vətənlərinin qorunub saxlanması üçün uzaq tarixlərdən bəri mövcud olması qənaətini yaradır.

 

"Atabəy Eldəniz" romanı. Yunus Oğuz  bu əsərində də öz ənənəsinə sadiq qalaraq oxucularını Azərbaycan tarixinin maraqlı dövrlərindən birinə səyahətə dəvət edir. Yazıçının tarixçi alim olması isə bu səyahətdə bədii təxəyyüllə yanaşı  elmin də oxucuya yoldaşlıq edəcəyi müjdəsini verir. İlk öncə qeyd edək ki, bu  romanda da dərhal diqqəti cəlb edən məqam Yunus Oğuzun tarixi fakta sadiqliyidir. Bildiyimiz kimi, çağdaş dünya ədəbi təcrübəsində alternativ tarix janrında yazılmış əsərlər mühüm yer tutur. Alternativ tarix janrında yazılan romanlarda müəllif məlum tarixi fakt, hadisə və şəxsiyyətlərə dair məlumatları öz istədiyi şəkildə, hətta tarixə zidd şəkildə əks etdirə bilər. Müasir cəmiyyətdə belə əsərlər bestseller olur, müəllifinə şöhrət və qazanc gətirir.  Çağdaş ədəbiyyatda klassik tarixi roman janrı alterantiv tarix, fentezi janrında yazılmış əsərlər qarşısında öz mövqeyini itirməkdədir. Lakin tarixin düzgün, tarixi faktlar sapdırılmadan, əlavə mistik effektlərə gərək duyulmadan bədii şəkildə gənc nəslə aşılanmasında məhz klassik tarixi roman janrının böyük önəmi var.  Bu baxımdan Yunus Oğuzun bu  janra müraciət etməsi  təqdirəlayiqdir.

 

Tarix və şəxsiyyət problemi daim fəlsəfənin, sosiologiyanın əsas tədqiq sahələrindən biri olmuşdur. Klassik tarixi romanda da bu problem əsasən  iki aspektdən əks etdirilir: Birinci halda şəxsiyyət əsas götürülür, məhz onun şəxsi keyfiyyətləri sayəsində tarixdə oynadığı rol təsvir edilir. İkinci halda tarixi hadisə yaxud dövr əsas götürülür, tarixin insan taleyində rolu qabardılır. Yunus Oğuzun "Atabəy Eldəniz" romanı məhz şəxsiyyətin tarixdəki roluna həsr edilmişdir. Atabəy Eldəniz obrazında qılınc və qələm birləşir. Əslində əsər boyu əsas qəhrəman kimi şəxsiyyətin zəkası və elmi çıxış edir. Əks düşərgə ilə mübarizə sadəcə qılınc deyil, həm də zəka, elm və diplomatiya savaşıdır. Mömünə Xatunla Eldənizin ittifaqı bu səbəbdən xaşxaşiləri narahat edir, dəfələrlə bu iki ağıllı insanı ayırmağa, öldürməyə cəhd edirlər.

 

Tarixi şəxsiyyəti digərlərindən fərqləndirən əsas cəhət məqsədə çatmaq inadı və seçim cəsarətidir. Şəmsəddin Eldənizin obrazında bu cəhət parlaq şəkildə öz təcəssümünü tapmışdır. Hələ yolun əvvəlində onun məqsədi və bu məqsədə çatmaq üçün inadı və inamı var idi. Karvanla səyahət zamanı dəfələrlə arabadan yıxılsa da min əziyyətlə, zəif bədəninin son gücünü toplayaraq özünü qul karvanına yetirir. Qul karvanına! Onun seçim şansı var idi. Karvandan geri qalıb həyatını azad biri kimi davam etdirməyə cəhd edə bilərdi.  Amma o heç kimin gözləmədiyi və hətta ağılsızlıq kimi qəbul etdiyi bir seçim etmişdi. 

 

Əsərdəki Baş Dədə obrazı vasitəsilə müdrik qoca arxetipi ön plana çəkilir. Zamanın özünü əks etdirən bu arxetipik obraz vasitəsilə tarix süzgəcdən keçirilir, keçmiş vərəqlənir. Zamandan və məkandan kənar qavranılan Baş Dədə obrazı milli ruhun və genetik yaddaşın təcəssümüdür. Bu səbəbdən əsərin sonunda onun ölümü yox, qeybə çəkilməsinin göstərilməsi simvolik çalar kəsb edir. Hər şeyi öncədən görən, hiss edən Ulu Dədə həm də tarixin özünü simvollaşdırır. Bu səbəbdən də o baş verənləri bir tamaşa kimi kənardan seyr edir, hadisələrin necə tamamlanacağını öncədən bilir. Ulu Dədənin söhbətlərindən də görünür ki, onu individin taleyi deyil, ümummilli tarixin, millətin genetik yaddaşının qorunması maraqlandırır.  Baş Dədənin də  türk mifologiyasında mühüm yer tutan, kökü Şumerlərin Utnapiştiminə dayanan Xızır İlyas kimi ilahi bir missiyası var. Əgər Xızır darda qalanlara kömək edirsə, Baş Dədə tarixini unudanlara, kökündən uzaqlaşanlara kömək edir, biliklərini ötürməklə tarixin mayakını sönməyə qoymur.

 

"Atabəy Eldəniz" romanında azərbaycançılıq, türkçülük  motivləri çox güclüdür. Əsərdə lakonik, lakin zərgər dəqiqliyi ilə işlənmiş  təsvirlər, hadisələr, eyhamlar vasitəsi ilə TÜRK obrazı yaradılmışdır.  Təbii ki, əsərin özəyini də türkün - Atabəy Eldənizin hekayəti təşkil edir. Onu tamamlayan da Əfrasiyab nəslindən olan Mömünə xatundur. Bu sadə bir ittifaq deyildi. Türkün qibləsi olan ailə birləşdirirdi onları. Yunus Oğuz bu əsəri ilə oxucusuna Səməndər quşu kimi yansa da, külündən doğulan  türkün zirvəyə yolçuluğunun möhtəşəm hekayətini danışır.

 

Son olaraq romanın bədii məziyyətlərindən bəhs edərkən qeyd etməliyik ki, "Atabəy Eldəniz" romanında oxucu dövrün koloritini hiss edə bilir. Maraqlıdır ki, Yunus Oğuz bunun üçün heç bir xüsusi priyomdan istifadə etmir. Adətən tarixi roman yazıçısı qələmə aldığı dövrün tarixi xüsusiyyətlərini oxucuya hiss etdirmək üçün  interyer və geyim təsvirlərindən, obrazların danışıq tərzindən, leksikondan geniş şəkildə istifadə edirlər. Lakin Yunus Oğuzun bu romanında təfərrüatlı interyer və geyim təsvirlərinə, insanların zahiri görünüşünün ətraflı təsvirinə və həmin dövrə xas bəlağətli danışığa təsadüf etmirik. Yazıçını ustalığı məhz bu məqamda meydana çıxır. Xəfif təsvirlər, incə eyhamlar obrazların oxucu xəyalında canlanmasına kömək edir. Beləliklə, oxucu mətni oxumur, yaşayır.

 

"Səfəvi Şeyxi" romanı. Klassik tarixi romanın mükəmməl nümunələrini yaradan Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı yazıçının yaradıcılığında fərqli bir etapın başlanğıcı kimi diqqəti cəlb edir. Belə ki, Yunus Oğuzun indiyədək qələmə aldığı romanların baş qəhrəmanı ya sərkərdə, ya da hökmdar kimi oxucu qarşısına çıxırdı. "Şeyx Səfəvi" romanında isə biz ideoloq obrazı ilə qarşılaşırıq. Fikrimizcə bu təsadüfi deyil. Ən böyük tarixi qələbələrin, möhtəşəm imperiyaların əsasında həmişə parlaq bir ideya dayanib. Bu romanın timsalında biz ideyanın, sözün qüdrəti ilə böyük bir səltənətin bünövrəsinin qoyulmasının şahidi oluruq. Məqsəd isə parçalanmış vətəni birləşdirməkdir: "Mərkəzləşmiş hakimiyyət olmasa, tayfalar arasında toqquşmalar bizi məhv edəcək". Romanda mifik mistik elementlərdən, numerologiyadan, peyğəmbər yuxusu- öncəgörməsindən- presmologiyadan istifadə romanın bədii effektini artırmaqla yanaşı yazıçı məramının reallaşmasında mühüm rol oynayır. Yunus Oğuzun baş qəhrəmanı olan Şeyx Cüneyd tarixin yetirdiyi "seçilmiş"dir: "Əmi bu dəfə daha da təəccübləndi. Bilirdi ki, batin sirlər nəsildən miras olaraq yalnız bir nəfərə verilir. Öz-özünə dedi: "Deməli, bu Cüneyd imiş. Deməli, batin sirlər ona verilibmiş. Çünki bu yaşda belə mükəmməl danışmaq mümkün deyil."

 

Şeyx Cüneyd obrazı yazıçı tərəfindən mükəmməl şəkildə işlənmişdir. Bir ideoloq kimi oxucunu heyran edən Şeyx Cüneydin sırf insani duyğuları da cox incəliklə verilmişdir. Şeyxin Xədicə xatunla görüşündə bu incəlik diqqəti xüsusilə cəlb edir. Yunus Oğuzun qəhrəmanı quru, statik, yalniz ideyasi ilə gündəmə gələn obraz  təsiri bağışlamır,  romandakı incə ştrixlər qəhrəmanı oxucuya yaxınlaşdırır, sevdirir.Romanda diqqət cəlb edən obrazlardan biri Baş Dədə obrazıdır. Düzdür bu romanda Baş Dədə oxucu ilə birbaşa görüşmür. Ondan bir müqəddəs şəxs, mediator kimi bəhs edilir.

 

"Atabəy Eldəniz" və "Təhmasib şah" romanlarından tanıdığımız Baş Dədə obrazının bu əsərdə meydana cıxması Yunus Oğuzun romanlarında hipermətnin təzahüründən danışmağa əsas verir. Bu obraz Yunus Oğuzun romanlarında mühüm tarixi məqamlar öncəsi meydana cıxaraq həmin tarixin qəhrəmanı olacaq şəxsləri  yönləndirir. Fikrimizcə, hipertekstuallıq yazıçının tarix konseptində önəmli yer tutur ve böyük ehtimalla biz növbəti əsərlərdə   Baş Dədə obrazı ilə qarşılaşacayıq.

 

Simurqun izi ilə - Yunus Oğuzun "Ovçu" romanı.Yunus Oğuzun "Ovçu" əsəri çağdaş ədəbiyyatımızda 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş ilk romandır. Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu dəfə tarixi keçmişə deyil, müasiri olduğumuz tarixi hadisələrə diqqət yetirərək çağdaş qəhrəmanlıq dastanını qələmə almışdır. 2016-cı ilin aprel döyüşləri xalqımızın, dövlətimizin  gücünü, qüdrətini, ali baş komandanın torpaqlarımızı düşməndən təmizləmək əzmini bütün dünyaya nümayiş etdirdi. Romanın məhz belə yaxın və şanlı tarixi hadisəyə həsr edilməsi onun ideoloji təsirini və önəmini artırır.

 

Yunus Oğuzun "Ovçu" romanında tarix və müasirliyin vəhdətindən bəhs edərkən ilk diqqəti cəlb edən cəhət müəllifin tariximizin həlledici məqamlarına toxunmasıdır. Yazıçı Alp Arslan, Nadir şah dövründəki Azərbaycanı çağdaş tariximizlə yanaşı qoyaraq hər üç bölümü xalqın və hökmdarın qələbəsi ilə tamamlayır.

 

Bildiyimiz kimi, "ovçu" Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə başqa əlahiddə ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın arxasınca getmir. Onun artıq boz qurdun şikarı olduğunu qəbul edir. Bu  səhnə əslində tarixin, zamanın özünün türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının simvoludur. Türk boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb etdikdə Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrminin məğlubiyyətini, Hörmüzün qələbəsini alqışlayır.

 

Əsərdə gördüyümüz, tarixin müxtəlif həlledici məqamlarında mühüm rol oynayan Murad obrazının timsalında yazıçı Azərbaycan nəsrində az işlənən reinkarnatsiya metodunu  uğurla tətbiq etmişdir. Ruhun yenidən başqa tarixi zaman və məkanda doğulması - reinkarnatsiya yolu ilə Yunus Oğuz oxucunu Muradın ruhunun sələfləri ilə tanış edir və bu qəhrəmanın ruhi gücünün mənbəyini aşkarlayır. Müasirimiz Murad tarixin səhifələrində iz salmış özündən öncəki Muradların hələlik ən sonuncusu və ən mükəmməl variantıdır. İşıq zərrələrin toplusu olduğu kimi kəşfiyyatçı, döyüşçü, "ovçu" Murad da özündən öncəki qəhrəmanların bütün spesifik   güclü tərəflərini özündə cəmləyərək ədalət savaşının kəsərli silahına, bayrağına çevrilmişdir.

 

Reinkarnasiya zamanı ruh yalnız fərqli  zamanda deyil, fərqli məkanda da doğulma şansına malikdir. Lakin Yunus Oğuzun qəhrəmanı Muradın ruhu tarix boyu həmişə eyni məkanda - öz torpağında zühur edir. Çünki onun bu məkanda missiyası başa çatmamışdır. Nə qədər ki vətən torpağına göz dikən yadellilər var xalqın qəhrəmanlarının ruhu rahatlıq tapmayacaq, yeni Muradların cismində geri qayıdaraq öz yurdunun keşiyində duracaq.

 

Murad obrazı mifoloji baxımdan da oxucuda maraqlı assosiasiyalar yaradır. Mifoloji Simurqun özüdür Murad. Mifologiyada Feniks, Anka, Qaruda, Benu adları ilə də bilinən Simurq mifoloji versiyaya görə çox güclü, nəhəng və qeyri adi bir quşdur. Simurq reinkarnasiyanın, ölüb yenidən dirilmənin, əbədi həyatın simvoludur. Ömrü başa çatanda günəş zərrələrindən alovlanan tonqalda özünü yandırır, külündən yeni, gənc Simurq doğulur. Beləliklə, Muradlar da Simurq kimi xalqın əbədiyaşar əsgərləridirlər, vətən yolunda Simurq kimi yanaraq yurdun keşiyini çəkirlər.

 

Yunus Oğuzun "Əmir Teymur" romanında hökmdar obrazı.Ədəbiyyatda tarixi şəxsiyyət - hökmdar obrazının müxtəlif rakurslardan işıqlandırılması tendensiyası izlənilir. Azərbaycan ədəbiyyatında geniş işlənən Əmir Teymur obrazının yaradılması prosesində də zaman-zaman müxtəlif meyllər, istiqamətlər özünü göstərmişdir. Əksər bədii əsərlərdə "işğalçı hökmdar"  obrazında təsvir olunan Əmir Teymur Yunus Oğuzun iki hissədən ibarət "Əmir Teymur" romanında (I kitab - "Əmir Teymur: Zirvəyə doğru", II kitab - "Əmir Teymur: Dünyanın hakimi") "ümumtürk xaqanı" kimi təqdim edilir. Romanın proloqunun sonundakı incə bir nüans  - Əmir Teymurun qulağına gələn qurd səsi ilə reallıqda eşitdiyi azan səsinin paralelləşdirilməsi də onun türk-islam dünyasının böyük fatehi olduğuna işarədir. Əmir Teymur islam dininə mənsub olmaqla yanaşı öz türk kökünü də yaddan çıxarmır. Hökmdar dini inanclardan həm də ordunu qələbəyə ruhlandırmaq, öz fateh obrazına əsgərlərdə şüuraltı,  psixoloji inam yaratmaq üçün məharətlə istifadə edir:

 

Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazının əsas cizgilərindən biri hökmdarın şəyird məqamında təsviridir. Romanda biz yalnız hökmdar Teymurla deyil, həm də Seyid Bərkənin istedadlı şəyirdi Teymurla tanış oluruq. Məhz bu nüansla müəllif ustada hörmətin önəmini göstərir, ustadının nəsihətlərini hər şeydən üstün tutan Əmir Teymurun hakimiyyətinin, qələbələrinin əsasında məhz elmin, biliyin dayandığını, qılıncla qələmin vəhdətinin qələbənin təminatçısı olduğunu vurğulayır. Əmir Teymur Sultaniyyədə olarkən nəvəsi Uluqbəylə sufi məclisində olur, nəvəsinə bu məclisdə eşidib-gördüklərini yadda saxlamasını, gələcəkdə bunun ona çox lazım olacağını söyləyir. Nəvəsi Uluqbəylə, eləcə də oğlu Şahruxla söhbətlərində Əmir Teymur  oxucu qarşısına bir hökmdar kimi deyil, həm də bir müəllim, ustad kimi çıxır. O yalnız öyrənən deyil, həm də öyrədəndir. Yunus Oğuzun Əmir Teymurunun xarakterik xüsusiyyəti onun daim gələcəyə can atan, yalnız indini deyil, gələcəyi düşünən, gələcək üçün irs qoymaq istəyən bir hökmdar, cahangir olmasıdır.

 

Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazı yalnız hökmdar kimi deyil insan kimi də oxucuda özünə qarşı rəğbət hissi oyadır. Əmir Teymur romanda həm də bir həyat yoldaşı, ata, baba, qayınata kimi təsvir edilir. Onun həyat yoldaşları ilə təmkinli davranışı, oğullarına qarşı sərt olduğu qədər də mehriban olması, nəvələrinə hədsiz məhəbbəti, gəlininə nəvazişkar, qayğıkeş münasibəti Əmir Teymuru bir insan kimi də oxucunun gözündə ucaldır. Qarabağda ordusu ilə birgə qışlayarkən sevimli nəvəsi Uluqbəylə birgə bir çobana qonaq olan Əmir Teymur çobanı sadəliyi ilə heyrətləndirir.  O, böyük əmiri nəvəsi ilə əylənən, fərəhlənən  baba obrazında görür, hökmdarın nəvəsinə qoyunlar barədə verdiyi məlumatlara təəcüblənir və bir anlıq qarşısındakını bir hökmdar kimi yox sadə bir insan kimi, doğma adam kimi qəbul edir. Romanın maraqlı obrazlarında biri olan tacir Ağbaba Sultan Bəyazidin qəbulunda Sultanın Teymurun necə bir insan olması haqqında verdiyi suala bu şəkildə cavab verir:

 

Əsərdə Əmir Teymurun ədalət prinsiplərinə sadiqliyi və qanunun aliliyinə xalqda inam yaratmaq üçün atdığı addımlar onun hakimiyyətinin əsasını, gücünün mənbəyini təşkil edir. Səmərqənd bazarının darğasının edamı zamanı bu özünü aşkar şəkildə göstərir. "Əmir yaxın qohumunun boğazının kəndirdən qurtulduğunu başa düşüb dərindən nəfəs aldı. Ancaq Davud bəyin sözlərini darğa da təsdiqləməli idi. Əks təqdirdə paytaxt əhalisi bu hərəkəti düzgün başa düşməzdi. Odur ki, mühafizəçilərin köməyi ilə ayaq üstə güclə duran darğanın üstünə qışqırdı:

 

Söylə Davud bəy düzmü deyir? Göndəribmi sənə belə bir kağız?

Darğanın boynu üstündə güclə dayanan başı təsdiq əlaməti kimi tərpəndi. Bundan sonra Əmirin qırmancı qətiyyətlə darğaya və köməkçisi Ballıya tərəf uzandı:

 

Kim fərmanımı pozarsa, hər kim ki xalqı çapıb talayarsa, ölkəyə xəyanət edərsə, haqqın üstünü örtərsə aqibəti belə olacaq. Haqqın divanından qurtulmaq olmaz! Mən qərarımı elan edirəm: asılsınlar!

Buna bənd imiş kimi birdən meydanı sürəkli alqış səsləri bürüdü. Əmirin şəninə alqış nidaları qopdu."

 

Oxucu eyni ədaləti Teymurun oğlu Miranşaha münasibətində də görür. Miranşahın Azərbaycanda törətdiyi əməllərdən, əhalinin zülmə məruz qalmasından xəbər tutan Əmir Teymur oğlunu cəzalandırmaq üçün Azərbaycana gəlir. Hökmdar deyilənlər sübuta yetirildikdən sonra Miranşahı - doğma oğlunu edam etmək qərarına gəlir. Ata ürəyi ağrıyır, ancaq hökmdar qəlbi ədalətsizliyi qəbul edə bilmir. Onu bu sərt qərardan yalnız Miranşahın ağlının yerində olmaması ilə bağlı həkim rəyi döndərir.

 

Yunus Oğuz romançılığının  xarakterik xüsusiyyətlərindən biri yazıçının tarixi həqiqətə, tarixi faktlara sadiq qalmaqla yanaşı ilk öncə oxucunu diqqətdə saxlamasıdır. Belə ki, Yunus Oğuz tarixi romanda ilk növbədə ideya faktorunu əsas götürür. Əsas məqsəd tarixi və tarixi hadisənin oxucuya çatdırmalı olduğu ideyanı düzgün ifadə etməkdir. Yazıçı tarixin mesajını müasir oxucuya aydın çatdırmaq üçün əsəri tarixi interyerin, leksikanın ekzotikası ilə yükləmir. Yunus Oğuz romançılığının əsas uğuru müəllifin qəhrəmanlarını olduqca canlı, koloritli yaratması ilə bağlıdır. Yazıçının digər romanlarında olduğu kimi "Əmir Teymur" romanında da obrazın koloriti, dinamikliyi oxucunu tarixi auraya kökləyə bildiyindən əlavə  leksik ştrixlərə, arxaizmlərə ehtiyac qalmır, romanda dövrün nəfəsi hiss olunur, əsəri mütaliə edənlər  ilk səhifələrdən həmin tarixi dövrün bir hissəsinə, Əmir Teymurun silahdaşına çevrilirlər.

 

Tarix millətin keşmişi və genezisidirsə, ədəbiyyat onun ruhudur. Tarixi həqiqət bədii dillə ifadə olunanda geniş kütlələrə daha effektiv şəkildə çatdırılır, gənc nəslin vətənpərvərlik tərbiyəsində və milli ruhun qorunmasında müstəsna rol oynayır. Yunus Oğuzun yaradıcılığında da Azərbaycan, ümumtürk tarixinə dair mövzular qırmızı xətlə keçir. Onun "Sultan Alp Arslan", "Təhmasib şah", "Nadir şah", "Attila", "Əmir Teymur -Zirvəyə doğru", "Əmir Teymur - Dünyanın hakimi", "Ovçu" və digər  tarixi  romanları oxuculara, xüsusilə gənc nəslə tarixi hadisələri bədii güzgüdə göstərməklə milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində müstəsna rol oynayır.   

 

 

Qaragözova Elnarə

Fil.f.d. AMEA Nizami Gəncəvi adına

 Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

 

Olaylar.- 2020.- 17-21 iyul.- S.8-9.