YURDA DOĞRU
Uşaqlıq dostları yerdə qalmışdılar və
aşağıdan yuxarı
ona baxıb həsəd aparırdılar. O da yxusundaca fikirləşirdi
ki, sabah
məktəbdə bütün
bunları uşaqlara danışacaq, hamı ona qəhrəman kimi baxacaq. Amma əksinə
oldu, yuxusunu uşaqlara danışanda
onu ələ salmağa başladılar.
O da səhərdən
axşama kimi evdən bayıra çıxmadı və bir daha Ayı
yuxusunda görmədi.
Eyni hissləri oğlu da yaşamışdı
və bir dəfə qəribə etiraf eləmişdi: "Uşaq vaxtı elə bilirdim ki, Ay kökədir, onu dişləmək istəyirdim, amma əlim çatmırdı..."
Ay Günəşin sevgilisiydi.
Onu qucaqlamışdı və
pərvanələr kimi
odda yanırdı.
Nənəsinin uydurmasıydı. Gecələr onu yatızdıranda
hərdən bu cür nağıllar danışırdı. O da,
təbii ki, bütün bunlara inanırdı. Yalnız böyüyüb özünü
tanıyandan sonra belə
bir nağıl olmadığını başa
düşdü...
Qaranlıqda yerimək çətiniydi. Kol-kos da bir tərəfdən əl-qolunu cızırdı, xüsusən də böyrütikan kolları
"həyasızlıq" edirdilər. Ona görə də
tez-tez dayanır və paltarına yapışan tikanları qoparıb atırdı. Ağrıları da hərdən
özünü göstərirdi,
sanki "mən varam ha, məni unutma" deyirdi. Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən
itmişdi.
Bağa endi. Dikdirdən enəndə
ayağı yenə də sözünə baxmadı, büdrədi, əlindəki ağac da kara gəlmədi, yixilmamaq üçün aşağıdakı
çəkildən tutdu
və onun dibinə çökdü.
"Stadol" ampulası doldurulmuş, hazır iynələrdən
birini qoltuq cibindən çıxarıb,
şalvarın üstündən
buduna vurmaq istədi, amma dayandı. İynəni qaytarıb yerinə
qoydu. Şalvarının enli balağını
yuxarı qaldırdı.
Dizinə sarıdığı binti açdı. Gözü qaranlığa
tam öyrəşməsə də, dizinin şişdiyini və daha da qızardığını
hiss edirdi və həmin qızartı bütün
bədəninə yayılırdı,
sanki axar çay qəfildən bir neçə qola ayrılırdı. O,
dizini sığalladı,
sanki onu oxşayırdı. Belə
bir vaxtda dizinə ağı da deyə bilərdi...
Nəsə bir az aralıda, bağın dərinliyinə tərəf, kolluqların arasında xışıldadı. Əvvəlcə canından üşütmə keçdi. Sonra sakitləşdi. Bu gecə vaxtı, kolluqda hərlənən ya çöl donuzu, ya da porsuq ola bilərdi. Onların da elə bir qorxusu yoxuydu. Cavanlıqda hər ikisinin ətindən dadmışdı. Rayondakı dostları qonaq eləmişdilər...
Bəlkə canavar, ya çaqqaldı. Anca yadına düşdü ki, onların kolluqla işləri yoxdu, çünki onlar açıqlığı sevirlər...
Bir az oturub dincini alandan sonra əlindəki ağacın köməyi ilə dikdirə qalxdı və yoluna davam elədi.
Yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı. Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar. Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində hər axşam oğlanların da adına 2-3 kilo pambıq yazılardı. Bu, hər üç tərəfi: qızları-müəllimləri-oğlanları qane edərdi. Müəllimlər ona görə razıydılar ki, şagirdləri "ictimai əməklə" səhlənkar davransalar da, işin öhdəsindən yaxşı-pis gəlirdilər. Onlar da bir zamanlar şagird olmuşdular, bu yolları keçmişdilər, yetirmələri kimi hərəkət etmişdilər.
Qızlar isə yorğunluqlarını oğlanların oğurluq meyvələrilə çıxırdılar. Və heç biri şikayətlənməzdi, çünki onların hərəsinin ürəyində bir oğlan vardı və xırdaca canlarında sevgi cücərirdi, analıq hissi baş qaldırırdı...
İki kəndi geridə qoydu. Qarşıdakı kəndlə arxada qalanların arasında uzun bir məsafə vardı və həmin aranı tut bağları, ilğın və söyüd meşəsi doldururdu. Ay buludun dalından çıxanda hər tərəfi, azca da olsa, görə bilirdi. Elə Aysız-filansız da fəhmi və yaddaşı hesabına hər tərəfi aydın görürdü. O düşünürdü ki, yəqin, bu aydınlığa səbəb onun bəsirət gözüdür. Axı hər şeyi təhtəlüşur düşünür, gözü bağlı yerisə də, hər şeyi görür, burnuna vətən qoxusu gəlir.
Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evin çardaxları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, qamışdan olan çovustanların, kümlərin, toyuq hinlərinin yeri, bəzi tikililərin uçuq divarları da gözə dəyirdi. Evlərin bir qismini sərhəddin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar.
Çox sevdiyi bir yazıçının iki qocadan bəhs edən tamaşasını xatırladı. Vətən həsrəti ilə yaşayan həmin qocalar şəhərdən kəndlərinə qaçmışdılar: hər kəsdən gizlin. Onlara elə gəlmişdi ki, kəndləri, görüb-gəzdikəri yurdlar öz yerindədir, amma acı həqiqətlə üzləşəndə məyus olmuşdular. Amma o, məyus deyildi, çünki bu acı həqiqəti yaxşı bilirdi. Onun üçün əsas məsələ məkana yetişmək, məqsədinə çatmaq idi. O, belə xaraba kəndləri dağ rayonlarına ezam olunanda da görmüş və qeyri-ixtiyarı kövrəlmişdi.
Nə qədər getdiyini bilmədi. Saatı da yox idi ki, zamana nəzarət eləsin, saatı evdə unutmuşdu, amma bilirdi ki, elə də çox yol getməyib, bu tısbağa yerişi ilə kəndə səhərə yaxın çata bilər...
Yorulmuşdu. Kol-kos qırmaqdan dizlərində təpər, qollarında güc azalmışdı. Dayandı, əl ağacına söykənib səssizliyi dinlədi. Bir az aralıda yenə də xışıltı səsi gəldi. Birdən həkimə elə gəldi ki, onu izləyirlər. Canından gizilti keçdi. Bəlkə əvvəlcədən izinə düşüblər!? Onun hesabı ilə indi düşmənin nəzarətindəki sahədəydi. Amma ağlı bir şey kəsmədi. Onu niyə izləsinlər ki, istəsələr tutarlar da. Sakitləşdi. Birdən yadına düşdü ki, uzun müddət boş-kimsəsiz qalan yerlərdə vəhşi itlər dolaşır. Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər. Sahiblərinin onları atıb getməsini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla barışmırılar...
Həkim onu da fikirləşdi ki, yəqin arvadı onun qoyduğu məlumatları hələ niternetdə yayımlamayıb. Əgər belə olsaydı, bəlkə də onu yoldan qaytarardılar. Amma yanılırdı. Arvadı məlumatları bir az öncə paylamışdı. Sadəcə sərhəd qoşunları duyuq düşənə qədər o, düşmənlə təmas xəttini keçmişdi...
***
... Arvadı məktubu yuxudan oyanandan bir az sonra dolabın üstündən tapmış və ərinin dediklərinə əməl etməyə ürəyi gəlməmişdi...
Məktub əlindəydi. Ondan ərinin nəfəsi, hənirtisi gəlirdi. Məktubu öpdü, ərini son dəfə bu məktub görmüşdü. Çıxılmazlıqda qalmışdı. Əvvəlcə istədi ki, ərinin getdiyi marşrutu polisə xəbər versin, bəlkə də onu yoldan qaytara bilərdilər. Çünki mənzil başına altı-yeddi saatlıq yol idi. Ordan o tərəfə isə çayı tutub gedəcəkdi. Güman ki, qaranlıq düşəndən sonra. Axırda qərarını dəyişdi. Bu, ərinə xəyanət olardı. O, ərinin son vəsiyyətini yerinə yetirməliydi...
Amma heç cür özünə gələ, bir yerdə qərar tuta bilmirdi. Bir neçə dəfə çevik telefonu götürüb, adəti üzrə ərinin nömrəsini yığdı. Əvvəlcədən də bunun nəticəsiz olduğunu anlayırdı. Çünki əri telefonu evdə qoymuşdu. Bayaqkı dolabın üstündəydi və söndürülmüşdü. Sonra qardaşının nömrəsini yığdı, ancaq "yes" düyməsini basmadı. Mənasızıydı. Əri, güman ki, sərhədi hələ keçməmişdi. Çünki buna zamanı çatmazdı. Bir istədi ki, sərhəd qoşunlarında işləyən, yüksək rütbəli əmisi oğlunu tapsın, ərinin dalınca adam göndərsinlər, əsgərləri ayağa qaldırsınlar. Ancaq fikirləşdi ki, bu, ərinə xəyanət olar. Çünki azı 40 ilin həkimi fərari-zad deyildi ki, qamarlayıb tutsunlar. Başqa adam olsaydı, fikirləşərdi ki, həkim özü yoldan qaytarılmasını istəyər. Tutduğu əməldən peşman olar. Kim gözgörəti ölümə gedərdi ki? Ancaq arvadı belə düşünə bilməzdi. Çünki ərinin fikrinin qəti olduğunu bilirdi.
Mətbəxə keçdi. Stolun üstündə axıra qədər içilməmiş çay vardı və çoxdan soyumuşdu. Axşamdan qalmaydı, yəqin.
Xaricdə yaşayan qızı və nəvələri ilə gecəyarısına kimi telefonla danışmış, gec yuxuya getmişdi. Ona görə də saat gündüz 11-dən keçmiş oyanmışdı.
Ərinin qəfil gedəcəyindən xəbər tutsaydı, yoluna, heç olmasa, dietik yeməkdən-zaddan qoyardı.
Soyuducunu açdı. Həkim iynələrini özü ilə götürmüşdü. Toxdadı. Bəlkə yoldaykən fikrindən daşındı. Qayıtdı...
Əri o yerləri yaxşı tanıyırdı və planını bir neçə dəfə arvadına danışmışdı. "Dözə bilmirəm" - deyirdi əri və az qala hər səhər yuxusunu danışırdı. Arvadı onun yuxularını əzbər bilirdi. Yuxusunda yenə kəndə getmişdi və evlərinin yanından axan çayda balıq tutmuşdu. "Hər dəfə darıxanda birdən ağlıma gəlir ki, qarmağı götürüb balığa gedim, amma qarmağı tapa bilmirəm və onu tapana kimi yuxudan ayılıram..."
Arvadı pəncərədən Günəşə
baxmaqda davam edirdi. O Günəşi
indi daha çox sevirdi. Yəqin ərinə
görəydi. Bəlkə əri
getdiyi yerdə Günəş çıxmır?
Əlbəttə çıxır...
"Sən yurd itkisinin nə olduğunu bilmirsən. Elə bil
ki, körpə, südəmər uşağı
anasından ayırıblar,
özü də zorla!"
Meylini arvadının
rayonuna salmışdı. Hər yay
ora gedərdilər və günlərlə Kürdə balıq tutmağı sevərdi.
"Bura mənim
dublikat vətənimdir"
- deyə zarafata salardı.
Bir gün səhər sevinə-sevinə
evə gəldi. Gecəni
dostları ilə Kürün qırağında
qalmışdı: "Bilirsən,
hər gün yuxuda tutmaq istədiyim
balıq qarmağa düşmüşdü. Özü də
150 metr məsafədən.
Düz sahilə qədər dartdım. Gah üzə çıxır,
gah da batırdı.
Ay işığında parıldayırdı.
O qədər yekə
idi ki, zorla
dartırdım. Hətta jilka
da (qursaq) əlimi kəsdi. Qırağa çatanda tirəyə ilişdi, dartıb sudan
çıxarmaq istəyəndə
qarmaq qırıldı.
Suya quyruğu ilə elə bir şappıltı
vurdu ki, dalğalar sahilə çırpıldı. Və getdi.
Əvvəlcə heyfsləndim, məyus
oldum. Sonra fikirləşdim ki, o balığı tuta bilməməkdə düz eləmişəm.
Bu, bir tale işidir.
Bəlkə bütün sirrlər
oradadı. Balığı
tutsaydım, bir də yuxularıma gəlməz və məni hər dəfə aldığım
həzzdən məhrum
edərdi. Sirrlər faş olardı..."
Həkimə elə gəlirdi
ki, həmin balıq onunla oyun oynayır: tale oyunu. Ona görə
də daim onu izləyir: yuxularında da, həyatda da.
Bütün bunları fikirləşdikcə
qadına elə gəlirdi ki, ərinin taleyi ilə o balığın
arasında bir oxşarlıq var. Hər ikisi qürurlu və döyüşkən
idi. Əri də bütün ağrılar
qarşısında özünü
sındırmır, şuxluğunu
itirmək istəmir və həmin balıq kimi öz vətəninə
can atırdı...
Canında, sanki bir rahatləq duydu, dodaqları qaçdı və hiss elədi ki, qəlbindəki bayaqkı
həyacan getdikcə azalır, amma yerini heç nə doldura bilmir. Sanki uçurumun kənarındadır: həm
uçmaq istəyir, həm də yıxılmaq...
Qarışıq hisslər içindəydi. Elə bil
qarabasmalar içində
yaşayırdı. Gah ərinin
silueti gözləri qarşısından keçir,
gah da hənirtisini
duyurdu.
Divanda oturdu. Yerə döşənmiş
xalıda ərinin ayaq izlərini axtardı. Əri bu xalını
çox sevirdi. Anasının yadigarıydı. Əvvəllər yerə salmağa
qoymurdu, deyirdi ki, o gəbədə anasının barmaq izləri, qəlbinin döyüntüləri var. Son zamanlar isə razılıq vermişdi.
"Ayaqlarımı gəbəyə basanda ağrılarım, sanki azalır, canım rahatlanır" deyirdi.
Barmaqları ilə gül gəbənin naxışlarını sığalladı. Doluxsundu. Bir ara bağırmaq istədi, amma tezcənə özünü ələ aldı. Ləyaqətli kişinin arvadı da ləyaqətli olmalıydı.
Pəncərənin qabağına gəldi. Pərdəni aralayıb həyətə baxdı.
Qarajın qapısı açıq qalmışdı. Son günlər əri ordan
çıxmırdı. Nəsə qurdalanırdı. Ürəyinə
dammışdı ki, həkim səfərə
hazırlıq görür, ancaq bu fikri
yaxına buraxmırdı, ərindən də soruşmağa
qorxurdu. Birdən kişinin
fikri doğru
olardı...
Elçin Hüseynbəyli
Olaylar.- 2020.- 19-30 mart.- S.11.