Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi stimullaşdıran ciddi mexanizmlər hazırlanıb   

 

Fazil Talıbov: "Əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət ediləcək"

 

"Olaylar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talibovla ekskluziv müsahibəni təqdim edir.

 

- Fazil müəllim, nazirlik tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

 

-Son illərdə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza təkmilləşdirilib, bir sıra normativ hüquqi aktlar qəbul edilib. Yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin Qanunda qeyri-formal məşğulluğun anlayışı, habelə qeyri-formal məşğulluqla bağlı V Fəsil ("Qeyri-formal məşğulluq") əlavə edilib. Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq və əhatə dairəsini genişləndirmək məqsədilə respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə sıx əməkdaşlıq qurulub. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sədrinin rəhbərliyi və əlaqələndirmə komitələrinin rəhbərlərinin birgə iştirakı ilə 2018-ci və 2019-cu illərdə  2 ümumrespublika müşavirəsi keçirilib.

 

Azərbaycanda qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində məsuliyyət tədbirləri ilə yanaşı, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi stimullaşdıran ciddi mexanizmlər də formalaşdırılıb. 2018-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən "İşsizlikdən sığorta haqqında" Qanunun icrası olaraq, İşsizlikdən Sığorta Fondu yaradılıb, bu da aktiv məşğulluq tədbirlərinin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə imkan verib. İşçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisindən azad edilib, habelə məcburi dövlət sosial sığorta haqları üzrə maliyyə yükünün işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb. Vergi yükünün optimallaşdırılması məqsədi ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvarın 1-dən sadələşdirilmiş verginin dərəcəsi bütün ölkə ərazisində 2 faiz müəyyən edilib. Həmçinin, özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant, dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub.  

 

İnzibatçılığın təkmilləşdirilməsi və sahibkarların işinin yüngülləşdirilməsi üçün məcburi sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və əmək haqqından tutulan gəlir vergisinin toplanmasının vergi orqanları tərəfindən həyata keçirilməsinə başlanılıb. Bu, sahibkarlıq subyektlərinə hesabatların bir pəncərə prinsipi əsasında təqdim olunmasına və nəzarət tədbirlərinin bir orqan tərəfindən həyata keçirilməsinə imkan verib. Qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər bir sıra müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək Müqaviləsi Bildirişi altsisteminin məlumatına görə 2019-cu ilin sonuna  əmək müqaviləsi bildirişlərinin sayı 1.554.420 olub. Başqa sözlə, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb. Artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb. Ötən il əmək haqqı fondu isə 42,3% artıb, bu artımın 39% özəl, 45% isə dövlət sektoruna aid olub. Median əmək haqqında da 52% artım olub.

 

2019-cu ildə ölkə başçısının müvafiq fərmanları ilə minimum əmək haqlarının 93 faiz artırılması və digər mühüm sosial tədbirlər qeyri-formal məşğulluğun azaldılmasına müsbət təsir göstərib, əmək haqlarının rəsmiləşdirilməsi və əmək müqavilələrinin bağlanılması məsələlərində işçiləri həvəsləndirib. Qeyri-formal məşğulluğa qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, təsirli təbliğat-maarifləndirmə mühüm önəm daşıyır. Nazirlik tərəfindən bu mövzuda 60-dan çox yazılı məlumat, 80-dək süjet, 10 sosial çarx, 20-dən çox poster hazırlanaraq KİV və sosial şəbəkələrdə yayılmışdır. Əmək müqaviləsinin əhəmiyyətini təşviq edən kreativ mesajlar ictimai yerlərdə (lightbox-larda) nümayiş edilir. Tanınmış şəxslər və bloqerlər təbliğat kampaniyasına cəlb edilməklə videoçarxlar, həmçinin 50 mindən çox buklet hazırlanaraq yayımlanıb. Qeyri-formal məşğulluqdan zərər çəkən insanlarformal məşğulluğun faydası barədə qısametrajlı sənədli filmlərin çəkilişləri davam edir.

 

Bu günlərdə isə Prezident İlham Əliyev tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" 25 fevral 2020-ci il tarixli Fərman imzalanmışdır. Bu da ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir. Məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən bu informasiya sistemləri və ehtiyatlarının "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyadan geniş istifadə şəraitində nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq.  Belə ki, artıq yerinə getmədən sahibkar - məmur təması minimuma endirilməklə, işəgötürən barədə müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərindəki məlumatların yoxlanılması ilə, elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq. Nəticə etibarilə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, qeyri-formal məşğulluğun  qarşısıının alınması və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakıda və respublikanın bölgələrində mütəmadi olaraq işəgötürənlər arasında maarifləndirici tədbirlər keçirir.

 

-Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə hansı addımların atılması planlaşdırılır?

 

- Haqqı ödənilən ictimai işlər proqramına cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün 2020-ci ildə respublika üzrə mütəmadi monitorinqlər aparılacaq.  Proqrama qanunsuz cəlb olunma hallarının aşkar olunması məqsədilə ictimai işçilərin hazırda xarici ölkədə və ya fərdi sahibkar kimi qeydiyyatda olub-olmamaları müvafiq elektron sistemlər üzərindən yoxlanılacaq. Bu tədbirlər Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş "Haqqı ödənilən ictimai işlərə nəzarətin təmin edilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı"nda yer alıb. İctimai işçilərin işə davamiyyətinin yoxlanılması və bu sahədə səmərəli monitorinqin qurulması üçün DOST mərkəzlərinin xidməti ərazilərində monitorinqlər həyata keçirməsi nəzərdə tutulub. Əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət təşkil edilməklə, bu kartların hazırda özlərində olub-olmaması da seçmə üsulla yoxlanılacaq.

 

Eyni zamanda, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə KİV-ə mütəmadi məlumatlar veriləcək. Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq. Tədbirlər Planında  monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.

 

-Bəzi işəgötürənlər tərəfindən vakant yerlərinin gizlədilməsi barədə məlumatlar səsləndirilir. Nazirlik məşğulluğun təmin edilməsi sahəsində hansı tədbirlərin həyata keçirilməsini planlaşdırır?

 

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  "İşsizişaxtaran şəxslərin işə götürülməsi sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı" təsdiq edilib. Plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı  (ildə iki dəfə) rayon (şəhər) Məşğulluq Mərkəzlərinə təqdim ediləcək. Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant yerlərinin "Məşğulluq" altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanması nəzərdə tutulur.Eyni zamanda, işəgötürənlərin maraqlandırılması və işəgötürmənin stimullaşdırılması, işlə təmin olunma səviyyəsinin daha da artırılması üçün əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının  tətbiqi, işəgötürənlərlə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün sosial müəssisələrin yaradılması istiqamətində il ərzində tədbirlərin görülməsi də Planda yer alıb.Tədbirlər Planında "Məşğulluq" altsistemi, dördtərəfli müqavilələr əsasında peşə hazırlığının təşkili, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. mövzularda maarifləndirmə tədbirlərinin, dəyirmi masaların keçirilməsi də əksini tapır.

 

-Bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi şöbəsi və Dövlət Məşğulluq Xidmətinin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradıldı. Bu yenilik vətəndaşların əmək, məşğulluq, sosial müdafiə və sosial təminatına hansı töhfəni verəcək?

 

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər və Pirallahı rayon şöbələrinin bazasında Fondun 2 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Xəzər və Pirallahı rayon Məşğulluq Mərkəzlərinin bazasında Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılması Fondun və Xidmətin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədini daşıyır. 2019-cu ilin dekabr ayında Xəzər rayonunda yaradılan 2 saylı DOST Mərkəzi Xəzər və Pirallahı rayon sakinlərinə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərir. Hər iki rayon üzrə sosial-məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini 2 saylı DOST mərkəzi həyata keçirəcək. DSMF-nin 2 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli işləyəcək. Həmin Mərkəzlərdən daxil olan sənədlər və məlumatlar əsasında qanunvericiliyə uyğun sosial təminat növlərinin təyinatı və ödənişini yerinə yetirəcək. Bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

 

Həmçinin, Xəzər və Pirallahı rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsini, bu proqram çərçivəsində aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 2 saylı DOST mərkəzi aparacaq. 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaranişsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması, həll edilməsi, ərazi məşğulluq proqramlarının hazırlanması və s. sahələrdə işləri görəcək.

 

Alim

 

Olaylar.- 2020.- 5-6 mart.- S.10.