Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması dövlətin prioritet vəzifəsidir

 

 

Azərbaycan mətbuatı yarandığı andan bəri xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, suveren dövlətimizin daha da möhkəmlənməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir. Xüsusilə, XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

 

Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da mətbuat qarşıda duran vəzifələri yeni informasiya resurslarının ardıcıl inkişafı ilə şərtlənən mürəkkəb rəqabət mühitində yerinə yetirir. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdir.

 

Lakin etiraf edilnəlidir ki, Azərbaycan mətbuatının hazırki səviyyəyə yüksəlməsi elə də asan başa gəlməyib. Məlum olduğu kimi 1991-ci ildə əldə olunan müstəqilliklə bərabər ölkənin başını qara buludlar almışdı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Belə bir şəraitdə Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı.

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir". 1998-ci ildə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olunduyeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurmaqlasonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görüldü. 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik". Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu günPrezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb. Əslində azad sözün, müstəqil mətbuatın inkişafı Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, prezident İlham Əliyev hələ milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur:"Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziyaradio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdurbu, bizim böyük sərvətimizdir. Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər". Etiraf edilməlidir ki, bu gün də həmin siyasət uğurla davam etdirilir, Azərbaycan dövləti söz və mətbuat azadlığını prioritet məsələ kimi qəbul edir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 2-4 may.- S.15.