Keçmişdən gələcəyə nə daşıyırıq?  

 

 

Fəlsəfi-tarixi-publisist düşüncələrim

 

 

Epiqraf

 

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

 

 

On beşinci  yazı

a) Tarix ibrətdir

 

Daha bir misal. Nadir şah haqqında demək olar. Xalqın içindən çıxan bu ñahangir başa düşürdü ki, din bu xalqı parçalayıb bir-birinə düşmən edir. O bunun qarşısını var gücü ilə almaq istəyirdi və müəyyən vaxt ərzində də aldı. 1736-cı ildə Muğanın Suqovuşan (Araz çayı ilə Kürün birləşdiyi yerdə, indiki Saatlı rayonunun ərazisi) ərazisində keçirilən qurultayda qəbul olunan beş bəndlik qərarın üçü dinə aid idi:

 

"1. Qızılbaşlar əvvəlki fanatik şiə məzhəbindən imtina edir, Cəfəri məzhəbini qəbul edir;

 

2. Kəbədə dörd məzhəblə yanaşı Cəfəri məzhəbi beşinci məzhəb kimi qəbul edilsin və bunun üçün Kəbə evində ayrıca bir sütun da qoyulsun;

 

3. Qızılbaş zəvvarların başçısının səlahiyyyəti  Suriya və Misir zəvvarlarının əmirlərinin səlahiyyətlərilə bərabərləşdirilsin..."

 

O bunu bütün qəlbi ilə istəyirdi. Başa düşürdü ki, bir dilə, bir mədəniyyətə, bir dinə sahib olanlar bir yerdə olmalıdırlar. Tarixin ironiyasına bax, onun vuruşduğu, döyüşdüyü qüvvələr də əsasən türk toplumları idilər. Əfqanları, yezidi kürdləri və Bəsrə ərəblərini çıxsaq - onlar da böyük əsgəri qüvvə təşkil etmirdilər- Nadir şah Osmanlılarla, Moğol şahları və Türküstanla müharibə aparırdı. Düzdür, yerli etnik toplumları ram etmək üçün ardıcıl olaraq ölkəiçi yürüşlər edir, tabe olmayanı cəzalandırırdı.

 

Tarixdən öyrənməli, ibrət götürməli çox hadisələr var, elə Nadir şahdan da. Birinci ibrət ondan ibarətdir ki, hakimiyyət zəif olanda dövlətin sütunları laxlayır və bu zaman dövlətin üstünə həm xaricdən, həm də daxildən yeriyirlər.Nadirin ulduzu o zaman parladı ki,  ölkədaxili və xarici qüvvələr Səfəvi dövlətini bölməyə başlamışdılar. Əfqanlar paytaxt İsfahanı almış, Şah Hüseyni əsir götürmüşdülər (sonradan şah edam olundu), Rus qoşunları Rəştə qədər əraziləri işğal etmişdilər. 1724-cü ildə  rus-osmanlı müqaviləsinə əsasən Kür çayının sol sahili ruslara, sağ sahili isə osmanlılara aid edilirdi. Osmanlılar Təbriz də daxil olmaqla Azərbaycan torpaqlarının böyük bir hissəsini nəzarəti altına ala bilmişdilər.

 

Həmin ilin 24 iyununda imzalanan sazişə əsasən Kür-Arazın birləşdirdiyi yerdən (Suqovuşan) Həmədana qədər birbaşa xətdən, Dağıstanın cənub hissəsindən, Şamaxının şərq hissəsi də daxil olmaqla, Rusiya-Osmanlı sərhədi hesab edilirdi. Osmanlı və Rusiya imperiyası Təhmasib Mirzəni (II Şah Təhmasib nəzərdə tutulur) şah kimi qəbul edəcək və Şah Təhmasib bu müqaviləni tanıyacaqsa, ona Səfəvi dövlətində qayda-qanun yaratmağa köməklik göstərəcəkdilər.

 

Xaraktercə çox zəif olsa da Şah II Təhmasib bu müqaviləni tanımadığı zaman Azərbaycanın həm osmanlılar, həm də ruslar tərəfindən zəbti başladı.  Bu zaman Nadir xan "yadellilərə" qarşı hərəkata başladı və şahın əsas qüvvəsinə çevrildi. Ölkənin cənubunda isə portuqallar və hollandlar Kəngər (Fars) körfəzi və Ərəbistan dənizində ağalıq edirdilər.

 

Bu  tarixdən aydın olur ki, vətən işğal olunanda kim qabağa çıxıb qoçaqlıq edəcək, işğalçılara qarşı mübarizə aparacaqsa xalq ona dəstək verəcək, necə ki, Nadir şahı taxt-taca qədər aparıb onu ən ali mərtəbəyə qədər yüksəltdi.

 

Tez-tez suallar verirlər ki, Nadir niyə məhz Suqovuşanda qurultay keçirib şah elan olundu? Yuxarıda qeyd etdik ki, Osmanlı-Rusiya sazişinə əsasən sərhəd Kür və Araz çaylarının birləşdiyi yerdən, yəni Suqovuşandan başlayır.  Nadir 1736-cı ilə qədər hər iki imperiyanın əsgərlərini torpaqlardan qovduqdan sonra məhz həmin yerdə qurultay keçirdi və hər ikisinə sübut etdi ki, sizin sərhəd hesab etdiyiniz yerdən hər şeyi silib yenidən yazdım. Bu zaman onun xalq tərəfindən dəstəyi çox böyük idi. O təkcə şah deyil, həm də xalq qəhrəmanı hesab edilirdi. Şah olana qədər o İsfahanı əfqanlardan azad (1729) edib Qəndəhara qədər ərazilərə hakimlik etməyə başladı, Bağdada (1732) qədər gedib çıxdı. Güney və Quzey Azərbaycanın Təbriz başda olmaqla bütün ərazilərdə hökmünü bərqərar etdi. Bircə güllə atmadan rus qoşunları  silahlarını təhvil vermək şərtilə (1735-ci il, Gəncə müqaviləsi) Dərbənddən Şimala çəkildilər.

 

İkinci ibrət ondan ibarətdir ki, bütün savaşlardan, müharibələrdən öncə və sonra diplomatiya savaşın özü qədər önəmli rol oynayır. Nadirin ruslarla diplomatik münasibəti bir daha sübut etdi ki, xalqdan uzaqlaşmayanda siyasi üstünlüklər və dividentlər daha çox olur. Bir tərəfdən Nadir osmanlılarla müharibə aparıb şəhərləri azad edir, digər tərəfdənsə rus elçisini yanında saxlayıb onunla müharibə dilində danışırdı  şərt qoyurdu ki, siz də ərazilərimizdən çıxmasanız, sizinlə də belə müharibə apara bilərik. Bu onu göstərirdi ki, Nadir şah beynəlxalq siyasəti yaxşı bilirdi və qonşu ölkələrin daxilində nə baş verdiyindən xəbəri vardı. O Hindistanı fəth etdikdən sonra rus imperatoru ona məktub yazaraq birgə fəaliyyət haqqında fikirlərini bildirmişdi. Əslində Nadir şahı osmanlıların üstünə göndərmək fikri vardı, çünki rus-isveç müharibəsi yenidən başlamışdı.Hindistanda olmasına baxmayaraq, yenə də beynəlxalq siyasəti dərk edən Avşar hökmdarı rus imperatoruna xəbər göndərir ki, bir addım atdım, Hindistanı fəth etdim, o biri addımımı ataram, dünyanı tutaram. Bu o demək idi ki, məni öz oyunlarınıza qatmayın. Ömrünün sonuna qədər özünün başlamadığı siyasətdən kənarda qaldı, beynəlxalq siyasətdə heç kimə inanmadı. Bütün Avropa Nadir şahı körükləyirdi ki, osmanlı sultanın üstünə getsin. O isə Hindistan və Türküstandan dönən kimi Dərbəndin şimalına qədər yürüş etdi, hətta Terek çayına qədər gedib çıxdı. O zaman rusların ən zəif vaxtı idi. Ruslar heç də Nadir şahın Hindistandan sonra Rusiyaya müzəffər yürüşünü arzulamırdılar. Və rus çarına belə bir məktub yazdı: "Bir addım atıb Hindistanı aldım, o biri addımımı atıb Avropanı alaram". Üçüncü ibrət dərsindən Nadir şah nəticə çıxartdı, amma osmanlılar onu başa düşmədi.

 

Üçüncü ibrət ondan ibarətdir ki, Nadir şah sünnü və şiə qarşıdurmasını aradan götürmək istəyirdi. Bəlkə də tarixdə onun kimi belə cəfakeş olmayacaq bu məsələdə. Heç kim onun qədər bu addımı atmağa cəsarət etməzdi, amma o bunu etdi.

 

Şah gözəl başa düşürdü ki, sünni-şiə qarşıdurması islamı cəhalətə, xurafata sürükləyir, hər iki tərəfdən mollabaşılar bir-birilərinə qarşı fətva verir, müharibələr aparırdılar. Təsəvvür edin ki, başqa dinə mənsub olanlardan qız alıb qız verərdilər, amma sünnü və şiə arasında bu olmazdı. Belə cəhalət qaydaları Azərbaycanda da keçən əsrin altmışıncı illərinə qədər davam etdi  indi də bir çox müsəlman ölkələrində bu davam edir.

 

O görürdü ki, Avropa din uğrunda müharibələri çoxdan arxada qoyub və dini dövlət siyasətindən ayırmaqla çox sürətlə inkişaf edirlər. Avropa milli kimliyini önə çıxarmaqla dövrün ən müasir silahlarına, elminə, ticarətinə yiyələniblər. Avropa milli kimliyinə güvənib dövlətlərini irəli aparır. Şərqdə isə geriləmə göz qabağında idi. Şərqin ən qabaqcıl elmlərinə (tibb, riyaziyyat, astronomiya, cəbr, həndəsə və s.) yiyələnən Avropa elmi inkişafda sıçrayışlar edərkən müsəlman dünyası geriləyir, xurafat girdabında daha da dərinliklərə baş vururdu.  İslam dünyasının möhtəşəmliyi və gətirdiyi yeniliklər geridə qalmışdı. Onun dövründə hümmət də şüuru da sıradan çıxırdı.  Şərq dövlətləri o qədər daxili çəkişmələrə aludə olmuşdular ki, Avropada nə baş verdiyindən xəbərdar olmaq belə istəmirdilər. Ən güclüsü Osmanlı imperiyası sayılırdı. O da XVII əsrin sonlarında xristian dünyası ilə döyüşlərdə bir qələbə belə qazanmamışdı, çünki geriləyirdi. Avropa texnika və silahlanma, əsgər sayını üstələyirdi. Osmanlılar Dəli Pyotrla Azov uğrunda döyüşdə üstünlük qazanmışdılar. Bunu bir az ətraflı yazaq. XVIII əsrin əvvəllərində çar Pyotrun "isti dənizlər"ə çıxmaq planı işə salındı, təbii öz tərəfindən. Poltova döyüşündə (1709) məğlub olan İsveç kralı XII Karl qaçaraq Osmanlı sultanına sığındı. Bunu bəhanə edən Pyotr Osmanlı torpaqlarına girdi. Xatırladım ki, bu dövrə qədər Qara dəniz bütün Osmanlı imperiyasının daxili dənizi hesab edilirdi və bütün dünya neçə yüz il idi ki, bunu belə qəbul edirdi.

 

Sultan III Əhməd Rusiyaya müharibə elan etdi. (1710)

 

Yenicə sədr əzəm (baş nazir) təyin olunan Baltaçı Mehmed paşa 200 minlik ordu ilə rusların üzərinə göndərilir.  Bunun ardınca Osmanlı donanması  Krım xanın qoşunları Prut çayının yaxınlığında gedən döyüşə qoşulurlar. Çar mühasirəyə düşür və sülh təklif edir.  Baltaçı Mehmed sülh sazişi bağlamamışdan öncə mədhi-ülya I Yekaterina ilə onun çadırında görüşür. Ona mədhi-ülya tərəfindən bir böyük sandıq qızıl və intim təklif olunur.  Baltaçı hər iki təklifi qəbul edir və səhərə qədər Pyotrun arvadının çadırında qalır. Sonrası isə bəlli. 1711-ci ilin  avqust ayında sülh sazişi imzalanır. İsveç kralı və Krım xanı nə qədər təkid etsələr də ki, çarın axırına çıxmaq lazımdır, sədr əzəm onlara fikir vermir və sənədi imzalayır. Sonralar sultana qarşı müxalifətə keçən Baltaçının başı sarayda məhz bu hadisəyə görə balta ilə vurulur.

 

Ardı var

Yunus Oğuz

 

Olaylar.- 2020.- 10-16 iyul.- S.13.