Ölkədə azad medianın, insan
hüquq və azadlıqlarının müdafiəsi demokratik
mexanizmlərin mövcudluğunu sübut edir
Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır
Azad media azad sözün, insan hüquqları və azadlıqlarının qoruyucusu rolunda çıxış edir. Söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir. Bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda büruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir. Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azərbaycan dünyada media və söz azadlığının təminatına görə dünyada ən ön sıralarda gedən dövlətlərdən biridir. Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir.
Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib. Mətbuatın maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər enişli-yoxuşlu, çətin bir dövr keçib. Mətbuat tariximizin ilk illərində belə söz və fikir azadlığı fundamental dəyərlərdən hesab olunurdu, lakin milli mətbuatımızın inkişaf dövrü müstəqillik illərinə təsadüf edir. Azərbaycan müstəqil dövlət kimi tanındıqdan, beynəlxalq aləmə inteqrasiya etdikdən sonra beynəlxalq standartlara uyğun media formalaşdı. Bu isə o deməkdir ki, müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanması ölkənin müstəqilliyi ilə birbaşa bağlıdır. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Jurnalistlərin mənzillə əmin edilməsi, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin son on ildə bir neçə dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın.
Bu gün, demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində də bu məqam öz əskini tapır. Bu gün demokratiyanın beşiyi sayılan Avropada belə Azərbaycandakı kimi fikir, söz, məlumat azadlığı, plüralizm yoxdur. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı da mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hərbiri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır. Günümüzdə Azərbaycanda yüzlərlə siyasi partiya və təşkilat fəaliyyət göstərir. Həmin siyasi partiyalar arasında sağçı, solçu, mərkəzçi, liberal, democrat, hətta islamçılar belə var. Hər bir siyasi partiya və təşkilat heç bir maneə ilə üzləşmədən, heç bir müdaxilə olmadan azad və sərbəst şəkildə fəaliyyət göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycanda plüralizm yüksək səviyyədə qorunur.
Beləliklə, bu nailiyyətlər çərçivəsində Azərbaycan mediası dövlətin diqqət və qayğısı nəticəsində daha da böyük uğurlara imza atacaq.
Azərbaycan Respublikasının Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.-
7-11 mart.- S.12.