Prezident İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib

 

 

1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar aldı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı. Millətin gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan reket jurnalistikası da məhz o günlərdən bizə qalan yadigardır. Özbaşınalığa, tamahkarlığa, qanunu pozmağa öyrənmiş bu insanlar hətta mətbuata da ləkə vurmaqdan çəkinmədi və Azərbaycan ziyalısının adına qara yaxmağa başladı.

 

Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, dəhşətlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, Azərbaycanın da bu çətinliklərdən, böhrandan xilas olduğu gün gəlib çatdı...

 

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi

 

hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı.

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".

 

1998-ci ildə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görüldü.

 

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib.

 

Prezident İlham Əliyev jurnalistlərlə görüşlərinin birində azad mətbuatın inukişafı üçün daha əlverişli şəraitlərin yaradılacağını bildirdi. Przidentin sözlərinə görə, məhz demokratik dəyərlərin qorunması və xalqla iqtidarın birliyi Azərbaycanı qlobal təhlükələrdən qoruyur : "O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın."

 

Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirərək, onu  illərdə "Jurnalistlərin dostu" seçmişlər.

 

Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilmişdir. Mövcud reallıqlar kütləvi informasiya vaistələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr də qoyur. Preziden İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində daha təsirli rol oynamalı, qolbal informasiya məkanının, müasir

 

informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağ bacarmalıdır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 9-10 iyun.- S.15.