Azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir

 

 

Azərbaycan milli mətbuatın yaranmasının 145 illiyi ərəfəsindədir. Məlumat üçün qeyd edək ki, milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. "Əkinçi"nin fəaliyyəti üçün əsas seçdiyi prinsiplər - maarifləndirmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ölkəmizdə milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən "Əkinçi" cəmiyyətin güzgüsünə, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirərək cəhalətə, haqsızlığa qarşı mübarizəni, maarifləndirməni əsas hədəfləri kimi irəli sürdülər.

 

Hüquqşünas Əli İbrahimov deyir ki, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli yolunu bir neçə mərhələyə bölmək olar. Onun sözlərinə görə, Cümhuriyyət tariximizi təhlil edərkən azad mətbuatın inkişafına, yeni fikrin formalaşmasına yaradılan şəraitə xüsusi diqqət yetirməliyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz Cümhuriyyət tariximizin öyrənilməsi, həmin dövrdə buya digər sahənin inkişafı üçün yaradılan möhkəm bazanın təbliği idi: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın təməli qoyuldu. Ümumilikdə XX əsrin əvvəllərində nəşr edilən mətbuat orqanlar milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının təbliğində mətbuatın misilsiz xidmətləri vardır. Təəssüf ki, bu mərhələnin ömrü uzun olmadı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun fəaliyyəti müddətində formalaşan baza Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafının davamlılığında, ölkəmizin buya digər sahələrdə uğurlu addımlarında stimulverici amil rolunu oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrü əhatə edən mərhələnin 70 ili kommunizm ideologiyası dövrü ilə bağlıdır. Həmin illərdə fərqli düşünmək, yazmaq ümumiyyətlə, qadağan edilmişdi. 1969-1982-ci illərdə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycanın müstəqil gələcəyinə xidmət edən addımların atıldığı dövr kimi xarakterizə olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. 1991-ci ildə SSRİ-nin dağılması ilə öz dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan ilk illərdə böyük faciələrlə, çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixində, həmçinin cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri sırasına xaos, anarxiya və özbaşınalığın yaratdığı azad sözün, fikrin, mətbuatın hər addımda boğulması da daxil idi".

 

Natiq qeyd edib ki, ümummilli Liderin hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin əsasları yaradıldı: "Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın reallıqlarının təbliğatçısı, cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv olundu. 1999-cu ildə mütərəqqi "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli lider Heydər Əliyev jurnalist əməyini yüksək dəyərləndirirdi: "Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir." Bir mühüm məqamı da qeyd edək ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdığından 2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla fərman və sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Son 17 ildən artıq dövrdə ulu öndər Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, hər bir ölkənin inkişaf səviyyəsi mətbuatın inkişaf səviyyəsi ilə sıx bağlıdır. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də mühüm addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Bütün bunların nəticəsidir ki, son 17 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Dövlətimizin başçısı, həmçinin "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir" fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Keçilən yola qısa baxış fonunda Azərbaycan mətbuatının parlaq gələcəyini daha aydın görürəm". Hüquqşünas onu da deyib ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi və sair kimi məsələlər çox vacibdir: "Bu vəhdət fonunda ərsəyə gələn hər hansı bir materialın ictimai fikrə təsir imkanları da geniş olacaqdır. Dövlətimizin başçısı İlham Əliyevin "Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 17 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir" fikirləri Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda bu istiqamətdə də əldə etdiklərinin ümumiləşdirilmiş ifadəsidir. Peşəkarlıq və məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın əqidəsinə, tutduğu yola, məqsəd və məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın prinsiplərinə hansı səviyyədə yanaşmasını da ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözlərini xatırlatmaq istərdim: "Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır." Günümüzün əsas tələblərindən olan informasiya təhlükəsizliyinin təmin edilməsi də jurnalist məsuliyyətini və peşəkarlığını aktuallaşdırır. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır".

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 19-22 iyun.- S.15.