Diaspor quruculuğu
və lobbiçilik dövlətin prioritet istiqamətləri sırasında yer alır
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi müstəqillik illərindən sonra dövlətin əsas diqqət yetirdiyi sahələrdən biri oldu. Çünki yenicə müstəqillik əldə etmiş bir ölkənin beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrdə tanınmasında, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi və haqq səsimizin dünyaya çatdırılması, ərazilərimizin 20 faizə yaxın hissəsinin işğal edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin işğalçı Ermənistan tərəfindən ən adi insan hüquq və azadlıqlarından məhrum edilməsi kimi faktların dünyaya, ayrı-ayrı ölkələrə bəyan edilməsində diaspor təşkilatları, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar aktiv rol oynaya bilərdilər. Ona görə də, bu sahədə fəaliyyət prioritet sahələrdən birinə çevrildi.
Hər bir sahə kimi, bu sahədə də məqsədyönlü addımlar heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş verdi. Əslində, ümummilli lider xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməmişdən öncə bu prosesin başlanğıcını qoymuşdu. Həm sovetlərin zamanında Mərkəzi Komitənin birinci katibi işləyən illərdə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyəti dövründə Heydər Əliyev diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində çox mühüm addımlar atmışdı. Keçmiş SSRİ-nin zamandı yüzlərlə azərbaycanlı gəncin ümummilli liderin sayəsində keçmiş ittifaq ölkələrinin müxtəlif universitetlərinə ali təhsil almaq üçün göndərilməsi Heydər Əliyevin hələ ittifaq zamanında düşünülmüş şəkildə gələcəyə yönəlmiş addımlarından idi və demək olar ki, ulu öndər bununla Azərbaycan diasporunun gələcək üçün bazasını yaratmışdı. Əgər müstəqillik illərindən sonra xarici ölkələrdə, xüsusilə də keçmiş ittifaqa daxil olan respublikalarda formalaşmağa başlayan, yaranan diaspor təşkilatlarının tərkibinə, onların rəhbər heyətinə nəzər yetirsək, aydın şəkildə görərik ki, həmin diaspor təşkilatlarının bazasını məhz ümummilli lider Heydər Əliyevin SSRİ zamanında xarici ölkələrə göndərdiyi o vaxtkı gənclər təşkil edib.
Qeyd etdiyimiz kimi Heydər Əliyevin diapsor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətindəki fəaliyyəti sovetlər dağıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında davam etdirildi. 1990-cı ilin yanvar hadisələrindən bir müddət sonra Muxtar Respublikaya qayıdan ümummilli lider burada yüksək etimad qazanaraq Naxçıvan Ali Məclisinin sədri seçildi. Muxtar Respublikanın Ali Məclisinin sədri kimi Heydər Əliyevin atdığı qətiyyətli adımlar sırasında 1991-ci il, dekabrın 16-da Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarı xüsusi qeyd etmək lazımdır. Qeyd etdiyimiz kimi, məhz həmin məlum qərarla müstəqillik illərində diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birlik və bərabərliyi, həmrəyliyinə start verilmiş oldu. Məlumat üçün qeyd edək ki, 1991-ci il, dekabr ayının 16-da ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının birlik və həmrəylik Günü kimi qeyd edilməsi qərara alınıb. Və həmin qərarın eyni zamanda Azərbaycan Respublikasının Ali Sovetində baxılması tövsiyə edilib. Tam əminliklə deyə bilərik ki, məhz Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qəbul edilən bu qərar yeni dövrdə, yeni tələblərə uyğun olaraq diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının birlik və bərabərliyi istiqamətində atılan ilk addım idi.
Azərbaycan diasporunun formalaşması, lobbiçilik fəaliyyəti istiqamətində müəyyən gedişlər, eləcə də dünya azərbaycanlılarının birlik və bərabərliyi, həmrəyliyi sahəsində dövlət səviyyəsində ilk uğurlu addımlar da məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş verdi. 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıdan ümummilli lider respublikaya rəhbərlik etdiyi ilk gündən bütün istiqamətlərdə olduğu kimi, diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının birlik və həmrıyliyinə də ciddi diqqət yetirdi, bu sahədə məqsədyönlü addımlar atdı. Bu mənada ümummilli liderin Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi barədə məlum qərarı o dövr üçün tarixi bir hadisə sayılırdı.
Beləliklə, ümummili lider Heydər Əliyevin imzaladığı tarixi sənəd əsasında 2007-ci ilin dekabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci qurultayı keçirildi. Dünya Azərbaycanlılarının Birinci qurultayının çağrılması bir tərəfdən yeni dövrdə diaspor və lobbi quruculuğu, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onun yeni mərhələyə qədəm qoymasından, digər tərəfdən isə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının istək və arzularından irəli gəlirdi Çünki ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi vaxtdan etibarən xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılar, orada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşür, onların fikir və təkliflərini dinləyirdi. Bu baxımdan Dünya Azərbaycanlılarının Birinci qurultayının keçirilməsi həm də xarocdəki soydaşlarımızın istək və arzularının dövlət, dövlət başçısı tərəfindən nəzərə alınması demək idi
Dünya Azərbaycanlılarının Birinci qurultayı diaspor və lobbi quruculuğu, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onun yeni bir mərhələyə qədəm qoymasında mühüm tarixi hadisə idi.
Qurultayda edilən çıxışlar, irəli sürülən təklif və təşəbbüslərdən belə nəticə əldə olundu ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız onlarla koordinasiyalı şəkildə işləyəcək bir dövlət qurumunun yaradılmasını istəyirlər və bu bir tarixi zərurətə çevrilib. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci qurultayından qısa bir müddət sonra xaricdəki soydaşlarımız, diaspor təşkilatlarımızla işləyəcək bir dövlət qurumunun yaradılmasını qərara aldı. Və beləliklə, Heydər Əliyevin 2002-ci il, 5 iyul tarixli qərarı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sözügedən dövlət qurumunun yaradılması Azərbaycan diasporunun həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində yaradılan diaspor təşkilatları, Azərbaycan cəmiyyətləri və birlikləri ölkəmizin haqq işinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verdi.
Sevindirici hal ondan ibarətdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev də hər bir sahə kimi diaspora, dünya azərbaycanlıları ilə işə xüsusi diqqət yetirir, bu sahənin inkişafına öz dəstəyini əsirgəmir. İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində 3 dəfə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspora həyatlnda müstəsna xidmətləri olan şəxslərin təltif edilməsi deyilənlərin təsdiqidir. Bu gün xaricdə yaşayan hər bir soydaşımız, diaspor təşkilatımız arxasında güclü, qüdrətli vıə müstəqil bir Azərbaycan dövlətinin, onun qətiyyətli və güclü liderinin varlığıını hiss edərək daha əzmlə çalışır, daha səmərəli fəaliyyət göstərir. Ötən illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü olan "Xocalıya ədalət" kampaniyasının məhz ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız vasitəsilə dünyaya yayılması, nəticə etibarilə bir çox ölkələrin parlamentləri, digər rəsmi qurumlarının Xocalıda baş verənləri soyqırım kimi qiymətləndirməsi məhz diasporumuzun da uğurlu fəaliyyətlərindən sayıla bilər.
Qısa zamanda əldə edilən bu nailiyyətlər həmçinin Azərbaycanın lobbiçilik fəaliyyəti istiqamətində atdığı mühüm addımlardan sayıla bilər. Sirr deyil ki, yalnız etiraz aksiyaları keçirmək, müəyyən şüarlar səsləndirməklə dünya ölkələrində Xocalı soyqırımı barədə məlumat formalaşdırmamışıq və həmin ölkələrdə Xocalı soyqırımının tanıdılmasına nail olmamışıq. Etiraz aklsiyaları, mitinq və digər etiraz formaları ilə yanaşı, ayrı-ayrı ölkələrin qanunverici və icraedici, digər seçkili orqanları ilə də belə demək mümkünsə lobbi fəaliyyəti aparılıb və onlarda Xocalı soyqırımı ilə ilgili məlumatlar formalaşdırılıb.
Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyətlər artan xətt üzrə gedir və ildən-ilə həm diaspor təşkilatları, həm də ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik, həmrəylik artır, möhkəmlənir. Son aylar bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə biz bu müsbət tendensiyanı gördük və o prosesin əyani şahidinə çevrildik ki, dünyada yaşayan azərbaycançılar hamılıqla ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər. Bu da bizi daha böyük uğur və nailiyyətlərə doğru aparır.
Süleyman İsmayılbəyli
Olaylar.- 2020.- 10-16 iyul.- S.11.