Vətənə olan sevgim, Vətənə olan
həsrətimdən daha üstündür
Səbinə Aydın Hidayət Sultan: "Son illər diaspor anlayışı beynəlxalq münasibətlərin
vacib elementinə çevrilir"
"Dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır"
Son illərdə diaspora sahəsində müsbət tendensiya müşahidə edilməkdədir. Qeyd edilən sahədə müşahidə etdiyimiz müsbət tendensiyalardan biri gənclərin daha fəal, aktiv olması, eyni zamanda bu sahəyə müvafiq olan dövlət qurumunun onların potensialından istifadəyə üstünlük verməsidir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin bir sıra ölkələrdəki koordinatorları məhz gənc və perspektivli, bu sahədə kifayət qədər təcrübəsi olan soydaşlarımızdır. Onlardan biri də hazırda Qahirə şəhərində yaşayan, "Futures Education System" inglis dili təhsil-təlimi üzrə müəllim və baş mütəxəssi, eyni zamanda Azərbaycan Respulikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoru Səbinə Aydın Hidayət Sultandır. "OLAYLAR" olaraq Səbinə Aydın Hidayət Sultanla söhbətimizdə həm diaspor, həm də iş həyatından danışdıq, Misirdə yaşayan soydaşlarımız, onların bu ölkədəki məşğuliyyəti və s. barədə söhbətləşdik.
-Səbinə xanım, öncəliklə özünüzü oxucularımıza bir qədər yaxından tanıtmağınızı istərdik
-Mən Səbinə Aydın Hidayət Sultan Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil almışam. İlk ali təhsilimi Odlar Yurdu Universitetində İdarəetmə və Maliyyə-Kredit fakultəsində (bakalavr) almışam və məzun olmuşam. 2-ci ali təhsilimi Azərbaycan Dövlət İqatisad Universitetində almışam və Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin (bakalavr) məzunuyam. 3-cü ali magistr təhsilim Ukrayna Dövlət Daxili İşlər Universitetində olub və həmin təhsil ocağının fərqlənmə diplomu ilə məzunu olmuşam. Təhsilim üzrə çox saylı elmi məqalələrim, həmmüəllif olduğum kitablarım var. Valideynlərimin mənim üzərimdə böyük rolu var. Onlar ziyalı insanlardır, başa düşürdülər ki, ən böyük investisiya təhsildir. Onların sayəsində təhsilimi aldım. Uşaqlıqdan xarici dillərə və nağıllar ölkəsi olan Misirə olan böyük maraq nəticəsində. Misir, Qahirə şəhərində yaşamağa qərar aldım. Hazırda Qahirə şəhərində
"Futures Education System" inglis dili təhsil-təlimi üzrə müəllim və baş mütəxəssi vəzifəsindəyəm. Eyni zamanda Azərbaycan Respulikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoruyam.
-Ölkədən kənardan, uzaq Misirdən baxanda Azərbaycan necə görünür? Bir azərbaycanlı kimi kənardan müşayət edərkən nələri gürürsünüz, hansı qənaətə gəlirsiniz?
-Vətənim Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkələrdən biridir. Bu gün müstəqil Azərbaycanımın öz dövlətçilik siması, inkişaf yolu vardır. İqtisadi-sosial islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Son illər ərzində görülən işlərin miqyası, Azərbaycan dövlətinin dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət layihələri, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da gücləndirilməsi bu həqiqəti bir daha təsdiqləyir.
-Bildiyimiz qədər uzun illərdir ki, Vətəndan kənarda yaşayırsınız, Ukraynada ali təhsil almısınız və hazırda da Misirdə yaşayırsınız. Bu illər ərzində olubmu ki, Vətən həsrəti bütün təhsil və ya iş həyatını üstələsin və Azərbaycana dönmək qərarı vermək istəyinə düşəsiniz?
-Vətənə olan sevgim, Vətənə ola həsrətimdən daha üstündür. Soruşa bilərəsiniz niyə?! Vətəndən kənarda olduğumda xarici ölkələrdə Azərbaycanımı tanıdıram, təmsil edirəm, siyasi və mədəni maraqlarını qoruyuram. Düşünürəm ki, xaricdə yaşadığım üçün Azərbaycan həqiqətlərini dünyaya və xüsusilə də İslam və Ərəb dünyasına çatdırmaq şansım daha çoxdur. Yaqinki bu da mənə Allahdan verilən bir missiyadır.
-Ümumiyyətlə, Azərbaycan, ölkə yadınıza düşəndə nəylə təsəlli tapırsınız?
-Mənim və ya hər bir xaricdə yaşayan Azərbaycan soydaşımın hər bir uğuru ilə təsəlli alıram.
-Siz həm də Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatorusunuz. Misirdə Azərbaycan diasporunun durumunu necə xareakterizə edərdiniz?
-2018-ci ilin avqustunda Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən AXC-nin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay düşərgəsi təşkil olunmuşdu. 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan "Cümhuriyyətin 100 illiyi" Diaspor Gənclərinin I Yay Düşərgəsinın Misirdən qatılan iştirakçısı oldum. Fəal iştirakçı olduğum üçün sertifikatla və Şəkidən gözəl bir kalağayı hədiyyəsi ilə mükafatlandım.
Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları tərəfindən "Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi"nin yaradılmasına qərar verildi. Bu barədə bəyannamə və qətnamə elan olundu. Bu, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi öhdəlikləri öz üzərinə götürür. Beləliklə, mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Misir üzrə koordinatoru seçildim.
-Bu ölkədə təxminən nə qədər azərbaycanlı yaşayır və onların əsas məşğuliyyəti nədən ibarətdir?
-Ümumi məlumata görə, Misirdə 350-500 nəfər arasında soydaşlarımız var. Çox təssüf ki, biz Misirdə çox deyilik. Misirdə çox saylı tələbələrimiz var. Misir bizim soydaşlarımızın əksəriyyuətini elmlə, tarixlə, şərqşünaslıqla və ən əsası dinə olan böyük bağlılığı ilə cəlb edir.
-Misirdə Azərbaycanı təbliğ etmək, ölkə həqəqətlərini Misir cəmiyyətinə çatdırmaq nə dərəcədə asan və ya çətindir?
-Təbii ki, asan deyil. Hər bir zəhmətin gələcəkdə öz bəhrəsi olacaq. Vətənə olan bağlılığım hər bir çətinliyi üstünləyir.
Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının Misirdəki Səfirliyi və Misirin kinomatoqrafları ilə birgə əməkdaşlıq nəticəsində, Xocalı Soyqırımını dünyaya tanıtmaq məqsədilə sənədli film çəkərək ilk dəfə Ərəb dünyasına ərəb dilində nümayiş etdirdik. Mən və kiçik bacım Sandi bu filmdə cəkildiyimizə görə çox qürurlanırıq.
-Bütün dünyanı bürüyən pandemiya günlərində Misirdə yaşayan soydaşlarımız hansısa çətinliklərlə üzləşdilərmi və onlara istər təxliyyə prosesi, istərsə də zəruri qida və ləvazimatlarla təminatda hansı formada dəstək, yardım göstərildi?
-Təəssüflər olsun ki, pandemiyanın yaratdığı gərginlik Misirdən də yan keçməyib. Karantinin birinci mərhələsi 17 martdan etibarən başladıqda burada təhsil ocaqlarının fəaliyyəti dayandırıldı. Hazırda Misir virusun yayılmasının artıq ikinci mərhələsini yaşayır. Gecə saat 20:00-dan, səhər 06:00-a qədər komendant saatı tətbiq olunub. Hər axşam Misirin Səhiyyə Naizirliyindən virusa yoluxanlarla bağlı rəsmi rəqəm elan olunur. Misir ən az virus yoluxan ölkələrdən biri olsa da, yoluxanların sayı günü-gündən artır. Bu da həyatı iflic vəziyyətinə salır. Misir höküməti bu bəladan minimum qurtulmaq üçün ciddi addımlar atır. Bu virusla mübarizəyə bizim pulla 10 milyard manatdan çox maliyyə ayrılıb. Bu işə ciddi nəzarət edirlər.
Misirdə yaşayan azərbaycanlılara gəlincə isə mütəmadi olaraq dostlarımızla, tələbələrimizlə əlaqə saxlayırıq.
Misirdəki səfirliyimiz onlarla mütəmadi əlaqə üçün "qaynar xətt" yaradıb. Burada azərbaycanlıların sayı çox olamasa da, tələbələr, bizneslə məşğul olan azərbaycanlılarımız yaşayır. Təhsil sistemi fəaliyyətini dayandırsa da "online" şəkildə şagirdlərimə dərs deyirəm.
-Ümumiyyətlə, bu ölkədə yaşayan azərbaycanlılardan virusa yoluxan oldumu?
-Rəbbimizə çox şükürlər olsun ki, Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur.
-Qeyd etdiyimiz kimi Siz Misirdə Diasporla İş üzrə Dövlət Komitəsinin koordinatorusunuz. Ümumiyyətlə, hazırda Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirərdiniz?
-Gördüyüm qədər son illər diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilir. Əhatə edən dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, lobbi və diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu artıq bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib.
-Son olaraq həm fəal diaspor təmsilçisi, həm də aktiv gənc olaraq ölkə gənclərinə nə kimi tövsiyələriniz var?
-Bütün gənclərə səslənirəm. Özlərini daimi inkişaf etdirsinlər, komfort zonasından çıxmaq çətindir, amma xüsüsi istəyim o olardı ki, xarici dil biliklərini inkişaf etdirib, komfort zonalarını tərk edə bilsinlər. Qarşınıza çıxan bütün çətinliklərin ancaq çox sərt çalışaraq öhdəsindən gələ bilərlər. Ambisiyalı və cəsarətli olsanız nəticələriniz özünüzü kəşf etdirəcək. Sonda fikirlərimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin unudulmaz sözləri ilə bitirmək istərdim. "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".
Süleyman İsmayılbəyli
Olaylar.- 2020.- 2-3 iyun.- S.13.