Keçmişdən gələcəyə
nə daşıyırıq?
SƏKKİZİNCİ YAZI
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Bu
gün həm də Azərbaycan
Respublikası 1918-20-ci illərdə mövcud olmuş və
sovet bolşevikləri tərəfindən devrilmiş Azərbaycan
Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu.
Azadlıq gözəl nemətdir və onun qədrini
bilməsək, müstəqilliyi qoruyub saxlamasaq, yenə də
hansısa dövlətin süngüsünü ölkəmizdə
görməli olacağıq. Qeyd edim ki, Ali Sovetin bütün
deputatları bu müstəqilliyə səs vermədilər,
amma çoxluq "hə" dedi və 6 fəsil, 32 maddədən
ibarət "Müstəqillik haqqında Konstitusiya
Aktı" qəbul edildi.
Əleyhinə
səs verən deputatlar, sonradan müstəqil dövlətin imtiyazlarından geninə-boluna
istifadə etdilər və hələ də istifadə edirlər,
hətta Milli Məclisdə hələ də bir neçə
deputat fəaliyyət göstərir. Olsun, hər
edilən hərəkətin zaman və tarix
qarşısında bir cavabdehliyi var. Nə zamansa bu onların
öz varisləri qarşısında utanc gətirəcək
hallar kimi xatırlanacaq. Məsələn belə: "Sənin
atan, yaxud baban müstəqillik əleyhinə olub, sən ondan
artıq olmayacaqsan". Əlbəttə
oğul, yaxud nəvə sələflərinin məsuliyyətini
daşımır. Amma, hamı bu sətirlərin
müəllifi kimi demokrat olmayacaq və belə söz deyənlər
hökmən tapılacaq. Cəmiyyət, həm də faktları qeybətə,
şayiələrə çevirənlərdən xali deyil.
Bu isə kitabın başqa fəslinin
mövzusudur.
1991-ci il dekabrın
29-da bu akt ümumxalq referendumuna çıxarıldı və
xalqın 95 faizi ölkənin müstəqilliyinə,
suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycanın
müstəqilliyini Türkiyə (1991-ci il noyabrın 9-da),
Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il),
İsveçrə (23 dekabr 1993-cü il), İran (25 dekabr
1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya (10 aprel 1992-ci il) və
başqa dövlətlər tanıdılar.
Azərbaycan
BMT-yə üzv qəbul olunması ilə (2 mart
1992) beynəlxalq aləmdə de-fakto kimi tanındı.
Azərbaycanda
29 dekabr referendumuna qədər SSRİ məkanında daha bir
dünya miqyasında hadisə baş verdi.
Bu hadisə dünya siyasi xəritəsini
çox sürətlə dəyişdi. Belə ki, 8 dekabr 1991-ci ildə
Belorusiyanın Belovej sanatoriyasında RSFSR, Belorusiya və
Ukrayna prezidentləri (B. Yelsin, S. Şuşkeyiviç, L.
Kravçuk) bir araya gələrək Sovet Sosialist
Respublikaları İttifaqının ləğvi barədə
sazişə imza atdılar və bununla da 1922-ci ildə
yaranmış dörd respublikadan ibarət (Rusiya, Ukrayna,
Belorusiya, ZSFSR-Azərbaycan, Gürcüstün, Ermənistan)
SSRİ adlanan bir dövlətin varlığına son qoyuldu.
Əslində isə bolşeviklərin o zamanlar yürütdüyü
xarici siyasət elə Çar Rusiyasının
yürütdüyü siyasətin davamı idi, yəni bu ərazilər
həm Çar Rusiyası, həm də bolşeviklər tərəfindən
ilhaq və işğal olunmuşdu.
1936-cı ildə SSRİ-nin ilk Konstitusiyası qəbul
olundu. Bu dəfə
İttifaqa on bir respublika qoşuldu. Rusiya, Ukrayna,
Belorusiya, Zaqafqaziya federal respublikaları üç yerə
bölünərək - Azərbaycan, Gürcüstan, Ermənistan
və 1936-cı ilə qədər Rusiyanın birbaşa
işğalı altında olan Türküstanın yerində
beş respublika - Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstan və Tacikistan - bu
İttifaqın əsasını qoydu.
Fikir
verdinizmi, Türküstan beş respublikaya
bölündü. 1936- cı ilə qədər
bu yerlərdə ermənilər "at
oynadırdılar", çünki ərazi işğal
altında idi və Türküstanda Moskvanın
adlandırdığı "basmaçı" müqavimət
hərəkatı on səkkiz ildir ki, davam edirdi. Ermənilər bu yerlərdə ən yüksək
vəzifələrə təyin olunaraq yerli əhalini ya
kütləvi şəkildə, sözün əsl mənasında
qırır, ya da zəhmətkeş insanların əllərindən
son tikələrini də zorla alıb acından
öldürürdülər. Məsələn,
qazaxlara erməni əsilli Mirzoyevin rəhbər təyin edilməsi
qazax əhalisinin bu illərdə yarısının represiya
edilməsi, yaxud acından öldürülməsi ilə nəticələndi.
Daşkənddə isə NKVD rəisi ermənini iş
başına gətirməklə, demək olar ki, əksər
özbək ziyalılarını "basmaçı"
adı ilə "damlayırdılar", yəni həbsxanalarda
işgəncə verib öldürür, bəzilərini isə
sürgünə göndərməklə, guya bu yerlərdə kadr
çatışmadığı üçün kənardan
istədikləri erməni əsilliləri gətirib vəzifələrə
yerləşdirirdilər. Bu başqa yerlərdə
də belə idi. Azərbaycanda da bundan yan keçmirdilər. Ermənilər əksər aparıcı vəzifələrə
gözəgörünməz əllər vasitəsilə təyin
olunurdular.
Yeri gəlmişkən, 1938-ci ilə qədər istər
Azərbaycanda, istərsə də Türküstanda yerli əhali
özünü türk hesab edirdi və sənədlərində
də belə yazılırdı. Amma, Türküstanda xalq beş respublikaya bölündü və buna
müvafiq olaraq qazax, özbək, türkmən,
qırğız, tacik xalqları kimi rəsmləşdirildi. Azərbaycanda "türk" xalqı adı rəsmən
ləğv edildi və bizə "azərbaycanlı"
adı verildi. Yürüdülən siyasətin dərinliyinə
baxın;
İttifaqa qoşulan İkinci Dünya müharibəsindən
sonra SSRİ respublikalarının sayı on beşə
çatdı. Yenə də işğal nəticəsində
daha dörd respublika - Moldova,
Estoniya, Latviya, Litvi - öz ərazilərini bu böyük
imperiyaya zorla birləşdirildi. Heç
bir xristian respublikasında xalqların adları dəyişdirilmədi.
Bu linqvistik təcavüz yalnız müsəlmanlar yaşayan
respublikalarda baş verdi. Təbiidir
ki, belə şəraitdə müsəlman respublikaları
üçün yeni tarix yazmaq, yeni kosmopolit mədəniyyət
də, ümumtürk mədəniyyətinə dəxli
olmayan bir şeylər yaratmaq lazım idi. Və
yaradılırdılar da. Belə
çıxırdı ki, biz türklər azərbaycanlı,
qazax, özbək, tacik, türkmən, qırğız olmaqla
cavan xalq idik və taleyimiz yalnız İttifaqla bağlı ola bilərdi. Bax burada rusların özlərini
"böyük qardaş" adı ilə bizə
sırımaqlarının məğzi bundan ibarət idi.
Ermənilərdən isə heç danışmağa
dəyməzdi. Onlar Moskvada siyasi, məmur və digər
resursları toplam halına gətirərək özlərinə
Çar Rusiyasında olduğu kimi, yenə də saxta tarix və
mədəniyyət
yaratmaqla məşğul idilər. Məsələn,
Rusiyanın demək olar ki, bütün sanballı elmi nəşriyyatlarında
direktor müavinləri erməni əsilli insanlar təyin
olunurdular. Buna görə də bir çox qədim əlyazmalar
rus dilinə tərcümə edildikdə hökmən mətnlərə
bu müavinlər guya çox cüzi düzəliş edib bəzi
yerlərdə "erməni" və "Ermənistan"
sözlərini əlavə etdilər. Mətni
tərcümə edənlər isə ya çoxdan
dünyasını dəyişmişdi, ya da ermənilər tərəfindən
ələ alınmışdı. Nəzərə
alaq ki, rus elmi dünyada aparıcı yerlərdən birini
tutur və elm və mədəniyyət xadimlərinin asanca
dünya miqyasına çıxmaq imkanları var, o zaman
dünyanı ermənilərin qədim xalq olmasına
inandırmaq çətin deyildi. Rusiyada
belə şəbəkələr indi davam edir və bundan
sonra da görünür davam edəcək. Çünki bu ölkənin məmur vəzifələrinə
daraşıblar və bundan çox gözəl istifadə
edirlər.
Qayıdaq 1991-ci ilə, SSRİ-nin dağılması
dövrünə. Qorbaçovdan xəbərsiz onu fakt
qarşısında qoyan bu üç respublikanın prezidenti
elə Belovejdə də elan edirlər ki, bundan sonra müstəqil
dövlətlər birliyi (MDB) yaradılır. Elə bu dövlət sanatoriyasından Qazaxıstan
prezidenti N. Nazarbayevə zəng edib daha SSRİ-nin mövcud
olmadığını və onun yerində üç
dövlətdən ibarət MDB yaradılması xəbərini
verirlər və onu bu birliyə qoşulmağa dəvət
edirlər. Uzaqgörən və bəlkə də
ürəyində illərlə gəzdirdiyi müstəqil
dövlət yaratmaq istəyi
olan bu siyasətçi "nəhayət bu baş verdi" fikrilə MDB-yə
qoşulmağa razılığını verdi . Onun
üçün müstəqillik yolunda çox təhlükələr
vardı və sonradan bunların nədən ibarət
olduqlarını, onları necə dəf edəcəyinin
şahidi olacağıq.
19 avqust çevrilişində A. Mütəllibovdan fərqli
olaraq N. Nazarbayev hərbi xuntaya qoşulmağa razılıq
vermədi, demokratiyanı müdafiyə etməyi üstün
tutdu.
SSRİ vətəndaşları səkkiz dekabrda yatıb doqquzunda səhər-səhər yuxudan oyananda anladılar ki, daha SSRİ yoxdur və onlar da bu İttifaqın vətəndaşları deyillər. İstənilən adi insan bunun şokunu, heyrətini yaşaya bilər, ancaq azadlıq uğrunda mübarizə aparanlar bu hadisəni sevinclə qarşıladılar. İmperiya əvvəlcə aşağıdan, daha sonra yuxarıdan dağıldı.Leninin oktyabr inqilabı zamanı "Aşağılar köhnə qayda ilə yaşamaq istəmirlər, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmirlər" dediyi sözlər bu dəfə bolşevik-kommunistlərin öz başlarında çatladı. Heç bir yenilik etmək istəməyən və birpartiyalı cəmiyyətdə yaşayan, hamını zorla bir çətir altına yığıb onları "Sovet xalqı" adlandıran imperiyanın aqibəti belə olmalı idi. Müxtəlif fikirlilər, hətta Qorbaçovun dövründə də təqib olunurdu. İqtisadi rəqabət olmadığından "sexovşik" adlanan zümrə imperiya ilə gizli rəqabətə girmişdi. Qapalı sərhədlər çərçivəsində yaşadığımızdan "sexovşik"lərlə bacarmaq mümkün olmurdu, çünki polisi də, prokuroru da, hakimi də yaxşı yaşamaq, ailəsini normal dolandırmaq istəyirdi. Bərkgedən zavod direktorları və onların ətrafları "pripiska" adlanan əməliyyatlarla milyonlar qazanırdılar. Aydın olsun deyə bir neçə misal çəkim. "Sexovşik" mafiyası qıt tapılan malları özü istehsal edir, məsələn, cins şalvar. Sonra bunu ucuz qiymətə, xarici mal kimi əhaliyə satılırdı. Bu, istər yüngül sənayedə, istərsə də ərzaq sənayesində baş verirdi.
"Pripiska"lara isə başqa mafiya, bir növ hökumət məmurları başçılıq edirdi. Oxucu üçün "pripiska" sözünü tərcümə edirəm, yəni buna "yazışma" deyilirdi.
Deməli
"pripiska"lar belə olurdu. Kağız üzərində, məsələn
pambıqtəmizləmə zavodu kolxozdan milyon-milyon rubluq
pambıq alırdı.
Ardı
var...
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Yunus Oğuz
Olaylar.- 2020.- 14-16 mart.- S.9.