Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir – İlham Əliyev

 

 

Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir

 

Dövlət quruculuğunun dünyəvi, hüquqidemokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub. Bu gün müstəqil Azərbaycan söz, fikir və məlumat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

 

XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

 

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsində, milli özünüdərkin formalaşması və inkişafında, milli və ümumbəşəri dəyərlərin təbliğində böyük rol oynamış, bütün dövrlərdə həqiqət carçısı, cəmiyyətin aynası olmuş, müstəqil dövlət quruculuğuna əhəmiyyətli töhfə vermişdir. Ötən əsrin sonlarında dövlət müstəqilliyi əldə edildikdən sonra milli mətbuatımızın qarşısında yeni perspektivlər açılmış, Azərbaycan mətbuatı öz inkişafının mühüm mərhələsinə qədəm qoymuşdur. Əlbəttə, Azərbaycanda demokratik, plüralist, müstəqil mətbuatın formalaşmasından danışarkən ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd etməmək mümkün deyil. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat almaqyaymaq hüququ təsbit olundu. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması, 1999-cu ildə mütərəqqi, beynəlxalq standartlara uyğun "Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbul edilməsi, 2000-ci ildə mətbuatın fəaliyyətini tənzimləyən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, KİV-lərin davamlı inkişafının təmin edilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə fərman və sərəncamların imzalanması, mətbuatın vergi yükünün azaldılması, onlara kreditlərin ayrılması və digər tədbirlər ümummilli liderin Azərbaycan mediasının inkişafına töhfələrinin natamam siyahısıdır. Azərbaycanda sivil dövlət-mətbuat, cəmiyyət-mətbuat münasibətlərinin formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" fərmanında mətbuatımızın tarixi dərin təhlil edilmiş, bu tarixin bütün mərhələlərinə layiqli qiymət verilmişdir. Ən əsası, 90-cı illərin əvvəllərində mətbuatımızın sovet dövrünə qarşı formalaşdırılmış inkarçılıq psixologiyasının yolverilməzliyi göstərilmiş, kommunist ideologiyasının güclü təsiri və total nəzarət altında fəaliyyət göstərən mətbuatımızın öz milli varlığını qoruyub saxlaya bilməsi, zəngin ənənələrini davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynaması, fədakar jurnalistlərimizin əməyi layiqincə qiymətləndirilmişdir.

 

Cəmiyyətimizin inkişafının hər bir mərhələsi milli mətbuatımızın qarşısında yeni vəzifələr müəyyənləşdirir. XlX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində milli mətbuatımızın qarşısında duran əsas vəzifə xalqımızı maarifləndirmək, milli özünüdərk və azadlıq ideyasını gücləndirmək olmuşdur. Cümhuriyyət dövründə müstəqil dövlətçiliyi qorumaq və möhkəmləndirmək, sovetlər dönəmində öz mövcudluğunu qoruyub saxlamaq və respublikamızın inkişafına töhfə vermək əsas məqsədlər idi. Ötən əsrdə ikinci dəfə müstəqillik əldə edildikdən sonra milli mətbuatımız dövlətçilik, milli həmrəylik ideyalarının təbliğ edilməsi, xalqımızın vahid ideya ətrafında birləşməsində böyük rol oynamış, daxilixarici düşmənlərimizə qarşı ideoloji mübarizə funksiyasını yerinə yetirmiş, Ermənistanın və erməni lobbisinin informasiya blokadasının yarılmasında yaxından iştirak etmişdir.

 

Bu gün sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən, beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycanda kütləvi informasiya vasitələrinin, mətbuatın qarşısında müasir dövrün tələblərindən irəli gələn mürəkkəb vəzifələr durur. Azərbaycan Prezidentinin sərəncamında qeyd edildiyi kimi, Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Yaşadığımız informasiya, sürətli qloballaşma əsrində, dövlətlər və millətlər arasında sərhədlərin tədricən silindiyi, milli informasiya məkanı anlayışının artıq mübahisələrə səbəb olduğuvahid informasiya məkanı anlayışı ilə əvəzləndiyi müasir dövrdə müstəqilliyimizə qarşı təhdidlər hələ də səngiməmişdir. Ermənistanla müharibə vəziyyətində cəmiyyətimiz, mətbuatımız hər an sayıqlıq nümayiş etdirməli, ölkəmizə qarşı törədilən informasiya təxribatlarına adekvat cavab verilməli, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hücumçu mövqeyimizi gücləndirmək üçün bütün səylərimizi səfərbər etməlidir. Bu gün cəmiyyətimizin informasiya təhlükəsizliyinin təmin edilməsi mətbuatımız üçün heç də aktuallığını itirməyib, əksinə, daha böyük zərurətə çevrilib.

 

Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - deyə Prezident İlham Əliyev bildirib.

 

Azərbaycan dövləti mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi isə qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil. Lakin Azərbaycanın uğurlarını gözü götürməyən antiazərbaycançı dairələr mətbuatla bağlı məsələlərdə də ölkəmizə qara yaxmağa çalışırlar. Təbii ki, həmin dairələr Azərbaycanda televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayının ildən-ilə kəskin artdığını yaxşı bilirlər. Azad sözə yaradılmış imkanların nəticəsidir ki, Azərbaycan müasir dünyanın informasiya məkanında mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. Eyni zamanda bir çox tanınmış xarici KİV-in Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir. Ən əsası dünyanın çox az sayda ölkəsində mətbu orqanının təsis edilməsi ilə bağlı ölkəmizdəki kimi liberal qaydalara rast gəlmək olar. Hətta demokratik ənənələri ilə öyünən cəmiyyətlərdə belə bu qaydalara təsadüf etmək çətindir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 2-3 iyun.- S.15.