Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist düşüncələrim
Yunus Oğuz
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Doqquzuncu yazı
Sonra
zavoddan bir mafiya nümayəndəsi danışıqlar nəticəsində
istehsal etdiyi olmayan pambığı iplik kimi sap əyirmək
üçün fabrikə satırdı. Fabrik bunu parça
fabrikinə satır, daha sonra guya köynəklər, yataq dəstləri
tikilirdi. Son nəticədə,
guya hazır olan mallar əhalinin istehlakına, yəni istifadəsinə
verilirdi. Ortada isə heç nə yox idi.
Büdcədən ayrılan pullar beləcə
mənimsənilir, iştirakçılar arasında faizə
görə bölünürdü. Büdcə
belə dağıdılır, ancaq əhali heç də
kasıblaşmırdı, çünki sosialist prinsipi belə
idi; "hər kəs əməyinə görə"
yaşamalı idi və hamı da işləyirdi. Qıt olan malların yerini isə
"sexovşik"lər doldururdular. İqtisadi
rəqabətin olmadığı bir ölkədə ən
böyük yeyinti yeri büdcə idi. Elə
respublikalar vardı ki, yalnız Moskvadan ayrılan dotasiyanın
hesabına yaşayırdılar. Belə
respublikalardan birincisi isə Ermənistan idi. Bu qondarma
respublika mərkəz büdcəsinin hesabına
yaşamağı az deyilmiş kimi,
üstəlik İttifaqda ən kriminal gəlirli ticarət
obyektlərində pul qazanır bir tərəfdən, digər
tərəfdən isə daşnak terror təşkilatına
müxtəlif adlar altında pul köçürmələri
də edilirdi. Bu
terror təşkilatı cəzasızlığına necə
arxayın idi və necə
azğınlaşmışdısa, hətta Rusiyaya meydan
oxumağa başlamışdı. Belə ki, 1980-ci ildə
Moskvanın olimpiadaya hazırlığı ərəfəsində
Moskva metrosu partladıldı. Ölənlər
və yaralananlar oldu. SSRİ KQB-si (dövlət
təhlükəsizlik komitəsi) daşnaksütun terror təşkilatının
üç üzvünü çox tezliklə
aşkarlayıb həbs etdi. Məhkəmələri də
oldu, ölüm hökmü də kəsildi onlara, amma
heç kim bilmədi ki, icra olundu, yoxsa
yox.
Yeri gəlmişkən hələ 1912-ci ildə
çar Rusiyası bu təşkilatın 157 üzvünü
Sank Peterburqda kütləvi terrora görə mühakimə
etmişdi. Sonradan onların arasından "məşhur"
erməni inqilabçıları da bolşevik adı
altında fəaliyyət göstərdilər, çünki
hər iki təşkilatın mahiyyətində terror
dayanırdı. Hətta bolşeviklər
adlarını dəyişib kommunist partiyası qoysalar da
İttifaq dağılana qədər, istər xarici, istərsə
də daxili siyasətlərində terror mahiyyətlərindən
əl çəkmədilər. Daşnaklarla
kommunistlər bu sahədə bir-birlərini
tamamlayırdılar.
Beləcə ədalətsiz sosialist sistemində
şüarları "bərabərlik, qardaşlıq"
olsa da, əməldə bərabərsizlik, xristian və
terrorçularla qardaşlığa daha çox
üstünlük verilirdi.
Təsəvvür edin ki, Azərbaycan SSR (Sovet Sosialist
Respublikası) Moskvadan dotasiya almırdı, əvəzində
ümumi büdcəyə artıqlaması ilə valyuta ilə
pul ödəyirdi. O pulun cüzi bir hissəsi
Azərbaycana qaytarılırdı, o da yalvar-yaxarla. Hətta milli kinomuzu çəkmək
üçün Moskva büdcəsi buna razılıq verməli
və vəsait ayırmalı idi. Moskvada
isə bu işlərə baxan, təsdiq edən ya erməni məmuru
otururdu, ya da ermənipərəst mövqe tutan.
Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana
birinci katib seçildikdən sonra vəziyyət bir qədər
dəyişdi, o da bu dahi insanın yüksək iradəsinin səyi
nəticəsində. Bu dövrdə İttifaq əhəmiyyətli sənaye
müəssisələri tikilməyə, milli ruhlu ədəbiyyatımız
daha çox nəşr olunmağa, milli filmlərimiz çəkilməyə
və Azərbaycan dilinə
yüksək qiymət verilməyə başlandı,
çünki birinci katib özü, əsasən azərbaycan
dilində danışırdı və bunu da ətrafdaklardan
tələb edirdi. Hətta bütün rəsmi
kargüzarlıq (kağız yazışmaları) işləri
rus dilində aparılırdı, çünki bu, 1936-cı
ildə qəbul olunan Konstitusiyada belə təsbit olunmuşdu. Yalnız H. Əliyevin səyi nəticəsində
1978-ci ildə SSRİ-də ikinci Konstitusiya qəbul olunanda
respublika daxili kargüzarlıq işlərinin ana dilində
aparılması haqqında bənd salındı və bundan
sonra azərbaycan dili bilən kadrlara ehtiyac artdı.
Mən deyəsən bu dövrdə seçki sistemindən
bəhs etmədim. Payon səviyyəsindən tutmuş ta
SSRİ Ali Sovetinə qədər bütün seçkilər
təyin olunma, yəni yuxarıdan hazırlanmış
siyahı üzrə aparılırdı. Özü
də burada icra məhkəmə orqanları
qarışmışdı bir-birinə. Respublika
səviyyəli seçkilərdə əsasən birinci katiblər,
polis rəisləri, ispolkomlar (sovet sədrləri), bir
çox kolxoz sədrləri, əmək qabaqcılları təyin
olunurdu. Həyatımın otuz bir ilini bu
İttifaqda yaşayan insan kimi açıq söyləyə
bilərəm ki, 1978-ci ildən, yəni seçki hüququm
olandan, ta imperiya dağılana qədər heç bir
seçkidə iştirak etmədim. Buna
heç lüzum da yox idi. Xalq heç seçkilərə
də getmirdi, amma
məntəqələrdə elə toy-şivən qururdular
ki, guya xalq seçkilərə gedir. Bunu
yuxarılar da görür və göz yumurdu. Hər yerdə olduğu kimi burda da "pripiska"
baş alıb gedirdi.
SSRİ Ali Sovetinə "seçilən"
deputatların yüzdə yetmişi heç rus dilini də
bilmirdilər.
Təlimat belə idi: "Dövlət fəhlə-kəndli
hökuməti olduğundan " əmək
qabaqcılları öndə olmalı idilər. Moskva məmurlarına belə qanunverici orqanın təşkil
olunması sərf edirdi, çünki dövləti Kommunist
Partiyasının Mərkəzi Komitəsi və onun Siyasi
Bürosu idarə edirdi. Bu boyda imperiya bir
ovuc insan tərəfindən idarə olunurdu.
Bütün bunları oxucularım üçün niyə
geniş yazıram? Uzaq keçmişimiz kimi, ən yaxın
keçmişimiz də ibrət olmalıdır, ondan dərs
götürməliyik, etdiyimiz səhvləri təkrar etməməliyik,
yoxsa indi bəzi xarici dövlətlərin beşinci kolon
nümayəndələri tez-tez sosial şəbəkələrdə
SSRİ üçün "qəribsədiklərini"
yazır, Moskvanı önə çıxartmağa səy
göstərirlər. Hətta bəziləri Milli dövlətimizin
iqtisadiyyatının
və hərbisinin güclənməsindən,
Qafqazda lider olmasından əndişəyə
düşüblər. Bir qocanın ömrü
qədər olan imperiya üçün Azərbaycan nə etməlidir?
Bolşevik inqilabının və ikinci Dünya
müharibəsinin uğurla başa çatmasında məgər
Bakı nefti ən əhəmiyyətli rol oynamadımı?
Müharibənin yetmiş faizi Bakı nefti ilə
təchiz olunurdu. Akademik Yusif Məmmədəliyev
yüksək oktanlı benzin hazırlamasaydı, kosmosa 1961-ci
ildə Qaqarin uça bilərdimi? Müharibəyə
çağrılan 600 min insandan 300 mindən çoxu geri
dönmədi. Vətən müharibəsi
adı ilə arxa cəbhədə varımızı-yoxumuzu
toplayıb "hər şey cəbhə
üçün", "Ana vətən
çağırır" şüarlarına aldanıb cəbhəyə
göndərmədikmi? "Beşillik"
planları hamıdan öncə Azərbaycan doldurub
"Keçici qırmızı bayraq"ları biz
almadıqmı? Qızıla bərabər
var-dövləti ver, əvəzinə "Keçici
qırmızı bayraq" al. Vallah gülməlidir. İndiki nəslə bunu danışsan həm təəccüblənər,
həm də gülər. Həm də
keçici bayrağa var-dövlətini versən də bu
bayrağı ala bilməzsən, çünki keçicidir.
Əvəzində daha nə aldıq? İmperiyada
bütün azərbaycanlılara, o cümlədən
rusbaşlılara inamsızlıq, sayğısızlıq, hətta
bəzən təhqirə bərabər ifadələr. Məsələn "qarabala (o zaman zəncilər dəbdə
olmadıqları üçün bizlərə qarabala deyirdilər),
çükça, dalıqara və sairə, sairə. Az qalmışdı bütöv bir xalqı, yəni
bizləri müharibə illərində Azərbaycandan
sürgün etsinlər. Əvəzində
tariximizi, mədəniyyətimizi, milli-mənəvi sərvətlərimizi
əlimizdən tədricən alırdılar. Əvəzində bizi öz vətəndaşı
hesab etməyib, üstümüzə 20 yanvarda tankları və
süngüləri göndərib şəhəri qərənfillərin
rənginə çevirdi. Düz deyirlərmiş:
"Öz əsgərini yedizdirməyən, geyindirməyən
xalq, özgə əsgərini yedizdirəcək və geyindirəcək".
Biz özgə xalqının əsgərini
yedizdirdiyimizdən, uf demədən, göz qırpmadan
qarşılarına çıxanı qətlə yetirdilər.
Əvəzində həlli nə zaman bəlli
olmayan Qarabağ problemini qoydu və hələ də davam edən
müharibə girovluğuna saldı.
Əvəzində bizi, həm də imperiya türklərini
və müsəlmanlarını ikinci növ insan hesab edirdilər. Məsələn, Stalindən
sonra Siyasi Büroda
və dərin dövlətdə (o zaman dərin
dövlət KQB hesab olunurdu) gizli anlaşma olmuşdu ki,
SSRİ rəhbəri hökmən slavyan əsilli
olmalıdır. Buna da imperiya dağılana qədər
riayət olundu. Stalindən sonra Malenkov,
Xruşşov, Brejnev, Andropov, Çernenko, nəhayət
sonuncusu Qorbaçov slavyan əsilli idi.
Hələ
1989-cu ildə
Berlin divarları
sökülüb AFR (Almaniya Federativ Respublikası) və
ADR (Almaniya demokratik respublikası) birləşəndə
dünya gücləri anlayırdı ki, sosialist sisteminin
ömrünə az qalıb və çox tezliklə dünya
ikiqütblülükdən bir qütblüyə keçəcək.
Nəhayət
bu baş verdi. Dağılmağa
layiq olan sosialist sisteminin çilik-çilik olub
şüşə qırıntıları kimi yerə
tökülməsinə sonuncu zərbəni Qorbaçov
vurdu.
25 dekabr
1991-ci ildə M.S. Qorbaçov tutduğu SSRİ prezidenti vəzifəsindən
istefa verdi. Bununla da SSRİ
sonuncu rəhbərilə bir yerdə tarixə
gömüldü.
İmperiya
çoxsaylı problemi və müharibələrilə on beş müstəqil dövlətə
bölündü. Zorla və qanla özünə
birləşdirilənlər gec, ya tez ayrılmalı idilər.
Bundan sonra ermənilərin əl-qolu daha da
açıldı. Dekabrın sonundan başlayaraq Xocalı
soyqırımına qədər otuzdan çox kəndi
boşaltdı, yandırdı. Qırılan
qırıldı, qırılmayan canını
götürüb malını, mülkünü atıb
Qarabağdan çıxdı. Belə ki, bu otuz kəndin
içində, məsələn Tuğ, İmarət Qərvənd,
Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan
kimi strateji əhəmiyyətli kəndlər var idi.
Bu kəndlərin
talan edilib boşalması, yandırılması bir tərəfdən
Şuşanı Xankəndi tərəfdən müdafiəsiz
qoyurdu, şəhərin yalnız Laçın yolu ilə əlaqəsi
qalırdı, digər tərəfdən isə Xocalı
şəhərini tam mühasirəyə alırdı və
faktiki olaraq kiçik şəhərciyin əlaqəsi
vertolyotla olurdu. 1991-ci ilin oktyabr ayından
Xocalıya gedən bütün avtomobil yolları kəsilmişdi.
Yanvarın 2-dən isə elektrik enerjisi kəsildi.
Tarixin
kinayəsinə bir baxın! Bu sətirləri
Xocalı faciəsinin düz 28-ci ildönümündə, yəni
26 fevral 2020-ci ildə yazıram. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan Silahlı qüvvələri
Xankəndində yerləşən keçmiş SSRİ-nin
4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı
alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların
döyüş maşını, 180 nəfər hərbi
mütəxəssisi, ermənilərdən və ruslardan təşkil
olunmuş canlı qüvvəsi Xocalını mühasirəyə
aldı. Fikir
verirsinizmi hansı qüvvələrlə şəhər
mühasirəyə alındı. Özü
də düşmən bilirdi ki, şəhərdən dinc əhalidən
bircə nəfər də çıxıb getməyib.
İşıqsız, çörəksiz, müdafiəsiz
qalan əhali öz tarixi torpağından getmək istəmirdi.
Ardı var...
Olaylar.- 2020.- 2-4 may.- S.9.