Fikir, söz və məlumat azadlığından sui-istifadə yolverilməzdir

 

 

Azərbaycanda fikir, söz və məlumat azadlığından sərbəst istifadə məqsədilə hər cür şərait yaradılıb. Sadalanan azadlıqların təmin olunması məqsədilə qanunvericilk bazası yaradılıb, mətbuatın müstəqilliyi təmin olunub, istənilən məlumatı əldə etmək üçün dövlət qurumlarında cavabdeh şəxslər müəyyən edilib.İnsafən qeyd edilməlidir ki, hazırda ölkədə istənilən vətəndaş demokratiyanın təməl prinsiplərindən hesab edilən bu azadlıqlardan sərbəst şəkildə idtifadə imkanına malikdir. Lakin bütün sadalananlara, xüsusən fikir, söz və məlumat azadlığı üçün yaradılmış münbit şəraitə baxmayaraq, bu hüquqlardan sui-istifadə hallarına da yol verilir. Bir halda ki, bu azadlıqlardan qanuni yolla istifadə üçün kifayət qədər imkanlar varsa, nədən sui-istifadə hallarına yol verilməlidir. Maraqlıdır, Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün hansı qanuni imkanlar mövcuddur?  Vəkil Rövşən Qasımov qeyd edib ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Paralel olaraq ölkədə kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır: "Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı. Bu sırada kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, ölkədə azad mətbuatın təmin edilməsi kimi mühüm addımlar da var idi: "Düzdür, ilk illərdə bu prosesi həyata keçirmək bir qədər çətin idi. Çünki sovet təfəkkürünü, yanaşmasını birdəfəlik aradan qaldırmaq mümkün görünmürdü. Ancaq zaman keçdikcə hər bir sahə kimi KİV sahəsində də köklü addımların atılması zərurəti yaranırdı. Belə bir zamanda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sözügedən prosesə bir təkan verdi. Hakimiyyətinin ilk günlərindən media ilə yaxından təmasda olan ümummilli lider Heydər Əliyev bu sahədə mövcud olan problemləri dərindən öyrəndi, müstəqil dövlətin azad, müstəqil mətbuatının formalaşması istiqamətində təxirəsalınmaz tədbirlərə start verdi. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atmış olduğu ən mühüm addımlardan biri 1998-ci ildə sovet zamanından qalan senzuranın ləğv edilməsi oldu. Çox keçmədən ümummilli lider Heydər Əliyev  kütləvi informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində daha bir mühüm addım atdı. Belə ki, ümummilli lider qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet çapı üçün nəzərdə tutulan kağızın ölkəyə gətirilməsinə tətbiq edilən vergilər azaldıldı. Tədricən ölkədəki kütləvi informasiya vasitələrinin durumu müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda dövlətin mediaya göstərdiyi diqqət və qayğıdan ruhlanan bir sıra media nümayəndələri müstəqil mətbu orqanlar təsis etməyə başladılar. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda müstəqil media qurumlarının yaranması prosesinə təkan verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və məlumat azadlığının təmin olunması məhz ümummilli lider Heydər Əliyevin zamanında atmış olduğu həmin addımların nəticəsidir".

 

Vəkil bildirib ki, Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən, bu sahəyə dövlət xüsusi diqqət verir: "Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratikhüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikirsöz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir". Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü. Artıq qətiyyətlə qeyd etmək olar ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".

 

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya qanunları tətbiq olunur: "Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda keçirilmiş mühüm tədbirlərdir. Məlum olduğu kimi, müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsası dəyərləri fikir, söz və məlumat azadlığıdır. Cəmiyyətdə demokratik institutlar  inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran kütləvi informasiya vasitələri dövlət informasiya siyasətində həlledici təsisatlarından olub bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya-informasiya sistemləri, habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi və ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas vəzifələrindən biri "Kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatın və texnoloji tədbirlərin müəyyən edilməsidir".

 

Ümumiyyətlə, müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikirsöz azadlığı tam təmin edilir. Bunu biz qətiyyətlə söyləyə bilərik. Onu da nəzərə almaq lazımdır ki, hətta Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində də bu məqam öz əskini tapır. Bu gün demokratiyanın beşiyi sayılan Avropada belə Azərbaycandakı kimi fikir, söz, məlumat azadlığı, plüralizm yoxdur. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı da mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikirsöz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radiointernet-televiziya proqramları, elektron qəzet və jurnallar, xaricidaxili sosial şəbəkələr geniş yayılmışdır. Məlum məsələdir ki, hazırda Azərbaycanda mətbuata dövlət tərəfindən xüsusi qayğı göstərilir. Xüsusən, dövlət başçısı İlham Əliyev azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsinin qarantı kimi çıxış edir. Belə ki, ölkə başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Göründüyü kimi Azərbaycanda fikir, söz və məlumat azadlığından səmərəli şəkildə faydalanmaq üçün hər cür imkan var. Belə bir şəraitdə verilən azadlıqlardan dövlət və xalqın mənafeyi üçün deyil, məkirli niyyətlər üçün istifadə yolverilməzdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 14-15 may.- S.15.