Sosial şəbəkələrdən siyasi məqsədlər üçün istifadə təhlükəlidir

 

 

Bu sahədən istifadə şəffaflaşsa sağlam təfəkkürlü istifadəçilərin sayı artmış olacaq

 

Müasir dövrümüzün tələbatı olan internetin məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bütün bu sadalananlar insanlara bilik əldə etmk ücün İnternetdən ən geniş şəkildə istifadə etmək imkanları verir. Bu gün İnternet mühitində ən populyar layihələrdən biri sosial şəbəkələrdir. Odur ki, bir çox qabaqcıl ölkələrdə informatika, xarici dil, coğrafiya və digər sahələrin müəllimləri internet resurslarından təhsil və təlim məqsədi ilə istifadə etməyə başlayıblar. Əgər bir neçə il öncə sosial şəbəkə serverləri gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa və onlara çox ziyanlı, gənclərin tərbiyəsinə mənfi təsir göstərən layihələr kimi, İnternetə isə kefiyyətsiz referatlardüzgün olmayan informasiya mənbəyi kimi baxılırdısa, son zamanlar İnternet şəbəkəsinə münasibət tamamilə dəyişmişdir. Artıq yeniləşdirilmiş virtual elektron kitabxanalar, virtual ensiklopediyalarsosial şəbəkələr hesabına İnternet müsbət xarakter almış və tədrisdə geniş istifadə olunmağa başlamışdır. Günümüzdə sosial şəbəkələr aktual məsələlər sırasındadır. Hər kəs sosial şəbəkədən yararlanır. Şəbəkədən istifadə müsbət və ya mənfi yönümlü ola bilər. Şəbəkənin inkişafı informasiya bolluğuna, ünsiyyət prosesinin daha optimalrahat olmasına şərait yaradır. Sosial şəbəkələrin simulyasiyasında, şəbəkənin üzvlərinin qarşılıqlı təsiri, fikirlərinin dinamikası nəzərə alınmaqla, təsir şəbəkələri kimi, onların təhlilinə ehtiyac var. İnformasiyatelekommunikasiya texnologiyalarının inkişafı ilə yeni növ resursların - online sosial şəbəkələrin əhəmiyyəti son on il ərzində şəbəkə istifadəçilərinə təsir edən fikirlərin yayılması vasitəsi kimi əhəmiyyətli dərəcədə artmışdır. Sosial medianın yaradılmasında və formalaşmasında tarixin əsas xüsusiyyətlərindən biri olan yeni biliklərin sürətlə daimi artımıdır. Şəbəkə xidmətlərinin ilk nəsli İnternet sayılır, daha çox ziyarətçilər bir yerdə işləməyə və məlumat mübadiləsinə şərait yaradan bir xidmət deyil, ziyarətçilər artıq məlumatları saxlayan və istifadə edən yerdir. Çox təəssüf ki, hazırda sosial şəbəkələrdən əhalini informasiya ilə təmin etmək, insanları maarifləndirmək funksiyasını yerinə yetirmək əvəzinə şəxsi maraqlar üçün istifadə halları artıb. Artıq sosial şəbəkələrdən siyasi məqsədlər üçün istifadə edilir, insanların şərəf və ləyaqəti təhqir olunur. Məhz bu kimi amillər nəzərə alınaraq sosial şəbəkələrin qanunla tənzimlənməsi məsələsi gündəmə gəlib.

 

Milli Məclisin deputatı Tamam Cəfərova hesab edir ki, bütün sahələrdə olduğu kimi, sosial şəbəkələrin də fəaliyyəti qanunla tənzimlənməlidir. Deputat qeyd edib ki, dünya alimləri sosial ünsiyyət portallarını bəşəriyyəti məhvə aparan silah kimi qiymətləndirsələr də, bu şəbəkələrin üstünlüklərini də inkar etmək olmaz. Sosial şəbəkələrin inkişafı məlumatlılıq, ünsiyyətin daha optimal olması baxımından xüsusi rola malikdir. Lakin istənilən sahələrdə olduğu kimi, sosial şəbəkələrin bütün subyektlərinin də fəaliyyətinin qanunlarla tənzimlənməsinə ehtiyac var. T.Cəfərova diqqətə çatdırıb ki, 2020-ci il mayın 28-də ABŞ Prezidenti Donald Tramp "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb. Söhbət ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair qərardan gedirbu sıradan bir qərar deyil. Hələ 1996-cı ildə qəbul edilmiş "Kommunikasiya Müdafiə Aktı"nın 230-cu paraqrafının fəaliyyətinin dayandırılması ilə bağlı D.Trampın qəbul etdiyi bu qərar təkcə ABŞ-ın özü üçün deyil, eyni zamanda bütün dünya ölkələri üçünmühüm əhəmiyyət daşıyır."Belə ki, ABŞ prezidenti öz qərarında göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır. Bura Tvitter, Facebook, İnstaqram, Teleqram və digər beynəlxalq miqyaslı sosial şəbəkələr daxildir. Trampın qərarı ilə ləğv edilən sözügedən paraqrafda göstərilirdi ki, texnoloji şirkətlər və ya sosial şəbəkələr yayılan istənilən məlumatın məzmununa və dezinformasiya olub-olmamasına görə məsuliyyət daşımırlar. ABŞ prezidentinin son qərarından sonra texnoloji şirkətlərin və sosial şəbəkələr bundan sonra hüquqi məsuliyyət daşıyacaqlar. Daha dəqiq desək, sosial şəbəkələr öz platformalarında yayılan informasiyalarn məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar". Millət vəkili bildirib ki, dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri-etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesiburadan idarə olunur. Əlavə edib ki, D.Trampın bu addımı təbii ki, siyasi mahiyət daşıyır. Biz bilirik ki, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Bu baxımdan ictimai fikri çaşdıran və ya yönləndirən, heç bir sərhəd tanımayan, məsuliyyət prinsipindən uzaq olan sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinə ehtiyac var idi. "2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərində sosial şəbəkələrin ictimai rəyə təsiri ilə bağlı qalmaqalı yəqin ki, xatırlayırsınız."Facebook" istifadəçiləri haqqında məlumatların toplanması, ötürülməsi faktı böyük bir qalmaqala səbəb olmuşdu. Seçkiyə müdaxilə iddiası, nəticələrin ləğvi təhlükəsini yaratmışdı. Bu baxımdan, heç bir məsuliyyəti, öhdəliyi olmayan sosial şəbəkələrin hansısa qüvvələrin alətinə çevrilməyəcəyinə heç bir təminat ola bilməz". Deputata görə, ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, sosial şəbəkələrin də fəaliyyətinin qanunla tənzimlənməsi vacibdir. Təbii ki, qanunlar hansısa fəaliyyəti məhdudlaşdırmır, sadəcə insanların məsuliyyət sferasını cızır, manevr imkanlarını müəyyənləşdirir."Bu gün biz sosial şəbəkələr vasitəsilə hakimiyyətlərin qeyri-qanuni yolla ələ keçirilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırışların şahidi oluruq. Bu təxribatları biz xeyli vaxtdır ki, öz üzərimizdə hiss edirik. Saxta profillərlə Azərbaycan iqtidarına qarşı min cür oyunlardan çıxan sapı özümüzdən olan baltaların arxasında duran xarici qüvvələrin məqsədi hamıya məlumdur. Azərbaycanda sabitliyi pozmaq, öz iddialarını diqtə etmək... Bu isə dövlətlərin milli təhlükəsizliyinə birbaşaciddi təhdiddir ki, bu da yolverilməzdir. Biz bunu Azərbaycana qarşı xarici qüvvələrin fəaliyyətində də görmüşük və görməkdə davam edirik. Bunların qarşısı birmənalı alınmalıdır. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənsə, həmin qüvvələrin onsuz da zəif olan təsiri sıfıra enəcək. Eyni zamanda, qaydalar sərtləşdirilsə, sosial şəbəkələrdən istifadə şəffaflaşsa, sağlam təfəkkürlü istifadəçilərin sayı da artmış olacaq. Düşünürəm ki, bu tənzimləmə beynəlxalq və milli səviyyələrdə aparılmalıdır. O cümlədən də Azərabaycanın bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsinin zamanıdır. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbulu artıq labüddür. Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə müəyyən edilməlidir".

 

Millət vəkili   Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan dövləti sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməlidir: "Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz faktdır. Müasirləşən dünyada münasibətlər sistemi dövrün informasiya-kommunikasiya mexanizmlərinə inteqrasiya ilə şərtlənir. Son illər hədsiz dərəcədə kütləviləşən sosial media resursları, sanki, real aləmə paralel bir virtual dünya formalaşdırıb və hər bir insan özünü buya digər formada həmin virtual aləmin bir parçası kimi hiss edir". Deputatın sözlərinə görə, müasir dünyada hər kəsin, bir növ, informasiya istehsalçısı kimi çıxış edə bilməsi sosial media vasitələrini əvəzolunmaz platforma halına gətirsə də, onun mənfi təsirləri də mövcuddur: "Bu platformada münasibətlər sistemi hüquqi müstəvidə tənzimlənmədiyi təqdirdə, sosial şəbəkələr terrorizmin, şiddət və nifrətin təbliğ olunması, şəxsiyyətin şərəf və layaqətinin alçaldılması, habelə narkotik vasitələrin internet üzərindən satılması, süni yollarla kütləvi narazılığın yaradılması, vətəndaş müharibələri və s. kimi ağır fəsadlara zəmin yarada bilir". Sosial şəbəkələrin məsuliyyətsizliyinin artıq real təhlükəyə çevrildiyini vurğulayan E.Mirbəşiroğlu qeyd edib ki, sözügedən sahədə bu gün müşahidə olunan ən aktual problemlərdən biri paylaşılan məlumatlara görə sosial şəbəkə rəhbərliyinin cavabdehlik daşımamasıdır: "ABŞ Prezidenti Donald Trampın imzaladığı sonuncu sərəncam isə həmin müddəanı dəyişdirmək məqsədi daşıyır. Yəni artıq sosial şəbəkələrin rəhbərliyi saxta profillərdən yayılan nifrət, şiddət, terrorizm təbliğatına, böhtanlara, təhqirlərə, fərdin şərəf və ləyaqətinin pozulması faktlarına, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar. Onu da qeyd etmək lazımdır ki, Donald Trampın bu təşəbbüsünə dünya dövlətləri tərəfindən böyük dəstək nümayiş olunmaqdadır". Onun sözlərinə görə, sosial şəbəkələrlə bağlı universal standartların tətbiq olunmasını zəruri hesab edən qlobal tendensiya gedir: "Azərbaycan da sosial şəbəkələrin ən xoşagəlməz təsirlərinə məruz qalan ölkələrdən biridir. Bütün neqativ hallara baxmayaraq, ölkəmizdə sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran heç bir addım atılmayıb. Hesab edirəm ki, insanların sosial media vasitələrindən istifadəsinə tamamilə dözümlü yanaşan Azərbaycan dövləti, eyni zamanda, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməlidir".

 

Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanda fikir, söz və məlumat azadlığından sərbəst istifadə məqsədilə hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının təmin olunması məqsədilə qanunvericilk bazası yaradılıb, mətbuatın müstəqilliyi təmin olunub, istənilən məlumatı əldə etmək üçün dövlət qurumlarında cavabdeh şəxslər müəyyən edilib. İnsafən qeyd edilməlidir ki, hazırda ölkədə istənilən vətəndaş demokratiyanın təməl prinsiplərindən hesab edilən bu azadlıqlardan sərbəst şəkildə istifadə imkanına malikdir. Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən biri  də kütləvi informasiya vasitələrinin azadlığıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratikləşmə prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün formalaşmış hüquqi təminatlarda öz təsdiqini tapmaqdadır. Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət göstərir, insanların internetə çıxışı ən yüksək səviyyədədir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda sosial şəbəkələrin də fəaliyyətinin normal məcrada tənzimlənməsi təmin ediləcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 23-24 iyun.- S.15.