“Müqayisəsi mümkün
olmayan əsər – Ovçu”
Nizami Cəfərov:
""Ovçu" romanında Yunus Oğuz bu günlə tarixi çox peşəkar
bir şəkildə birləşdirib"
"Azərbaycan ədəbiyyatında tarixi roman janrının təşəkkülünün çox zəngin ideya- estetik qaynaqlara əsaslandığı barədə kifayət qədər aydın, müfəssəl elmi qənaət mövcuddur. Həmin qənaətin mahiyyətinə gəldikdə onu deyə bilərik ki, Azərbaycan mədəni- ictimai fikrində tarix həmişə möhtəşəm epik vüsəti ilə iştirak edib, öz mükəmməl süjetləri, çoxsaylı motivləri və epoxal qəhrəmanları ilə elə bir ciddi etnoqrafik yaddaş struktur- sisteminə çevrilib ki, tarixi romançı əlinə qələm almaq fikrinə düşəndə ilk növbədə həmin yaddaş struktur- sistemi ilə hesablaşmağa məcburdur. Və ən asan yol tarixi mövcud kütləvi təsəvvürlər (və etnoqrafik yaddaş) miqyasında "köçürmək"dən ibarətdir ki, bu zaman yazıçının uğurunu (və romanın populyarlığını) təmin edən əsas cəhət müəllifin "təhkiyeyi- kəlam"ı, başqa sözlə, dil-üslub maneralarıdır. Fikrimizcə, Azərbaycan tarixi romanlarında bu istiqamət həmişə aparıcı olsa da, daha bir neçə yaradıcılıq "təmayül"ü də mövcuddur ki, buraya ilk növbədə aşağıdakılar aiddir:
elmi- analitik, siyasi- ideoloji və fəlsəfi "təmayül"lər.
Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq-
üslub "təmayül"lərinin,
demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə- tarixin fəlsəfi dərkinə
çalışır. Və
yazıçının tarix
fəlsəfəsinin məğzində "tarixdə
bu günü, bu gündə tarixi axtarmaq" kimi kifayət qədər əsaslı bir metod dayanır
ki, bu metod
Yunus Oğuzun ümumən yaradıcı
təfəkkürünü dəyərləndirmək baxımından
olduqca səciyyəvi
sayıla bilər."
Bu fikirləri millət vəkili, akademik Nizami Cəfərov tarixi əsərlər müəllifi,
publisist Yunus Oğuzun tarixi əsərlərini təhlil
edərkən bildirib.
Millət
vəkili, Atatürk Mərkəzinin rəhbəri
Nizami Cəfərov Yunus Oğuzun əsərlərindəki tarixi
məqamların Azərbaycan
tarixi üçün
böyük əhəmiyyətə
malik olduğunu vurğulayıb: "İstedadlı
yazar Yunus Oğuz indiyə qədər əsərlərində
daha çox tarixdən yazıb. Məlum olduğu kimi onun çoxlu
tarixi romanları var: "Atabəylər"
"Nadir şah", "Əmir
Teymur" , "Təhmasib Şah" kimi tarixi romanların
müəllifidir. Bizim tariximizin
elə bir dövrü yoxdur ki, Yunus Oğuz
o barədə yazmamış
olsun. Onun həmin əsərlərində
də müasirlik var, müasir dövrdə baş verən hadisələr, bugünkü dövrümüzün
ictimai-sosial fəlsəfəsi
əksini tapıb.
Onu da xatırladım ki, Yunus Oğuz
yazıçılıqdan əlavə həm də peşəkar filosofdur. Elə bu səbəbdən
onun tarixdən yazdığı əsərlərdə
tarixi faktlar nə qədər dəqiqdirsə, eyni dərəcədə də
o faktlar müasir dövrümüzü əks
etdirir. Bu mənada Yunus Oğuzun tarixi əsərlərinə biz yalnız
bir tarixçinin yazdığı xronika kimi yox, yaxud
yazıçının tarixə
ədəbi münasibəti
kimi yox, həm də bir fəlsəfi əsər kimi baxırıq. Ovçu əsəri
müasir dövrdən,
2016-cı ilin Aprel döyüşlərindən bəhs
edir. Azərbaycan
ədəbiyyatını bir-birinin
ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı
tarixi romanlarla zənginləşdirmiş Yunus
Oğuzun 2016-cı ilin
məşhur aprel hadisələrinə, yəni
müasir dövrün
olaylarına müraciət
etməsi, fikrimcə,
tarixdən uzaqlaşmaq
deyil, əksinə, ona daha da
yaxınlaşmaq, məzmun-mündərəcəsinə,
metafizikasına, mahiyyətinə
daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
"Ovçu" romanı (və onun müəllifi),
ilk növbədə, bizim
yaddaşımızdakı belə bir məlum
fəlsəfi müddəanı
təzələyir (və
təfərrüatca zənginləşdirir)
ki, tarix özünəməxsus şəkildə
təkrar olunduğuna
görə, onun gərdişindən dərs
almayan xalqlar çox tez-tez "sürprizlər"lə
qarşı-qarşıya dayanmalı
olurlar. Ancaq, görünür, müəllifin
(və "Ovçu"nun)
əsas ideyası, tarixdən (istər Alp Arslan, istərsə də Nadir şah dövrlərindən) nə
qədər tutarlı
"misallar" gətirsə
də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından
daha çox,
2016-cı ilin məşhur
aprel hadisələrinin
tarixi məzmununun bütün miqyası ilə fəlsəfi-estetik
dərkinə xidmət
edir.
Düzdür, o hadisələr də artıq bizim üçün tarixdir, amma yaxının tarixdir. Baxmayaraq ki, bu əsər müasir dövrdən bəhs edir, ancaq Yunus
Oğuz yenə də çalışır
ki, hadisənin tarixi mahiyyətini kəşf eləsin.
Əsərdə konkret obrazlar
var, əsərin qəhrəmanı Aprel hadisələrində öz
həyatı və hərbçi fəaliyyəti,
millətin öz torpağını qorumaq instinktinin hadisəsi olaraq konkret Murad Mirzəyevin obrazını yaradıb.
Əsərdə həmçinin
Murad Mirzəyevin atası Telman müəllim, həyat yoldaşı Fizzə xanımın, o cümlədən
milli qəhrəmanların
obrazı var. Onlar dövlətin, ordunun, vətənpərvərliyin birbaşa
göstəriciləridir. Belə düşünmək
olar ki, əsər xeyli dərəcədə müasirlik
və publisistik bir səviyyədədir.
Amma bu publisistik zahiridir və Yunuz Oğuzun yazıçı kimi ustalığı ondan ibarətdir ki, öz qəhrəmanlarını
tarixdə itirmir.
Yəni,
tarixin içində həddindən artıq obrazlaşdırmır. Daha dəqiq,
əsərdə bizim
bu günümüzün
real mənzərəsini yaradıb".
Nizami Cəfərov bildirir ki, ilk dəfədir ki, Azərbaycan ədəbiyyatında Ali Baş Komandanın, Azərbaycan Prezidentinin obrazı yaradılıb. Prezident Administrasiyasında birbaşa ölkənin ictimai-siyasi həyatına, ölkədə gedən proseslərə, cəmiyyətin idarə olunmasına rəhbərlik edən şəxslərin obrazı yaradılıb: "Əslində bu çox çətin məsələdir. Yadımdadır, görkəmli yazıçımız Anara sual verəndə ki, siz 20-ci əsrin 50-ci illərinə qədər yaşayan şəxsiyyətlərlə bağlı əsərlər yaratmağa meyillisiniz, amma onları film, teatr kimi ortaya çıxarmırsınız. Cavab verdi ki, bu çox çətin məsələdir, çünki onların nəsilləri yaşayır, onlar haqqında xatirələr həddindən artıq təzədir, istidir. Ədəbiyyat isə obrazları mütləq müəyyən qədər fundamentallaşdırmalı və soyutmalıdır. Bu problem təbii ki, müasir dövrdən yazanda hər bir yazıçının qarşısında dayanır. Bu problemin öhdəsindən bir sənətkar, düşüncə adamı, böyük üslub sahibi olaraq Yunus Oğuz gəlib və ədəbiyyatımıza həqiqətən müqayisəsi mümkün olmayan bir əsər bəxş edib".
Akademik qeyd edib ki, belə bir gözəl əsərin meydana çıxmasının ən birinci şərti bizim Aprel hadisələrindəki qələbəmizdir: "Belə gözəl əsərin ortaya çıxmasının əsas şərti Murad Mirzəyev kimi qəhrəmanın olmasıdır, onun ailəsinin Vətən barədə verdiyi təəssürat, vətənpərvərlik, insanpərvərlikdir. Əlbəttə ki, bu yazıçının işini asanlaşdırır. O yerdə ki, millət, cəmiyyət, dövr, zaman qəhrəman yetirirsə, bu yazıçı üçün çox böyük bir dəstəkdir. Çünki hər bir siyasi, fiziki, təbii hadisənin sonu mütləq ideyadır. Ona görə də bu qəhrəmanlar bizim üçün yalnız tarixdə qalmış obraz yox, həm də ideallardılar, bizim gələcəyimizdir. Mən də bu əsər haqqında bir yazı yazmışam, adını da qoymuşam "Tarix yalnız keçmişdə qalmır, həm də qarşıdan gəlir". Bu əsərdə Yunus Oğuz öz yazıçı üslubuna sadiq qalaraq bu günlə tarixi çox peşəkar bir şəkildə birləşdirib. Həmişəki Yunus Oğuz tarixdə bu günü görür, bu əsərdə isə bu tarixi bu gündə görür və bu qəhrəmanlığın təsadüfi olmadığını, bu qəhrəmanlığın özünün də çox böyük varisliyin olduğunu göstərir".
Ay An
Olaylar.- 2020.- 30 aprel-1 may.- S.8.