Keçmişdən gələcəyə nə daşıyırıq?

 

 ON ÜÇÜNCÜ YAZI - YUNUS OĞUZ YAZIR

 

 

 

Fəlsəfi-tarixi-publisist düşüncələrim

 

Epiqraf

 

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

 

On üçüncü yazı

Birinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/365495

İkinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/sosial/366212

Üçüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/367202

Dördüncü yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/368146

Beşinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/369204

Altıncı yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/370131

Yeddinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372032

Səkkizinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/372741

Doqquzuncu yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/377950

Onuncu yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/378785

On birinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/379514

On ikinci yazını buradan oxuya bilərsiniz  https://olaylar.az/news/siyaset/380399

a) tarix ibrətdir

 

Bundan, yəni bu qiyamdan öncə 25 may 1993- cü ildə SSRİ deyilən məkandan ilk dəfə olaraq rus qoşunları çıxarıldı. Bunu, hətta Baltikyanı respublikalar, hətta Almaniya birdən-birə edə bilmədi. İndinin özündə də bunu imperiyadan ayrılan bəzi müstəqil dövlətlər etmək imkanında deyillər. Qəbələ RLS-də xidmət edən rus

 

hərbiçilərdən başqa Azərbaycan dövlətinin ərazisində bir rus əsgəri də qalmadı. Qəbələ RLS də 2012-ci ildə tam bağlandı, bununla da proses bitmiş oldu. Azərbaycan tərəfinin qətiyyətli addımını Moskva rəsmiləri bağışlaya bilməzdi. Elə o zaman Kreml Qarabağətrafı bufer torpaqlarının işğalı planını hazırladı. Moskva Azərbaycanın beynəlxalq arenaya Rusiyasız çıxmasını istəmirdi və hər nə yolla olursa olsun bunun qarşısını almağa çalışırdı. Bunu yalnız bir ildən sonra işğal ərazilərinin sayının artan bir vaxtda, 20 sentyabr 1994-cü ildə, min bir əziyyətə qatılan Heydər Əliyev edə bildi. Məhz bu tarixdə "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri" və "Çıraq" yataqlarının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanınn 11 ən iri şirkəti "Əsrin müqaviləsi"ni imzaladılar. Bununla da Azərbaycanın "Yeni neft strategiyası" doktrinası həyata keçirilməyə başlandı.

 

1993-cü il iyunun 4-ü isə Qiyam günü idi. "Cəncə qiyamı" adlanan bu tarixi Azərbaycanın çağdaş müstəqillik dövrünün ən utancverici tarixi kimi də qiymətləndirmək olar. S. Hüseynovun rəhbərliyi altında Gəncədə yerləşən 709  saylı hərbi hissəni tərkisilah etməyə gedən 35 nəfər xüsusi qvardiya döyüşçüləri elə avtobusda qətlə yetirildilər. Bir çox yüksək rütbəli dövlət məmurları girov götürüldü. Bu, heç pöhrələnməmiş, hələ yeriyə bilməyən dövlətə qarşı qəsd idi və müstəqil Azərbaycanı elə beşikdəcə boğmaq planı idi. Təəssüflər olsun ki, burada sapı özümüzdən olan baltalar xüsusi fəallıq göstərirdilər. Haşiyə çıxaraq bildirirəm ki, bu qiyamı hazırlayan xaricdəki qüvvələr elə öz maşalarımızın əlləri ilə hərbi-siyasi böhranı dərinləşdirmək və vətəndaş müharibəsinə təkan verməklə gələcəkdə Azərbaycanı altı yerə bölməyi planlaşdırırdılar. Bunun qarşısını isə xalqın tələbi və hakimiyyətin dəvətilə Bakıya gələn Heydər Əliyev ala bildi. Yoxsa, sonra da biz bölünmüş torpaqlar haqqında da əfsanələrlə özümüzü sakitləşdirməli olacaqdıq. Ümumiyyətlə Azərbaycanı bu bəladan qurtaran, hər bir hadisəni ümumiləşdirib nəticə çıxaran və bu nəticənin nə ilə bitəcəyini gözəl anlayan, təhlil edən Heydər Əliyev haqqında hələ çox yazmalı olacağıq.

 

Bu qiyamdan dörd ay əvvəl, yəni fevral ayında bir neçə yüksək rütbəli zabit, o cümlədən keçmiş müdafiə naziri və S. Hüseynov da daxil olmaqla hakimiyyətə qarşı, onun devrilməsi üçün birgə bəyanat imzaladılar. Bəyanatda deyilirdi ki, hakimiyyəti devirmək bu sənədi imzalayanların ən ümdə məsələsidir. Fikir verirsinizmi, bunu bir neçə hərbçi bildirirdi. Qarabağ və müharibə, Ermənistan və erməni hərbi birləşmələri yaddan çıxmışdı. Bəyanata imza atan hərbçilərin də əksəriyyəti cəbhəyanı bölgələrdə xidmət edirdilər. Erməni hərbi birləşmələri bundan istifadə etdilər. Bəlkə də bu sənədi imzalayanlarla gizli danışıqlar aparıb Kəlbəcərin işğalına şərait yaratdılar. Nədir, bu xəyanət deyildimi?  Bu yeni yaranmış dövlətin kökünə balta vurmaq idi ki, S. Hüseynov onu da etdi. Bir məsələni də qeyd edim. Kəlbəcərdən qaçqın düşən insanların passionar hissəsini Gəncədə yerləşdirdilər. Onların içində Aypara deyilən, özü də sosial-demokrat partiyasının üzvü olan bir nəfər vardı. Sonradan S. Hüseynov hakimiyyəti qəsb edib bir il müddətinə baş nazir olanda onun mətbuat xidmətinin rəhbəri oldu.  Sonradan müəmmalı şəkildə həyatını itirdi. Həmən bu adam ev-eşiklərini itirmiş kəlbəcərlilərin hisslərini qızışdıraraq onları hakimiyyətə qarşı yönəldir, Gəncə şəhərində də ovqat yaradır, bununla da ediləcək qiyama haqq qazandırırdılar. Görürsünüzmü "uzaqvuran toplar" necə işləyir, özü də hiss olunurdu ki, böyük bir qurumun hazırladığı planın qiyam iştirakçıları, bilərəkdən, ya bilməyərəkdən tələsinə  düşdülər. İnsanlar hələ dövlət anlayışının nə olduğunu bilmirdilər. Onlar üçün yalnız Vətən anlayışı vardı, dövlət təfəkkürü anlayışı sonradan yaranacaq və bu, indi də davam edir. Hər vətəni, torpağını itirəni xüsusilə körükləyib dövlətə qarşı qoyurdular. Psixologiyaya və hissə köklənmiş belə bir mürəkkəb kombinasiyanı hazırlamağa qiyam edənlərin ağlı və təfəkkürü çatmazdı. Belə kombinasiya yalnız kənarda hazırlanıb qiyam icraçılarına ötürülə bilərdi.

 

Azərbaycan o illərdə hələ ki, milli təfəkkürlə idarə olunurdu. Belə təfəkkürün də mətəsi Vətən idi, Dövlət təfəkkürü ilə düşünən bir insan vardısa, o şəxsin Heydər Əliyev olduğunu deyə bilərik. Hakimiyyətə gələndən sonra onun qlobal dövlət təfəkkürlü düşüncəsi ilə çox qısa bir müddətdə, demək olar ki, hərbçilər cəzalandırılacaq, qiyama siyasi dəstək verənlər isə yenidən müxalifətə keçəcəkdilər.

 

Hələliksə qayıdaq qiyam günlərinə. Bu kitabın epiqrafında bir cümlə yazmışam: "Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai statusla eyniləşdirilir".

 

Fikir verdinizmi son sözə: "Dövlət anlayışı məmur və ictimai statusla eyniləşdirilir". Bax, o zaman belə idi və çox təəssüflər olsun ki, elə indinin özündə də bundan tam mənada xilas ola bilməmişik. O zaman isə daha betər idi, hər kəs özünü potensial prezident kürsüsündə görürdü, çünki " xalq zərbi bir zindana vurmurdu"  və hakimiyyət uğrunda mübarizə Qarabağı və erməniləri unutdururdu. Liderlərin əksəriyyəti düşünürdü ki, prezident Elçibəy "zəifdir" və tezliklə onun yerini hərəkatdan çıxanlardan biri tutmalıdır. Belə düşünürdü Etibar Məmmədov, İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Rəhim Qazıyev, Sürət Hüseynov, Nizami Süleymanov, İxtiyar Şirin, daha kimlər... kimlər...

 

Hər kəs də Xalq və Milli Azadlıq hərəkatlarındakı xidmətlərini gözə soxurdu. İstədiyi vəzifəni verməyəndə müxalifətə keçirdi. Hətta, eləsi tapılırdı ki, Ali Baş komandan dura-dura güc strukturlarının səlahiyyətlərini Milli Məclisə, konkret olaraq  onun sədri İsa Qəmbərə verilməsini təklif edirdi. Bir sözlə "Xalq cəbhəsi" hakimiyyəti deyilən iqtidarın sonluğunda xaos, başıpozuqluq göz qabağında idi.

 

Belə düşünməyən bir insan vardı, o da Heydər Əliyev idi. O da hakimiyyətə gəldi. H. Əliyev siyasi şahmat taxtasının arxasında oturub öz gedişlərini edirdi.  Lazım gəldikdə korrektələr və bu oyuna düzəlişlər verirdi. O sözün əsl mənasında siyasi yetginliyini və nəhəngliyini göstərdi. Faktiki olaraq heç iki il keçmədi ki, silahlı müxalifəti aradan qaldırdı  siyasi müxalifətə isə hansı şərtlərlə mübarizə aparmağın yolunu göstərdi. Bir sözlə dövlət anlayışını fərdlə və siyasi partiyalarla eyniləşdirmək statusunu aradan qaldırdı. Düzdü, ömrünün sonunda bəzi məmurlar belə fikrə düşdülər, amma bunun da qarşısı alındı. Bu isə yeni kitabın mövzusudur.

 

Qayıdaq mövzuya.

 

Qiyam baş verdi. Ölkədaxili qüvvələrin mərkəzdən qaçma prosesi sürətləndi. Ermənilər isə fürsət gözləyirdi. Şuşa, Laçın, Kəlbəcər işğal olunmuşdu. Növbə aran Qarabağı rayonlarının idi. Bir neçə ay keçəcəkdi, onlar bu niyyətlərini həyata keçirəcəkdilər. Belə ki, bir-birinin ardınca 23 iyul 1993-cü ildə Ağdam, 23 avqust 1993- cü ildə Füzuli və Cəbrayıl, 31 avqust 1993- cü ildə Qubadlı və 29 oktyabr 1993- cü ildə Zəngilan rayonları işğal olundu.

 

Baxın! İyun ayında başlanan qiyamın əks-sədası haralara gedib çıxdı, nəticələri nə qədər də üzücü oldu. BMT-nin bu rayonların işğalı ilə bağlı daha üç qətnaməsinin də (853, 874, 884) heç bir köməyi olmadı. Əvəzində onsuz da ağır olan Azərbaycanın vəziyyəti daha da ağırlaşdı. Ölkəni üçüncü qaçqınlar və köçkünlər (birinci dalğa Ermənistandan, 2-ci dalğa isə Dağlıq Qarabağdan gələnlər idilər) dalğası bürüdü. Bunun nəticəsində təcavüzün qurbanları rəsmi statistikada (baxmayaraq bunların heç birilə mən razılaşmıram, rəqəmlərin daha çox olduğunu düşünürəm) həlak olmuşların sayı iyirmi min, əlillərin sayı əlli min, itkin düşmüşlərin sayı isə 4011 nəfər göstərilir. Görürsünüzmü, cəmi bir neçə aya nə qədər insan resursu itirdik. Bunların içində gələcəkdə doğulacaq körpələr dövlətimizin quruculuğunda fəal   iştirakçıları da ola bilərdi. Neçə sosial təbəqəmizi-ziyalımızı, sənətkarımızı, məmurumuzu, fermerimizi, kəndlimizi, fəhləmizi, hətta bəlkə də dünya şöhrətli insanlarımızı itirdik. Bu işğalın nəticəsində nə qədər insan mənəvi zərbə və yara aldı, neçələri xəstəliklər tapdı, dünyasını dəyişdi. Qaçqın-köçkün düşərgələrində neçəsi istidən, soyuqdan dünyasını dəyişdi, bunu hesablamırıq. Elə bilirsiz vaqonlarda, yaxud çadırlarda bir neçə ailənin yaşaması asandır, özü də hər ailə beş-yeddi nəfərdən ibarət olurdu. Bu nəsili bizim üçün itirilmiş nəsil hesab etmək olar. Dostum, yazar Aqil Abbas demişkən "Çadırlarda Üzeyirlər (Üzeyir Hacıbəyov nəzərdə tutulur - Y. O.) doğulmurlar".

 

Ardı var...

 

Milli.Az

Yunus Oğuz

 

 

Olaylar.- 2020.- 9-10 iyun.- S.9.