Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət
göstərməsi üçün bütün imkanlar
yaradılıb
Azərbaycanda fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə də öz aktuallığını qoruyub-saxlayır və Azərbaycan hakimiyyəti hər zaman olduğu kimi bu gün də qeyd etdiyimiz məsələlərə xüsusi həssaslıqla, diqqətlə yanaşır. Çünki demokratik cəmiyyətlərdə, ölkələrdə siyasi plüralizmin təmin olunması, fikir, söz və məlumat azadlığının təmin edilməsi vacibdir, zəruridir.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdın söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlər müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyalarınn seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Bunun nəticəsidir ki, dövlət "dördüncü hakimiyyət" adlandırılan müstəqil kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. Bununla birlikdə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycanda siyasi plüralizm ənənələri yüksək dərəcədə formalaşıb. Bu inkişaf özünü onda göstərir ki, ölkədə siyasi partiya və birliklərə hüquqlar verilir, onların qarşısında heç bir məhdudiyyət tətbiq edilmir. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Azərbaycanda siyasi plüralizmin mövcudluğu təkcə siyasi partiyaların sayının çoxluğunda özünü ehtiva etmir. Həmçinin onlara yaradılan şərait, siyasi partiyaların seçkili orqanlarda iştirak edib yer qazanmasında da özünü açıq şəkildə göstərir. Bunu sübuta yetirmək üçün təkcə Azərbaycan Parlamentinin tərkibinə nəzər yetirmək kifayətdir. Bu gün Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası, eyni zamanda dövləti, dövlətçiliyi müdafiə edən partiyalar təmsil olunur.
Söz, fikir və məlumat azadlığı hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir. Demokratiyanın, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları isə kütləvi informasiya vasitələridir. Müstəqil kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında mühüm rol oynayır. Dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər durmadan davam etdirilir.
Əsası görkəmli ziyalı, ictimai xadim və alim Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycan milli mətbuatının da formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçmiş və müasir səviyyəyə gəlib çatmışdır. Məhz Heydər Əliyevin liderliyi ilə Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.
Bu gün də ölkəmkizdə mətbuat işçilərinə dövlət tərəfindən böyük dəyər verilir, mənzillə, fəxri adlarla təltif olunur. Milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər durmadan davam etdirilir. Bunlar mətbuata dövlət qayğısının bariz nümunəsidir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasını təmin edir. Qəzetlərin 2001 - ci il dekabrın 31 - dək olan "Azərbaycan" nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005 və 2010 - cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümü idi.
Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb. Bütün bunlar sübut edir ki, Azərbaycan Respublikasında söz, fikir, məlumat, o cümlədən mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun prioritet vəzifələrindən biridir.
Bugünki inkişafda olan mətbuatımız müstəqil, obyektiv və tərəfsiz, siyasiləşmə meyillərindən, qərəzdən uzaqdır. Bu gün mediada ümumilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirlir. Ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bu gün söz və mətbuat azadlığı Azərbaycan Konstitusiyasında və onun müvafiq qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 17-18 mart.- S.15.