Qərbi Azərbaycanın Zəngəzur
bölgəsinin Laçın nahiyəsinin sakral toponimləri,
maddi-mənəvi irsi və coğrafiyası
( I məqalə)
Bax
gözüm, dolan gözüm,
Sulanıb dolan, gözüm.
Getdim, bəlkə
gəlmədim,
Dağları dolan, gözüm.
1905-1920-ci
illərdə
azğınlaşmış erməni-daşnak
quldur dəstələrinə
qarşı Zəngəzurda
və Qarabağda xalq
müqavimət hərəkatının təşkilatçısı
və qəhrəmanı əslən Laçın nahiyəsinin
Kürdhacı kəndindən olan Sultan bəy Əlipaşa bəy
oğlunun (1871-1955) 1920-ci illərin əvvəllərində
doğma Vətəninin
şimal hissəsindən ayrılaraq Cənubi Azərbaycana
köç edərkən söylədiyi bayatı.
Qərbi
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddində
uzanan Zəngəzur dağlıq silsiləsi (Qapıcıq
zirvəsi, 3906 m, Kiçik Qafqaz dağlarının Azərbaycan
Respublikası ərazisində ən hündür yeri) ilə Qarabağ dağlıq silsiləsi (Qızqala zirvəsi, 2843 m) arasında yerləşən
Qarabağ dağlıq yaylası (Dəlidağ zirvəsi,
3616 m) əski Zəngəzur
bölgəsi hüdudlarını bütünlüklə əhatə
edən qədim tarixi-coğrafi ərazi olmaqla, həm də zəngin
maddi-mədəni və sakral-mənəvi irs abidələri
ilə zəngin olan yurdumuzun düşmən hədəflərində
olan bir hissəsidir.
Ümumilikdə, Qərbi Azərbaycanın
ayrı-ayrı sakral coğrafi məkanlarında,
ayrılıqda Zəngəzur ərazisində islamaqədərki
Alban mədəniyyətinə və müsəlman-türk
dünyasına məxsus dini-irfani, müqəddəs ziyarət-ibadət
məkanlarının, mistik-ruhsal ocaqlarının yaranması
ilə yanaşı,
etimoloji-morfoloji sakral genetik yer adlarının (toponimlərinin) inzibati-ərazi vahidi kimi
yaranması da istisna deyil, xüsusilə Laçın nahiyəsi
hüdudlarında.
Ərazidə
üstünlük təşkil edən etno-genetik sakral
düşüncə-şüur
təməlindən və
milli-etiqad dəyərlərindən yaranan yer
adlarının (sakral toponimlərin-teotoponimlərin)
üstünlük təşkil etməsi ilk növbədə
bölgənin Alban mədəniyyəti dövrünə qədərki,
həmin dövr və eləcə də İslam mədəniyyəti
tarixinin əski kökləri ilə bağlıdır. Bu
baxımdan nahiyənin Hacıxanlı, Hacılar, Mollalar,
Kürdhacı, Hacısamlı, Böyük Seyidlər,
İmanlar, Yığın
Seyidlər və Haqnəzər kəndlərinin
adlarını çəkmək kifayətdir. Qeyd etmək
lazımdır ki, tarixi dövrlər ərazində
bütöv Azərbaycan coğrafiyası üçün sakral toponimlərin əmələ
gəlməsi daha səciyyəvi olmuşdur. Bu baxımdan "Seyidlər" toponiminə
bütöv və bütün Azərbaycan ərasizinin
inzibati-ərazi vahidi kimi Xaçmaz, Samux, Zərdab, Saatlı,
Salyan, Ağdam, Zəngilan, Kəlbəcər, Basarkeçər,
Mehri rayonlarında, eləcə də Cənubi Azərbaycanda
Qəzvin nahiyəsində rast gəlinməkdədir.
Laçın
nahiyəsinin Höcazsu və Həkəri çayları
arasında, Şəlvə çayı sahilində, yüksək
dağlıq ərazidə, altı-üstü meşəlik
sahədə (Minkənd kəndinin yaxınlığında)
yerləşən Böyük
Seyidlər kəndinin mövcud
tarixi-coğrafi etimoloji irsi, sakral maddi abidələri xüsusilə əhəmiyyətlidir. Bu kənd Laçın şəhərindən 10-15
km şimal-qərbə tərəf yerləşməklə qədim
tarixi-coğrafi, dini keçmişi ilə fərlənən
yaşayış məntəqələrimizdəndir.
Belə ki, bu kəndin müqəddəs, ziyarət olunan seyid
ocaqlarının (ailələrinin) ayrı-ayrı ərazilərə
paylanması nəticəsində
Laçın rayonunda
Yığın Seyidlər kəndi (bu kənd
Qırxqız dağının ətəyində,
Şuşa şəhərindən 70 km aralıda yerləşir,
əsasını Məşədi Mehdi Mehdixan oğlu qoyub),
Ağdam rayonunda Seyidli kəndi yaranmış, eləcə də
müxtəlif yerlərdə onların adları ilə
bağlı müqəddəs-ziyarətgah ocaqlarının
törəməsinə səbəb olmuşdur.
Bu
sırada Qarabağ bölgəsinin məşhur "Seyid Lazım Ağa
ocağı"nı (hazırda Ağdam rayonu, Çəmənli
kəndində türbəsi yerləşir) göstərmək
olar.
Seyid
Lazım Ağa 1880-ci ildə Zəngəzur
qəzasının Laçın nahiyəsinin Böyük
Seyidlər kəndində doğulub, "Quranı-Hafiz"
olub, böyük kəramət sahibi kimi Ağanın ailəsi Çəmənli kəndinə
yüzbaşı Alı bəyin
dəvəti ilə köçüb, bir müddətdən
sonra Şıxbabalı kəndində yaşayıb. Seyid Lazım
Ağa 4-cü imamımız Həzrəti-Əli
ibn-Hüseyn Zeynülabidinin (659-713) nəslinə mənsub
olub. 1914-1920-ci illərdə xalq qəhrəmanı Sultan bəy Əlipaşa
bəy oğlunun müqavimət dəstəsində daşnak-erməni quldurlarına
qarşı (A.Ozanyanın başçılığı ilə)
döyüşmüşdür.
Ümumiyyətlə, deyilənlərə
görə, Böyük Seyidlər kəndinin əsasını
XII-XIII əsrlərdə Səudiyyə Ərəbistanın
Hicaz bölgəsindən köçüb gəlmiş tərəkəmə-bədəvi
ailələlərindən olan Seyid Əli Xəlifənin soyu-şəcərəsi tərəfindən
qoyulmuşdur. Zəngəzur və Qarabağ bölgəsinin ən
ağır-kəramətli seyidlərindən biri kimi Seyid
Əli Xəlifə bu kənddə dünyasını dəyişmiş,
onun məzarı üstündə
sərdabə tikilmiş və məşhur ziyarət
ocağı kimi dini-irfanı məbədə
çevrilmişdir.
Onun nəsil
şəcərəsindən olan "Seyid Hüseyn
ocağı" da bu kəndin
ziyarətgahı olmaqla, ətraf
kəndlərdən, ellərdən
gələn ziyarətçilərin, ibadət əhlinin
üz tutduğu sakral məkanlardan
biridir.
Qarabağın
tanınan kəramət-irfan sahiblərindən olan Xudavəndə
Xəlifənin nəvəsi Hacı İbrahim ağanın bu
kənd qəbirstanlığındakı məzarı "Güllü qəbir piri" də müqəddəs yer kimi
Böyük Seyidlər kəndinin
ibadət ocağıdır.
Böyük
Seyidlər kəndinin sakral və maddi-tarixi abidələri
sırasındakı nadir tikililərdən biri də XVII-XVIII əsrə aid Həkəri çayının
sağ qolu olan Şəlvə çayı üzərindəki
birtağlı "Seyidlər
körpüsü"dür.
Sakral-toponimik
coğrafi məkan olan Böyük Seyidlər kəndinin dini-irfani soylarından Seyid İsmayıl Məşədi
Məmi oğlunun (1828-1914) və Seyid Məşədi
İmran Ağanın (1840-1932), Hacı Mirəziz
ağanın (1867-1928) adları
xüsusi ehtiramla çəkilir. Həm də tərəkəmə
ailələri kimi onların qış düşərgələri
Aran Qarabağda Xaçınçayın Şahbulaq hövzəsində,
yay otlaq binələri isə Dəlidağın,
Keçiddağın yaylaqlarında (əsasən "Hürü
yaylağı", "Ağ düz yaylağı",
Lolabağırlı kəndindən 5-10 km aralıda)
qurulardı.
Belə
deyirlər ki, Hacı Mirəziz ağa arandan yaylağa tərəkəmə
elatı ilə köç edəndə
Xaşınçay çayının yuxarı hissələrində
(Vəngli, Dovşanlı kəndləri
yaxınlığında) bir neçə erməninin zəmisinə ilxısı girir, əkinə ziyan vurur. Hay-daşnak ünsürləri bundan hirslənib
Ağa ilə şiddətli mübahisə edir, tək bir nəfərdən
başqa. Ağa əli ilə onu göstərir
və haylara cavab verir ki, sizi görüm hamınız bu bir nəfərin
umuduna qalasınız.
El yaylaqdan
qayıdanda məlum olub ki, Ağa göstərdiyi hayın zəmisindən
başqa qalanlarınkı yanıb külə dönüb...
Seyid Məşədi
İmran Ağa Sultan bəyin ən yaxın
silahdaşlarından və məclisinin hörmətli şəxslərindən
idi. O, Xorasan şəhərində 12 ali dini təhsil alsa da,
1905-1918-ci illərdə Zəngəzurda və Qarabağda hay-daşnak quldurlarına
qarşı döyüşlərdə iştirak etməklə
yanaşı, həm də yerli özünümüdafiə
dəstələrinin təşkilində və təminatında
yaxından iştirak etmişdir, qardaşı Seyid
İsmayıl Ağa ilə birlikdə.
Halal və
bərəkətli heyvandarlıq təsərrüfatı ilə
məşğul olan Seyid İsmayıl uca böylu, pəhlivan
cüssəli və qüvvətli bir igid olub. Zəngəzurda
tanındığı kimi, yaxın Naxçıvanda,
Borçalıda, Cənubi Azərbaycanda, hətta Dərbənd
mahalında da
iqtisadi-ticari əlaqələri olmuşdur.
XIX əsrin
50-60-cı illərində belə ticari-tərəkəmə ilişgilərin
yapıldığı indiki Mahaçqala şəhərinin
bazarında sürü ilə apardıqları heyvanların
işərisindəki çılğın bir cöngəni ərən-erkəklər
tuta bilmirmiş. Yaxınlığdakı bulaqdan səhənglə
qayıdan bir qız səhəngi bir qırağa qoyaraq ələ
keçməyən, vurnuxan, özünü daşa-divara çırpan cöngənin
singirindən (arxa qıçlarının qatlanan yerindən)
tutur... verir... əldən düşmüş tərəkəmələrə.
Seyid İsmayıl bu mənzərəyə kənardan
baxırmış, adını belə bilmədiyi, soyunu-kökünü
tanımadığı bu cəngavər gözəlin hərəkətləri onu tutur və
elə oradaca əhdini kəsir.
Nəhayət,
uzaq Zəngəzur dağlarından, Qarabağ mahalından gələn
Seyid İsmayılın dəstə-qəfiləsi ticari
işlərini görüb qurtarır, geri qayıtmaq məqamında
Ağa onları geri yola salır, özü isə orada
qalası olur.
Bir
neçə gündən sonra Seyid İsmayıl yorğa kəhərin
belində gəlir həmin bulağın üstünə, yenə
səhənglə suya gələn həmin qızdan içməyə su istəyir.
Bulaqüstdə tayqulp mis qabı uzadan qızın qolundan
yapışan Seyid onu anidəcə tərkinə alır və
çaparaq götürülür. Kəhərin
nalından qopan çınqılar güllə səsi
çıxarır. Qaçırıldığını
bilən qız Seyidin belindəki xəncəri qınından
siyirir onun başına vurur, yaralayır. Cavabında
Ağa deyir ki, başımı kəssən də, leşim səni
buraxmaz. Beləcə, bir xeyli
çapdıqdan sonra bir yurd yerində dayanırlar. Seyid
İsmayıl fikrini və özünün subay olduğunu
bildirir, ürəyi yumşalan qız köynəyi ilə
Seyidin yarasını sarıyır və üstəlik ürəyini də ona verir. Ağa Nənəxanım
adlı həmin qızı gətirir Böyük Seyidlər
kəndinə, onunla ailə qurur və ömrünün
sonunadək birgə yaşayırlar, onların məzarları
kənd qəbirstanlığındadır.
O
dövrün tarixi olaylarını yaşadan yaşlı
adamların (Lolabağırlı kənd sakinləri Məşədi
Tanrıverdi Məşədi Allahverdi oğlunun (1840-1910), Paşa
Məşədi Tanrıverdi oğlunun (1880-1984), Bəyimxanım
Paşa qızının (1924-2008), Böyük Seyidlər kənd
sakini Seyid Məhəmmədtağı
Seyid Əli oğlunun (1899-1987)...)
söhbətlərinə görə, bu hadisədən bir xeyli keçəndən sonra
Dağıstandan, qız evindən 10-15 atlı dəstə-qafilə
gəlir Böyük Seyidlər kəndinə, görsünlər
ki, qızları necə yaşayır, ailəsi kimdir...
özləri ilə bərabər dizi aynalı, əli
toqqalı bir pəhləvan da gətiriblərmiş... Qonaqlar yurda-ocağa çatanda Seyid ismayıl evdə
yox imiş, yaylaqda imiş. Axşamtərəfi o da gəlir,
həyətdə oturan ağsaqqallarla, qonaqlarla
görüşür... və qıraqda meydan gözləyən
pəhləvanının əlini necə sıxırsa
qonağın barmaqları partlayır, qan
fışqırır...
Böyük
Seyidlər kəndinin irfan-iman ocaqlarının
davamçılarından olan Seyid Mirəli Seyid Məhəmmədtağı
oğlu kəramət sahibi kimi sələflərinə layiq bir ömür
yaşamaqdadır. Keçən əsrin 50-ci illərinin
sonunda baş verən bir hadisə haqqın və
halallığın dəyərləndirilməsi
üçün daha ibrətamizdir. Belə ki, o yaşda onun bir
qoyunu və bir quzusu olanda, onları da kəndin
sürüsünə qatıb yaşlı coban həmkəndliləri
ilə otaranda amansız tamah çobanlardan birinin
ağlını başından alır, onu şeytani yola
sürükləyir, gizlincə quzunu kəsib evinə
aparır. Xəbər tutan balaca Mirəli
ağlayır, sıtqayır, nəticəsi olmur, hətta həmin
adamdan ağır söz də eşidir. Bir neçə
gündən sonra yaylaqda həmin sürünü
ildırım vurub külə döndərir (380 baş
qoyun-quzu ilə birgə) və həmin çobanı da
öldürür...
Ümumiyyətlə,
Azərbaycanın sarkal coğrafiyasının təşəkkülündə
ruhsal-duyğusal inanc ocaqlarından doğan teotoponimlərə
bütün bölgələrdə rast gəlinir və
onlarla bağlı el deyimlər həm də tarixi məlumat-bilgi
yükü daşımaqdadır. Bu baxımdan Laçın nahiyəsinin
Lolabağırlı kəndində keçən əsrin
20-ci illərində məskunlaşmış Seyid
İsmayılın (1890-1965) ailəsi hay-daşnak qulduru
A.Ozanyanın 1915-1920-ci illərdə Qərbi Azərbaycanın
Göyçə mahalına basqınlar edərkən əvvəlcə
Naxçıvana (Ordubad nahiyəsinə)
köçmüş, bir müddətdən sonra bu kənddə
yurd-yuva qurmuş, dinclik tapmışlar. Ona el
arasında "Qara Molla" deyirdilər. İnanılmış
kəramət sahibi, savadlı din xadimi və iman əhli
olduğundan ətraf rayonlardan (Cəbrayıl, Bərdə,
Ağdam, Zəngilan, Gorus...) da yanına ziyarətə gələnlər
olurdu. Haqqı danıb nahaqqa üz tutanalara camaat öz
etirazını belə bir deyimlə bildirirdi:
- Səni
görüm, ağzını Qara Molla yumsun.
(Yazının
hazırlanmasında Qərbi Azərbaycanın
Zəngəzur mahalının
Laçın nahiyəsinin
Lolabağırlı kənd sakini Hacı Bayram Paşa
oğlunun (1936), Böyük Seyidlər kənd sakinləri
Seyid Mirəli Seyid Məhəmmədtağı oğlunun
(1949) və Qabil Seyid Mirəli
oğlunun (1980) məlumatlarından istifadə
edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universietinin müəllimi
Olaylar.- 2020.- 18-19 iyun.- S.14.