Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
1991-ci il
oktyabrın 18-də müstəqilliyimiz bərpa edildikdən,
Azərbaycan Respublikası 1918-1920 ci illərdə mövcud
olmuş Azərbaycan Xalq Cümhuriyyətinin birbaşa varisi elan olunduqdan sonra bir gün də,
bir an da olsun belə "dövlətimizin dayanıqlı
davamlılığı və inkişafı" fikirləri
məndən uzaq olmayıb. Həmişə bu
barədə düşünmüşəm, qeydlərimi və
müşahidələrimi aparmışam, qədim və orta
əsrlər tarixini dərindən öyrənməyə
çalışmışam, Azərbaycanın ərazisində
mövcud dövlətlərin əmələgəlmə və
yıxılma proseslərini tədqiq etmişəm ki, gələcəkdə
yaşadığımız dövlətin və millətin
başına yenidən bu bəlalar gəlməsin. Dövlətimiz möhkəm özüllər əsasında
qurulsun ki, onun və millətin ömrü sağlam təməllər
üzərində dayansın və əbədi olsun.
Burada XIX əsrdə
deyilən iki misralıq şeir yadıma düşdü:
Bir bina
ki, bünövrədən kəc oldu,
Başı
ərşə dəysin dibi düz olmaz!
Təməli düz olmayan dövlətlər ya
dağılar, ya da başqalarına, yad olan güclərə
xidmət edər, millət və dövlət kimi sıradan
çıxıb tarixin ağuşunda mürgülü xatirələrə
çevrilərlər. Təməli düz
olmayan dövlətlər rüşvətxorluğa,
korrupsiyaya meyllənir, hakimiyyətdə qalmaq
üçün müxtəlif imitasiyalar edir, özünə
uyğun ideologiya yaradır və bütün vasitələrlə
( bura kütlənin psixologiyası ilə
oynamaq, xarici siyasəti dövlətiçi prioritet etmək,
edilənləri və edilməyənləri coşqunluqla təbliğ
etmək , yalançı və müvəqqəti qəhrəmanlar
yaratmaq və s. daxildir. Buna qonşu ölkələrin
bəzilərinin timsalında apardığı təbliğatlarda
şahid oluruq) mövcud olan siyasi sistemi qorumağa
çalışırlar.
Ən əsası, təməli düz olmayan dövlətlərdə
vətəndaş, yaxud insan amili ön plana keçmir. Bu dövlətlərin vətəndaşları
bu ölkəyə LAZIMsızlığını hiss etdikdə
xəyanətə, satqınlığa, rüşvətxorluğa
meyllənir və son nəticədə cəmiyyətdə
deqradasiya ( dağılma ) sürətlənir
və vətəndaş, yaxud insan toplum halından yuxarı
qalxa və xalqa, daha sonra millətə
çevrilə bilmir. Bunun da fəsadları
özünü çox gözlətmir. Vətəndaş
və bu ölkədə yaşayan insan özünün
nicatını, xoşbəxt gələcəyini başqa
dövlətlərdə axtarmağa başlayır. Beləliklə sistem çürüdükcə vətəndaşlar
zombiləşir, sağlam olmayan idarə olunan hala gəlirlər. Bunu ötən min
ilin mövcud olmuş, o cümlədən də Azərbaycandakı
hakimiyyətlərin timsalında görə bilərik.
Dövlət sağlam ideologiya və rəqabətli iqtisadi və
siyasi sistem üzərində qurulmursa təməl gec, ya tez
dağılır, ya da vaxtından əvvəl
çöküşü başlayır.
Yuxarıda yazdıqlarım tarixdə təkrar olunub və
bunun simptomları bəzi dövlətlərdə gələcəyə
də daşınır.
Bütün bunların şahidi olanlar ya hələ də
yaşayır, ya da keçmişimizdən oxuyub bilgi
alırlar.
Bəs istər yaxın, istər uzaq keçmişdən
gələcəyə nə daşımalıyıq ki,
dövlətimizin təməli möhkəm, davamlı və əbədi
olsun? Bu yükün içində müsbət və mənfi
çalarlar hansılardır? Reqressiv və
proqressiv olanı nədir?
Bəziləri (onların içində adlı-sanlı
alim, məmur, millət vəkilləri də var) fikirləşirlər
ki, əşi, niyə "sandığı açıb
pambığı tökürsən"? Tarix
keçmişdə qaldı. İndi gələcəyə
baxmaq lazımdır. Texnika, kosmos əsridir.
Belə bir zəmanədə ox-yay,
qılınc, nizə dövrünə qayıtmaq
gülünc olmazmı?
Əlbəttə gülünc olar. Özü də
gülünc olmaqdan savayı yaşadığın dövlətin və
millətin yoxluğuna gətirib çıxarar belə
anlayış, belə təfəkkür. Belə
düşüncəyə malik olan və onu təbliğ edənlər
bizi sevməyənlərdir, açıq-aşkar düşmənlərimizdir.
Düşmənçiliyin gözü,
qulağı olmur ki? Elə belə olur
millətimə nifrət. İstər elmi,
istərsə də bədii əsərlərimdə
xalqımın, dövlətimin gələcəkdə
möhkəm və qüdrətli olması üçün
onun pisi və yaxşısı ilə dörd əsas amili
önə çəkmişəm. Məhz
bu amillər millətimi keçmişdən gələcəyə
daşıyır, etnosun və xalqın yaratdığı
dövlətin davamlılığını təmin edir.
Bunlar:
1.Milli
ruhumuz və dilimiz;
ƏTRAFLI
Raffle
Tower
2. Milli
kimliyimizin tarixi;
3.
Etnososial psixologiyamız;
4. Maddi və
qeyri- maddi mədəni sərvətlərimizdir.
Bu Dörd Amil əvvəl insanı, sonra isə xalqı
və milləti formalaşdırır. Və bu
Dörd AMİL keçmişdən gələcəyə
daşınır. Özümüz də
bilmədən, hətta kosmosa uçsaq, ən müasir
silahlarla silahlansaq belə bu dörd amili keçmişdən
gələcəyə daşıyırıq. Ya yaxşı tərəfini, ya pis cəhətini, fərq
etməz, çünki bunlar xırdalıqlardır. Əsas olanı isə onu necə
daşıyırıq? Özü də təkcə
yaxın keçmişdən deyil, həm də tarixin
qalın divarları arxasında gizlənən və bizə gəlib
yetişməyən keçmişimizi gələcəyə
daşıyırıq. Bunlar gözlə
görünmür, amma dilimiz, qanımız, canımız,
gen yaddaşımızla, hərəkətlərimizlə
keçmişimizi gələcəyə
daşıyırıq.
Ya biz gələcəyə
milli ruhu bütöv, dilini yad ünsürlərdən qoruyub saxlayan , onu inkişaf etdirən, etnososial
psixologiyamızı keçmiş naqislikdən təmizləyib,
dövlətinə, vətəninə sadiq İNSAN
daşıyacağıq, ya da bütün bu naqisliklər
içində (bunları aşağıda qeyd edəcəm) əriyib
yoxa çıxacağıq. Çünki müstəqilliyimizin
bərpasından iyirmi doqquz il keçməsinə
baxmayaraq bir çox insanların təfəkküründə
dövlətçilik anlayışı formalaşmayıb. Onlar üçün dövlət məmuru olmaq, vəzifə
tutmaq, var-dövlət qazanmaq bununla cəmiyyətdə
hörmət və ictimai status qazanmaq deməkdir. Əlbəttə bütün bunlar keçmişdə
formalaşan etnososial psixoloji amillərin təsirindəndir.
İnsan belə təsirlərdən
qurtulmayıb və bütün bu amilləri qəbrə qədər
özü ilə gəzdirir.
Məsələn,
dövlət təfəkkürü
formalaşmadığı üçün işdən, həbsdən
(özü də vətənə xəyanət yaxud,
böyük vəsait mənimsəmə maddəsilə)
hansısa səbəbdən həbsdən azad olan məmur və
ya imkanlı insan bəzən intiqam hiss ilə
alışıb yanır, vətəni, dövləti satmaq
naminə olsa belə xarici ölkələrin
himayəsinə sığınmaqla, onlardan dəstək
almaqla bütün olan və olmayan gücünü
ortalığa qoyur, gələcəkdə dövlət
üçün hansı fəsadların olacağının
fərqinə varmadan gecə-gündüz iş aparır,
dağıdıcı funksiyanı üzərinə
götürməklə, elə dövlətin təməlini
özü də hiss etmədən "sökməklə"
məşğul olur. Yalnız bir arzusu olur belələrinin:
Əski məmur və ictimai statusu yenidən əldə etmək.
Belə İNSANlar üçün dövlət,
millət anlayışı nisbidir, çünki
keçmişdə o müstəqil dövlətdə
doğulmayıb, yaxud müstəqil dövlətçilik
şüuru formalaşmayıb və bu dövlətin qurucusu
olmaq kimi fikirlər onlara yaddır. Çünki
"yad" dövlətdə doğulublar, yad mühitə
adaptasiya olunaraq, faktiki olaraq özlərindən asılı
olmayaraq qan dəyişiklikliyinə məruz qalıblar.
Yeni doğulanlar da onların təsiri altına
düşür və elə düşünürlər ki,
müstəqil dövlətdə yaşamaq və demokratiya elə belə olur. Onlar
üçün uzaq keçmişdən qalan budur: intiqam, qisas, mənəmlik, xəyanət.
İntiqam hissi hər cürə xəyanətə
yol açır. İntiqam
dağıdıcı fünksiyanı daşımaqla
yanaşı, həm də xəyanətin əsasını
qoyur. Mənsub olduğun dövlətə
xəyanət. Yoxsa biri həbsxanadan
çıxan kimi bəyan etməzdi ki, məni buradan Amerika
dövləti azad etdi. Belələri
çoxdur və onlar haqqında yeri gələndə nümunələr
verəcəyik.
İNSAN etnopsixoloji sosiumdur və
daşıyıcıdır, yəni keçmişdən gələcəyə
maddi biliklərlə yanaşı, yaxşı əməllərlə
birlikdə naqisliyin də daşıyıcısıdır. Çox vaxt da yaxşı əməllər
yaddan çıxır və bu naqisliklər çox sürətlə
yayılır, əvvəlcə bir qrup tərəfindən,
qarşısı alınmadıqda isə çoxluğa
çevrilir. Beləcə, bu, naqisliyin
içində boğulduqca cəmiyyətin
yazılmamış qanunu halına gəlir.
1. Milli
ruhumuz və dilimiz
"Ümid sonda ölür". Belə deyim
var. Bu deyim fərd üçün də, toplum və millət
üçün də keçərlidir. Çoxları
heç ümidin nə olduğunu belə bilmirlər. Ümid ideya və fikir anlamayan üçün
gözləmək deməkdir. Amma, ümid
heç zaman ölmür. Öləziyə
bilər, geri saymaqda davam edər, amma heç zaman ölməz.
İdeya o zaman ölür ki, insan, toplum, ya da
millət ölür. Nə qədər
ki, bunlar ölməyib, ümid heç zaman ölməz.
Deməli, ümid, yaxud ideya
adlandırdığımız fikir toplumun milləti gələcəyə
apardığı mühərrikdir. Bu
mühərrikin yanacağı texnikanın yanacağından
fərqli olaraq insandır. Deməli, bir nömrəli məsələ
gələcəyə vətənini, dövlətini sevən insan
daşımaqdır. İnsan, yaxud toplum, xalq,
millət həm də yaşadığı
keçmişini, əzabını, sevincini, xatirələrini,
yaddaşını, yazılı mənbələrini,
şifahi yaradıcılığını, adət-ənənələrini,
maddi və mənəvi dəyərlərini əvvəlcə
bu günə, sonra isə gələcəyə
daşıyır. Bu zaman insan və xalq
dövlətin ən böyük kapitalına çevrilir.
Yuxarıda yazdıqlarımın hamısını insan və
toplum, xalq və
millət, bir sözlə gələcəyə
daşınacaq tarix yaradır.
Bəs elə isə tarix nədir? Tarixə bu qədər
sevgimiz hardandır? Niyə hər kəs tarixə bu qədər
maraq göstərir, oradan nə isə öyrənməyə,
oxumağa, əxz etməyə çalışır? Fərd,
toplum, xalq, hətta bəşər tarixini öyrənməyə
çalışır, bəzən gələcəyini
keçmişdə görənlər də az
olmur. Məsələn, tarixçilər, həvəskarlar,
maqlar və sair mütəxəssislər əfsanəvi
Atlantidanı, Maya İnk mədəniyyətini, yaxud Misir
ehramlarının sirrini, Qız qalasının tikilmə və
istifadəetmə səbəblərini kosmik şüurla
bağlayır, yer kürəsini kainatın zərrəciyi
hesab edirlər. Gələcək üçün
keçmişə baş vuranlar heç də az deyildi. Misir ehramları mədəniyyətində
divarlara həkk olunan kosmik gəmi ,
kosmonavt geyimli qumonoid bizi
keçmişi tədqiq etməklə yanaşı, həm də
gələcəyimizdən xəbər verir, ümidləndirici
nəsnələr ortalığa çıxartmaqla ən
kiçik tariximizi öyrənməyə sövq etdirir.
Tariximizi hissə-hissə öyrənib vahid hala gətirdikdə,
ümumi nəticəyə gəlmək olar ki,
keçmişimiz gələcəkdən qabaqdadır,
keçmişimiz gələcəyimizə işıq salan
yol və tarixdir. Bu səbəbdən
düşünürəm ki, "tarix nədir"
sualına aşağıdakı təsnifatda cavab vermək
olar:
Ardı var...