Könüllülük fəaliyyəti gənclərin hərtərəfli inkişafına təkan verir

 

 

 

Cari ilin "Könüllülər ili" elan edilməsi gənclərin sosial məsuliyyət hissini artıracaq

 

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyrə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlanıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativgeniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi.     Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında" Qanun   təşkil etdi. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktivkonstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.1 saylı "ASAN kommunal" mərkəzinin açılışında cənab Prezident  İlham  Əliyev könüllülərin "ASAN xidmət"dəki rolunu belə qiymətləndiririb: "Əlbəttə  ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN" yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq "könüllülər hərəkatı" nədir onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində  işləyib və  bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir". Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi. Hazırda ölkədə gənclərin, tələbə və məzunların bilik və bacarıqlarının inkişafı, vətəndaş məmnunluğunun artırılması, vətəndaşlar arasında könüllülüyün təbliği  məqsədi ilə müvafiq qanunvericiliyə uyğun olaraq könüllü fəaliyyət həyata keçirilir. Məhz bu kimi amillər nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında 2020-ci il "Könüllülər ili" elan edilib. Sərəncamda qeyd edilir ki, burada məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir.

Hüquqşünas Alim Hüseynli bildirib ki, "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur:  "Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Prioritet istiqamət olaraq müəyyən edilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib. Prezident İlham Əliyevin xeyir-duası ilə yaranan "ASAN" könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına stimul oldu: "Bir" Tələbə-Könüllü proqramı, "Aqrar İnkişaf Könüllüləri", prokurorluq orqanlarında "ictimai köməkçilər" kimi çoxlu sayda könüllü hərəkatlarının yaranması dövlətimizə, cəmiyyətimizə təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı, kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevrildilər. "Eurovision" mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı tövsiyə etdi. Dövlət başçısı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə yeni qədəm qoyduğumuz ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzaladı". Onun bildirdiyinə görə, Prezident İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.

 

Nurlan

 

Olaylar.- 2020.- 11-13 yanvar.- S.6.