"Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam" – Zəlimxan Yaqubsuz 4 il

 

 

"Biz dünyadan gedər olduq, qalanlara salam olsun"

 

Azərbaycanın xalq şairi, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də qədim Türk yurdu Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

 

 

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeniGürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif olunub.

1983-cü ildən AYB-nin üzvü olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Zəlimxan Yaqub Borçalıda böyüyüb boya-başa çatmışdı. Aşıq Əmrahın, Aşıq  Kamandarın, Aşıq Hüseyn Saraclının  məclislərini görmüş, bu  qəbildən olan  sənətkarlardan çox şeylər əxz etmişdi. Saza, sözə sonsuz məhəbbət elə  yeniyetmə çağlarından onun ruhuna, qanına hopmuşdubu sevgi ömrünün son gününə qədər onu tərk etməmişdi.

Ümummilli lider Heydər Əliyevin öndərliyi ilə Azərbaycan xalqının müzəffər mücadiləsi (və müstəqilliyi!) nəticəsində Zəlimxan Yaqub 1995-ci ildə I çağırış Azərbaycan Milli Məclisinə üzv seçilir ki, bu, millətin, dövlətin və ümummilli liderin şairə böyük etimadı idi. Həmin etimad 2000-ci il seçkilərində bir daha təkrar edildi.

Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda deyirdi: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız".

Akademik Nizami Cəfərovun fikrincə xalq şairimizin yaradıcılığını üç dövrə bölmək mümkündür:

1) 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər;

2) 90-cı illərin əvvəllərindən 2000-ci illərin ortalarına qədər;

3) 2000-ci illərin ortalarından sonra.

Üçüncü dövr, fikrimizcə, daha çox ruhani-metafizik, fəlsəfi-mənəvi əsər-ideyalarla səciyyələnir. şair yaradıcılığının həm birinci, həm də ikinci dövründə müraciət etdiyi mövzulara da keyfiyyətcə yeni səviyyədə bir daha qayıtmağa ehtiyac hiss edir, kifayət qədər miqyaslı ümumiləşdirmələr aparır, dastan təfəkkürü ilə düşünməyə başlayır. "Əbədiyyət dastanı", "Hüseyn Saraçlı dastanı", "Peyğəmbər" poeması və s., eləcə də silsilə şeirləri göstərir ki, Zəlimxan Yaqub təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şair olmaqla yanaşı, həm də mütəfəkkir şairdir.

Zəlimxan Yaqubun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir. Onun çağdaş ədəbiyyatımızın, aşıq yaradıcılığının və folklorun qovşağında bərqərar olması təəccüb doğurmur.

Zəlimxan Yaqub xalq ruhunun daşıyıcısı olaraq çox həssas şair idi. Bu da səbəbsiz deyildi. Zəhmətlə böyüdüyü üçün, özünün söylədiyi kimi, həyatın hər üzünü görmüşdü. Onun poetik dünyasında Azərbaycan dilinin şəhd-şirəsi, çoxqatlı, çoxçalarlı təzahürləri var. Çünki onun poetik istedadı gözəl bildiyi şifahi xalq ədəbiyyatından, aşıq şeirindən, aşıq musiqisindən su içmişdi.

"Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam"

Yanvarın 11-də  torpağa tapşırılan xalq şairi son müsahibələrinin birində bunları söyləmişdi: "Son vaxtlar ən çox ölüm haqda düşünürəm. Fikirləşirəm ki, bu gün gedəcəyəm, sabah gedəcəyəm, amma hələ ki, yaşayıram. Mən ölümə daha yaxınam bu dəqiqə. Sizinlə ölü kimi danışıram. Bu dünya üçün darıxmamaq, bu dünyanı sevməmək olmaz. Ölüm lap gəlib başının üstünü kəssə də, bu həyat haqda düşünəcəksən. Almaniyada müalicə alarkən yazdıqlarım bir dastandır, mətbuatda yayımlanacaq. O yazıların əksəriyyəti ölümlə bağlıdır".

Yüz ildən sonranı düşünürəm mən,

Min ildən sonranı düşünürəm mən,

Bu qoca dünyada nələr olacaq.

Yenə oynadacaq sevinc atını,

Yenə daşürəkli kədər olacaq.

Torpağı su basıb, sel aparanda,

İnsanın zəhməti hədər olacaq.

Bu dağlar yenə çiçəklənəcək,

İgidlər yenə igidləşəcək,

Göyçəklər yenə göyçəklənəcək.

Mən qarışacam qara torpağa,

Sellər aparacaq, bəlkə, qəbrimi,

Məzarım hardadı, bilinməyəcək.

Bircə təsəllim var, eşqim ürəkdən,

Adım yaddaşlardan silinməyəcək!

Adı yaddaşlardan silinməyəcək XALQIN ŞAİRİ!

 

Nigar Orucova

Olaylar.az

 

Olaylar.- 2020.- 11-13 yanvar.- S.8.