Mətbuatın
inkişafında növbəti mərhələlər
möhtərəm Prezident İlham
Əliyevin adı və imzası ilə bağlıdır
Azərbaycan mətbuatı
da haqlı olaraq
ölkə Prezidentini özünün
dostu hesab edir
Əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımızın formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatmışdır. 145 il əvvəl Azərbaycanda ilk mətbuat orqanının - "Əkinçi" qəzetinin yaradılması işıqlı ziyalımız Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Azərbaycanın ilk qəzeti kifayət qədər mürəkkəb dövrdə, həm də texniki imkanların son dərəcə məhdudluğu şəraitində işıq üzü görmüşdü. Həmin dövrə qədər cəmiyyətdə kütləvi informasiya vasitəsi olan qəzet haqqında hansısa təsəvvürlərin olmaması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bütun bu və digər çətinliklərin öhdəsindən uğurla gələn Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də "Əkinçi"nin ilk sayının işıq üzü görməsinə nail oldu. Qəribə həm də bu idi ki, "Əkinçi" qəzeti yaranmamışdan öncə onun senzurası yaranmışdı. Görkəmli ədib və naşir Həsən bəy Zərdabi o zaman qubernator Staroselki ilə dil tapa bildiyindən general-qubernator qəzetin senzurasını öz üzərinə götürmüşdü.
Azərbaycan mətbuatı bütövlükdə 123 il müddətində - 1998-ci il 6 avqust tarixinə qədər senzura şəraitində fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Senzuranın ləğvini nəzərdə tutan sərəncam müxalifət düşərgəsində də etirazla qarşılanmışdı. Ənənəvi qərəzli ampluadan çıxış edən əks tərəf iddia edirdi ki, senzuranı ləğv edən hakimiyyət guya müstəqil mətbuatı məhkəmə yolu ilə boğmağa çalışır. Amma bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin bu prinsipial və qətiyyətli addımı Azərbaycan mətbuatının inkişafında maraqlı olan bütün insanlarda böyük sevinclə, razılıq hissi ilə qarşılandı. Əslində, Azərbaycanda müstəqil mətbuatın formalaşması prosesi də məhz bu əlamətdar tarixdən - 1998-ci ilin avqustundan başlayır.
Ötən əsrin səksəninci illərinin sonlarından 1998-ci ilə qədər olan dövr isə müstəqil mətbuatın meydana gəlməsi dövrü kimi xarakterizə olunur. Belə ki, 80-ci illərin sonunda - qırmızı imperiyanın süqutu ərəfəsində Azərbaycan mətbuatında açıq, sərbəst, azad söz demək meyli kifayət qədər qabarıq sezilirdi. Sonrakı dövrdə xalqın azadlıq və istiqlaliyyət kimi ideallarını tərənnüm və təbliğ edən, onun haqq səsini qaldıran çoxsaylı mətbuat orqanları yaranmağa başladı. Lakin bu qəzetlərin hamısı sovet dövründə qəbul edilmiş qanunlar əsasında fəaliyyət göstərməyə məcbur idilər, yəni, onların müstəqilliyinə hansısa formada təminat yaradan hüquqi əsaslar yox idi. Digər tərəfdən, dövlət nəzarətinin, senzuranın mövcudluğu şəraitində müstəqil mətbuatın yarandığından danışmaq da mümkün deyildi. Məhz buna görə də 1998-ci ilin 6 avqust tarixinədək olan dövr Azərbaycanda müstəqil mətbuatın meydana gəlməsi mərhələsi kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyevin hələ Azərbaycanın ilk qəzeti işıq üzü görməmişdən əvvəl yaranmış senzuranı ləğv etməsi ilə milli mətbuatın inkişafında ikinci əsas mərhələ başlandı. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin dövrdən etibarən ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Eyni zamanda, mətbuatın müstəqilliyinin təmini məqsədilə bir sıra mütərəqqi ruhlu qanunlar, fərman və sərəncamlar qəbul edildi.
Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.
Bu gün müstəqil Azərbaycan söz, fikir və məlumat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.
XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub.
Mətbuatın inkişafında növbəti mərhələlər möhtərəm Prezident İlham Əliyevin adı və imzası ilə bağlıdır. Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri sərəncamlar imzaladı. Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının imzalanması da dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədinə xidmət edir.
Sərəncamda göstərilirdi ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirməkdir. Konsepsiyaya əsasən, kütləvi informasiya vasitələrinə maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir.
Müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı ilə bağlı üç mühüm sərəncam imzalanmışdır. Bu sərəncamların hər birində mətbuat qarşısında duran əsas vəzifələr müəyyənləşdirilmiş, dövlətin KİV-nin inkişafına yardımının formaları göstərilmiş, yubiley tədbirlərinin mahiyyəti açıqlanmışdır. Eyni zamanda, mətbuatın inkişafı ilə bağlı dövlətin üzərinə götürdüyü öhdəliklər konkret müddəalarda göstərilmişdir.
Prezident İlham
Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu ənənələri
uğurla davam etdirməklə,
mətbuat orqanlarının maddi-texniki
bazasının gücləndirilməsi, jurnalist
əməyinin qiymətləndirilməsi istiqamətində
atdığı addımlarla təsdiq edib.
Azərbaycan mətbuatı da haqlı olaraq ölkə Prezidentini
özünün dostu
hesab edir. Bu gün hər kəs
ölkəmizdə KİV-ə olan dəstəyi
də çox yüksək qiymətləndirir.
Ölkəmizin iqtisadi gücü
və imkanları artdıqca, Azərbaycan mətbuatının
inkişaf trayektoriyası genişlənir.
Olaylar.- 2020.- 14-15 may.- S.15.