Diaspora təşkilatlarımız səfərbər
olunublar
Xaricdəki soydaşlarımız Vətənin
müdafiəsinə qalxıblar
Həmişə olduğu kimi yenə də xarici ölkələrdə fəaliyyət göstərən disapora təşkilatlarımız Azərbaycan dövləti və xalqının yanındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri öz qətiyyətli mövqeyi ilə seçilən, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan diaspora təşkilatlarımız qələbə sevincini də bölüşməkdə doğma Vətənin yanındadır. Etiraf edilməlidir ki, ötən otuz il ərzində diaspora təkilatlarımız Azərbaycan dövlətinin ədalətli mövqeyini müdafiə edib, xalqın haqq işini dəstəkləyib. Azərbaycana qarşı aparılan çirkin kanpaniyalara qarşı səfərbər olunub, ölkəmizin ərazi bütövlüyü uğrundakı mübarizədə fəallıq nümayiş etdiriblər. Yaşadıqları ölkələrin dövlət və hökumət qurumları, beynəlxalq təşkilatların ofisləri qarşısında təşkil olunan aksiyalarda Azərbaycanın sözünü deyib, ədalətin bərpa olunması, ikili standartlara son qoyulmasını tələb edirlər. Məhz diaspora təşkilatlarımızın bu kimi dəstəyi Azərbaycan dövləti və ordusunun ruh yüksəkliyinin artmasına təsirsiz ötüşmədi. Nəticədə rəşadətli Azərbaycan Ordusu mənfur düşmən olan Ermənistanı masa ətrafında oturaraq təmslimçi silh müqaviləsinə imza atmağa məcbur etdi. Hazırda Azərbaycan diaspora təşkilatları ölkəmizə dəstək aksiyalarını davam etdirərək qələbə sevincini bölüşməkdədirlər. Belə ki, 10 noyabr tarixində Moldova sakinləri paytaxt Kişineu şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd ediblər. Tədbirdə səfir Q.Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb. Daha sonra Moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.
Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik ediblər. Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıblar. Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizim haqlı mövqeyini əks etdirən məlumatlar vermiş, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb. Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummili liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb. Qələbə münasibətilə Səfirlikdə bayram ziyafəti təşkil edilib, tədbir iştirakşılarına milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyiblər. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.
Xaricdə yaşayan soydaşlarımız müxtəlif platformalarda dövlətimizə və ordumuza dəstəyini davam etdiriblər. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün bütün imkanlarını səfərbər edən soydaşlarımız, həm də cəbhəyanı zonada yaşayan, maddi zərər dəymiş sakinlərə də vaxtaşırı kömək edirlər. Növbəti belə bir addım Voronej azərbaycanlıları təfərindən atılıb. "Birlik" Voronej vilayəti regional milli-mədəni muxtariyyətinin sədri Mehdi Mehdiyev bildirib ki: Burada yaşayan azərbaycanlılar cəbhəyanı ərazilərə yardımlarını davam etdirir. Bizim nümayəndəmiz Tərtər rayonunun Səhləbad kəndində yaşayış evləri müharibədən zərər çəkmiş sakinlərlə görüşüb. Voronejdə yaşayan azərbaycanlıların salamını və köməyini onlara təqdim edib". Diasporla İş üzrə Dövlət Komitəsi bu tarixi və şərəfli günlərdə dövlətimizin və xalqımızın yanında olan bütün soydaşlarımıza öz minnətdarlığını bildirib. Almaniyanın Ştutqart şəhərində də azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə da Azərbaycana dəstək aksiyası keçirilib. Soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil edib. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb. Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar "Qarabağ Azərbaycandır!", "Gəncə üçün dua et", "Erməni təcavüzünə son qoyun" və s. kimi şüarlar səsləndiriblər. Azərbaycana dəstək aksiyalarında Avropada yaşayan soydaşlarımız xüsusi fəallıq nümayiş etdiriblər. Ürəkləri Vətən eşqilə yanan soydaşlarımız münasibətlərini ən müxtəlif formalarda ifadə ediblər. Belə ki, Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərində Şuşanın işğaldan olunmasına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Həmvətənlərimiz Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunmasının Ali Baş Komandanımızın uzaqgörən siyasətinin və qətiyyətinin, rəşadətli ordumuzun gücünün, xalqımızın birliyinin göstəricisi, eyni zamanda Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildiriblər. Tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin üzvləri ilə yanaşı, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Türk Kültür Dərnəyinin təmsilçiləri və bir sıra diaspor fəalları da iştirak edib. Qeyd olunub ki, xalqımızın Ali Baş Komandanına və igid əsgərinə olan inamı dövlətimizin gücünə güc qatır, bizi qələbəyə bir az da yaxınlaşdırır. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər. İtaliya - Azərbaycan Birliyinin təşəbbüsü ilə "9 Noyabr- Dövlət Bayrağı günü" ilə əlaqədar İtaliyanın Roma və Piza şəhərində tədbir keçirilib. İtaliyada təhsil alan Azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Roma şəhərində "The Fontana della Dea Roma" meydanında italiyalı musiqiçilərinin müşayəti ilə "Ay Laçın" mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər. Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsi ilə Qarabağ həqiqətlərini İtalya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Tədbirdə Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib. Kanadada yaşayan azərbaycanlılar Ottova şəhərində "Parliament Hill" binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşğu ilə qeyd ediblər. Meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir. Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Qardaş Türkiyədə yaşayan azərbaycanlılar ölkəmizin qələbə bayramını xüsusi canfəşanlıqla qeyd ediblər. İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə aksiya keçirilib. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndirilib. Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər. Sadalanan faktlar bir daha onu deməyə əss verir ki, dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımız daima doğma Azərbaycanın yaynındadırlar.
Alim Hüseynli
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 13-19 noyabr.- S.11.