Tarix yalnız arxada qalmır, həm də
öndən gəlir...
Yunus Oğuzun
"Ovçu" romanı haqqında
Azərbaycan
ədəbiyyatını bir-birinin ardınca (və kifayət
qədər böyük istedadla) qələmə
aldığı tarixi romanlarla zənginləşdirmiş
Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə,
yəni müasir dövrün olaylarına müraciət etməsi,
fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha
da yaxınlaşmaq, məzmun-mündərəcəsinə,
metafizikasına, mahiyyətinə daha dərindən varmaq və
nəticə etibarilə, tarixdə bu günü, bu gündə
isə tarixi anlamaq istəyindən irəli gəlir.
"Ovçu"
romanı (və onun müəllifi), ilk növbədə,
bizim yaddaşımızdakı belə bir məlum fəlsəfi
müddəanı təzələyir (və təfərrüatca
zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə
təkrar olunduğuna görə, onun gərdişindən dərs
almayan xalqlar çox tez-tez "sürprizlər"lə
qarşı-qarşıya dayanmalı olurlar. Ancaq,
görünür, müəllifin (və
"Ovçu"nun) əsas ideyası, tarixdən (istər
Alp Arslan, istərsə də Nadir şah dövrlərindən)
nə qədər tutarlı "misallar" gətirsə də,
həmin məlum fəlsəfi müddəanın
xatırladılmasından daha çox , 2016-cı ilin məşhur
aprel hadisələrinin tarixi məzmununun bütün
miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət
edir.
Azərbaycan ordusu 2016-cı ilin aprel ayının ilk
günlərində Ali Baş Komandanın öndərliyi ilə,
doğrudan da, tarixlərə sığmayan bir Tarix yaratdı
ki, Yunus Oğuz "Ovçu"da həmin Tarixi
yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə
bundan sonra hələ çox yazılacaqdır, Yunus
Oğuzun əsərinin dəyəri bir də onunla müəyyən
edilir ki, o, ilk böyük işi görmüş, ilk uğurlu
ideya-bədii təfsir modeli təqdim etmişdir.
Romanda
üç Murad haqqında söhbət gedir: XI əsrdə
Alp Arslanın Ani qalasını almasına öz yeni silah
icadı ilə kömək edən dəmirçi Usta Murad,
XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi
olmuş Murad xan və bizim günlərin qəhrəmanı
- "Ovçu" ləqəbli hərbi kəşfiyyatçı
Murad Mirzəyev...
Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin
bir mənzərəsi digərilə əvəz olunur, ancaq dəyişməyən
iddialar, maraqlar, konyukturlar mövcuddur ki, onlardan ən mənhusu
ermənilərin hakimiyyət hikkəsidir. Və bu hikkə
bütün amansızlığı ilə Qriqoryan kilsəsi
tərəfindən körüklənərək hər
addımda çaxnaşmalar, münaqişələr, faciələr
törədir...İnsan mənəviyyatı, qadın ləyaqəti
tapdanır. Və ən dözülməzi də odur ki,
bütün bunlar hansısa mücərrəd, qeyri-müəyyən
məqsədlərə çatmaq üçün bir vərdişə,
peşəyə çevrilir... Romanda erməni xislətinin
tarixin hər mərhələsində üzə
çıxa biləcək yaramazlıqları birbaşa tarixdən
alınmış konkret faktlarla təqdim olunur; məsələn,
yüz illər boyu himayəsində yaşadıqları Bizansı
imkan düşən kimi Səlcuqlara satmaq istəyən erməni
heyətini Alp Arslan qapıdan qovur:
"Sultanın
baxışlarından keşiş özünü itirdi, sanki
canına vicvicə düşdü:
Sultan həzrətləri!
Biz sizin qulunuzuq! Sizə, - sakit səslə dilləndi, -
sədaqət andı içə bilərik.
O, istehza
ilə soruşdu:
- Bizans
imperatoruna içdiyiniz sədaqət andı kimi, eləmi?
Alp Arslan
qayıdıb taxtına oturaraq qərarını verdi:
Ani alındıqdan sonra, yalnız müsəlman olanlara əl
vurulmayacaq. Qalanları qarət olunacaq. Qərarım
belədir. - Əli ilə söhbətin
bitdiyini bildirdi. - Gedə bilərsiniz..."
Yaxud
başqa bir misal... Erməni katalikosu Nadir şaha müraciət
edir ki, Qafqazdakı gürcü və Alban kilsələrini
erməni kilsəsinə tabe etməkdə onlara kömək
göstərsin, ancaq tamamilə təbiidir ki, öz hayasız
təklifi (və qeyrətsiz hərəkətləri) ilə
şahın qəzəbinə tuş gəlir:
"Katalikos bu sözlərdən zərrəcə
tutulmadı, ya da özünü o yerə qoymadı. Hiyləgərcəsinə
gülümsəyib cavab verdi:
Ey böyük şah, bu gözəl erməni
qızlarını ona görə gətirmişəm ki,
şəxsən sizə xidmət etsinlər, cariyəniz
olsunlar.
Qaraginin
yaltaq və qeyrətsiz olması şahı
acıqlandırdı, əsəbi şəkildə dedi:
Mənim
cariyələrə ehtiyacım yoxdur! Mənim əsgərə
ehtiyacım var. Ordumda gürcülər, kürdlər, əfqanlar,
bütün qızılbaş tayfaları var, amma bir dənə
də olsun tumluq erməni yoxdur. Məgər ermənilərdə
kişi tapılmır? Əmr verdi. - Çıxarın bu qəhbələri
burdan, varınızdırsa kişi gətirin!"
Məsələ burasındadır ki, bu düşük
"mübarizə üsullar"ı yalnız tarixdə
qalmır, bu gün də davam edir və müəyyən məqamlarda
ermənilərin müvəqqəti "uğurlar"
qazanmasına da gətirib çıxarmaqla bütöv bir
millət miqyasında xəstə təxəyyülün
kütləviləşməsinə rəvac verir.
"Ovçu" Murad ermənilərə yalnız mənsub
olduğu xalqın deyil, həm də özünün
birbaşa tərcümeyi-halı ilə "borcludur". Onun babası Muradı ermənilər
ona görə öldürtmüşlər ki, öz doğma
yurdunu tərk etmək istəməmiş, müqavimət
göstərmişdi... Və onların Göyçədən silah
gücünə qovulan ailəsi minlərlə digər ailələr
kimi Kür-Araz ovalığında, təbiətinə,
ab-havasına adət etmədikləri şəraitdə
yaşamağa məhkum olmuşdu.
Romanda Muradı peşəkar bir hərbçi olaraq erməni
cəbhəsinə gətirib çıxaran hadisə- səbəbləri
müəllif böyük ustalıqla təsvir edib əsaslandırır. Sevdiyi qızla nişanlanan
Murad öz ailəsini də hərbi həyatın gələcək
çətinliklərinə, ağrı-acılarına
hazırlayır... Çünki bu, onun taleyi idi...
Azərbaycan
hərbçisinin həm peşəkarlıq, həm də vətənpərvərlik
və ya mənəvi-psixoloji hazırlıq baxımından
daha mükəmməl bir şəkildə yetişməsində
milli mənbələrə, örnəklərə əsaslanılması
ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb önə
çəkilir... Müdafiə naziri komandası altında
olan zabitdən tələb edir ki, Azərbaycan əsgəri
Suvorovdan yox, milli hərb tarixindən gətirilmiş nümunələrlə
formalaşsın...
"Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq
İraqda Yanqaz dağını aşaraq düşmənə
arxadan zərbə vurdu və bunun nəticəsində
bütün İraqı ələ keçirdi. Nəinki
İraqı, hətta Hindistanı, Orta Asiyanı da
özünə tabe etdi. Nadir şah
xristian olsaydı, o zaman Suvorovdan deyil, ondan
danışardılar, hərb tarixində ondan misal gətirərdilər.
XIX əsrdə onu Şərqin Napoleonuna bənzədirdilər.
- Nazir fikirlərini bitirib əsas məsələyə
keçdi. - Bütün bunları qısaca ona görə
danışdım ki, biləsən. Bizim də
şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə,
zabitlərə aşılamaq lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda
babalarına bənzəmək, qəhrəmanlıq etmək
istəyir".
Əlbəttə, 2016-cı ilin aprel hadisələrinin
təsviri müəllifdən yalnız bədii istedad deyil, həm
də ciddi siyasi-ideoloji hazırlıq, hərbi işə,
onun spesifik texnologiyalarına bu və ya digər səviyyədə
bələdlik tələb edir. Və romanda bu baxımdan maraq
doğuran, yazıçının istedadının çoxtərəfliliyini,
eyni zamanda aprel hadisələrinin gedişini dərindən izləyib
araşdırdığını göstərən məqam-detallar
kifayət qədərdir...
" -
İrəli! İrəli aslan əsgərlərimiz! İndi hər şey sizdən asılıdır.
Lələtəpə və Talış
yüksəkliklərini almayana qədər dayanmaq yoxdur.
İrəli!
Zirehli texnikaların mühərrikləri işə
düşdü. Mühərriklərin uğultusu hətta
ermənilərin arxa cəbhəsindən eşidildi.
Çox keçmədi ki, əsgərlərimiz hər
iki yüksəkliyi ələ keçirdilər. İtki minimal
idi. Düşmənin çoxlu
silah-sursatı, yaralısı, ölüsü ələ
keçdi.
Hücum o qədər ildırımsürətli idi ki,
erməni əsgərlərinin başılovlu qaçması
onların əvvəlcə kəndlərdə yaşayan əhalisini,
sonra isə Xankəndində, daha sonra da İrəvandakıları
həyəcan, çaşqınlığa, təşvişə
saldı. Kəndlərin əhalisi bir-birlərinə xəbər
verirdilər ki, qaçın, türklər gəlir. Əhali olub qalanını, kimin maşını
vardı maşınına, arabası olan arabaya, olmayanı isə
kürəyinə yükləyib Xankəndinə istiqamət
götürürdülər".
Romanda həm
hərbi əməliyyatların gedişi barədə
aydın məlumatlar verilir, həm də döyüşlərin
hansı strateji
nəticələrə gətirib çıxaracağı
siyasi-publisitik baxımdan, yeri gəldikcə (və mətnin bədii
keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir:
"Erməni komandanlığı başa
düşürdü ki, düşmən özünə gələn
kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq. Bunun da səbəbləri
vardı. Hesablanmışdı ki, əgər
bu yüksəkliklər geri alınmasa, birincisi Azərbaycan
ordusunda ruh yüksəkliyi qalxacaq, digər yerləri də
azad etmək həvəsində olacaq. İkincisi,
Azərbaycan iqtidarı xalqın tam dəstəyini
alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən
düşəcək, orduda rüşvətxorluğun,
korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə
olduğu aşkarlanacaq. Üçüncüsü, Azərbaycan tərəfi
çox güclü beynəlxalq dəstək alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll
etmək istəyən dövlətlərə ismarıc
göndərəcək ki, mən torpaqları müharibə
yolu ilə azad edə bilərəm. Bir
sözlə, əgər mövqelər geri qaytarılmasa, Azərbaycan
tərəfi öz şərtlərini diktə edəcək.
Hər iki tərəf bunu gözəl anlayırdı. Bir tərəf
bu hücumun qarşısını alıb, əks-hücumla
itirdiyini geri almaq, vəziyyəti əvvəlki halında
saxlamaq, digər tərəf isə bu uğurları davam
etdirmək fikrində idi".
Aprel döyüşləri yalnız hərbi-siyasi
xarakter daşımır, hər iki tərəfdən
mülki əhalinin də psixologiyasına, məişətinə,
həyatına, birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla
ermənilərdə tamamilə fərqli reaksiyalar
doğururdu...
"Xankəndinə tərəf dəhliz
açıldı. Kənddə bir qışqırıq
düşmüşdü ki, səsdən az
qalırdı qulaq tutulsun.
Bu yerlərin əhalisi Azərbaycan telekanallarına normal
baxa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də
əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi.
Hər ilin fevral ayında Xocalı
soyqırımı ilə bağlı keçirilən tədbirlərə
onlar da baxırdılar, hətta elələri vardı ki, bu
soyqırımla fəxr edirdilər.
İndi kənddə atışma imitasiyası
yaradılanda sakinlər elə bildilər ki, türklər
Xocalı soyqırımının qısasını alacaqlar. Odur ki, təşviş,
həyəcan, çaşqınlıq o həddə
çatmışdı ki, ər arvadı, ana balanı
atıb qaçırdı.
Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl
vurulmadı, heç bir ev qarət edilmədi.
Hətta bölüyün bir çox əsgərləri,
heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq,
sakinləri açılan dəhlizlə kəndən tez
çıxmağa tələsdirmək idi".
Romanda
öz doğma torpağını azad etməyə qalxan,
ölümün gözünə dik baxan vətənpərvər
Azərbaycan əsgərinin əhvali-ruhiyyəsi
işğalçı erməni ordusunun (və xüsusilə onun zabitlərinin,
komandanlığının) işbazlığı, pozğun
(və çürük) mənəviyyatı realist boyalarla
qarşılaşdırılmış və tamamilə zəruri
olaraq müəyyən təfərrüatlara
varılmışdır...
"Döyüş yerini bir neçə saat durbinlə
izləmələrinə baxmayaraq heç bir hərəkətlilik
müşahidə olunmurdu. Onlar doqquz nəfərin
yerini tapmadıqca həyəcanları daha da
çoxalırdı. Çünki Baş
Qərargahdan da hər yarım saatdan bir zəng edib məlumat
almaq istəyirdilər ki, kənd geri alınıb, ya yox?
Alınıbsa kəndin içində gedən
bu döyüş, atəş səsləri nədir? Yox alınmayıbsa, düşmən niyə məhv
edilmir? Komandir deyə bilməzdi ki, atan
yalnız bizimkilərdir. O məruzə edə bilməzdi
ki, iki tankımız sıradan çıxarılıb. Belə olduğu şəraitdə onun İrəvanda
vəzifə pilləsinin qarşısına böyük sual
işarəsi qoyulardı. Əslində,
erməni komandiri bu torpaqlardan çoxdan getmək istəyirdi.
Bilirdi ki, onlar Azərbaycan torpaqlarını
işğal ediblər. Amma hara gedəcəkdi? Yaxşı bilirdi ki,
Qarabağdakı o biri komandirlər kimi, onun da ailəsi
İravanda demək olar ki, girovluqdadır. Düz bir
söz demədinsə, etiraz elədinsə, dərhal səni ailənin
başına hansı oyunları gətirəcəkləri
ilə hədələyirlər. Onun özü
də burada bir növ girov kimidir".
Azərbaycan
zabiti Murad Mirzəyev isə həqiqətən (Tarixin!)
timsalıdır, vətən uğrunda kişi
kimi döyüşür, kişi kimi həlak olur...
"Ayaq səsinə gözünü açdı. Erməni
çalanın başımda durmuşdu. Fikirləşmədən
tapancanın ucunu qaldırıb atəş açdı.
O, çalanın içinə, elə onun yanına
yıxıldı. Kənardakılar ermənicə
qışqırdılar:
Burda hələ biri ölməyib. Bəlkə də
"Ovçu" deyilən budur.
Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə huşunu itirəcək. O zaman ermənilər onu əsir götürəcək, dindirəcəklər. Gözünün qabağına əsgərləri gəldi. Bütün şəhidlər və qazilər bir-bir gözünün önündə sıralandı. Amma üzündən təbəssüm çəkilmirdi. Generala verdiyi sözü yadına düşdü. "Komandir, mən əsir düşməyəcəm, son anda başıma bir güllə çaxacam". - Tapançanın lüləsini qaldırıb gicgahına dirədi. Fikirləşdi: "Görən komandir Fizzəyə sms göndərdi?" Ayaq səsləri daha bərkdən eşidilirdi.Güllə açıldı..."
"Ovçu"nun şəhid olması (və dünyaya yenidən gəlməsi!) onun atasının, anasının və həyat yoldaşının təhtəlşüuruna, Vətənin isə əbədi yaddaşına (Tarixə) çökür...
"... Xəbərin ağırlığından Fizzənin üstünə elə bil dağ yıxmışdılar. Özü özündən gizlənmək istəyirdi. Sən demə, ürəyinin içində bir ürək də varmış, bundan heç xəbəri olmayıb. Sən demə, o ürək Muradınmış. İndiyə qədər bunun heç fərqində olmayıb. Öz ürəyi dayananda, sinəsində döyünən ürək Muradın ürəyi olub. Ah, o bunun fərqini indi ayırd edə bilib. Onu da bilirdi ki, özünün ürəyinin yağı əriyib qurtarıb. İndi sinəsində Muradın ürəyi döyünür...
Ona "Milli Qəhrəman" adı verilmişdi. Dəfninə xalq yığılmışdı.
...Heç kimin gözləmədiyi halda Fizzə dilləndi: "Vətən sağ olsun! Dünənə qədər o mənim qəhrəmanım idi, bu gündən xalqın qəhrəmanıdır! Vətən sağ olsun!"
Əsərin sonunda verilmiş "4 aprel, Prezident Administrasiyası" fəsli Azərbaycan ordusunun 2016-cı ilin aprel qəhrəmanlıqlarının tarixi nəticələrini dəyərləndirmək, dövlət başçısının mürəkkəb beynəlxalq siyasi münasibətlər kontekstində həmin nəticələrə istinad edərək ondan xalqın, dövlətin gələcək taleyi, mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə (və diplomatik məharətlə) faydalanmaq əzmini təsvir edir.
Və roman özünəməxsus ideya-məzmun
çoxqatlılığı, təhkiyə polifoniyası ilə
çox aktual olan bir mövzunun bədii təfsirini sənətkarlıqla
təqdim etməklə yanaşı, bu sahədə yeni
yaradıcılıq axtarışlarına, fikrimcə,
geniş imkanlar açır.
Nizami
Cəfərov,
millət
vəkili, filologiya elmləri doktoru
Olaylar.- 2020.- 3-4 mart.- S.9;10.