Azərbaycanda siyasi plüralizm yüksək səviyyədə təmin edilir

 

Dünyada, müstəqil dövlətlər və respublikalarda  demokratiyanı təcəssüm edən, onun daha da inkişafına təkan verən norma və prinsiplər vardır ki, hər bir müstəqil ölkə həmin prinsiplərin tam bərqərar olması, onun bir qədər də inkişaf etdirilməsinə çalışır. Zaman keçdikcə, vaxt ötdükcə meydana çıxan yeni-yeni prinsiplər, normalar da ölkələrin gündəlik həyatında, yaşam tərzində tətbiq edilməyə, inkişaf etdirilməyə başlayır. Əgər sovetlər dağılan və yeni-yeni müstəqil ölkələr yaranan ərəfədə demokratiyanın mühüm göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığı, eyni zamanda insan hüquq və azadlıqları hesab edilirdisə, sonrakı illərdə bu prinsiplərə, normalara plüralizm də əlavə edildi. Düzdür, pülaralizm hələ sovetlərin zamanında Avropada, Qərbdə mövcud idi. Həmçinin keçmiş sovetlərin zamanında da bəzi hallarda plüralizm ifadələri eşidilirdi. Lakin həmin dövrdə plüralizm sovetlərdə yalnız sözdə idi. Əməldə onu heç cür görmək mümkün deyildi. Özü də bu təkcə dini, yaxud mədəni plüralizm də özünü göstərmirdi. Eyni zamanda siyasi plüralizmdə də açıq-aşkar müşahidə edilirdi. Məsələn, ittifaq daxilində yalnız bir partiyalılıq hökm sürürdü. Kimlərinsə hər hansı bir partiya yaratmaq istəyinin olması, onun ifadə edilməsi belə qeyri-mümkün idi. Yaxud dini sahədə də plüralizm yox idi deyə bilərik. Sovetlərin zamanında xüsusilə İslam dininə qarşı olan nifrətedici münasibət, İslam dininə xas ibadət məkanlarının bağlanmasının fonunda bunu aydın şəkildə görürük.

 

Ancaq zaman keçdikcə, siyasi proseslər dəyişdikcə, ən əsası keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra plüralizm də bir termin kimi inkişaf etməyə, onun özündə ehtiva etdiyi məsələlər öz həllini tapmağa başladı. Düzdür, müstəqilliyin ilk illərində digər demokratik prinsiplər-fikir, söz, məlumat və ifadə azadlığı, insan hüquq və azadlılqları kimi plüralizm, xüsusilə də siyasi plüralizm sahəsində vəziyyət ürəkaçan səviyyədə deyildi.  Qeyd etdiyimiz kimi Azərbaycan da dünyada gedən siyasi proseslərə uyğun olaraq öz müstəqilliyini elan etsə də, lakin bu müstəqillik bir növ kağız üzərində idi. Qeyd etdiyimiz kimi hələ də ölkədə bir partiyalılıq prinsipi hökm sürürdü. Müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi xaos, anarxiyadan istifadə edən Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyəti ələ keçirmişdilər və yalnız onların siyasi varlığından söhbət gedə bilərdi. Ölkədə alternativ siyasi fikrin ifadə edilməsi, yaxud alternativ bir siyasi təşkilatın yaradılması kifayət qədər risqli və ağır bir proses idi.

 

Faktiki olaraq o zaman Azərbaycanda yalnız iki siyasi qüvvə normal qaydada fəaliyyət göstərirdi ki, bu da Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası idi. Baxmayaraq ki, 1992-ci il, noyabr ayının 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası təsis edilmiş və qısa zamanda güclü təşkilati struktura malik olmuşdu, amma buna rəğmən onun fəaliyyətinə ciddi şəkildə maneələr yaradılır, partiyanın müxtəlif şəhər və rayonlarda keçirilən toplantılarına polis müdaxiləsi edilirdi. Bir sözlə demokratiyadan, demokratik prinsiplərdən, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmdən ağız dolusu danışan "demokratlar" qətiyyən həmin prinsiplərə əməl etmirdilər. Ancaq 1993-cü ilin ortalarından etibarən ölkədə tamamilə fərqli situasiya meydana gəldi, "demokratların"  antidemokratik oyunlarından bezən xalq kütlələri, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının qurucusu, daim Azərbaycanı düşmüş olduğu böhranlı vəziyyətlərdən çıxaran Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Ümummilli liderin siyasi hakimiyyətə qayıtmasından qısa bir müddət sonra Azərbaycanda demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm məhz o zamandan etibarən inkişaf etməyə başladı. Tədricən həyata keçirilən siyasi islahatlar Azərbaycanı dünya birliyinin ayrılmaz bir hissəsinə çevirdi. Siyasi partiyaların normal, basqısız şəkildə fəaliyyəti üçün münbit şərait yaradıldı. Onlara istər paytaxt, istərsə də yerlərdə normal fəaliyyət göstərmək üçün lazımı imkanlar təşkil edildi, hər bir partiya müvafiq qərargah, ofislə təmin olundu. Artıq bütün dünya Azərbaycanın müstəqilliyin ilk illərindən fərqli olaraq hazırda tamam fərqli istiqamətdə, demokratik ölkələrə xas inkişaf yolu keçdiyini aydın şəkildə görür, bunu müsbət dəyərləndirirdi.

 

Hazırda da Azərbaycanda eyni müsbət tendensiya gedir və 1993-cü ildən başladığı demokratik cəmiyyət quruculuğu yolunu davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi yolu uğurla davam etdirilir.  Bu yol demokratik prinsiplərə sadiqlik, onu inkişaf etdirmək yoludur. Təsadüfi deyil ki, bu gün Azərbaycan məhz yuxarıda qeyd etdiyimiz prinsiplərin yaşadılması, inkişaf etdirilməsi baxımından bir çox ölkələrə nümunə olaraq göstərilir. Baxmayaraq ki, bəzən beynəlxalq aləmdə, əsasən Avropada erməni lobbisinin maddi dəstəyi əsasında fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilat və qurumları öz hesabatlarında Azərbaycanda demokratik prinsiplərin qorunmadığını, fikir, söz, məlumat və ifadə azadlığının təmin edilmədyini, siyasi plüralizmin mövcud olmadığını əsassız şəkildə iddia edirlər, amma reallıqda Azərbaycandakı mənzərə tamamilə fərqlidir. Bu gün Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilmədiyini iddia edənlər ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sayına nəzər yetirsələr daha məqsədəuyğun olar. Hətta Avropanın demokratik cəhətdən ən inkişaf etdiyi idia olunan ölkələrində Azərbaycandakı qədər kütləvi informasiya vasitəsi yoxdur. Bu gün paytaxtda, eləcə də bölgələrdə yüzlərlə gündəlik, həftəlik və aylıq dərc edilən medi orqanları mövcuddur. Əgər həmin media orqanlarının yönümünə, tutduğu xətdə nəzər yetirsək, aydın şəkildə görərik ki, onların içərisində hakimiyyət yönümlü kütləvi informasiya vasitələri ilə yanaşı, müstəqil şəkildə, eləcə də müxalifət düşərgəsinə xidmət edən media orqanları da var. O halda Azərbaycan hansı haqla fikir, söz və məlumat azadlığının təmin edilmədiyi ölkə hesab edilə bilər? Yaxud siyasi cameəyə diqqət yetirək. Bu gün Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası da fəaliyyət göstərir. Onların içərisində sağçısı da, solçusu da, liberalı da var. Bu azmış kimi hakim partiya ilə yanaşı həmin partiyalar da qanunverici orqanda təmsil olunurlar və onların bu və ya digər seçkilərdə iştirak edib namizəd irəli sürməsi üçün heç bir problem yaradılmır. Həmçinin parlamentdə təmsil olunan partiyalara heç bir fərq qoyulmadan dövlət tərəfindən hər il maddi yardım ayrılır. Başqa bir misal, ölkədə ən radikal meyilli siyasi partiya və birliklərə belə öz fikrini, yanaşma tərzini cəmiyyətə çatdırmaq üçün şərait yaradılır. Və onlar istənilən zaman paytaxtda belə aksiyaların keçirilməsi üçün nəzərdə tutulmuş məkanlarda öz etiraz tədbirlərini, mitinqlərini keçirə bilirlər. Bütün bu sadaladıqlarımı nəzərə alaraq qəti şəkildə belə qənaətə gəlmək olar ki, Azərbaycanda həm söz və fikir azadlığı, həm də siyasi plüralizm yüksək səviyyədə təmin edilir. Bunu görməmək isə Azərbaycana qarşı qərəzdən irəli gəlir.

 

Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda belə bir təcrübə, siyasi, ümumilikdə bütün istiqamətlərdə plüalizm hələ XX əsrin əvəllərində, daha dəqiq desək Azərbaycan Xalq Cümhuriyyətinin zamanında mövcud olub.  Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkədə olan çoxpartiyalı sistem, əksəriyyət partiyaların o zamankı parlamentdə, hətta AXC zamanında mövcud olan hökumətlərdə təmsil olunması özü bunu təsdiq edirdi. Bu həm də siyasi plüralizmin bir göstəricisi, təsdiqi idi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkədə çoxsaylı qəzet və jurnallar işıq üzü görürdü ki, bu da elə demokratik cəmiyyətlərə xas xüsusiyyət, göstərici idi. Həm də həmin illərdə Azərbaycanda işıq üzü görən qəzet və jurnalların təsisçiləri yalnız azərbaycanlılar deyildi, eyni zamanda rusların, hətta ermənilərin naşirlik, redaktorluq etdiyi onlarla qəzet və jurnal heç bir maneə, problem görmədən nəşr olunur, oxucuları ilə görüşə gəlirdi. Bu amilin özü də  hələ Azərbaycan Xalq Cümhuriyyəti zamanında demokratik dəyərlərin, ənənələrin, fikir, söz, məlumat və ifadə azadlığının, plüralizmin yüksək səviyyədə təmin edildiyini söyləməyə əsas verir.

 

Göründüyü kimi Azərbaycan demokratik, müstəqil bir ölkə olaraq bütün fundamental prinsiplərə, demokratik, azad ölkələrə xas normala tam şəkildə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli və davamlı şəkildə addımlar atır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 7-11 mart.- S.1.5.