“Azərbaycanın sakral coğrafiyası” səhifəsində əski  Xalxal şəhəri  ya hay kilsəsinin iftirası - “Ermənistanın sakral coğrafiyası”

 

 

Qazax rayonunun Yuxarı Əskipara kəndi qədim Xalxal şəhərinin  ərazisindədir. Azərbaycan hüdudlarında Xalxal etnotoponiminə Ərdəbil mahalında  bölgə və şəhər, İrəvan şəhəri yaxınlığında dağ (orotoponim), Naxçıvan MR-nın Babək, eləcə də Oğuz rayonlarında kənd, Türkiyə Cumhuriyyətinin Çaldıran vilayəti kənd... adlarında rast gəlinir. Şəmşəddil sultanlığının (1747-1801) Zülqədərovlar sülaləsinin yaşadığı Xılxına kəndinin, Gədəbəy rayonunun Xarxar kəndinin və Qobustan rayonundakı  Xaltava qədim yurd yerinin adı da çox ehtimalla "Xalxal" mənasını ehtiva ediryerli  şivə-dialekt tərzinəuyğun  dəyişilmişdir.

 

(IV məqalə)

 

Qərbi Azərbaycanın tarixi Qazax bölgəsi beynəlxalq əhəmiyyətli iqtisadi-ticarət yollarının kəsişmə (qədim "İpək yolu"nun Xəzər və Qara dəniz istiqamətində "Transxəzər" yoluna keçən hissəsində olması, Şimali AvropaFars körfəzi yolunun ərazidən keçməsi) zolağında, sərhəddə yerləşməsi tarixən bu yerlərin siyasi-hərbi gücünü də artırmışdır. Təsadüfi deyil ki, miladdan öncəki və sonrakı illərdə qədim Albaniya, Şivanşahlar, Səfəvilər, Gəncə, Qarabağ...dövlətlərinin xarici qəsbkarlarla apardıqları bir çox müharibələr məhz Qazax-Şəmşəddil mahallarını da əhatə etmişdir. Ərazinin əski tarixiliyi xalqın milli-dini dünyagörüşündə, maddi-mədəni irs nümunələrinin zənginliyində, yer adlarının etnogenezisində, mistik-sakral abidələrinin memarlıq üslubunda, kökənli müsəlman-türk əhalsinin gələnəklərində əksini taparaq zəngin tarixi-coğrafi səhifələrə  çevrilmişdir (minilliklər boyunca mürtəce hay kilsəsinin və ibtidai hay sürüsünün, eləcə də düşmən dövlətlərin keşmişimizə yönəlik dağıdıcı qəsdlərinə sinə gərərək).

 

Bu səhifələrdə xüsusi yer tutan dini-sakral mədəniyyətimizin, tarixi-coğrafi irsimizin mənəvi və maddi nümunələrinə qarşı hay kilsəsinin törətdiyi soyqırım siyasətinin qurbanlarının ünvanında Qazax rayonunun Yuxarı və Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs  Ayrım, Qızıl Hacılı və  Xeyrimli kəndləri  XX əsrdə 1990-1992-ci illərdə növbəti dəfə hədəfə çevrilmişlər.

 

1850-ci ildə çar Rusiyasının tətbiq etdiyi yeni inzibati-ərazi bölgüsünə görə hay kilsəsinin xidmətləri müqabilində yaradılan  İrəvan quberniyasının Yeni Bəyazid və Gümrü (Aleksandropol) qəzalarının  Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzası ilə sərhədləri Şahdağ silsiləsi boyunca (Göyçə gölünün şərq kənarı ilə) Çətindağ zirvəsinədək (2244 m, Ağstafaçayın sol qolu Coğaz çayının mənbəyi, el arasında həm də "Göy dağ" adlanır) uzanırdı, Qərbi Azərbaycanın Dağ Borçalı mahalının İncəsu nahiyəsi (haylar 1937-ci ildən Noyemberyan adlandırır) bütünlüklə Qazax qəzasının hüdudları daxilində olmuşdur. Coğaz çayının (uzunluğu 60 km) və Qazançı dağının hövzəsi təbii şəraitinin zənginliyi ilə yanaşı, qoynundakı yaşayış məntəqələrinin tarixiliyi baxımından da fərqlənir və ən mühümü odur ki, qədim Azərbaycan tarixinin Alban təşəkkül mərhələsinin (Qərbi Azərbaycan hüdudlarında) Xalxal şəhər mədəniyyəti (e.ə. I əsr - V-VII əsrlər dövrü)  bu ərazidə formalaşmışdır. Yuxarı Əskipara kəndindən 4 km qərbə, "Qala meşəsi" yerində qədim qala divarları dururdu. Ümumiyyətlə, Xalxal şəhərinin ərazisi eni 8 km, uzunluğu 15 km olmaqla geniş bir ərazini əhatə etmiş, 30-40 min nəfərlik  şəhər təsərrüfatına malik olmuşdur.

 

Qədim Xalxal şəhəri ərazisində olmaqla, Coğaz çayının (farel balığı ilə zəngin) sol sahilində yerləşən Yuxarı Əskipara kəndinin  əski adı Köhnə Əskipara, Aşağı Əskiparanın adı isə Tapar  Əskiparası olub,  aralarında məsafə  5 km-dir.

 

Yuxarı Əskipara kəndinin günçıxanında (3 km aralıda) olan  Qazançı dağının "Novlu bulağı meşəsi", "Camış talasının meşəsi" də  şəhər ərazisi hüdudlarında idi.

 

V əsrə aid Qala müdafiə məqsədi ilə çay daşlarından (kəndin qərb hissəsində, Coğaz çayının sol sahilində, meşənin ətəyində "Çal yeri"ndən çıxarılan) və qırmızı kərpicdən (qalınlığı 5 sm, eni-uzunluğu 40 sm olan, əsasən qapı və pəncərələrin tinlərinə hörülən) inşa edilmiş (ölçüsü 15 m x 15 m), yuxarı hissəsi (hündürlüyü 15 m-ə qədər) mağzallar və pəncərələrlə (çöl tərəfdən dar, içəridən geniş, döyüşçülərin səngər yerləri) əhatələnmiş, içəridən taxta pilləkənlər (palıd ağacından) quraşdırılmışdır. Bu qala kənd sakinlərindən  Məhəmməd Əhməd oğlu Əhmədovun (1940-2008) evinə bitişik, Mehman Paşa oğlu Nəbiyevin (1941-2010) evindən 50-60 m, çaydan isə 70 m aralı idi. Qala tikintisində Coğaz çayı yatağının əhəngdaşından da istifadə olunub.

 

Kənd ilə Qala arasında ("Qulaşa" adlanan hissə) yeraltı yol var. Bu yolun bir çıxışı Mehman Paşa oğlunun həyətinin aşağı hissəsində, bağın altında olmaqla, Qalanın sıldırmlı  tərəfində qurtarırdı (divardan 5 m aşağıda). Qalanın 70-80 m-də kəndin "Qaladibi məhəlləsi" idibu yerdə camaatın dini-inanc ocaqlarından "Dağdağan piri"  ziyarət edilirdi. Xalqımızın mistik-ruhsal inamında dağadağan ağacı tarixən müqəddəs hesab edildiyindən bu ocağın üstündə bitən dağdağan ağacının (hündürlüyü 8-9 m) əhatəsinə çay daşları qalaqlanmış, ətrafı tor tellə əhatələnmişdi. Ziyarət ocağı (niyyət tutub ağaca rəngli parçalar, iplər bağlayırdılar)  İslam Binnət oğlu Vəliyevlə (1953)  Simuzər Həsən qızı Əhmədovanın (1937) evlərinin arasını tuturdu.

 

Coğaz çayının sahilində, Yuxarı Əskipara kəndinin 2-3 km-də (qərbə tərəf) "Gen dərə"nin üstündəki meşə talalarında (M.Ə.Sabir adına sovxozun biçənəkləri burada yerləşirdi, meşənin ətəyində ən çox  dəmirqara, zoğal, yemişan, yuxarı hissələrində isə qarağac, vələs, fıstıq ağacları yayılmışdır)  III-IV əsr yaşlı qədim qəbir daşları (uzunluğu 1-2 m), naxışlarla və yazılarla bəzədilmiş sənduqələr qoç, dəvə şəkilli qəbirüstü daşlar yayılmışdı (dərədən 50-60 m aralı). Bu meşədə  V-VII əsrə aid məbəd (sivri divarlı, hündürlüyü 3-4 m) və ətrafında qədim qəbirstanlıq salınmışdı. "Galavan dərəsi"nin üstündəki meşədə də bu cür qədim qəbir daşları yayılmışdır.

 

Kəndin cənub-qərb tərəfində, çay yatağından 3-3,5 km yuxarıdakı 2-3 hektarlıq "Galavan talası"nın üstündə yarıuçulmuş vəziyyətdə qala divarının qalığı (5 m uzunluqda), 3-4 m hündürlükdə gümbəz qalırdı. Talanın sağsol yanlarından axan bulaq suları aşağıda "Şirinsu çayı" yaradır və Coğaz çayının sağ qolunu əmələ gətirirdi. Bu çayın yatağında yaranan "Şır-şır" şəlaləsi 4-5 m hündürlükdəydi.

 

Meşənin üst qatındakı "Arpa talası"nda (kənddən qərbə, 4-5 km aralı)  3-4 yerdə isti su bulaqlarından (qaynarlığı 90-100 dərəcə) istifadənin tarixi daha qədim idi. Talanın yanında "Nuru bulağı" axırdı. Ümumiyyətlə, kəndin ətrafında 40-50 bulaq, çeşmə qaynayırdı.

 

1970-ci illərdə Məsmalı Əbdürrəhim oğlu Süleymanovun  həyətyanı sahəsində torpaq-qazma işləri aparılarkən (80 sm - 1 m dərinlikdə) bir-birinə pərçim edilmiş saxsı borular (1 m uzunluqda) üzə çıxdı, borular XII əsrdə tikilmiş Hamama qədər uzanırdı, içindən qaynar su axırdı. Bu tarixi tikili Coğaz çayının sol kənarında, kəndin "Dərə (Cələ) məhəlləsi"ndə  idi. Hamamda daş sini, daş oturacaqlar, daş taslar ... qalırdı.

 

Hamamın yerində və istisu borularının üstündə 1950-ci illərdə Bəbir Hümbət oğlu Şirinovun (1928-2013)  evi tikilmişdir. 1960-cı ildən sonra kənd ərazisində daha çox saxsı qablar, küplər tapılırdı ki, onlar ərazinin tarixi keçmişinə aid qiymətli nümunələr idi.

 

Kəndin hörmətli din xadimi Məşədi Molla Alı  (1869-1954)  İrəvan Ruhani mədrəsəsində təhsil almışdı, həm də ətraf kəndlərdə dini-irfani biliklərin təbliği və tədrisi ilə məşğul olub. Onun şagirdlərindən Bağır müəllim 1920-30-cu illərdə kənd məktəbində müəllimlik edib.

 

Coğaz şayının sağ sahilində, Yuxarı Əskipara kəndinin əkin-örüş topaqlarında (3 km aralıda) salınan əski Sərxan kəndi (10-15 qazma yurd) 1920-ci ildən sonra erməni Əskiparası, 1950-ci illərdən sonra  Voskepar (hayca "Qırmızı kilsə") adlandırılıb.

 

1918-ci ilin yayında Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun bir tağımı (50-60 nəfərlik heyət) Yuxarı Əskipara kəndində olanda Sərxan obasının təmizlənməsini təkid etdikdə Yuxarı və Aşağı Əskipara kəndlərinin ağsaqqalları bu tədbirə mane olublar, bildiriblər ki,  bu ermənilərin təhlükəsi yoxdur, onlar bizim qapılarda nökər işləyirlər...1988-1990-cı illərdə 300-ə qədər evi olan Voskepar kəndinin quldur saqqallıları Qazax rayonunun həmsərhəd kəndlərinə, o cümlədən Yuxarı və Aşağı Əskipara kəndlərinə edilən hücumlarda yaxından iştirak etmişlər. 1991-ci ilin iyul ayında "Koroğlunun daşı" istiqamətində olan meşədə Yuxarı Əskipara kənd sakini, 51 yaşlı Abdulla Məhəmməd oğlu Zeynalov mal-qara otararkən amansızlıqla qətlə yetirilmişdir.

 

2000-ci ildə Voskepar kəndində  Sərkis Papyanın vəsaiti hesabına "Müqəddəs Sərkis"  kilsəsi inşa edilib.

 

Yuxarı Əskipara kəndinin tarixi-coğrafi keçmişi  sakral-ruhsal inancları, dini müqəddəsliyi barədə danışan sakinlərdən Şəmşir Nəbi oğlu Hüseynovun (1907-1992), Leyli İsmayıl qızı Bayramovanın (1890-2000), Cəlal Məhəmməd oğlu Hüseynovun  (1924-2007)... söyləmələri həmişə əhəmiyyətli olub. Aşağı  

 

Coğaz çayının sol sahilində yerləşən Aşağı Əskipara kəndindən 300-400 m aralıda, "Kilsə dərəsi" yaxınlığında, açıq sahədə eramızın V əsrində qırmızı, bişmiş kərpicdən  Alban memarlığı üslubunda tikilmiş məbədi 1970-ci illərin əvvəlində  3 km kənardakı Voskepar kəndinin hay sürüsü tərəfindən təmir edildi və əvvəldən fərqli olaraq gümbəzinə xaç nişanı yapışdırıldı. Məbədin 40-60 metrliyində kənd sakinləri  Bəxtiyar Tapdıq oğlu İsayevin    Həsən Oruc oğlu Vəliyevin evləri tikilmişdir.

 

Ərazinin tarixi-milli mədəniyyətinin zənginliyinə nümunə olan maddi-mənəvi  irs abidələri sırasında Yuxarı Əskipara kəndində Coğaz çayı üzərindəki "Qatır körpüsü", XII əsr yaşlı "Kazım körpüsü", "Koroğlu qayası (daşı)", Aşağı Əskipara kəndində Coğaz çayı üstündə  XVI əsrdə tikilmiş su dəyirmanı... xüsusi yer tutmuşdur.

 

(Yazının hazırlanmasında  həm də Qazax rayonu, Yuxarı Əskipara kənd  sakini  Novruz  Camal oğlu  Hüseynovun (1968)  məlumatlarından  istifadə  edilib.) 

 

Qismət  Yunusoğlu,

 

Bakı Dövlət Universitetinin müəllim  

 

Olaylar.- 2020.- 4-10 sentyabr.- S.21.