Azad mətbuatın
formalaşması cəmiyyətin milli ideya ətrafında birləşməsində
mühüm rol
oynayıb
Azərbaycan müstəqillik qazandıqdan sonra söz, ifadə, fikir və mətduat azadlığı ilə bağlı yeni mərhələnin əsası qoyulub. Ölkəmiz müstəqil dövlət olaraq sözügedən sahələri tənzimləyən milli qanunvericilik bazsı yaradıb, beynəlxalq konvesiyaları ratifikasiya edib. Qətiyyətlə demək olar ki, artıq Azərbaycanın bir sıra qanunları nəinki beynəlxalq standartlara uyğun gəlir, hətta br çox ölkələr üçün nümunə hesab oluna bilər. Hətta kütləvi informasiya sahəsində qəbul olunan qanunlar bəzi ölkələr üçün baza rolunu oynayır. Eləsə də Azərbaycanın dünyanın mötəbər beynəlxalq təşkilatları ilə məmkdaşlığı bu sahələrin daha da demokratikləşməsinə təkan verib. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Azərbaycanın 2001-ci ilin yanvarında tam hüquqlu üzv kimi Avropa Şurasına qəbulu milli mətbuatımızın inkişafı istiqamətində növbəti əhəmiyyətli addım oldu. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunda edilən əlavə və dəyişikliklər kütləvi informasiya vasitələrinin təsis olunması və onlardan istifadə imkanlarını qat-qat asanlaşdırdı, bu sahədəki vəziyyəti tam azad və sərbəst etdi. Bu dəyişikliklərdən sonra Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. İnkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə uyğun olaraq Azərbaycanda da KİV-in qeydiyyatı ilə bağlı icazə sistemi aradan götürüldü. Yeni qəzet açmaq niyyətində olan hər bir hüquqi və fiziki şəxsə müvafiq dövlət orqanlarını xəbərdar etmək şərtilə icazə verildi. Mətbuat faktiki olaraq dövlət nəzarətindən çıxdı. Yalnız yeni yaranan televiziya və radio qurumlarına yayım tezliklərinin verilməsi məsələsi hökumətin nəzarətində qaldı. Azərbaycanda KİV-in qanunvericilikdə qadağan olunmayan istənilən mənbə tərəfindən maliyyələşdirilməsinə imkan verildi: "Eyni zamanda mətbu orqanlarda və elektron KİV-lərdə reklama qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Qanunvericilikdə aparılmış düzəlişlər əsasında məhkəmələr jurnalistləri informasiya mənbələrini açmağa ancaq üç halda, insanların səhhətinin qorunması, ağır cinayətlərin qarşısının alınması və ağır cinayət törətmiş şəxslərin onlar tərəfindən müdafiəsi hallarında məcbur edə bilərlər. Qanuna edilən düzəlişlərə əsasən həmçinin müvafiq icra hakimiyyətinin KİV-in fəaliyyətini dayandırması və müvafiq orqanlar tərəfindən jurnalistlərin akkreditasiyadan məhrum edilməsinə dair normaların ləğvi, jurnalistlərin hüquq və öhdəliklərinə aid maddələrin qanunvericilikdən çıxarılması daxildir. Məhz görülən işlərin nəticəsidir ki, hazırda istənilən Azərbaycan vətəndaşı sərbəst şəkildə qanunla qadağan edilməyən məlumatları əldə edə bilir".
Hüquqşünas əlavə edib ki, hazırda qüvvədə olan "Məlumat azadlığı haqqında" qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan bütün münasibətləri tənzimləyir. Bu zaman isə məlumat azadlığının həyata keçirilməsi prinsiplərinin müəyyən edilməsi zərurəti yaranır. Qanunvericilikdə həmin prinsiplər olduqca aydın şəkildə əksini tapıb. Beləliklə, ölkədə məlumatın əldə edilməsi onun açıqlığı və mübadilə edilməsinin azadlığı; məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi; məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi kimi prinsiplərlə həyata keçirilir: "Qanunun mütərəqqiliyi ondan ibarətdir ki, Azərbaycanda hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması prinsipi tətbiq edilir. Bu isə o deməkdir ki, heç kəs vətəndaşın icazəsi olmadan onun şəxsi və silə həyatına müdaxilə edə bilməz, onun haqqında məlumatı ictimailəşdirə bilməz. Çox təssüf ki, hazırda istər mətbuat orqanlarında, istərsə də sosisl şəbəkələrdə bu prinsipin pozulmasının şahidi oluruq. Bir çox hallarda vətəndaşların, xüsusən də tanınmış dövlət və ictimai xadimlərin, o cümlədən elm və incəsənət nümayəndələrinin şəxsi həyatlarına müdaxilə edilir. Onların icazəsi va razılığı olmadan şəxsi həyatlarını ifadə edən foto-məlumatlar tirajlanır. Ancaq bu məsələ də qanunvericikdə öz həllini tapıb. Belə ki, vətəndaşların şəxsi həyatlarına qanunsuz müdaxilə inzibati və yaxud cinayət məsuliyyəti yarada bilər. Şəxsiyyətin onun haqqında məlumatların toplanılması ilə bağlı "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq digər hüquqları da vardır. Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir. Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.".
Onun sözlərinə görə, qanunvericilikdə alınması məhdudlaşdırılan məlumatlar da müəyyən edilib ki, bu da cəmiyyət və dövlətin təhlükəsizliyi baxımından vacib şərtdir: "Alınması məhdudlaşdırılan məlumatlara dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Qalan bütün məlumatlar açıq məlumatlar hesab olunur və onların əldə edilməsi mexanizmi olduqca sadədir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər".
O da sirr deyil ki, hazırda Azərbaycanda mətbuata dövlət tərəfindən xüsusi qayğı göstərilir. Xüsusən, dövlət başçısı İlham Əliyev azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsinin qarantı kimi çıxış edir. Belə ki, ölkə başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin: "Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur". Qeyd edək ki, Azərbaycanda mətbuatın inkişafına qayğı dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyev Mətbuat Şurasının üzvləri ilə görüşdə qeyd edib ki, mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir: "O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir". Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb: "Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir".
Mətbuata dövlət qayğısındn danışan hüquqşünas qeyd edib ki, hələ Ulu öndər Heydər Əliyev 2001-ci ilin 18 dekabrında ölkənin bir qrup aparıcı KİV rəhbərləri ilə görüşündən sonra milli mətbuatımızın mövcud problemlərinin həlli və Azərbaycan jurnalistikasının inkişafı məqsədinə yönələn bir sıra tarixi qərarlara imza atmışdır. Bu sənədlər mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsini, onlara güzəştli kreditlərin verilməsini, çoxsaylı qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulmasını nəzərdə tuturdu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən azad sözün inkişafına dəstək ön sırada gəlir. Məhz 20 iyulda- milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində jurnalistlər üçün tikilmiş 255 mənzilli binanın açılış mərasimində iştirak edən ölkəmizin başçısı bununla bir daha göstərdi ki, müstəqil medianın inkişafı, azad və demokratik fikrin qorunması dövlətimiz üçün prioritet məsələdir. Qeyd edək ki, bundan 4 il əvvəl jurnalistlər üçün 156 mənzilli bina tikilib istifadəyə verilmişdi. 2017-ci il iyulun 19-da isə Prezident İlham Əliyev üçüncü binanın inşası üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması və mətbuata birdəfəlik maliyyə yardımı haqqında iki Sərəncam imzaladı. Bununla da Azərbaycan jurnalistlərinin və ümumilikdə milli mətbuatımızın sosial problemlərinin bir xeyli azalması istiqamətində növbəti dəyərli addımlar atıldı. Bu bir reallıqdır ki, dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Məhz bu istiqamətdə də Azərbaycan dövlətinin özünəməxsus humanitar siyasəti, öz dəst-xətti var. Təbii ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratik və azad mətbuatın formalaşdırılması idi. Prezidentliyi dövründə ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan ölkə başçısı İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlaması həmin vəzifələrin icrasına şərait yaradıb.
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 19-30 mart.- S.12.