YURDA DOĞRU
Tanınmış yazıçımız Elçin Hüseynbəyli Qarabağ müharibəsindən bəhs edən "Vida" romanını bitirib. Roman "Azərbaycan" jurnalının dördüncü sayı üçün nəşrə hazırlanır. Əsərin "Yurda doğru..." fəslini oxucularımıza təqdim edirik.
... Həkim çayxananın böyründəki dükandan bir litrlik "Badamlı" və üstündə vurma cədvəli olan peçenye aldı və qəsəbənin aşağısından axan çaya tərəf getdi. Ona elə gəlirdi ki, çay həminkidi, hətta suyu bir az çoxalıb da. Çünki yazın əvvəllərində dağlarda qar əriyir, bulaqların buzu açılırdı və onların kəndindən keçən Bala Araz, yəni Arazın bir qolu daha da bollanırdı. Bu tərəflərdə iqlim mülayim olduğundan təbiətin qırışığı tez açılırdı. Sonuncu kitab cümləsini o, hələ ali məktəbə qəbula hazırlaşanda öyrənmişdi, çünki coğrafiyadan imtahan verəcəkdi və indiyə kimi yadında saxlamışdı...
Bir az getmişdi ki, qarşısına quzu otaran 12-13 yaşlı oğlan çıxdı. Şər qarışırdı və oğlan quzuları qəsəbəyə tərəf aparırdı. O, yad adama baxdı, təəccübləndi. Çaqqal ulayan, heç kimin ürək edib gedə bilmədiyi çəngəlliyə tərəf gedən bu adamın hərəkətini anlamadı. Həkim də ona fakir vermədi, eləcə başını aşağı salıb getdi.
Oğlan:
-O tərəfə getməyin, orda ermənilər var, -deyə həkimin arxasınca qışqırdı.
Həkim ayağını saxladı və:
-Mən çaya tərəf gedirəm, balıq tutmağa, - yalandan dedi, əslində yalan deməyə məcbur oldu. Halbuki ən zəhələsi gedən şey yalan danışmaq idi.
-Ha! - oğlan istehzayla güldü, -çay yoxdu, balıq da!
-Necə yəni yoxdu?
-Çay quruyub, balqılara da ölüb!
Oğlanın bu sözləri onun vücudunu xərçəngdən də betər qamarladı, az qala gözü qaraldı. Necə yəni çay quruyub!? Çay necə quruya bilər, axı!?
Ürəyindəki bu sualların cavabını dərhal da tapdı. Çay işğal altındakı yurdlardan keçib gəlir. Düşmənlər onu qurudublar. Bəlkə də, hər şeyi onlara bağışlamaq olardı, çayın qurudulmasını yox. Amma oğlana da cavab vermək lazımıydı. Gedib qəsəbədə ağzından qaçırardı və onu geri qaytara bilərdilər. Amma nə qədər fikirləşdisə də, bir cavab tapa bilmədi. Ona görə də geri qayıtdı və cibindən beş manatlıq çıxarıb oğlana verdi:
-Nə istəsən, özünə alarsan, mən qayıdanda səninlə çayxanada domino oynayarıq, yaxşı, -deyə onun başını sığalladı.
Oğlan bir əlindəki pula, bir də ondan uzaqlaşan yad adama baxdı və heç nə anlamadığına görə çiynini çəkdi...
Həkim gedə-gedə düşünürdü ki, o uşağı, deyəsən hardasa görüb. Yaddaşını qurdladı və tapdı. Həmin uşağı Türkiyədə, Qars qalasında görmüşdü. Eyniylə o oğlan idi: başı açıq, jaketi didik, ayaqqabısı cırıq. "Amca, sizə şuranın (buranın) tarixini anlatıyımmı?" Həmin oğlan jaketinin didik qolunu dartışdıra-dartışdıra, soyuqdan donan ayqlarını götürüb qoya-qoya dedi.
Qış idi. Hər tərəfi qar basmışdı. Səfər yoldaşları uşağın bu təklifindən boyun qaçırsalar da, o təkid elədi: "Qoy, danışsın." Çünki uşağın çörək pulu üçün buraya gəldiyini və bu soyuqda fədakarlıq etdiyini anladı. Uşaq şövq və həvəslə türklərin ruslara qarşı Qars uğrunda savaşından, türk əsgərlərinin Sarıqamışda necə donaraq həlak olduqlarından, amma Qarsı vermədiklərindən danışdı.
Qala qülləsinin başında Türkiyə bayrağı dalğalanırdı və həmin bayraq əzəmətli görünürdü. Qalibiyyət həmişə əzəmətlidir, yəqin.
Həkim cibindən pul çıxarıb uşağa verdi, o biri yoldaşları da eyni hərəkəti elədilər...
Gərək bu uşağa da çox pul verəydi: ya kasıb ailədəndir, ya da yetim. O özü kasıbçılığın nə olduğunu yaxşı bilridi. Çünki çoxuşaqlı ailədə böyümüş, bir qarnı ac, bir qarnı tox yaşamışdı. Balacalar böyüklərin yamaqlı, ancaq səliqəli paltarlarını geyinmiş, toqqalarını taxıb, papaqlarını qoymuşdular...
... Çaya gedən yolu kol-kos basmışdı. Hiss olunurdu ki, bura çoxdandır, heç kim gəlmir. Kolların bəzilərinin üzərində qoyun yunu vardı. Görünür, sürüdən aralanan, azan qoyunların tüküydü. Birdən onun yadına düşdü ki, çay quruyubsa, deməli, su da yoxdu. Yola götürdüyü su isə kəndə kimi ancaq çatardı. Əvvəllər düşünürdü ki, susuzlasa, ya əlini yumaq istəsə və elə başqa ehtiyacları üçün çayın suyundan istifadə edəcək. Amma indi çay qurumuşdu. Kənddə də bulaqlar qurumuş olar, yəqin. Gümanı Yaloba bulağına çatardı. Çünki o, bulaq zaman-zaman qurusa da, adamlar bulzğın gözünü açırdılar və buz kimi su yenidən yanğıları söndürürdü. İstədi ki, geri qayıtsın, quzu otaran oğlana pul verib, su dalınca qəsəbəyə göndərsin, amma fikrindən daşındı. Bu, əlavə sös-söhbətə səbəb ola bilərdi. Hər nəydisə, olan olmuşdu...
O, bir talaya çıxdı. Talanın ortasında vən ağacı vardı. Həkim çantasını yerə qoydu, sapı fil sümüyündən olan bıçağı çıxarıb, ağacın bir şivini kəsdi, çomaq kimi düzəltdi. Bu, ona həm dayaq olmağa, həm də qarşısına çıxan kolları aralayıb keçməyə kömək edəcəkdi. Bıçağı təzədən yerinə qoydu. O, bıçağı Afrikada onkoloqların konfransında olarkən almışdı. Beynəlxalq Onkologiya Cəmiyyətinin konfransı Somaliyə salması təsadüfi deyildi. Çünki son zamanlar burda onkoloji xəstələrin sayı artmışdı.
Taladan ilğın meşəsinə girdi. Çay qurusa da, onun ilğın ağaclarına hopmuş mehi hələ qalırdı. Çaya yaxınlaşdıqca ürəyi gupbuldamağa başladı. O, buraları yaxşı tanıyırdı, hər cığırına bələd idi. Nəhayət, çayın yatağına çatdı. Bir zamanlar gur axan, iti sulu çayın yerində qara bir boşluq uzanırdı. Özündən asılı olmayaraq kövrəldi, kürəyinə keçirdiyi çantanı çıxarıb yerə qoydu, çayın qırağında oturub qara boşluğa tamaşa elədi. Qoca söyüd ağacı boşluğa əyilmişdi. Bir zamanlar onun saçaqlarını su yuyar, sığallayardı. Söyüd ağacı qurumuşdu, eləcə başı əyili qalmışdı, sanki çaydan su içməyə çalışırdı, amma ağzı suya çatmırdı, çiləkənlər onun saçaqlarına, budaqlarına ilişib qalmışdılar. Çiləkənlərin arasında zorla seçilən göy-qırmızı üzgəc, balaca rezin top da vardı. Görünür, su onları çox-çox uzaqlardan gətirmişdi...
Bir xeyli
oturdu. Dağlardan əsən meh özü
ilə ayaz gətirir və onu üşüdürdü. Bir az o tərəfdə
qıjav yer vardı. Su
azalanda xalası uşaqları ilə
ilğın şaxından çaybənd düzəldir,
çayın dərinliyində yatan
balıqları qıjava tərəf qovur,
orda dayanan uşaqlar isə əllərindəki ağacla balıqları vurub
beli üstə aşırır və tutub kənara atırdılar. Bir neçə saata xeyli balıq tuturdular, qonşulara da pay verirdilər.
O, balıq yeməkdən çox, tutmağı sevirdi. Balığın necə çırpınması,
ürəyinin necə
döyünməsi onda
qəribə, izaholunmaz
hisslər yaradırdı.
Bu, bəlkə də zirək, güclü və ipə-sapa yatmayan canlı məxluq üzərində qələbə
duyğusuydu...
"Balıq tutmağı,
futbol oynamağı çox sevirdi". Nekroloqda
belə yazılacaq, yəqin, hər halda bu cür
yazılsaydı, onun xoşuna gələrdi...
***
... Çantasındakı balaca
"sülh ağacı"nı çıxarıb
baxdı. Hər şey qaydasındaydı,
heç yeri əzilməmişdi, yarpaqıları
şux və dipdiriydi. Ağacı bazardan almışdı.
Satıcıya demişdi ki,
ona hər iqlimə uyğunlaşa bilən, yaşıl ağac növü lazımdır.
Yaşlı və təcrübəli bağban bu balaca ağac-kolu məsləhət bilmişdi. "Hibritdi" demişdi,
"mayın əvvəllərində
çiçəkləyir, hərdən bicliyi də tutur, payız aylarında da çiçək açır. Onu mütləq
öz torpağı ilə basdırmaq və basdırandan sonra dibinə bir vedrə su tökmək lazımıydı. "Əslində ağacı
fevralın sonlarında,
martın əvvəllərində
əkərlər, amma
bu onlardan deyil, bu ağacları
ilin istənilən fəslində əkmək
olar. Elə indi də gec deyil. Aprel ayı düşərlidir",
- yaşlı satıcı
belə demişdi.
Ağaca bir xeyli baxdı
və indi xatırladı ki, bu həmişəyaşıl
kolun sələfləri
onun məktəb illərini bəzəyirdi. Evdən məktəbə
gedərkən dəmiryolu
vağzalından keçirdi
və yolüstü həmin kolları görürdü. İlin
hər fəslində
yamyaşıl olurdular.
Deməli, həyat rəmziydilər.
Sülh də həyat rəmzidir.
Bax belə! "Ömrü boyu
yaşa, həyatın
boyu düşün və öyrən!"
Nəhayət, Günəş qüruba enəndə ayağa qalxdı, bir xeyli göy üzünə tamaşa elədi, səmti itirdiyindən hardan gəlib hara getdiyini belə dərindən anlamadı. Gözü alacalandı.
İndi onun gözlərində hər şey alatoran idi.
Başını buladı, qürub edən Günəşə
baxıb salavat çevirdi. "Axır
ki, bu qoca
vaxtımda dindar da oldum!" - deyə ürəyində
düşündü və
gülümsündü.
Çayın aşağısındakı çəkilliyə
girib paltarını dəyişdi, dikdirdən
enəndə bir neçə dəfə büdrədi, ancaq yıxılmadı. Ayağından küt ağrı
qopdu, elə bil ürəyinə iynə batırdılar.
Birtəhər özünü ələ
aldı, ağrıdan
ufuldaya-ufuldaya mülkü
paltarı çıxarıb,
heç bir nişanı olmayan uniforma geyindi. Belə daha yaxşıydı, hər iki tərəf
ona çox da fikir verməzdi,
özlərininkinə oxşadardılar.
Köhnə paltarını atmaq
istədi, amma tezcə də bu fikrindən vaz keçdi. Lazım olardı, elə bir ağırlığı
da yox idi.
Təzədən dikdirə çıxdı
və yolu əlinə yığıb,
qurumuş çayın
qırağı ilə
getməyə başladı.
Getdikcə, sanki ağrıları
da azalırdı.
Yolunun üstündə ötən
ildən qalma quru kollar vardı.
Bu hamar yolda
onlar hərdən ayağına dolaşırdı.
Talalarda göyərən yaşıl
otun iyi burnunu qıcıqlandırırdı.
O, bunu aydın görməsə də, hiss edirdi.
Yolun qırağı
ilə uzanan hamar cığır qurtardı və kolluqlar başladı. Ermənilərlə cəbhə xətti burdan keçirdi. Amma buralarda post qurulmamışdı.
Post bağların o biri
üzündəydi və
buralara ordan nəzarət edilirdi. Amma yaxşı bilirdi ki, indi
bu baği-biyabanda heç kim
yoxdur. Yalnız çayın quru
məcrası və hər tərəfini kol basmış sahil var.
O, belə olacağını, vəhşi
mənzərə ilə
qarşılaşacağını öncədən bilirdi, dəhərni də bazardan ondan ötrü almışdı.
Bir zamanlar bu dəhrə
ilə barama qurdu üçün tut budayardı. Əlini də
bir neçə dəfə kəsmişdi
və onunla necə davranmağın yolunu yaxşı bilirdi.
Hava qaralanda göy üzündə Aypara göründü. Bu, bir tərəfdən yaxşıydı. Çünki yolu yaxşı görəcəkdi, o biri tərəfdən isə fikirləşirdi ki, Ay onu ələ verə bilər. Amma qaranlıq tam düşəndə Aypara ara-sıra yox olmağa başladı. Bildi ki, onun yox olmasına səbəb buludlardı, hərdən qarşısını kəsirlər. Ay gözəl idi. Uşaq olanda ona uzun-uzadı baxardı, cizgi filmindəki kimi o da Ayparanın üstündə oturub yellənmək istəyərdi. Qəribəydi, sanki Ay onun ürəyindən keçənləri duydu və bir gecə yuxusuna girdi. Gördü ki, hansısa bir əl onu astaca götürüb ayın üstünə qoydu, deyəsən anasının əliydi və o, nənəsinə oxşayan Ayın qırışmış üzünü siğallaya-sığallaya, ona baxa-baxa yellənməyə başladı hətta ara-sıra suallar da verdi. Amma nə soruşduğu yadında qalmamışdı.
Ardı var...
- Elçin
Hüseynbəyli
0laylar.- 2020.- 17-18
mart.- S.12.