Məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır

 

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 

Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı, amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu düz bir əsr boyunca meydana gəlmədi. Bunun səbəbləri isə hər kəsə bəllidir. Lakin sevindirici hal ondan ibarətdir ki, keçmiş SSRİ rəhbərliyinin, erməni daşnaklarının Azərbaycan xalqının "düşünən beynini" - ziyalılarını, alimlərini, yazıçılarını, mədəniyyət nümayəndələrini məhv etməsi prosesinin qarşısını alan ümummilli lider Heydər Əliyev, eyni zamanda, cəmiyyətimizin "güzgüsü" olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı.

 

Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində, xüsusilə, göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

 

Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı birsıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyətiüçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat dadaxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

 

Bu gün Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib. Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Əvvəllər az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet və jurnal dərc olunur. İndi isə, hətta aidiyyatı orqanların nümayəndələri belə bəzən ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın.

 

Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və mətbuatda qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.

 

Güclü dövlət, onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətənaş Cəmiyyəti güclü olan dövlətin sütunlarının da güclü olduğu kimi, medianın da azad, müstəqil və rəqabətə davamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Bildiyimiz kimi, Azərbaycan hökumətinin KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azadplüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

 

Cənab Prezidentin hələ bir neçə il əvvəl söylədiyi "jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" fikridir ki, illərdir bu sözə sadiqliyini sübut edir. Son illərdəki müşahidələrimiz onu göstərir ki, Cənab Prezident nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. XXI əsrin siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan Prezidenti dövlətmizin inkişafı və onun idarəedilməsi üçün medianın fəaliyyətini dəstəklədiyini davamlı olaraq nümayiş etdirir. İndi böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir. Məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasına müstəsna təsiri var. Belə demək mümkünsə, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Biz yeni KİV-in nümayəndələriyik.

 

Ölkəmizdə müstəqil, demokratik mətbuatın inkişafı istiqamətində tədbirlərin bundan sonra da davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu gün Azərbaycan KİV-in qarşısında öz təsir dairəsini genişləndirmək, ölkə hüdudlarından kənarda oxucu auditoriyası əldə etmək, bölgəmizdə, dünyada tanınmaq və qəbul edilmək kimi vəzifə durur. Mətbuatımız  Cənubi Qafqazın, Mərkəzi Asiyanın, hətta Qara dəniz regionunun informasiya məkanı uğrunda mübarizəyə qoşulmalı, bu bölgələrdə də öz varlığını nümayiş etdirməyi, söz sahibinə çevrilməyi bacarıb. Azərbaycan dövlətinin güclənməsi, onun artan imkanları bunun üçün zəruri şərait yaradır. Prezidentin imlzaladığı sərəncamlarda hər zaman ölkə mətbuatı ön sıralarda olub. Bu sərəncamlarda yeni medianın inkişafı ilə bağlı güclənən rəqabət mühitində Azərbaycan mətbuatına bundan sonra da dəstək veriləcəyi birmənalı şəkildə bəyan edilir, dövlət dəstəyinin prioritet istiqamətləri göstərilir. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın genişləndirilməsi, jurnalist peşəkarlığının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və digər sahələr üzrə dövlət dəstəyinin həyata keçirilməsi qarşıdan gələn illərdə də davam etdiriləcək.

 

Azərbaycan dövləti mətbuat azadlığının təmin olunması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. İnternet mediasının inkişafı və sosial şəbəkələrin genişlənməsi isə qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz azadlığına heç bir halda məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil. Eyni zamanda bir çox tanınmış xarici KİV-in Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir. Ən əsası dünyanın çox az sayda ölkəsində mətbu orqanının təsis edilməsi ilə bağlı ölkəmizdəki kimi liberal qaydalara rast gəlmək olar. Hətta demokratik ənənələri ilə öyünən cəmiyyətlərdə belə bu qaydalara təsadüf etmək çətindir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 19-20 may.- S.15.