Cənnətdən cənnətə...

 

("Paralel dünyalar" silsiləsindən)

 

... Qoca Mələklə meşədən çıxırıq. Qarşımızda uzun bir yol uzanır. Qaranlıq da düşmək üzrədir. Lap irəlidə sayrışan işıqlar gözümə dəyir. Mənə elə gəlir ki, onlar çox uzqdadırlar. Amma bir-iki addım atandan sonra bir binanın qarşısında dayanırıq. Binanın fasadlarında sayrışan işıqlardan başa düşürəm ki, bura hansısa əyləncə mərkəzidir.

 

İçəri keçirik. Yaraşıqlı və işıqlı salondur. Kazino stolları ətrafında bütün dövrlərin adamları əyləşib. Dövrdən, paltarlarından və görkəmlərinə uyğun stolların ətrafında oturublar. Burada amerikan pablarında at oynadan quldurlardan tutmuş fransız aristokratlarına qədər var. Lap dərinlikdə Neronun sarayından fraqmentlər gözümə dəyir.

 

-Fikrin məndə olsun! -deyə Qoca Mələk qolumdan dartır.

 

O deyən tərəfə baxıram.

 

Qoca mələk mənə şampan stolu ətrafında oturanları göstərir.

 

-Tanıdın bunları?- deyə soruşur.

 

-Deyəsən o, bığlı kişi Hitlerdi, -deyirəm.

 

-Düz tapdın. Bəs o biriləri?

 

Çiynimi çəkirəm.

 

Qoca Mələk:

 

-O, Çauşeskidir, yanındakı da xanımıdır. Lap uzaqdakı isə...

 

Sözünü kəsirəm:

 

-Stalindir!

 

-Hə, düzdü.

 

-Bığından və qəlyanından tanıdım, - deyirəm, - onu uşaq da tanıyar.

 

Çəpəki nəzərlərlə məni süzür. Özümü yığışdırıram. Xoşuna gəlir və növbəti sualını verir:

 

-Bəs o birisi?..

 

Yenə də hövsələsizlik eidrəm:

 

-Lenin və Krupskayadır!!!

 

-Onları güdən bəs?

 

-Dzerjinski, - sevinclə bağırıram.

 

Stolun ətrafına yığışanlar dönüb çaşqınlıqla bizə baxırlar.

 

Qoca mələk isə tərs-tərs mənim üzümə baxır.

 

-Elə deyil? -çaşqınlıqla soruşuram.

 

-Elədir.

 

-Bəs niyə burdadırlar?

 

-Harda olmalıydılar ki?

 

-Cəhənnəmdə.

 

-Eh, sadəlövh insan. Onlar həmişə cənnətdədirlər...

 

-, anladım, deyirəm, - Dzerjinskinin Nadejdaya olan sevgisinə görə bura düşüblər, yəqin.

 

Bir az keçmiş soruşuram:

 

-Bəs Yekaterina hardadı? Yekə d...

 

-Yan otaqda...

 

-Bəs Patyimkinlə, Qriqori Orlov?

 

Qoca Mələk susur yenidən mənə çəpəki nəzər salır.

 

Hardansa şahə qalxmış at kişnərtisi eşidirəm.

 

-At!?

 

-, -düzdü, - deyə Qoca Mələk mənim nəyə eyham vurduğumu anlayır...

 

-Bəs onlar? -deyə şampan şərabı içə-içə gülən cütlüyü göstərirəm.

 

-Onları sən tanıyırsan, zamanı gələndə adlarını özün biləcəksən.

 

-Napoleonla Jozefina...

 

-Boş-boş danışma!..

 

Susuram :

 

-Hmmm, -deyə mızıldanıram...

 

2020, may

Elçin Hüseynbəyli

 

Olaylar.- 2020.- 7-8 may.- S.13.