Qrafın sirli
xanımı...
("Paralel dünyalar" silsiləsindən)
... Duman-çən basmış yolla
bir xeyli getdik. Hara getdiyimizi
dəqiq bilmirdik.
Göz-gözü görmürdü. Ayağımızın altına diqqətlə
baxırdıq ki, daş-kəsəyə ilişib
yıxılmayaq, çalaya
düşməyək. Narın yağan yağış yerdəki toz-torpağı
palçığa çevirmişdi.
Aclıq
və susuzluq bir tərəfdən, palçıq da o biri tərəfdən əhədimizi kəsmişdi.
Təlim elə hey palçıqdan
şikayətlənir, tez-tez
dayanıb əlindəki
ağacla ayaqqabısına
yapışan palçığı
təmizləyirdi.
Bircə Xalıq dinib-danışmırdı. Deyəsən,
gedə-gedə yuxulayırdı...
Birdən hava açıldı. Sanki yuxu görürdük və yuxular bir-birini əvəzləyirdi.
Qarşımızda xırda bir şəhər göründü. Şəhərin qüllələrindən anladıq
ki, bura qraflıqdır. Çünki qüllələr elə də böyük deyildi, üstündə bayraq yellənirdi, bayrağın da üstündə xoruz emblemi vardı.
Qala qapılarının
qarşısında basabas
idi. Elə bil adamlar harasa tələsirdilər.
Sonradan bildik ki, bura
qaraçı bazarıdır.
İki taylı,
iri darvazanın qarşısında qızğın
alver gedirdi. Sanki burda bizi gözləyirdilər.
Qala gözətçisi
bizi özünə
xas ədayla salamladı, keşikçilər qapını
taybatay açdılar,
darvazadan içəri
ötürdülər və
şux geyimli bir nəfər (sən demə, həmin adam sarayın eşikağasıymış)
bizi qrafın sarayına dəvət elədi...
Sanki nağıllar aləminə
düşmüşdük. Təlim qarşıda
gedən eşikağasına
işarə ilə böyrümü dürtmələdi,
"yəni bu nədir belə?"
Mən də başımla ədalı-ədalı
işarə elədim
ki, belə də olmalıdır. Hər yerdə
bizi, bax belə qarşılamalıdırlar.
Qulluğumuzda durmalıdırlar. Çünki biz təkcə özümüzü
yox, həm də bütün tayfanı, nəsli, hətta bəşəriyyəti
də qorumaq missiyasını boynumuza götürmüşük. Lənətin kökünü tapmaq üçün bütün dünyanı
dərk eləməli,
onları tanımalıyıq.
Təbii
ki, mən bütün bunları ürəyimdə fikirləşirdim.
Çünki indi söhbətin
yeri deyildi.
O biri tərəfdən də narahat olurdum. Düşünürdüm
ki, hər şey başqa cür də ola bilər.
Amma başqa cür olmadı. Bizi uzaqdan gördüyümüz
sarayın qarşısında
qırmızı corablı,
ağ əlcəkli
xidmətçilər qarşıladı.
Eşikağası bizi başa saldı ki, otaqlarımız hazırdır. Yuyunub, bir az dincələndən sonra nahar hazır olacaq. Təəssüf ki, qraf özü bizimlə bir süfrəyə otura bilməyəcək, çünki çox vacib qonağı var, onunla qraflığın
bəzi məsələlərini
həll eləməlidir.
Bizim üçün
ayrılmış otaqlara
keçdik. Eşikağası başa saldı
ki, bir-birimizi çağırmaq üçün
soldakı zəngdən,
qulluqçuları çağırmaq
üçünsə sağdakı
zəngdən istifadə
edək.
Mənə ayrılmış otağın
yuxarı başında
- pəncərəyə tərəf
iri çarpayı vardı. Çarpayı ağ tüllə örtülmüşdü və
gərdəyə oxşayırdı.
Yazı
masası və stul bir az sağdaydı. Sol tərəfdəki divardan iri bir
portret asılmışdı,
güman ki, qraflığın qurucusunun
rəsmiydi, onun altındakı stolun üstünə qəndil
və külqabı qoyulmuşdu. İçəridən
qəribə qoxu gəlirdi, Sanki bir az əvvəl
hansısa bir xanım burda ətirlənmişdi...
Çantamı yerə qoydum, çarpayıya yıxıldım,
ətrafı xeyli seyr edəndən sonra özüm də bilmədən yuxuya getdim..
Səhər oyananda gün çıxmışdı. Mən pəncərədən
həyətə boylandım.
Hündür boylu, mavi sürtüklü, qırmızı
köynəkli, başı
parikli qraf gözəl bir xanımla bağçada gəzişirdi. Xanım qrafdan
xeyli cavan görünürdü. Şux qaməti
vardı, əyninə
füruzəyi don (vertuqqetta)
geyinmişdi. Onların
yanında isə iki gözəl uşaq atılıb-düşürdü:
bir qız, bir oğlan. Hərdən
cavan qadın onları danlayırdı ki, özlərini ağıllı aparsınlar.
Hər halda onun jestlərindən
belə anlaşılırdı.
Qraf qadına
nəsə deyirdi, hərdən qulağına
pıçıldayırdı. Qadın da
qəşş edirdi.
Ümumən, nə barədəsə deyə-gülə söhbət
edirdilər. Maraq mənə güc
gəldi, iri pəncərənin rəzəsini
qaldırdım, onu yavaşca araladım.
Qrafla xanımın
danışığından bir neçə kəlmə qulağıma
çatdı.
Qraf deyirdi:
-Sizin gözəl uşaqlarınız var.
Qrafinya:
-Onlar atalarına çox oxşayırlar.
Qraf:
-Mənə elə gəlir ki, sizə daha çox oxşayırlar. Belə övladları olmaq üçün sizin kimi gözəl qadına sahib olmalısan.
Mən də istərdim ki, belə gözəl
uşaqlarım olsun.
-Amma onların sizin kimi anaları
da olmalıdır...
Düzü, heç nə
anlamadım və səhər yeməyindən
sonra bizə xidmət edən qulluqçudan soruşdum ki, qrafla səhər-səhər
bağçada gəzən
xanım kim
idi.
Qulluqçu gözləmədiyim cavabı verdi:
-Qrafın xanımı.
- !?
Mən onlara baxdıqca bir
neçə il əvvəli - 1827-ci ilin hadisəsini xatırladım...
Yanvar, 2020
Elçin Hüseynbəyli
Olaylar.- 2020.- 14-15 yanvar.- S.10